Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2242/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmək pensiyasının bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4826/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “iddiaçıya hərbi qulluqçu kimi əmək pensiyasının verilməsinin bərpa edilməsi və hərbi qulluqçu kimi ödənilməmiş əmək pensiyasının ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı adına verdiyi 9 dekabr 2022-ci il tarixli, **********4 nömrəli arayışında göstərilmişdir ki, ona həqiqətən də Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 12 noyabr 2008-ci il tarixindən “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlilliyə görə ödənilmiş hərbi qulluqçu kimi əmək pensiyası, onun əlilliyinin etibarlılıq müddətinin 23 noyabr 2021-ci tarixindən bitməsi ilə əlaqədar 1 dekabr 2021-ci il tarixindən dayandırılmışdır (sonuncu pensiya ödənişi 528,80 manat). İddiaçıya hərbi qulluqçu kimi əmək pensiyasının verilməsinin bərpa edilməsi üçün xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilmişdir. Ərizə poçt vasitəsilə xx.xx.2023cü il tarixdə rəsmi qaydada cavabdehə təqdim edilsə də, bu günə kimi ərizəyə cavab verilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iddiaçıya hərbi qulluqçu kimi əmək pensiyasının verilməsinin dayandırılması ilə bağlı hərəkətlərini əsassız və qanunsuz hesab edir. Ona görə də onun hərbi qulluqçu kimi əmək pensiyasının bərpa edilməsi və hərbi qulluqçu kimi ödənilməmiş əmək pensiyasının ona ödənilməsi öhdəliyinin məhkəmə qaydasında cavabdehin üzərinə qoyulması məqsədəmüvafiqdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək, göstərmişdir ki, İddiaçı 12 noyabr 2008-ci il tarixindən Mərkəzi Filial tərəfindən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 20.16.2-ci maddəsinə uyğun olaraq, "hərbi xidmət dövrü ilə əlaqədar" İİ dərəcəli əlilliyə görə hərbi qulluqçu kimi əmək pensiyası təyin edilərək ödənilib. Əlilliyinin müddəti 23 noyabr 2021-ci il tarixindən bitməsi ilə əlaqədar ona pensiya ödənişi 1 dekabr 2021-ci il tarixindən dayandırılıb. Eyni zamanda, Qanunun 12.2-ci maddəsinə əsasən hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı 1 noyabr 2023cü il tarixindən “ümumi xəstəlik” səbəbindən orqanizmin funksiyalarının 50 faiz pozulmasına (İİİ dərəcə) görə əlillik təyin edilib. Göründüyü kimi “ümumi xəstəlik” səbəbindən əlilliyin müəyyən edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin səlahiyyətinə aiddir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı ümumi xəstəliklə əlaqədar əlillik təyin olunduğundan ona hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyasının bərpa olunması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Xəstəliyin və ona uyğun olaraq əlillik dərəcəsinin müəyyən edilməsi məsələsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətində olmadığını nəzərə alaraq iddiaçının müvafiq tələbi üzrə cavabdeh qismində Dövlət Sosial Müdafiə Fondu deyil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi çıxış etməli və iddia tələbi sözügedən idarəyə qarşı irəli sürülməlidir. Odur ki, iş üzrə cavabdeh kimi Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçının hüquqlarının pozulmadığını nəzərə alaraq iddia mümkün sayılmamalıdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4826/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qərardadı ilə (hakim L.Musayeva) iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin Bakı İnzibati Məhkəməsinə qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallarına görə, əgər həqiqətən də Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən iddiaçının barəsində “ümumi xəstəlik” səbəbindən orqanizmin funksiyalarının 50 fazi pozulmasına (İİİ dərəcə) görə əlillik təyin edilmişdirsə, yəni bu fakt müvafiq təsdiqedici sənədlərlə sübut edilərdisə, bu zaman iddia dəyişdirilər iddia ərizəsində cavabdeh qismində həmin orqan göstərilə bilərdi. Bununla belə məhkəmə iddiaçıya cavabdeh qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının cəlb edilməsini təklif etmiş, məhz həmin əsassız təklifin iddiaçı tərəfindən qəbul edilməməsinə istinad etməklə nəticəyə gəlmişdir ki, bu nəticə də işin hallarına uyğun gəlməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4826/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qərardadı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “iddianın mümkünlüyü həm də onun lazımi qaydada qaldırılması ilə şərtlənir və hazırkı işdə iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir. Belə ki, iddiaçıya hüquqi maraqlarına uyğun iddia tələbinin dəqiqləşdirilməsi təklif olunaraq buna dair ona təklif məktubu ünvanlansa da, iddia tələbi dəqiqləşdirilməmişdir (dəyişdirilməmişdir). Eyni zamanda, işin hərtərəfli, tam və obyektiv araşdırılması və yol verilən formal xətaların aradan qaldırılması məqsədilə keçirilmiş məhkəmə iclasında (xx.xx.2024-cü il tarixli iclasda) iştirak edən iddiaçının nümayəndəsinə (vəkilinə) mövcud cavabdehə müraciət edilməsinə dair sübutun, qaldırdığı iddiaya cavab verməli olan inzibati orqanın (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının) qeyd edilərək məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etməsi, həmçinin həmin cavabdeh orqana müvafiq tələb ilə mürəciətin və müraciətin çatmasını təsdiq edən sənədin və ya imtina məktubunun məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Buna baxmayaraq, məhkəmənin təklifi nəzərə alınmamış və müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. Hazırkı işin hallarından müəyyən edilir ki, İddiaçı 12 noyabr 2008-ci il tarixindən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 20.16.2-ci maddəsinə uyğun olaraq, "hərbi xidmət dövrü ilə əlaqədar" İİ dərəcəlli əlilliyə görə hərbi qulluqçu kimi əmək pensiyası təyin edilərək ödənilmişdir. Əlilliyinin müddəti 23 noyabr 2021-ci il tarixindən bitməsi ilə əlaqədar iddiaçıya pensiya ödənişi 01 dekabr 2021-ci il tarixindən dayandırılmışdır. Daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı 1 noyabr 2023-cü İİ tarixindən “ümumi xəstəlik” səbəbindən orqanizmin funksiyalarının 50 faiz pozulmasına (İİİ dərəcə) görə əlillik təyin edilmişdir. Göründüyü kimi “ümumi xəstəlik” səbəbindən əlilliyin müəyyən edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin səlahiyyətinə aiddir. Məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya icraatı zamanı iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə hüquqi yardım təklif edilsə də, iddiaçıya ünvanlanmış hüquqi yardım məktubunda cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin deyil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının cəlb edilməsi təklif edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya hüquqi yardım təklif edilərkən yanlışlığa yol vermişdir. Belə ki, xəstəliyin və ona uyğun olaraq əlillik dərəcəsinin müəyyən edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətində olmadığını nəzərə alaraq iddiaçının müvafiq tələbi üzrə cavabdeh qismində Dövlət Sosial Müdafiə Fondu deyil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi çıxış etməli və iddia tələbi sözügedən idarəyə qarşı irəli sürülməlidir. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır... Beləliklə yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün olmayan nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.
Nəticəvi hissə:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4826/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qərardadı ləğv edilsin. İş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev