Məhkəmə qərarları › İş №2-1(103)-2240/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2240/2023

02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2240/2023 02.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “birdəfəlik ödəmənin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3468/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 760 ( yeddi yüz altmş) manat pul vəsaitinin tutularaq ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı “Koronovirus (COVİD-19)” pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar olaraq işsiz kimi qeydiyyatda olan şəxslərə 190 (yüz doğsan) manat birdəfəlik ödəmənin verilməsi məqsədi ilə rəsmi qaydada cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən ona əsassız şəkildə birdəfəlik ödəmənin ödənilməsindən imtina edilmişdir. Cavabdeh əsas olaraq iddiaçının rəsmi nikahının olmasını və rəsmi nikahda olduğu keçmiş həyat yoldaşının əmək müqaviləsi olduğunu qeyd etmişdir. Lakin iddiaçı ilə keçmiş həyat yoldaşı arasında bağlanılmış nikah artıq xx.xx.2013-cü il tarixindən etibarən ləğv edilmiş və həmin tarixdən etibarən onlar ayrılmış və birgə yaşamırlar. Cavabdehin 4 ay ərzində ödəməli olduğu 190 manat pul vəsaitini ümumi olaraq 760 manat olaraq dəyərləndirir. Qanuni və əsaslı olaraq ona ödənilməli olan hər ay üçün 190 (yüz doxsan) manat pul vəsaiti ödəmənin başlandığı tarixdən etibarən hesablanaraq ödənilməlidir. Bakı İnzibati Мəhkəməsinin 2-1(112)-3468/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar ödənilən birdəfəlik ödəmə qismində aprel, may, iyul və avqust ayları üçün hər ay 190 manat olmaqla, cəmi 760 manat məbləğində birdəfəlik ödəmənin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları: Apelyasiya şikayəti onunla əsaslandırmışdır ki, hazırda birdəfəlik ödəmənin verilməsi proqramı başa çatdırılaraq, icrası müddəti bitmiş və bir aydan az müddət ərzində 600 min şəxsə bu ödəmə təyin olunaraq, ödənişlər həyata keçirilmişdir. Göründüyü kimi bu sosial müdafiə tədbirin cəlb etmə müddəti və cəlb olunan şəxslərin sayı üzrə konkret çərçivə müəyyən edilmişdir. Bu məqsədlə birdəfəlik şəkildə dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiasi Nazirliyinə vəsait ayrılmış və həmin dövrdə təyinatı üzrə istifadə olunmuşdur. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətini əsassız hesab edərək, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-nin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İş materiallarında olan: - xx.xx.2013-cü ildə Səbail RPİ tərəfindən verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi surətinə əsasən İddiaçı xx.xx.1974-cü il təvəllüdlü, ailə vəziyyəti subay, ünvan 1 ünvanında qeydiyyatdadır. -Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 161066 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən X6 ilə X3 arasında nikah ləğv edilmişdir, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2013-cü ildə 49 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunanadan sonra kişiyə İsmayılov, qadına Paşayeva soyadı verilmişdir. - X2 xx.xx.2022-ci il tarixli **********7 nömrəli iddiaçıya ünvanlanmış məktubda bildirilmişdir ki, Sizin Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmənin verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra Nazirlik) daxil olmuş müraciətinizə Nazirliyin tabeliyində X2 Bakı Regional Məşğulluq filialında (bundan sonra- Filial) baxılmışdır. Müraciətin araşdırılması məqsədilə Filialın əməkdaşı tərəfindən Sizinlə əlaqə (***-***-**-**) saxlanılmışdır. Əlavə araşdırmalar nəticəsində məlum olmuşdur ki, həyat yoldaşınızın adına əmək müqaviləsi olduğuna görə Sizə 190 manat birdəfəlik ödəmə təyin olunmamışdır. Məlumat üçün bildiririk ki, “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli 127 nömrəli Qərarının 1-ci hissəsinə əsasən Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyata alınmış şəxslərə verilmiş, həmin ödəmə ilə bağlı müraciətlər 27 aprel 2020-ci il tarixdə dayandırılmış və 600 min şəxsə müvafiq ödəmələr həyata keçirilmişdir. İş materiallarında olan məşğulluq alt sistemindən çıxarışlara əsasən: - İddiaçı xx.xx.2020-ci il tarixdən işsiz kimi qeydiyyatdadır. -xx.xx.2020-ci il tarixdə iddiaçının mobil nömrəsinə sistem üzərindən göndərilmiş SMS bildirişə əsasən birdəfəlik müavinətin verilməsindən imtina edilmiş, açıqlaması həyat yoldaşının adına əmək müqaviləsi olduğununa görə, əmək müqaviləsinin nömrəsi 3185ZF0000101. -X10, işəgötürən "xxxx" QSC, əmək müqaviləsi bildirişinin imzalanma tarixi xx.xx.2015-ci il, nömrəsi 3185ZF0000101 qeyd edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır və hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Kollegiya aşağıdakılara əsasən bu nəticəyə gəlir. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Belə ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununu 1.1.6-cı maddəsinə əsasən işsiz şəxs-işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti opqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”: İİ. Məşğulluq və sosial rifaha dəstək sektoru üzrə işçilərin işsizlik riskindən qorunması və sosial müdafiəsi istiqamətində (-). 4. Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi-ƏƏSMN-2020-ci ilin aprel, may ayları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”: 2-1. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallar istisna olmaqla, birdəfəlik ödəmənin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli, 120 nömrəli Qərarının 2020-ci il 25 aprel tarixinə olan redaksiyasının 1-ci hissəsində göstərilən müddətlərə uyğun olaraq, xüsusi karantin rejiminin tətbiq edildiyi dövrü əhatə edir və cari ilin aprel və may ayları üçün ödənilir. AR Nazirlər Kabineti AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi və «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın təsdiq edilməsi barədə 7 aprel 2020-ci il tarixli 127 nömrəli qərar qəbul etmişdir. «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nda nəzərdə tutulmuşdur ki: - (1.1-ci bənd) Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” altsistemində (MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin verilməsi şərtlərini və qaydasını tənzimləyir; - (1.2-ci bənd) Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir; - (1.3-cü bənd) Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir; - (1.4-cü bənd) Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir; - (2.1-ci bənd) Birdəfəlik ödəmə «Məşğulluq haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir; - (2.3-cü bənd) Dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: (2.3.1) ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə, (2.3.2) əmək pensiyaçılarına, (2.3.3) aylıq müavinət alanlara, (2.3.4) aylıq təqaüd alanlara, (2.3.5) özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə, (2.3.6) işsizlikdən sığorta ödənişi alanlara, (2.3.7) peşə hazırlığına görə təqaüd alanlara; (2.3.8) 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə, (2.3.9) əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara, (2.3.10) bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarmbəndlərində göstərilən şəxslərin əri və ya arvadı, (2.3.11) mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara, (2.3.12) mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara, (2.3.13) birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara, (2.3.14) yaşı 18-dən aşağı olanlara, (2.3.15) AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara; - 3-cü bəndinə əsasən şəxs birdəfəlik ödəmənin alınması üçün “e-sosial” portalında “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın müvəqqəti ləğv edilməsi” xidmətindən istifadə edərək müraciət edir. İşsiz statusu olanlara münasibətdə MAS tərəfindən bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır və müvafiq qərar qəbul olunur. İşsiz statusu olmayan şəxs isə bu statusun alınması üçün bu Qaydanın 3.1-ci bəndində göstərilən qaydada müraciət edir. Bu zaman MAS tərəfindən şəxsə münasib işin təklif edilməsi mümkün olmadıqda, dərhal işsiz statusunun verilməsi haqqında qərar qəbul olunur və bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır. MAS tərəfindən işsiz şəxsin bu Qaydanın 2.3-cü bəndində göstərilən şəxslərə aid olması yoxlanılır. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydanın 2.3-ci bəndində göstərilən şəxsə aid olması müəyyən edildikdə, MAS tərəfindən elektron qaydada birdəfəlik ödəmənin verilməsindən imtina olunur, bu barədə işsiz şəxsə imtinanın səbəbi göstərilməklə, mobil telefon vasitəsilə SMS göndərilir və onun elektron kabinetinə əsaslandırılmış bildiriş yerləşdirilir. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydaların 2.3-cü bəndində göstərilən şəxsə aid olmaması müəyyən edildikdə birdəfəlik ödəmənin təyin edilməsi haqqında MAS tərəfindən qərar qəbul olunur. Azərbaycan Respublikası Nazirlər Kabineti 23 iyun 2020-ci il tarixdə 216 nömrəli qərar qəbul etmişdir. Qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin. 23 iyun 2020-ci il tarixli 215 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 iyun 2020-ci il, № 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 805)ilə 2-1-ci hissədə “Birdəfəlik” sözü “Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallar istisna olmaqla, birdəfəlik” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti 7 avqust 2020-ci il tarixdə 283 nömrəli qərar qəbul etmişdir. Qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin. Göründüyü kimi koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi haqqında Nazirlər Kabinetinin 07 aprel 2020-ci il tarixli, 127 nömrəli qərarı ilə aprel, may ayı üzrə, Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli, 216 nömrəli, 07 avqust 2020-ci il tarixli, 283 nömrəli qərarları ilə iyul və avqust ayları üzrə 190 manat məbləğində ödəmənin verilməsi müəyyən edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsindən imtina səbəbi kimi ərinin adına əmək müqaviləsi olduğu bildirilmişdir. Yuxarda qeyd edilən iş materiallarından görünür ki, İddiaçı ilə X6 arasında nikah xx.xx.2013-cü ildə ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında müvafiq qeydlər edilmişdir. Göründüyü kimi, iddiaçı birdəfəlik müavinətin alınması üçün müraciət etdiyi vaxt nikahda olmamışdır. Hazırda qüvvədə olan şəxsiyyət vəsiqəsi məlumatlarından iddiaçının ailə vəziyyəti ilə bağlı statusu “subay” olaraq qeyd edilmişdir Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli, 127 nömrəli Qərarı ilə təsdiq edilmiş və sonradan müəyyən dəyişikliklər edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na görə iddiaçının birdəfəlik yardım almaq hüququ olmuş, iddiaçının birdəfəlik yardım almayan şəxslərin kateqoriyasına aid olmasına dair işdə hər hansı sübut olmamışdır. Cavabdehin apellyasiya şikayətinə gəldikdə isə Kollegiya qeyd edir ki, şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla, mübahisələndirilən qərarın ləğvinə əsas vermir. Şikayətinin dəlilləri birinci instansiya məhkəməsinə təqdim edilən etirazla eynilik təşkil edir və birinci instansiya məhkəməsi tıərəfindən qəbul edilən qərarda həmin dəlillərə əsaslı şəkildə cavab verilmişdir. AR İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olduğundan, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3468/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Кollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Pərviz Hüseynov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar