Məhkəmə qərarları › İş №2-1(103)-2240/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2240/2021

19.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2240/2021 19.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və X1 qanuni nümayəndəsi İddiaçı2 cavabdeh Bakı şəhəri Qaradağ rayonu İcra və Probasiya şöbəsinə qarşı “icra məmurunun hərəkət və hərəkətsizliyi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 08.06.2021-ci il tarixli, 2-1(112)- 6310/2021 saylı qərardadından iddiaçıların nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) məhkəmə iclasında yoxlayaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və X1 qanuni nümayəndəsi İddiaçı2 cavabdeh Bakı şəhəri Qaradağ rayon icra və probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaradag rayon icra və probasiya şöbəsinin icra məmuru X2 rayon məhkəməsinin 2(002)-248/2020-010 saylı 02 aprel 2021-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərarının müvəqqəti dayandırılması öhdəliyinin icra məmurunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 08.06.2021-ci il tarixli, 2-1(112)-6310/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadlardan narazı qalan iddiaçıların nümayəndəsi şikayət verərək, Bakı İnzibati Məhkəməsinin 08.06.2021-ci il tarixli, 2-1(112)-6310/2021 saylı qərardadının ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə tərəfindən iddiaçılara məktub ünvanlanaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı onlar tərəfindən 16.06.2021-ci il tarixdə alınmış, apellyasiya şikayəti isə 06.07.2021-ci il tarixdə məhkəməyə təqdim olunmuşdur. Bununla əlaqədar olaraq iddiaçılara təklif olunmuşdur ki, apellyasiya şikayətinin qanunla müəyyən olunmuş müddət ərzində təqdim olunmasına dair sübutları və ya buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizəni 19.08.2021-ci il tarixədək Bakı Apellyasiya Məhkəməsinə təqdim etsinlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər (nümayəndələri) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti mümkün hesab edilməməli və apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikası İPM-in 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. İş materiallarına əsasən müəyyən olunur ki, məhkəmə tərəfindən iddiaçıya ünvanlanmış qərardad 16.06.2021-ci il tarixdə onun tərəfindən qəbul edilmişdir. Apellyasiya şikayəti isə 06.07.2021-ci il tarixdə, yəni, məhkəmənin qərardadından apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 10 günlük müddət ötürülməklə məhkəməyə təqdim olunmuşdur. Bununla əlaqədar olaraq iddiaçılara apellyasiya şikayətinin qanunla müəyyən olunmuş müddət ərzində təqdim olunmasına dair sübutları və ya buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizəni 19.08.2021-ci il tarixədək Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi təklif olunmuşdur. İddiaçılar tərəfindən nə qeyd olunan sübutlar, nə də ki, buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizə məhkəməyə təqdim olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, şikayət mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçılar tərəfindən verilmiş şikayət mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azər Hüseynov Hakimlər Səadət Bəktaşi Vidadi Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar