Məhkəmə qərarları › İş №2-1(103)-2243/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2243/2024

17.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2243/2024 17.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X1 və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1349/2024 saylı, 22 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 2023-cü ilin 1-ci rübü Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulmalar üzrə vahid bəyannamə üzrə 18 may 2023-cü il tarixli **********337300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi 2023-cü ilin 1-ci rübü Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulmalar üzrə vahid bəyannamə üzrə 18 may 2023-cü il tarixli **********337300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərara əsasən kameraİ vergi yoxlaması nəticəsində müəssisəyə 12507.10 manat əlavə vergi məbləğləri hesablanmışdır. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Belə ki, vergi orqanı tərəfindən iddaçıya ünvanlanmış qəbul edilmiş qərarın səbəblər hissəsində qeyd edilmişdir ki, aparılmış araşdırma nəticəsində tərəfinizdən 2023-cü ilin 1-ci rübü yanvar, fevral, mart ayları üzrə təqdim edilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları" bəyannaməsində (hesabatında) işçilərin sayı və əmək haqqı fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş işçi saylarına və əmək haqqı fonduna nisbətən az əks etdirildiyi müəyyən edilmişdir ki, bu hal da kənarlaşmanın yaranmasına səbəb olması qeyd etmişlər. Bu barədə şikayət və məktublar ilə müraciətlər edilmişdir. Lakin bu kimi halları vergi orqanı nəzərə almadan qərar qəbul etmişdir. Tərəfindən bu barədə vergi orqanına açıqlamalar təqdim edilərək qeyd edilmişdir ki, fəaliyyəti Şadliq Evlərinin Xidmətləridir. Bununla əlaqədar olaraq şadlıq sarayında toy olan günlər işə əlavə olaraq ofisiantlar və aşbazlar cəlb edilir və tələb olunan qaydada minimum aylıq əmək haqqı məbləğindən (1 yanvar 2023-ci il tarixdən 345 manat müəyyən edilib) aşağı olmayan əmək haqqı məbləğində işçilər ilə əmək müqaviləsi bağlanır və əmək müqavilələri elektron informasiya sistemində qeydiyyata alınır. Toyların olmadığı günlər isə qarşılıqlı razılaşma əsasında ştatda əlavə işçilərə ehtiyac olmadığından əmək müqavilələrinə xitam verilmişdir. Bu səbəbdən məktubda göstərilən tarixdə işçi sayında azalma olmuşdur. Bu kimi hallara əsasən şadlıq sarayında toyların olmadığı dövr ərzində həmin işçilər də işə gəlməmiş və onların işdə iştirak etməmələrini sübuta yetirəcək tabel cədvəllər də təqdim edilir. Lakin vergi orqanı şikayətlərə məhəl qoymamış, müvafiq araşdırma aparmadan, təqdim edilmiş sənədlərə baxmadan vergi qanunvericiliyinin tələblərinə zidd olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı qəbul etmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, fiziki şəxs İddiaçı (VÖEN: **********) xx.xx.2023-cü il tarixində **********526100 nömrəli işçilərin sayı və əmək haqqı fondunun az əks etdirildiyi barədə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Fiziki şəxs İddiaçı tərəfindən toyların keçirilməsinə dair qəbzlər, işçilər barədə əmrlər, əmək müqavilələri və bank hesablarına aid təsdiqedici sənədlər təqdim edilmədiyindən, mövcud əmək müqavilələrinə əsasən 2023-cü ilin 1-ci rübü üzrə təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinə 12507.10 manat kameral vergi məbləği hesablanaraq xx.xx.2023-cü il **********337300 nömrəli “Vahid 1-ci Rüb 2023 Elektron kameral hesablama barədə Qərar” göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1349/2024 saylı, 22 fevral 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 18 may 2023-cü il tarixli, **********337300 nömrəli qərarı ləğv edilmiş və iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən alınaraq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1349/2024 saylı, 22 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 18 may 2023-cü il tarixli, **********337300 nömrəli qərara əsasən kameral yoxlama nəticəsində 2023-cü ilin 1-ci rübü üçün 12.507,10 manat əlavə vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində 2023-cü ilin 1-ci rübü (yanvar, fevral, mart ayları) üzrə təqdim edilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları" bəyannaməsində (hesabatında) işçilərin sayı və əmək haqqı fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş işçi saylarına və əmək haqqı fonduna nisbətən az əks etdirildiyi müəyyən edilmişdir ki, bu hal da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmə-mühasibatlıq ekpertizası keçirilməsi barədə 08 avqust 2023-cü il tarixli məhkəmə qərardadı əsasında 9/6611 saylı xx.xx.2023-cü l tarixli ekspert rəyində Orxan İsgəndərov nəticəyə gəlmişdir: Tədqiqat zamanı iş materiallarından göründüyü kimi, İddiaçı fəaliyyəti şadlıq evlərinin xidmətlərindən ibarət olmuşdur. Təqdim edilmiş sənədlərə əsasən İddiaçı 2023cü ilin 1-ci rübü (yanvar, fevral,mart ayları) üzrə hesablanmış vergi və ya sığorta haqqı məbləği 5905,55 manat məbləğində müəyyən edilir, o cümlədən: Mart Muzdlu işə dair MDSS.işsizlikdən sığorta,İTS Yanvar Fevral ayı 1 Rüb haqqları üzrə hesablamalar ayı üzrə ayı üzrə l"17rə MDSS Hesablama (cəmi) 1669,15 1121,25 1880,8 4671,17 İŞS Hesablama (cəmi) 66,77 44,85 75,23 186,85 İTS Hesablama (cəmi) 267,06 179,4 300,91 747,38 MDSS Hesablama (cəmi) Fiziki şəxsin özünə görə 86,25 86,25 86,25 258,75 İTS Hesablama (cəmi) Fiziki şəxsin özünə görə 13,8 13,8 13,8 41,4 Cəmi 5905,55 Rəyin tədqiqat hissəsində göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən İddiaçı fəaliyyəti şadlıq evlərinin xidmətlərindən ibarət olmuşdur. Təqdim edilmiş sənədlərə əsasən İddiaçı 2023-cü ilin 1-ci rübü (yanvar, fevral,mart ayları) üzrə hesablanmış vergi və ya sığorta haqqı məbləği 5905,55 manat müəyyən edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. Hazırkı işin hallarından görünür ki, iddiaçının fəaliyyəti şadlıq evlərinin xidmətləridir. İddiaçının təqdim etdiyi sənədlərə əsasən məhkəmə-mühasibatlıq ekspertizası tərəfindən İddiaçı 2023-cü ilin 1-ci rübü (yanvar, fevral, mart ayları) üzrə hesablanmış vergi və ya sığorta haqqı məbləği 5905,55 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. İddiaçı toyların keçirilməsinə dair qəbzlər, işçilər barədə əmrlər, əmək müqavilələri və bank hesablarına aid təsdiqedici sənədlər təqdim etmədiyindən, mövcud əmək müqavilələrinə əsasən 2023- cü ilin 1-ci rübü üzrə təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinə 12507.10 manat kameral vergi məbləği hesablanaraq xx.xx.2023-cü il **********337300 nömrəli “Vahid 1-ci Rüb 2023 Elektron kameral hesablama barədə Qərar” göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində iddiaçı tərəfindən 2023-cü ilin 1-ci rübü yanvar, fevral, mart ayları üzrə təqdim edilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları" bəyannaməsində (hesabatında) işçilərin sayı və əmək haqqı fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş işçi saylarına və əmək haqqı fonduna nisbətən az əks etdirildiyi müəyyən edilmişdir ki, bu hal da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qərarı əsassızdır. Belə ki, cavabdeh kameral vergi yoxlamasının aparılması barədə sübüt təqdim etməmişdir. Yəni iddiaçının Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları" bəyannaməsində nəyi səhv göstərməsi (işçinin sayını və ya əmək haqqı fondunun), fərqin nə qədər olması, hansı işçilərin işləməsi barədə məhkəmə hər hansı sübüt təqdim etməmişdir. Halbuki məhkəmənin 08 avqust 2023-cü il qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərkən hər iki tərəfə sübütların təqdim edilməsi təklif edilmişdir. Həmçinin vergi orqanı tərəfindən həmin dövr ərzində neçə işçinin xidmət göstərməsi nə operativ vergi nəzarəti ilə, nə işçilərin izahatı, nə də ki, müqavilələr ilə təsdiq edilməsi müəyyən edilmir. Azərbaycan Respublikası İPM-nin 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1349/2024 saylı, 22 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1349/2024 saylı, 22 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar