Məhkəmə qərarları › İş №2-1(103)-2243/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2243/2021

05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2243/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, əlilliyin bərpa edilməsi və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi» barədə iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2-1(112)-1917/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə və prosessual müddətin bərpasına dair ərizəyə Bakı Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Dövlət Sosial Müdafiə Fonduna və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz sayılması, əlilliyin bərpa edilməsi və əlilliyə görə əmək pensiyasının dayandırılmış ödənişinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddianın dəyişdirilməsinə dair ərizə təqdim edərək, iddia tələbinin «Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin əlilliyinin etibarsız sayılması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməklə əlilliyinin bərpa edilməsi öhdəliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə həvalə edilməsi» kimi qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1917/2021saylı 11 fevral 2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2-1(112)-1917/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. (hakim: R.Kərimli) Həmin qərardan cavadeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh eyni zamanda apelyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizə verərək, birinci instansiya məhkəməsinin qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, Agentlik yaxın vaxtda yeni inzibati binaya köçdüyü üçün sənədlərin aidiyyəti üzrə struktur bölmələrə çatdırılmasında texniki problemlərə və sənəd dövriyyəsinin həcminə görə çətinliklər yaşamış, eləcə də büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən qurum olduğu üçün büdcə çatışmamazlığı problemləri ilə qarşılaşmışdır. Bu səbəbdən də sözügedən qərardan apelyasiya şikayəti vermək müddəti üzrlü səbəbdən ötürülmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 ərizəni müdafiə edərək, müddətin bərpa edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq apelyasiya şikayətinin mümkünlüyü məsələsinə iddiaçının iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti mümkün sayılmamalı və apelyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apelyasiya şikayətinin vaxtında verilməsi məsələsi apelyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Həmin Məcəllənin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. İş materiallarından (iş. v. 89) görünür ki, Bakı İnzibati Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2-1(112)-1917/2021 saylı qərarı cavabdeh tərəfindən 14 iyun 2021-ci il tarixdə xəbərnaməyə imza edilməklə alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Belə olan halda cavabdeh 27 may 2021-ci il tarixli məhkəmə qərarından apelyasiya şikayəti verməsi üçün onun məhkəmə qərarını 14 iyun 2021-ci il tarixdə alması nəzərə alınmaqla son müddəti qanunvericiliyin tələbinə görə 14 iyul 2021-ci il tarixi hesab olunur. Buna baxmayaraq iş materiallarından görünür ki, apelyasiya şikayəti Bakı İnzibati Məhkəməsinə 17 iyul 2021-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi apelyasiya şikayəti Bakı İnzibati Məhkəməsinə qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Qanunverici müddət buraxılarkən konkret hansı halların üzrlü olmasını qeyd etməsə də, bu hamıya məlum olan hallarla əlaqədar olur (məsələn, şəxsin xəstəliyi, ailə üzvlərindən hər hansı birinin ölməsi, xidməti ezamiyyətdə olması, təbii fəlakətin baş verməsi və s.) “Üzrlü” sözünün terminoloji təhlilindən görünür ki, həmin söz leksik mənasına görə “səbəbi qəbul oluna bilən” hallarda işlədilir. Hazırki halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı rəsmi qaydada cavabdehə təqdim edildiyindən sonuncu tərəfindən apellyasiya şikayəti verilməsi müddəti üzrsüz səbəbdən buraxılmışdır. Ona görə də, ərizə təmin edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti Azərbaycan Respublikası İnzibati Prosessual Мəcəlləsinin 85.1-ci maddəsində nəzərdə tutulmuş prosessual müddət ötürülməklə verildiyindən apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir, bu səbəbdən həmin şikayət üzrə apellyasiya mümkün sayılmamalı və şikayətin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24, 85, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2-1(112)-1917/2021 saylı qərarından apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş ərizə təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2-1(112)-1917/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar