Məhkəmə qərarları › İş №2-1(103)-224/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-224/2023

03.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-224/2023 03.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(112)-5954/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 31 yanvar - 03 fevral 2023cü il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə dair xx.xx.2021-ci il tarixində tələb olunan sənədlərlə birlikdə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh orqan xx.xx.2021-ci il tarixli məktubla ona pensiya təyin edilməsindən imtina etmiş və imtinaya səbəb kimi onun güzəştli və ümumi iş stajının az olması göstərilmişdir. Ona xx.xx.2006-cı il tarixinədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən 52 yaşdan, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən isə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Çünki o, 1 nömrəli siyahı üzrə tələb olunan 10 il xüsusi, 20 il ümumi stajı xx.xx.2006-cı il tarixinədək, 2 nömrəli siyahı üzrə 12 il 6 ay xüsusi, 25 il ümumi stajı isə xx.xx.2017-ci il tarixinədək qazanmışdır. Cavabdeh inzibati orqan məhkəməyə iddiaya dair yazılı etiraz təqdim edərək göstərilmişdir ki, “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi xx.xx.1964-cü il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası üçün qanuvericilikdə nəzərdə tutulmuş yaş həddinə 57 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdə çatmışdır. İddiaçıya xx.xx.2021-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərt ödənilməlidir: 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 25 il olması; 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajının 12 il 6 ay olması. Lakin iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtləri ödəmir. Belə ki, iddiaçının xx.xx.2006-cı tarixədək ümumi iş stajı 25 ildən və güzəştli iş stajı 12 il 6 aydan azdır. İddiaçının ümumi iş stajına xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər daxildir ki, ümumilikdə 22 il 1 ay 21 gün təşkil edir. İddiaçının güzəştli iş stajına xx.xx.1991-xx.xx.1993cü il, xx.xx.2003-xx.xx.2004-cü il, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər daxildir ki, bu da ümumilikdə 3 il 8 ay 8 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) Qazma bəndinin (10.1) rəhbərlər və mütəxəssislər yarımbəndində bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) vəzifəsi nəzərdə tutulmuşdur. Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filiala ərizəçi tərəfindən təqdim edilən SOCAR-ın “X4” trestinin ona dair 7 dekabr 2021-ci il tarixli SOCAR**********81200598X00043 nömrəli arayışında xx.xx.1993-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə Texniki istehsalat şöbəsində mühəndis texnoloq və xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində istehsalata xidmət bazasının operativ qrupunda mühəndis vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifələr yuxarıda qeyd olunan bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər vəzifəsinə uyğun deyil. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(112)-5954/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı 52 yaşının tamam olduğu, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyasının xx.xx.2018-ci il tarixdən hesablanaraq, ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərar alınmışdır. (hakim: N.Abıyev) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti mahiyyətcə imtina və etirazın eynilik təşkil edən məzmununa uyğun tərtib edilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apellyasiya qaydasında baxılarkən iş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı 00****** №li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1964-cü ildə doğulmuşdur. İş materiallarında olan NZ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək həqiqi hərbi xidmət keçmiş və xx.xx.1985-ci ildə Masallı RHK-da qeydiyyata alınmışdır. İş materiallarında olan FB-İ seriyalı 083021 №-li diplomun notarial qaydada təsdiq olunmuş surətindən və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 01-121 №-li arxiv arayışından müəyyən olunur ki, İddiaçı 1985-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və kimya institutuna daxil olmuş 1991-ci ildə Azərbaycan Sənaye Universitetinin “Neft və qaz quyularının qazılması” ixtisası üzrə tam kursunu bitirmişdir. İş materiallarında olan İT-İ seriyalı ******* nömrəli xx.xx.1991-cı il tarixli əmək kitabçasında (tərcümə təsdiq olunmuş) qeyd olunmuş məlumatlara əsasən İddiaçı xx.xx.1991-ci ildə “Neft daşları” DQİİ-Neft-qaz üzrə istismar və kəşfiyyat quyularının qazılması üzrə 4-cü dərəcəli qazmaçı köməkçisi vəzifəsinə qəbul edilmişdir (Əmr № 71/K, xx.xx.1991-ci il); xx.xx.1992-ci ildə 5-dərəcəli qazmaçı köməkçisi adı verilmişdir (Əmr № 40/K, xx.xx.1992-ci il); xx.xx.1993-cü ildə 6-cı dərəcəli qazmaçı vəzifəsinə keçirilmişdir (Əmr № 31/K, xx.xx.1993-cü il); xx.xx.1993-cü ildə Texniki-istehsalat şöbəsinə 2 dərəcəli mühəndis-texnoloq vəzifəsinə keçirilmişdir (Əmr № 78/K, xx.xx.1993-cü il); 01.0.1994-cü Texniki-istehsalat şöbəsinin 10-cu dərəcəli mühəndis-texnoloq adı verilmişdir (Əmr № 144, xx.xx.1994-cü il); xx.xx.1995-ci ildə Texniki-istehsalat şöbəsinin 11-ci dərəcəli mühəndistexnoloq adı verilmişdir (Əmr № 3/K, xx.xx.1995-ci il); xx.xx.2003-cü ildə 1145 saylı meydançaya 11-ci dərəcəli qazma ustasının köməkçisi keçirilmişdir (Əmr № 27k, xx.xx.2003-cü il); xx.xx.2004-cü ildə 10-cu dərəcəli qazma ustasının köməkçisi vəzifəsinə keçirilmişdir (Əmr № 64, xx.xx.2004-cü il); xx.xx.2004-cü ildə 11-ci dərəcəli qazma ustasının köməkçisi vəzifəsinə keçirilmişdir (Əmr № 154, xx.xx.2004); xx.xx.2004-cü ildə İstehsalat xidmət bazasının operativ qrupuna 11-ci dərəcəli qazma ustasının köməkçisi vəzifəsinə keçirilmişdir (Əmr № 49/k, xx.xx.2005-ci il); xx.xx.2006-ci ildə 10-cu dərəcəli qazma ustası köməkçisi vəzifəsinə keçirilmişdir (Əmr № 206, xx.xx.2005-ci il); xx.xx.2006-cı ildə 1146 saylı meydançanın qazma ustası 13 dərəcəli vəzifəsinə keçirilmişdir (Əmr № 90/k, xx.xx.2006-cı il); xx.xx.2007-ci ildə 1145 saylı meydançanın 13-cü dərəcəli qazma ustası vəzifəsinə keçirilmişdir (Əmr № 83/k, 02.092007-ci il); xx.xx.2008-ci ildə 1146 saylı meydançanın 13-cü dərəcəli qazma ustası vəzifəsinə keçirilmişdir (Əmr № 19/k, xx.xx.2008-ci il); xx.xx.2008-ci ildə 1146 saylı meydançanın 12-ci dərəcəli qazma ustası vəzifəsinə keçirilmişdir (Əmr № 102, xx.xx.2008-ci il); xx.xx.2008-ci ildə 1146 saylı özülə 13cü dərəcəli qazma ustası vəzifəsinə keçirilmişdir (Əmr № 99/k, xx.xx.2008-ci il); xx.xx.2009cu il İstehsalat xidmət bazasının Zığ sahəsindəki təchizat qrupuna 7-ci dərəcəli anbar müdiri vəzifəsinə keçirilmişdir (Əmr № 21/k, xx.xx.2009-cu il); xx.xx.2009-cu ildə İstehsalat xidmət bazasına 13-cü dərəcəli anbar müdiri vəzifəsinə keçirilmişdir (Əmr № 67/k. xx.xx.2009-cu il); xx.xx.2010-cu ildə 2 saylı rayon mühəndis texnoloji xidmətinə 12-ci dərəcəli mühəndis texnoloq vəzifəsinə keçirilmişdir (Əmr № 75-k, xx.xx.2010-cu il); xx.xx.2012-ci ildə 450 saylı dəniz özülünə 13-cü dərəcəli qazma ustası vəzifəsinə keçirilmişdir (Əmr № 211-k, xx.xx.2012-ci il); xx.xx.2013-cü ildə “Bahar Yatağı” 168 saylı dəniz özülünə 13-cü dərəcəli qazma ustası vəzifəsinə keçrilmişdir (Əmr № 296/k, xx.xx.2013-cü il); xx.xx.2014-cü il tarixdə işdən azad edilmişdir (Əmr № 31/k, xx.xx.2014-cü il); xx.xx.2014-cü ildə “Neft Daşları istehsalat bölümünə 1887 saylı DSÖ-yə 13-cü dərəcəli qazma ustası vəzifəsinə keçirilmişdir (Əmr № 53/K, xx.xx.2014-cu il); xx.xx.2017-ci ildə “Neft Daşları” istehsalat bölümü 740 saylı DSÖ-nə 13-cü dərəcəli qazma ustası vəzifəsinə keçirilmişdir (Əmr № SOCAR **********000- 70020B00043, xx.xx.2017-ci il); xx.xx.2017-ci ildə Qaradağ, Kalmaz İstehsalat bölümü, Qaradağ sahəsi ZZ40C2 N1 saylı qurğuya 13-cü dərəcəli qazma ustası vəzifəsinə keçirilmişdir (Əmr № 110, xx.xx.2017-ci il); xx.xx.2017-ci ildən hal-hazırda tutduğu vəzifədə işinə davam edir. İş materiallarında olan İddiaçının hazırkı tələblə cavabdeh orqana xx.xx.2019-cu il tarixdə etdiyi müraciətə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2021-cu il tarixli **********6 №li imtina məktubunda göstərilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyi SOCAR-ın “X4” trestinin ona dair 7 dekabr 2021-ci il tarixli SOCAR**********81200598X00043 nömrəli arayışında xx.xx.1993- xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə Texniki istehsalat şöbəsində mühəndis texnoloq və xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində İstehsalata xidmət bazasının operativ qrupunda mühəndis vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifələr yuxarıda qeyd olunan bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər vəzifəsinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (3 il 8 ay 8 gün (xx.xx.1991-xx.xx.1993-cü il, xx.xx.2003-xx.xx.2004-cü il, xx.xx.2005xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən az (22 il 1 ay 21 gün (xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1991-ci il, xx.xx.1991- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İşdən görünür ki, iddiaçı ona 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və məhkəmənin qənaətinə görə İddiaçı xx.xx.2006-ci il tarixədək 20 ildən artıq, ümumi iş stajına, o cümlədən 10 ildən artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Bununla yanaşı, həm də məhkəmə nəzərə almışdır ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinə müvafiq olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Məhkəmə, nəzərə almışdır ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 1 iyul 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. İş materiallarında olan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 30 dekabr 2021-ci il tarixli **********6 №li “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubdan müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana 23 dekabr 2021-ci il tarixində müraciət etmişdir. Eyni zamanda iddiaçı tərəfindən həmin tarixdən əvvəlki dövrlərdə hazırki tələblə cavabdeh inzibati orqana hər hansı üzrlü səbəbdən müraciət etməməsi ilə bağlı heç bir sübut təqdim olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçıya ödəniləcək pensiya xx.xx.2018-ci il tarixdən hesablanaraq, ödənilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin mahiyyətcə imtina və etirazın eynilik təşkil edən əsaslarla eyni olan dəlilləri üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, 1 nömrəli siyahı üzrə kişilərə 52 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 10 ildən, ümumi stajı 20 ildən az olmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının 52 yaşı xx.xx.2016-cı il tarixdə tamam olmuşdur və o, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək həqiqi hərbi xidmət keçmiş (2 il 7 gün), 1985-ci ildən 1991-ci ilə kimi Azərbaycan Neft və kimya institutunda təhsil almış (5 il 9 ay 10 gün), əmək kitabçasına əsasən xx.xx.1991-ci il tarixdən xx.xx.2014-cü il tarixə kimi “Neft daşları” DQİİ-Neft-qaz üzrə istismar və kəşfiyyat quyularının qazılması üzrə qazmaçı köməkçisi, qazmaçı, Texniki-istehsalat şöbəsinə 2 dərəcəli mühəndis-texnoloq,1145 saylı meydançaya 11-ci dərəcəli qazma ustasının köməkçisi, qazma ustası, İstehsalat xidmət bazasının Zığ sahəsindəki təchizat qrupuna 7-ci dərəcəli anbar müdiri, mühəndis texnoloji xidmətinə 12-ci dərəcəli mühəndis texnoloq vəzifələrində (xx.xx.2006-cı il tarixədək 14 il 3 ay 14 gün), xx.xx.2014-cü il tarixdən halhazıra kimi “Neft Daşları istehsalat bölümündə işləyir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərbi xidmət müddəti və təhsil dövrü nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 22 il 01 ay 01 gün ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti-SOCAR tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli SOCAR**********81200598X00043 №li arayışın surətindən müəyyən olunur ki, İddiaçı həqiqətən SOCAR "X4” trestinin müxtəlif idarələrində əmək şəraiti ağır və zərərli hesab edilən peşələrdə işləyib. “Neft Daşları" X5 İdarəsi üzrə: xx.xx.1991-xx.xx.1993-cü illər Neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi: xx.xx.1993- xx.xx.2003-cü illər Texniki-istehsalat şöbəsində mühəndis-texnoloq; xx.xx.2003-xx.xx.2004-cü illər qazma ustasının köməkçisi; xx.xx.2004-xx.xx.2005-ci illər İstehsalata xidmət bazasının operativ qrupunda mühəndis: xx.xx.2005-xx.xx.2006-cı illər qazma ustasının köməkçisi; xx.xx.2006-xx.xx.2009-cu illər qazma ustası; xx.xx.2009- xx.xx.2010-cu illər İstehsalata xidmət bazasının anbar müdiri; xx.xx.2010-xx.xx.2012-ci illər 2 saylı Rayon-mühəndis texnoloji xidmətində mühəndis texnoloq; xx.xx.2012- xx.xx.2014-cü illər qazma ustası; “X4” trestinin “Neft daşları” İstehsalat bölmələri üzrə: xx.xx.2014-xx.xx.2021-ci illər Qazma ustası peşələrində və vəzifələrində işləyib. xx.xx.2021-ci ildən hal-hazıradək “X4” trestinin Qazmaservis İstehsalat bölümünün Kəmər endirmə sahəsində qazma ustası vəzifəsində işləyir. Arayış SOCAR “X4” tresti üzrə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 nömrəli qərarı (1 və 2 nömrəli siyahı) nəzərə alınmaqla Əmək kitabçasına əsasən verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti-SOCAR tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli SOCAR**********081200598X00012 saylı arayışın surətindən müəyyən olunur ki, İddiaçı həqiqətən SOCAR "X4” trestinin müxtəlif idarələrində əmək şəraiti ağır və zərərli hesab edilən peşələrdə işləyib. “Neft daşları” X5 İdarəsi üzrə: xx.xx.1991-xx.xx.1993-cü illər Neft və Qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi (1100000a-11297); xx.xx.1993-xx.xx.2003-cü illər Texnikiistehsalat şöbəsində mühəndis-texnoloq (1100000b-22247); xx.xx.2003-xx.xx.2004-cü illər qazma ustasının köməkçisi (1100000b-23196); xx.xx.2004-xx.xx.2005-ci illər İstehsalata xidmət bazasının operativ qrupunda mühəndis (1100000b-22247); xx.xx.2005-xx.xx.2006-cı illər qazma ustasının köməkçisi (1100000b-23196); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarına 1 nömrəli əlavənin X bölməsinə əsasən , xx.xx.2006-cı il tarixinədək olan güzəştli iş stajı 14 il 3 aydır. “Neft Daşları” X5 idarəsi üzrə: xx.xx.2006-xx.xx.2009-cu illər qazma ustası; xx.xx.2009-xx.xx.2010-cu illər İstehsalata xidmət bazasının anbar müdiri; xx.xx.2010-xx.xx.2012-ci illər 2 saylı Rayonmühəndis texnoloji xidmətində-texnoloq; xx.xx.2012-0.02.2014-cü illər Qazma ustası “X4” trestinin “Neft Daşları” İstehsalat bölümü üzrə: xx.xx.2014-xx.xx.2021-ci illər Qazma ustası peşələrində və vəzifələrində işləyib. xx.xx.2021-ci ildən hal-hazıradək “X4” trestinin Qazmaservis İstehsalat bölümünün Kəmər endirmə sahəsində qazma ustası işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 2 nömrəli qərarına əsasən (siyahı 10.1) güzəştli stajı 12 il 1 aydır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. İşə götürən tərəfindən verilmiş arayışlardan göründüyü kimi iddiaçının xx.xx.2006-cı il tarixədək 10 ildən çox güzəştli iş stajı olmuşdur. İşin sadalanan halları ilə iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 20 il ümumi əmək stajının olması və onun 10 ildən artıq müddətini 1 nömrəli Siyahı üzrə nəzərdə tutulmuş sahədə işləməsi tam sübuta yetirildiyindən onun «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Göründüyü kimi, yuxarıda qeyd edilən hər iki şərt - ümumi və xüsusi iş stajı iddiaçıya münasibətdə ödənildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması müddəasını nəzərə almayaraq iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüququnu pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(112)-5954/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar