Məhkəmə qərarları › İş №2-1(103)-224/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-224/2025

25.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-224/2025 25.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğvi və hərbi xidmətə bərpa olunma) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əmrin ləğvi və hərbi xidmətə bərpa olunma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3424/2024 saylı, 26 aprel 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ehtiyata buraxılmağına dair Müdafiə Nazirinin xx.xx.2023-cü il tarixli müvafiq əmrinin ləğv olunmasına və hərbi xidmətə bərpa olunmağına dair” qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2005-ci ildən etibarən Azərbaycan Silahlı Qüvvələrində xidmət edir. Azərbaycan Ordusunun “mayor” rütbəli zabiti, sərbəst güləş üzrə Azərbaycan Respublikasının idman ustasıdır. Xidmət müddətində bir sıra mühüm əməliyyatlarda, o cümlədən 2010-cu ildə mərhum general-mayor P.Həşimovun rəhbərliyi altında vacib hakim yüksəklik uğrunda, 2015-ci ildə mərhum Milli Qəhrəman M.Mirzəyevin rəhbərliyi ilə Daşkəsən istiqamətində təxribatin qarşısinı almaq üçün döyüş tapşırıqlarında iştirak etmiş və bu barədə şəxsi işində qeydlər aparılmışdır. 44 günlük Vətən Müharibəsinin iştirakçısı və veteranı, həmçinin bu ilin sentyabr ayında aparılmış antiterror tədbirlərinin iştirakçısıdır. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamlarına əsasən “Füzulinin azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə” medalları ilə və Baş Nazirin Qərarına əsasən “Vətən Müharibəsinin iştirakçısı” medalı ilə təltif olunmuşdur. Bundan əlavə, cənab Prezidentin adından verilməklə Müdafiə nazirinin müvafiq əmrlərinə əsasən “Qüsursuz xidmətə görə” medalın 3-cü və 2-ci dərəcələri ilə, həmçinin müxtəlif yubiley medalları ilə təltif olunmuşdur. 20 sentyabr 2023cü il tarixdə səhər saatlarında Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin madditexniki təminat bölməsinin rəisi qismində işğaldan azad olunmuş Ağdərə rayonunda erməni işğalçılarından alınmış mövqelərdə möhkəmlənən bölmələrin maddi-texniki təminatı ilə yerlərdə tanış olmaq və tədbirlər görmək məqsədi ilə təhkim olunmuş “UAZ” hərbi avtomobilinin nasazlığı səbəbindən erməni polis maşınına əyləşərək tapşırığı icra etmək üçün “Qozlu körpü” istiqamətinden “Təmas postu” istiqamətinə təminat məntəqəsinə hərəkət etmişdir. Avtomobildə ondan başqa N saylı hərbi hissənin snayper bölüyünün baş çavusu gizir T.Ə.Məmmədov da olmuşdur. O, həmin zaman icazə və xəbəri olmadan özünəməxsus mobil telefonla bir neçə dəqiqəlik gizli çəkiliş aparmış, həmin çəkilişi dayısı oğluna göndərmiş, o da sosial şəbəkələrdə yaymışdır. Bu barədə Müdafiə Nazirliyinin rəhbərliyinə məruzə edildikdən sonra məsələnin araşdırılmasına göstəriş verilmiş, araşdıma zamanı günahının olmadığı sübut olunsa da, şifahi göstəriş əsasında barəsində təqdimat yazılaraq xx.xx.2023-cü il tarixdə “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağına dair Müdafiə nazirinin müvafiq əmri imzalanmışdır. Həmin əmr barədə xx.xx.2023-cü il tarixdə Müdafiə Nazirliyinin Kadrlar İdarəsindən məlumat almışdır. Barəsində bu cür əmrin imzalanması qanunsuzdur. Ona görə də məhkəməyə iddia ərizəsi ilə müraciət edir.

3. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2023-cü il tarixli, 0709 №-li əmrinin iddiaçıya aid olan hissəsinin ləğv edilməsi və iddiaçının hərbi xidmətə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.

4. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimləmə qaydaları “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikasının 3.10.1997-ci il tarixli 377-1Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə müəyyən edilir. Hərbi xidmətə daxil olma və hərbi xidmətdən buraxılma da həmin qanunvericilik aktları ilə tənzimlənir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. İddiaçının ehtiyata buraxılmasına dair təqdimatdan və sənədlərdən görünür ki, iddiaçı 2005-2023-cü illərdə Azərbaycan Ordusunda həqiqi xidmət xidmət keçmiş, xx.xx.2023-cü il tarixdən N nömrəli hərbi hissənin maddi texniki təminat bölməsinin rəisi olmuş, o xidmət etdiyi müddət ərzində özünü intizamlı, bacarıqlı, təcürübəli savadlı və işgüzar bir zabit kimi göstərməyə çalışsa da buna nail olma bilmədiyi, vəzifə borclarını yerinə yetirməsində çətinlik çəkdiyini, verilən əmr və göstərişləri vaxtında yerinə yetirməyə çalışmamş, dəfələrlə “Şiddətli töhmət” və “vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq” intizam məsuliyyətinə cəlb olunmuşdur. 2023-cü ilin sentiyabr ayının 19-dan 20-dək aparılan antiterror əməliyyatları zamanı qadağan olunmuş smartfon telefon vasitəsilə video çəklişlər aparılaraq həmin videoyazını sosial şəbəkədə yerləşdirərək Ordunun nüfuzuna xələl gətirdiyi üçün onun həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə komandanlıq qarşısında vəsatət qaldırılmışdır. İddiaçının göstərilən əsasla ehtiyata buraxılması barədə təqdimat verilmiş, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) və Azərbyacan Respublikası müdafiə nazirinin 3.10.2023-cü il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissənin Maddi-texniki təminat bölməsinin (Q4) rəisi mayor İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 2-ci maddəsinə əsasən hərbi qulluqçu hərbi nizamnamələrin tələblərini və öz vəzifələrini yaxşı bilməli və vicdanla yerinə yetirməli, həmçinin hərbi əmlakı və xalq əmlakını qorumalı, hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə mətinliklə dözməlidir. Daxili Xidmət Nizamnaməsinin 7-ci maddəsinə əsasən bütün hərbi qulluqçular hərbi intizamın və ictimai asayişin pozulması ilə bağlı nalayiq hərəkətlərə, eləcə də əxlaq qaydalarına zidd hərəkətlərə görə ictimai təsir tədbirlərinə, hərbi intizamı pozduqlarına görə - Azərbaycan Respublikası Silahlı X1 müəyyən edilmiş qaydada intizam məsuliyyətinə cəlb oluna bilərlər. Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 1-ci maddəsinə əsasən hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 2-ci maddəsinə əsasən hərbi intizam hər bir qulluqçunun hərbi borcunu və öz Vətəni Azərbaycan Respublikasının müdafiəsi üçün şəxsi məsuliyyət daşımasını şüurlu surətdə dərk etməsinə əsaslanır. Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 3-cü maddəsinə əsasən hərbi intizam hər bir hərbi qulluqçunu: - Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməyə, hərbi andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyə, komandirlərin (rəislərin) əmr və sərəncamlarına sözsüz tabe olmağa; - hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə mətinliklə tab gətirməyə, hərbi borcunu yerinə yetirərkən, öz qanını və hətta həyatını belə əsirgəməməyə məcbur edir. Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 5-ci maddəsinə əsasən hər bir komandir (rəis) öz tabeliyində olanları hərbi intizamın bütün tələblərini sözsüz yerinə yetirmək ruhunda tərbiyə etməli, onlarda hərbi şərəfi və hərbi borcu şüurlu inkişaf etdirib möhkəmləndirməli, layiqliləri həvəsləndirməli, intizamı pozanlara qarşı isə ciddi tədbirlər görməlidir. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi, iddia tam əsassızdır, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılması 2023-cü ilin sentyabr ayının 19-dan 20-dək aparılan lokal xarakterli antiterror əməliyyatları zamanı qadağan olunmuş smartfon telefon vasitəsilə video çəklişlər aparılaraq həmin videoyazını aparılan əməliyyatlarla əlaqədar müvəqqəti girişi məhdudlaşdırılmış sosial şəbəkədə yerləşdirərək Ordunun nüfuzuna xələl gətirdiyi üçün hərbi qulluqçu ilə xidməti münasibətlərinə bir tərəfli qaydada son qoyması qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. İddiaçı barəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3424/2024 saylı, 26 aprel 2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

6. Qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

7. Apellyasiya şikayəti dəqiqləşdirilmiş iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

8. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasında iştirak edən cavabedhin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə münasibətin bildirilməsini məhkəmənin mülahizəsinə buraxılmasını bildirir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

10. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən təqdim edilmiş M/V seriyalı 103154 saylı xx.xx.2022-ci il tarixli vəsiqəyə əsasən İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir.

11. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təqdim edilmiş 031 saylı xx.xx.2006-cı il tarixli vəsiqədən görünür ki, İddiaçı sərbəst güləş üzrə Azərbaycan Respublikasının idman ustası adı verilmişdir.

12. İddiaçı Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0117t saylı xx.xx.2016-cı il tarixli əmri ilə qüsursuz xidmətə görə 3-cü dərəcəli medal ilə təltif edilmişdir.

13. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

14. İ-372 saylı Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, Məlikov X3 azad olunmasına görə medalı ilə təltif edilmişdir.

15. İ-206 saylı Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, Məlikov X3 azad olunmasına görə medalı ilə təltif edilmişdir.

16. İ-43486 saylı Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, İddiaçı Vətən Müharibəsi iştirakçısı medalı ilə təltif edilmişdir.

17. Baş leytenant İddiaçı Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0107t saylı xx.xx.2013-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi yubiley medalı ilə təltif edilmişdir.

18. İddiaçı Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0174 saylı xx.xx.2021-ci il tarixli əmri ilə qüsursuz xidmətə görə 2-ci dərəcəli medal ilə təltif edilmişdir.

19. Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən tərtib edilmiş İddiaçı dair A- 012381 saylı xx.xx.1986-cı il tarixli şəxsi vəsiqədən görünür ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2020-ci il tarixli 050R saylı əmri ilə mayor hərbi rütbəsi verilmişdir. Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2020-ci il tarixli 031 saylı əmri ilə N nömrəli hərbi hissənin tabor komandiri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2021-ci il tarixli 0519 saylı əmri ilə N nömrəli hərbi hissənin motoatıcı tabor komandiri təyin edilmişdir. Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 0160 saylı xx.xx.2021-ci il tarixli əmri ilə N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin rəisi təyin edilmişdir.

20. N nömrəli hərbi hissə komandiri tərəfindən İddiaçı xidməti uyğunsuzluğuna görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması təqdim edilmiş xx.xx.2023-cü il tarixli təqdimata əsasən xx.xx.2020-ci il tarixdə SQ BQR-nin 050r №-li əmri ilə hərbi rütbə verilmiş, xx.xx.2005-ci il tarixdən Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdədir. Döyüş əməliyyatlarında iştirak edib, yaralanmayıb. Sonuncu attestasiyanın nəticəsi 2022-ci ildə 88.02 bal. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılması üçün təqdim olunur. Mayor İddiaçı xx.xx.2021-ci il tarixdən N nömrəli hərbi hissənin maddi texniki təminat bölməsinin rəisi vəzifəsində xidmət edir. Xidmət etdiyi müddət ərzində özünü intizamlı, bacarıqlı, təcrübəli, savadlı və işgüzar bir zabit kimi göstərməyə çalışsa da, buna nail ola bilməmişdir. Vəzifə borclarını yerinə yetirilməsində çətinlik çəkir. Verilən əmr və göstərişləri vaxtında və dəqiq yerinə yetirməyə çalışmır. 2023-cü ilin sentyabr ayının 19-dan 20-dək aparılan antiterror əməliyyatları zamanı qadağan olunmuş smartfon telefon vasitəsi ilə video çəkilişlər apararaq həmin videoları sosial şəbəkələrə yerləşdirərək Ordunun nüfuzuna xərər gətirmişdir. Fiziki cəhətdən sağlamdır. Mayor İddiaçı xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması məqsədəuyğun hesab edilmişdir. Ehtiyata buraxıldıqdan sonra sənədləri qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon Şöbəsinə göndəriləcəkdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən, ehtiyata buraxılması barədə vəsatət qaldırılmışdır.

21. Mayor R.Nuriyev, mayor Ə.Əmirov, kapitan T.Əliyev və H.Səfərli tərəfindən tərtib edilmiş və N nömrəli hərbi hissə komandiri tərəfindən təsdiq edilmiş Mayor İddiaçı söhbətləşmədən imtina etməsi haqqında 7450 saylı aktdan görünür ki, maddi-texniki təminat bölməsinin (Q4) rəisi mayor İddiaçı, söhbətləşmədən imtina etdiyinə görə söhbətləşmə aparmaq olmur (Təklif: maddi-texniki təminat bölməsinin (Q4) rəisi mayor İddiaçı təqdimatını “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün yuxarı qərargah göndərilsin).

22. N nömrəli hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin müavini tərəfindən Mayor İddiaçı təqdim edilmiş xidməti xasiyyətnamədə bildirilmişdir ki, Mayor İddiaçı Xidmət etdiyi müddət ərzində özünü intizamlı, bacarıqlı, təcrübəli, savadlı və işgüzar bir zabit kimi göstərməyə çalışsa da, buna nail ola bilməmişdir. Vəzifə borclarını yerinə yetirilməsində çətinlik çəkir. Verilən əmr və göstərişləri vaxtında və dəqiq yerinə yetirməyə çalışmır. Hərbi nəzakət və davranış qaydalarını bilmir. Tutduğu vəzifənin öhdəsindən gəlməkdə çətinlik çəkir. Təşkilatçılıq və çətin şəraitlərdə qərar qəbul etməyi bacarmır. Qanunları, rəhbər sənədləri və silahlı qüvvələrin nizamnamələrini bilmir və gündəlik işində onlardan düzgün istifadə etmir. Tutduğu vəzifənin öhdəsindən gəlməkdə çətinlik çəkir. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2023-cü il tarixli 314 nömrəli əmri ilə 2023-cü ilin sentyabr ayının 19-dan 20-dək aparılan antiterror əməliyyatları zamanı qadağan olunmuş smartfon vasitəsi ilə video çəkilişlər apararaq sosial şəbəkələrə yerləşdirdiyi üçün intizam qaydasında hərbi rütbəsinin bir pillə aşağı salınmasına qərar verilmişdir. Fiziki cəhətdən sağlamdır.

23. N nömrəli hərbi hissənin qərargah rəisi tərəfindən İddiaçı dair təqdim edilmiş xidməti xasiyyətnamədə bildirilmişdir ki, Mayor İddiaçı xidmət etdiyi müddət ərzində özünü intizamlı, bacarıqlı, təcrübəli, savadlı və işgüzar bir zabit kimi göstərməyə çalışsa da, buna nail ola bilir. Vəzifə borclarını yerinə yetirilməsində çətinlik çəkmir. Verilən əmr və göstərişləri vaxtında və dəqiq yerinə yetirməyə çalışır. Hərbi nəzakət və davranış qaydalarını bilir. Tutduğu vəzifənin öhdəsindən gəlməkdə çətinlik çəkmir. Təşkilatçılıq və çətin şəraitlərdə qərar qəbul etməyi bacarır. Qanunları, rəhbər sənədləri və silahlı qüvvələrin nizamnamələrini bilir və gündəlik işində onlardan düzgün istifadə edir. Tutduğu vəzifənin öhdəsindən gəlməkdə çətinlik çəkmir. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2023-cü il tarixli 314 nömrəli əmri ilə 2023-cü ilin sentyabr ayının 19-dan 20-dək aparılan antiterror əməliyyatları zamanı qənimət götürülmüş hərbi avtomobilin idarə etdiyi zaman baş gizir X2 tərəfindən çəkilən və paylaşılan qısa video çəkilişinə görə "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-сı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ordu sıralarından ehtiyata buraxılmışdır. Fiziki cəhətdən sağlamdır.

24. N nömrəli hərbi hissə komandiri tərəfindən təqdim edilmiş 1323 saylı xx.xx.2020ci il tarixli əmrindən çıxarışdan görünür ki, hərbi hissə komandirinin müavinləri, bölmə, xidmət rəisiləri və bölmə komandirləri: xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixədək “Vətən müharibəsində” Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən hərbi qulluqçuların adlı siyahısı müvafiq qaydada tərtib edilmişdir. Kadrlar bölmə rəisi döyüş əməliyyatlarında iştirak edən zabit və gizirlərin şəxsi işlərində müvafiq qeydlər aparılmışdır.

25. Azərbaycan Respublikası Müdafiə nazirinin 0709 saylı xx.xx.2023-cü il tarixli əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmət uyğunsuzluğa görə) və Azərbyacan Respublikası müdafiə nazirinin 327 nömrəli 3 oktyabr 2023-cü il tarixli əmrinə müvafiq olaraq N nömrəli hərbi hissənin maddi-texniki təmina bölməsinin (Q4) rəisi mayor İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

26. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

28. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərarlar inzibati aktdır.

29. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

30. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən:

31. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.

32. Mübahisələndirilən qərar (inzibati akt) iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.

33. İddiaçı tərəfindən qanunla müəyyənləşdirilmiş müddət ötürülməmişdir.

34. İddia mümkündür.

35. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun - 40.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. - 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar.

36. “Hərbi xidmətkeçmə haqqında” Qanunun 161-ci bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır.

37. Həmin Əsasnamənin 162-ci bəndinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddiməişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. (...) İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmasının təqdim qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

38. Həmin Əsasnamənin 165-ci bəndinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. (...) Xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işinin birinci nüsxəsi hərbi hissə tərəfindən getmə haqqında sərəncam verilən gün Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin uçotu haqqında təlimatla nəzərdə tutulmuş qaydada hərbi komissarlıqlara, yaxud digər orqanlara göndərilir. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işlərinin seçilmiş yaşayış yeri üzrə hərbi komissarlıqlara vaxtında göndərilməsi və daxil olmasına nəzarət korpusların (diviziyaların), Silahlı Qüvvələr növlərinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumları tərəfindən həyata keçirilir. Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqqhesabı aparmaq üçün göndərilir.

39. “İnzibati icraat haqqında” Qanunun: - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

40. İnzibati-Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir

41. Beləliklə, cavabdeh qurum mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu lokal xarakterli antiterror əməliyyatları zamanı qadağan olunmuş smartfon telefon vasitəsilə videoçəklişlər aparılması və həmin videoyazının aparılan əməliyyatlarla əlaqədar müvəqqəti girişi məhdudlaşdırılmış sosial şəbəkədə yayılması ilə əsaslandırır.

42. Məhkəmə nəzərə alır ki, iddiaçı əməliyyatlarla əlaqədar smartfon telefon vasitəsilə video çəklişlər aparılmasının qadağan edilməsi və video çəkliş aparılarkən iddiaçının məlumatlı olması işin mübahisələndirilməyən halıdır. Sonuncu hal həmçinin cavabdeh tərəfindən təqdim edilmiş videodiskə baxış keçirilərkən də aşkar müşahidə edilir. Lakin həmin videoçəkilişin iddiaçı tərəfindən sosial şəbəkədə yerləşdirilməməsi və yayımlanmadığı, onun təqsirinin olmaması sübuta yetirilmişdir.

43. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən normaların məzmunundan aydın olur ki, iddiaçı ehtiyata buraxılmazdan əvvəl onunla bilavasitə həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı haqqında ən azı iki fərdi söhbət aparılmalı, o, ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilməli, hərbi həkim komissiyasının müayinəsinə göndərilməməyə dair münasibəti öyrənilməli, onun ehtiyata buraxılmasına dair təqdimat yuxarıda qeyd edilmiş sənədlərlə birlikdə göndərilməli, ehtiyata və ya istefaya buraxılması barədə əmr ona elan olunmalı idi.

44. Cavabdeh inzibati orqan iddiaçının ehtiyata buraxılması barədə yuxarıda göstərilən tələblərə əməl etdiyini, inzibati icraatın aparılması ilə bağlı pozuntuya yol vermədiyini iddia etsə də, işə məhkəmələr tərəfindən baxılarkən yuxarıda göstərilən tələblərə əməl etməsini təsdiq edən hər hansı sübut təqdim etməmişdir.

45. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, cavabdeh orqan iddiaçı ehtiyata buraxılmazdan əvvəl onunla bilavasitə həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı haqqında söhbətlər aparmamış, iddiaçı ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilməmiş, hərbihəkim komissiyasının müayinəsinə göndərilməməyə dair münasibəti öyrənilməmiş, ehtiyata və ya istefaya buraxılması barədə əmr ona elan olunmamışdır.

46. Beləliklə, cavabdeh orqan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə riayət etməmiş, zəruri inzibati icraat aparmamış, inzibati icraat haqqında hüquq normalarının, həmçinin maddi hüquq normalarının pozulmasına yol vermişdir. Odur ki, inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır, qanunsuz inzibati akt isə məhkəmə qaydasında ləğv oluna bilər.

47. Beləliklə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməli olsa da, hazırkı iş üzrə cavabdeh 0709 saylı xx.xx.2023-cü il tarixli əmrinin iddiaçıya aid hissədə qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir (məhkəmə kollegiyası istinad edir AR Ali Məhkəməsinin İK-nın 2-1(102)1839/2021 saylı xx.xx.2021-ci il tarixli Qərarına).

48. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 49.Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. 50.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3424/2024 saylı, 26 aprel 2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2023-cü il tarixli, 0709 №-li əmrinin İddiaçı aid olan hissəsi ləğv edilsin və İddiaçı hərbi xidmətə bərpa olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar