Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2242/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltan Həmid oğlunun sədrliyi ilə (məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 27.07.2021-ci il tarixli, 2-1(112)-8324/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 27.07.2021-ci il tarixli, 2-1(112)-8324/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” barədə iddia tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək Bakı İnzibati Məhkəməsinin 27.07.2021-ci il tarixli, 2-1(112)-8324/2021 saylı qərardadının ləğv edilməsini və işin baxılması üçün yenidən Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında da iddiaçı tərəfindən təqdim edilmiş AR Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Qaradağ rayon MKİS tərəfindən verilən arayışda da göstərilmişdir ki, iddiaçının müvəqqəti məskunlaşdığı və faktiki yaşadığı yer Qaradağ rayonu, Müşfiqabad qəsəbəsidir. Bu isə Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı və vəkili şikayətə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 27.07.2021-ci il tarixli, 2-1(112)- 8324/2021 saylı qərardadının ləğv edilməsini və işin baxılması üçün yenidən Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, habelə bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası idiaçının və vəkilinin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə İddiaçı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, onun yaşayış yeri üzrə qeydiyyatı Ağdam rayonu, Xaçındərbənd kəndidir. Ona görə də iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.1.3-cü maddəsinə görə inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhəri Qaradağ rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Azərbaycan Respublikası qanununun 3-cü maddəsinə əsasən Qaçqın və ya məcburi köçkün statusu almış şəxsə müəyyən edilmiş qaydada üç ay müddətində müvafiq dövlət orqanları tərəfindən onlara təklif olunmuş (iş yeri nəzərə alınmaqla) daimi yaşayış yeri seçmək təminatı verilir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Qaradağ rayon Mənzil-Kommunal istismar sahəsi tərəfindən 14.07.2021-ci il tarixdə verilmiş 486 nömrəli arayışa əsasən Ağdam rayonundan məcburi köçkün olan İddiaçı, həqiqətən ünvan 1 ünvanında müvəqqəti qeydiyyatdadır. Göründüyü kimi iddiaçı ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdır. Belə olan halda onun yaşayış yeri də həmin ünvan hesab olunur. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş mahiyyəti və ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 27.07.2021-ci il tarixli, 2-1(112)-8324/2021 saylı qərardadı ləğv olunsun. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş mahiyyəti və ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(103)-2242/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2242/2021
20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver