Məhkəmə qərarları › İş №2-1(103)-2241/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2241/2021

19.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2241/2021 19.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh AR ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) “xüsusi nəqliyyat vasitəsi alması üçün avtomobil növbəsinə götürülməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2-1(112)-4114/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) məhkəmə iclasında yoxlayaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3-cü şəxs qismində göstərilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xüsusi nəqliyyat alması üçün avtomobil növbəsinə götürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2-1(112)-4114/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək, Bakı İnzibati Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2-1(112)-4114/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə tərəfindən iddiaçıya məktub ünvanlanaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı iddiaçı tərəfindən 07.06.2021-ci il tarixdə alınmış, apellyasiya şikayəti isə 18.06.2021-ci il tarixdə rabitə orqanına təqdim olunmuşdur. Bununla əlaqədar olaraq iddiaçıya təklif olunmuşdur ki, apellyasiya şikayətinin qanunla müəyyən olunmuş müddət ərzində təqdim olunmasına dair sübutları və ya buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizəni 19.08.2021-ci il tarixədək Bakı Apellyasiya Məhkəməsinə təqdim etsin. Məhkəmə iclasında iştirak edən iddiaçı bildirmişdir ki, həmin müddətdə xəstə olduğu üçün apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti buraxmışdır. Cavabdehin nümayəndəsi şikayətin mümkün sayılmamasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, şikayəti iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti mümkün hesab edilməməli və apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikası İPM-in 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. İş materiallarına əsasən müəyyən olunur ki, məhkəmə tərəfindən iddiaçıya ünvanlanmış qərardad 07.06.2021-ci il tarixdə onun tərəfindən qəbul edilmişdir. Apellyasiya şikayəti isə 18.06.2021-ci il tarixdə, yəni, məhkəmənin qərardadından apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 10 günlük müddət ötürülməklə rabitə orqanına təqdim olunmuşdur. Bununla əlaqədar olaraq iddiaçıya apellyasiya şikayətinin qanunla müəyyən olunmuş müddət ərzində təqdim olunmasına dair sübutları və ya buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizəni 19.08.2021-ci il tarixədək Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi təklif olunmuşdur. İddiaçı tərəfindən nə qeyd olunan sübutlar, nə də ki, buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizə məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı həmin müddətdə xəstə olduğunu bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, şikayət mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azər Hüseynov Hakimlər Səadət Bəktaşi Vidadi Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar