Məhkəmə qərarları › İş №2-1(103)-224/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-224/2024

25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-224/2024 25.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə mövcud eskiz layihəsinə uyğun mülkiyyət hüququnun qeydə alınıb reyestrdən çıxarışın verilməsi və texniki pasportun tərtib olunması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3834/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə mövcud eskiz layihəsinə uyğun çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddia aşağıdakılarla əsaslandırılmışdır: Bakı şəhəri, Xətai rayonu, Mədinə Gülgün küçəsi, ev 9 ünvanında yerləşən 1 mərtəbəli binada 53.76 kv.m ümumi sahədən ibarət 3 otaqlı 2 saylı mənzil tam mülkiyyət hüququ üzrə onun adına dövlət reyetrində 104 nömrəli reyestr kitabının 8747 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hazırda ailə tələbatlarını ödəmək məqsədilə məlum mənzil təmir edilərək genişləndirilmişdir. Tikinti zamanı isə şəhərsalma və tikinti normalarına tam əməl olunmuşdur. Hazırda iddiaçının istifadəsidə olan fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatı üçün cavabdehə müraciət etmiş, sonuncunun xx.xx.2022-ci il tarixli cavab məktubu ilə ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Buna səbəb kimi əmlak üzərində hüquqların qeydiyyatı üçün müvafiq sənədlərin təqdim ediməməsi göstərilmişdir. İddiaçı hesab edir ki, cavabdehin hərəkəti qanuna ziddir, hazırda yaşadığı fərdi yaşayış evi müvafiq çıxarışa əsasən onun mülkiyyətindədir, belə ki, ona məxsus öz həyətyanı sahədə öz mülkiyyətini şəxsi vəsaiti hesabına inşa edib genişləndirmiş və təinatı ilə bağlı bütün tikinti normalarına tərəfindən tam əməl edilmiş, cavabdeh təşkilata müraciəti zamanı mənzilə aid müvafiq çıxarışı və evin eskiz xəritəsini təqdim etmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, sözügedən daşınmaz əmlak dövlət reyestrində İddiaçı adına ümumi sahəsi 53.76 kv.m olan mənzil kimi qeydiyyatdan keçmişdir. Mənzilin fərdi yaşayış evinə keçirilməsi, əlavə inşa edilmiş tikililərə və torpaq sahəsinə dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3834/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı Bakı şəhəri, Xətai rayonu, Mədinə Gülgün küçəsi, ev 9 ünvanında yerləşən fərdi yaşayış evinə mövcud eskiz layihəsinə uyğun çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatını mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuşdur. Belə ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən daşınmaz əmlak dövlət reyestrində iddiaçının adına ümumi sahəsi 53,76 kv.m olan mənzil kimi qeydiyytdan keçmişdir. xx.xx.2022-ci il tarixdə idarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, mənzil 1 mərtəbəli binanın tərkib hissəsi olmaqla bir hissəsində yerləşir. Həmçinin, mənzilin daxilində bəzi arakəsmə divarların yerləri dəyişdirilmiş, mənzilə bitişik sahəsi 10.2 kv.m olan əlavə tikili , eləcə də mənzilin üzərində ümumi sahəsi 72,4 kv.m olan ikinci mərtəbə inşa edilmiş tikililərə və torpaq sahəsinə dair iddiaçının adına “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim edilməmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi H.Allahverdiyev qeydiyyatdan keçmiş birmərtəbəli mənzilin arakəsmə divarlarının dəyişdirildiyini və ikinci mərtəbə inşa edildiyini evin köhnə texniki pasportunun arxivdə aşkar edilmədiyini qeyd edərək apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının nümayəndəsi Vəkil isə onunla razılaşmamış, evin bağışlama müqaviləsi əsasında iddiaçıya verildiyini, məlumatlandırma icraatı qaydasında tikilinin üzərində ikinci mərtəbə inşa edildiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə, Bakı şəhəri, Xətai rayonu, Mədinə Gülgün küçəsi, ev 9 ünvanında yerləşən fərdi yaşayış evinə mövcud eskiz layihəsinə uyğun çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə hesab edir ki, iddiaçı tələbində haqlıdır. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, MH seriyalı, ******* nömrəli, xx.xx.2006-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən - Bakı şəhəri, Xətai rayonu, Mədinə Gülgün küçəsində istifadədə olan 0.02392 ha torpaq sahəsində yerləşən 9 nömrəli, 1 mərtəbəli binada 53.76 kv.m ümumi sahədən ibarət 3 otaqlı 2 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 104 nömrəli reyestr kitabının 8747 nömrəli vərəqində dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda, işdən görünür ki, birinci instansiya məhkəməsinin sorğusuna əsasən mübahisəli evə dair aşağıdakıllar müəyyən olunmuşdur: -H.Z.Tağıyev adına BTTB-nin Müdriyyəti və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1993-cü il tarixli Birgə qərarı ilə Plexanov küçəsində yerləşən 9 nömrəli evin 3 otaqlı, ümumi sahəsi 53,76 kv.m olan 2 nömrəli mənzili X2 şəxsi mülkiyyətinə verilmişdir. -Bakı şəhəri 40-cı Dövlət Notariat Kontoru tərəfindən xx.xx.1993-cü il tarixdə təsdiq edilmiş müqavilə ilə Azərbaycan Respublikasının xx.xx.1993-cü il tarixli “Azərbaycan Respublikasında yaşayış fondunun özəlləşdirilməsi haqında” Qanuna müvafiq olaraq “ev sahibi” adlandırılan tərəf olaraq H.Z.Tağıyev adına BTTB-nin baş direktoru ilə “alan” tərəf olaraq X3 arasında Plevanov küçəsində yerləşən 9 nömrəli evin 3 otaqlı, ümumi sahəsi 53,76 kv.m olan 2 nömrəli mənzilə dair bütün ailə üzvlərinin razılığı ilə şəxsi mülkiyyətinə qəbul edilməsi barədə müqavilə təsdiq edilmişdir. - xx.xx.2006-cı il tarixli “Qanun üzrə vərəsəlik hüquq haqqında” şəhadətnaməyə əsasən xx.xx.2005- ci il tarixdə vəfat etmiş X2 vərəsəsi kimi X7 müəyyən edilmişdir. Şəhadətnamə verilən miras əmlak DƏDRX Bakı şəhri Ərazi İdarəsinin 47 nömrəli reyestr kitabı, 6904 səhifəsi, 30/6904 qeyd. xx.xx.1993-cü il tarixdə verilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən 3 otaqdan ibarət olan şəxsi mənzil qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə DƏDRX-dan keçməli olduğu qeyd edilmişdir. - Bakı şəhəri 40-cı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən ünvan 3 ünvanında yerləşən 2 nömrəli mənzildə yaşayan X6 DƏDRX Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş **********89-05101- 093001 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2006-cı il tarixli reyestrdən çıxarışa əsasən ona məxsus olan ünvan 5 ünvanında yerləşən 2 nömrəli 3 otaqlı mənzilini (qızı) İddiaçı bağışlamışdır. Tədqiq olunan sənədlərələ müəyyən olunan hallardan göründüyü kimi, mübahisəli ünvanda yerləşən məzil 1993-cü ildən xüsasi mülkiyyətdə olmuş, sonradan bağışlama müqvailəsi əsasında iddiaçıının adına mülkiyyət hüququ ilə reystrdə qeydiyyata alınmışdır. Həmin mənzilin yerləşdiyi binanın birmərtəbəli təkmənzilli olduğu işin tərəflər arasında mübahisələndirilməyən halıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən bu Məcəllənin 74.1-ci maddəsində nəzərdə tutulmuş qayda tikinti obyektlərinin sökülməsinə də şamil edilir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İş materiallarından görünür ki, iddiaçı xüsusi mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən həmin evi yenidən quurmaq, o cümlədən, yaşayış sahəsi 79,93 kv.m, hündürlüyü 7.300 m, olan fərdi yaşayış evinin inşa edilməsi məqsədilə evin memarlıq planlaşdırma bölməsini (eskiz layihəsini) tərtib etdirərək məlumatlandırma icraatı qaydasında tikinti işlərinə başlamaq üçün Xətai Rayon İcra Hakimiyyətinə ərizə (məktub) ilə müraciət etmiş, lakin sonuncu eskiz layihə ilə bağlı iddiaçıya öz münasibətini (etirazını) bildirməmiş və iddiaçı tərəfindən şəhərsalma və tikinti qanunvericiliyinin qeyd olunan tələbləri qaydasında tikinti işlərinə başlanılmış eskiz layihəyə uyğun ikimərtəbəli ev inşa etmişdir. İşə əlavə olunmuş, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən "xxxx" MMC-ən alınmış xx.xx.2023-cü il tarixli 01/23-150 nömrəli mütəxəssis rəyindən görünür ki, iddiaçının Bakı şəhəri, Xətai rayonu, Mədinə Gülgün küçəsi, ev 9 ünvanında inşa etdiyi yaşayış sahəsi - faktiki vəziyyəti və texniki göstəricilərinə görə sərbəst bir tikili olub, tavanı başqa bir tikili və ya yaşayış sahəsi ilə bitişik olmadığından “fərdi yaşayış evi”nin əlamətlərini daşıyır və həmin tikili Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinin tələblərinə uyğun inşa edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8.0.10.2-ci maddəsinə əsasən 2013-cü ildən sonra inşa edilən tikililərə münasibətdə məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasdır. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, məlumatlandırma icraatı qaydasında iddiaçı tərəfindən keçmiş mənzilin birinci mərtəbəsində yenidən planlaşdırılaraq və mövcud birinci mərtəbənin üzərində 2-ci mərtəbə də inşa edilməklə ikimərtəbəli ev tikildiyi cavabdeh tərəfindən mübahisələndirilmir. Belə olan halda cavabdehin apellyasiya şikayətinin mənzilin daxilində bəzi arakəsmə divarların yerlərinin dəyişdirildiyini və ikinci mərtəbənin tikildiyin mübahisələndrən dəlilləri əsassızdıdır. Həmçinin, cavabdehin apellyasiya şikayətinin iddtiaçının torpağa dair sənədinin mövcud olmadığını mübahisələndirən dəlilləri ilə də razılaşmaq mümkün deyil. Çünki keçmiş birmərtəbəli tikilidə yerləşən mənzil mülkiyyət hüququ ilə iddiaçının adına reystrdə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşılaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Məcəllənin qeyd olunan tələbi baxımından, xx.xx.2006-cı il tarixdə, ********* qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ qeydə alınmış (çıxarış No 0039766, i.v.74) iddiaçı - Bakı şəhəri, Xətai rayonu, Mədinə Gülgün küçəsi, ev 9 ünvanında yerləşən həmin evin altında yerəşən torpaq sahəsinin də mülkiyyətçisi hesab olunur. “Saghinadze və başqaları Gürcüstana qarşı” işə dair Avropa Məhkəməsi qərarında (“27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05) qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” Belə olan təqdirdə, mübahisəli ünvanda məlumatlandırma icraatı qaydasında inşa edilmiş iki mərtəbəli tikilinin fərdi yaşayış evinə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas yaranır. Göründüyü kimi, cavabdeh tərəfindən həmin tikilinin iddiaçının adına qeydiyyata alınmasından imtina olunmasının əsassız olduğu sübuta yetirilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.22-ci bəndindən də görünür ki, daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatını təşkil etmək cavabdehin vəzifəsidir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini işdə olan sübutlara və qanununvericiliyin tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Ona görə də cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul olunarkən maddi və prosessual hüquq normalarının pozulduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3834/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəytişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 69, 73, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3834/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar