Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2244/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1371/2021 saylı 20 may 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Yevlax rayonunun “Qələbə” kolxozunda işlədiyi 6 aylıq iş stajının onun sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xx.xx.1962-ci ildə anadan olmuşdur. Onun 01.01.2006-cı il tarixə rəsmi əmək kitabçası üzrə iş stajı 24 il 8 ay 13 gün təşkil edir. İddiaçı 1979-1980-ci illərdə 6 ay Yevlax rayonunun Tanrıqulular kəndinin bazasında fəaliyyət göstərən "Qələbə" kolxozunda kolxozçu işləmişdir. Lakin həmin dövrdə işlədiyi iş stajı əmək kitabçasında qeyd edilməmişdir. Bu barədə Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının 22.08.2019-cu il tarixli 288 saylı arayışı var. Beləliklə, 01.01.2006-cı il tarixə iddiaçının cəmi əmək stajı 25 il 2 ay 13 gün təşkil edir. Ona görə də iddiaçı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlarlara Xidmət və Sosial İnnovasiyalar üzrə X1 şəhər "ASAN xidmət" Mərkəzi vasitəsi ilə güzəştli şərtlərlə pensiya təyinatı barədə ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Ərizəsinə bütün prosedur qaydalarına əməl etməklə tələb olunan sənədlərin hamısının əslini əlavə etmişdir. Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 18.02.2020-ci il tarixli, 206306/4473 saylı məktubu ilə iddiaçıya bildirmişdir ki, "Təqdim etdiyimiz sənədlərdən göründüyü kimi sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir". Ona görə də iddiaçı yenidən 19.05.2020-ci il tarixli ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Müraciətinə bütün lazım olan sənədlərin əslini və ya notarial qaydada təsdiq edilmiş surətlərini əlavə etmişdir. Bu ərizə baxılmaq üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-na göndərilmişdir. DSMF-nin 24.06.2020-ci il tarixli, **********9 saylı məktubla iddiaçıya bildirilmişdir ki, "Əmək pensiyası təminatına dair normativ hüquqi aktlara əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir". İddiaçı bu məktubu 06.07.2020-ci ildə poçt vasitəsi ilə rəsmi qaydada almışdır. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşının tamam olduğu 07.11.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1371/2021 saylı 20 may 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: M.Qarayeva) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 06 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdən göründüyü kimi onun 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. Bununla əlaqədar olaraq qeyd edilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, bəzən iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırılmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilər. Bu halda, ilk növbədə həmin müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən olub-olmaması yoxlanılmalıdır. Zərurət yaranarsa, bununla bağlı müvafiq dövlət qurumlarına, məsələn, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Ədliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Arxivinə, habelə digər aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğular verə bilər. Bu növ araşdırma yalnız güzəştli staj barəsində deyil, həmçinin tələb olunduğu halda, ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Bununla bağlı olaraq, həmçinin nəzərə alınmalıdır ki, lazımi məlumatların əldə edilməsini təmin etmək üçün verilən belə sorğular mütləq zəruri fərqləndirici və eyniləşdirici məlumatları aydın və dürüst şəkildə özündə əks etdirməlidir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Nümayəndə apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona 57 yaşının tamam olduğu 07 noyabr 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və cavabdehin mübahisələndirilən məsələ ilə bağlı iddiaçıya ünvanlanmış yazılı cavabını, iddiaya dair yazılı etirazını və şərh edilən qanunvericiliyin güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi üçün əsasları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlmişdir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciəti və təqdim etdiyi sənədlər əsasında ona güzəştli şərtlərlə yaşa görə pensiya təyinatını aparmaması qanunsuz və əsassız olmuşdur. Belə ki, hazırkı işin faktiki hallarından görünür ki, iddiaçı 12 il 6 aydan artıq güzəştli, 25 ildən artıq ümumi iş stajını “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək toplamış, onun 57 yaşı 07.11.2019-cu il tarixdə tamam olmuş, cavabdeh pensiya təyinatı orqanı isə iddiaçının Yevlax rayon Tanrıqulular kənd Qələbə kolxozunda işlədiyi 6 aylıq müddəti nəzərə almadan formal mülahizələrlə iddiaçının haqlı tələbini təmin etməmişdir. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, 12 il 6 aydan artıq güzəştli iş stajının olmasını və 57 yaşının 07.11.2019-cu il tarixdə tamam olmasını nəzərə almamaqla onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair ərizəsini təmin etməməkdə haqlı olmamışdır. Yuxarıda göstərilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığı üçün məhkəmə iddiaçının hazırkı tələbinin əsaslı və qanuni olduğunu hesab etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Mingəçevir Şəhər Şöbəsi tərəfindən verilmiş 388 nömrəli 15.11.2019-cu il tarixli arayışdan görünür ki, 1962-ci il təvəllüdlü İddiaçı həqiqətən 18.11.1980-cı il tarixdən 04.11.1982-ci il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. Əsas hərbi bilet NZ №4396990 İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının 22.08.2019-cu il tarixli 288 saylı arxiv arayışından və Yevlax rayonunun Tanrıqulular kənd “Qələbə” kolxozun “Kolxozçularla hesablaşma kitabı”ndan çıxarışdan görünür ki, İddiaçı Yevlax rayonunun Tanrıqulular kənd “Qələbə” kolxozunda 1979-cu ilin iyul, avqust, sentyabr, oktyabr aylarında, 1980-ci ilin isə iyun və iyul aylarında işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının 27.11.2020-ci il tarixli 252/10 saylı arayışından görünür ki, Yevlax rayon Tanrıqulular kənd Qələbə kolxozunun əmr kitabları X5 təhvil verilmədiyindən iddiaçının həmin kolxozda işə qəbul olunması və işdən çıxması barədə əmrlərini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan iddiaçıya məxsus 12.05.1983-cü ildə doldurulmuş ИТ-İ seriyalı ******* saylı əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilməklə təsdiq edilmiş surətindən müəyyən olunur ki, iddiaçı 18.11.1980-cu il tarixdən 03.11.1982-ci il tarixə qədər Sovet Ordusunda xidmət etmişdir. 01.12.1982-ci il tarixdən “Azərenerijitəmiri” Xüsusiləşdirilmiş təmir müəssisəsinin Mingəçevir təmir sexində 2-ci dərəcəli rəngsaz (Əmr № 94/ok 02.12.1982-ci il), 13.05.1983-cü il tarixdən Azərbaycan SSR Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (Əmr № 37/ok 13.05.1983-cü il). 08.06.1983-cü il tarixdən “Kurqan tikinti” İB-nin 1 saylı TQM-də 3-cü dərəcəli betonçu qismində qəbul edilmişdir (Əmr № 50 07.06.1983-cü il.). 01.09.1983-cü il tarixdən RSFSR Əmək Məcəlləsinin 31-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (Əmr № 72- k 01.09.1983-cü il.) 26.09.1983-cü il tarixdən “Neftqaz” Bakı zavodunda Hazırlıqla rəngsaz vəzifəsinə qəbul edilmişdir (Əmr № 1-129-k 21.09.1983-cü il). 15.03.1984-cü il tarixdən 6 saylı sexə 3-cü dərəcə verilmişdir. (Əmr №1-30 15.03.1984-ci il.) 03.05.1984-cü il tarixdən “Neftqaz” zavodunun A.Q.Qarayev adına zavodla birləşməsi ilə bağlı PVS sexinə 3-cü dərəcəli rəngsaz vəzifəsinə qəbul edilmişdir (Əmr № 34/k 04.05.1984-cü il.) 23.07.1984-cü il tarixdən Azərbaycan SSR Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (Əmr № 70 23.07.1984-ci il). 13.08.1984-cü il tarixdən Azərbaycan SSR, Bakı şəhəri, Dövlət podşipnik zavodunda mexaniki-quraşdırma sahəsinə cilaladıcı fəhlə şagirdi qismində qəbul edilmişdir (Əmr № 158/k 13.08.1984-cü il) 20.09.1984-cü il tarixdən 2-ci dərəcəli cilaladıcı fəhlə dərəcəsi verilib (Əmr № 197/k 04.10.1984-cü il), 02.03.1987-cü il tarixdən 3-cü dərəcəli cilaladıcı fəhlə dərəcəsi verilib (Əmr № 62/k 13.03.1987-ci il), 01.12.1987-ci il tarixdən yeni tarif əmək haqqı şərtlərinin yeridilməsi ilə bağlı (ETKS, buraxılış № 2, 1986-cı buraxılış ili) 2-ci dərəcə verilmişdir (Əmr № 270/k 19.11.1987-ci il), 10.07.1989-cu il tarixdən Azərbaycan SSR Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) Sverdlov vilayətinə təşkil olunmuş qrup tərkibində işə göndərilməsi ilə əlaqədar olaraq işdən azad edilmişdir. (Əmr № 126/k 10.07.1989-cu il), 21.08.1989-cü il tarixdən "xxxx" Xüsusiləşdirilmiş İstehsalat Müəssisəsi Mingəçevir sahəsinə buxar qaz turbin avadanlığının təmiri üzrə 4-cü dərəcəli rəngsaz vəzifəsinə qəbul olunmuşdur (Əmr № 88/ok 31.08.1989-cu il). 26.04.1990-cı il tarixdən Azərbaycan SSR Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən (Azərbaycan QRES köçürülməsi ilə əlaqədar) işdən azad edilmişdir (Əmr № 35/ok 27.04.1990-cı il), 03.05.1990-cı il tarixdən 01.04.1991-ci il tarixədək "xxxx"-nin Mərkəzləşdirilmiş Təmir sexində 4-cü dərəcəli buxarqaz-turbin avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində (Əmr 105,05.05.1990), 01.04.1991-ci il tarixdən 05.01.2009-cu il tarixədək Turbin və Köməkçi Avadanlıqların Təmiri sexində usta İ qrup vəzifəsində işləmişdir (Əmr 41/K,25.04.1991), 05.01.2009-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (Əmr 466/Ş,30.12.2008). İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin 205-68 saylı 19.11.2019-cu il tarixli işin xarakteri haqqında arayışından görünür ki, iddiaçı 03.05.1990-cı il tarixdən 01.04.1991-ci il tarixədək "xxxx"-nın Mərkəzləşdirilmiş Təmir sexində 4-cü dərəcəli buxar - turbin avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində (Əmr№ 105 05.05.1990), 01.04.1991-ci il tarixdən 05.01.2009-cu il tarixədək Turbin və Köməkçi Avadanlıqların Təmiri sexində usta İ qrup vəzifəsində (Əmr №41/K 25.04.1991) işləmişdir. 05.01.2009-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (Əmr№466/Ş 30.12.2008). 01.09.2001-ci il tarixdən struktur dəyişikliyi ilə əlaqədar olaraq Mərkəzləşdirilmiş Təmir sexi-Turbin və Köməkçi Avadanlıqların Təmiri sexi adlandırılmışdır. (Əmr №326/k 03.09.2001). 19.02.2015-ci il tarixdən hal-hazıradək Turbin və Köməkçi Avadanlıqların Təmiri sexinin ”NOM, NOS, NQO və NPE nasosların təmiri briqadasında” usta vəzifəsində (Əmr №39/Ş 18.02.2015) işləyir. İddiaçı zərərli sahədə 8 saatlıq iş günü ərzində zərərli kimyəvi maddələr mq/m3-təhlükəlilik sinfi 3-4, səsküy, titrəmə, toz, nəmlilik, havanın cərəyan surəti, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. Zərərli iş sahəsində işlədiyi üçün İddiaçı 03.05.1990-cı il tarixdən 05.01.2009-cu il tarixədək; 19.02.2015-ci il tarixdən hal-hazıradək aylıq məvacibinin 12 % miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. İddiaçı 03.05.1990-cı il tarixdən 05.01.2009-cu il tarixədək və 19.02.2015ci il tarixdən halhazıradək tutduğu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12№-li qərarının 24-cü bölməsinin “a” və ”b” bəndlərinə uyğundur. "xxxx" ASCnin 25.04.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. "xxxx" ASC-nin 05.01.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin 07-08 saylı 12 fevral 2021-ci il tarixli işin xarakteri haqqında arayışından görünür ki, iddiaçı 03.05.1990-cı il tarixdən 01.04.1991-ci il tarixədək "xxxx"-nin Mərkəzləşdirilmiş Təmir sexində 4-cü dərəcəli buxar-qaz-turbin avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində (Əmr 105, 05.05.1990), 01.04.1991-ci il tarixdən 05.01.2009-cu il tarixədək Turbin və Köməkçi Avadanlıqların Təmiri sexində usta İ qrup vəzifəsində (Əmr 41/K, 25.04.1991) işləmişdir. 05.01.2009-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. (Əmr 466/Ş, 30.12.2008). 01.09.2001-ci il tarixdən struktur dəyişikliyi ilə əlaqədar olaraq Mərkəzləşdirilmiş Təmir sexi - Turbin və Köməkçi Avadanlıqların Təmiri sexi adlandırılmışdır (Əmr 326 /k,03.09.2001). 19.02.2015-ci il tarixdən 01.06.2020-ci il tarixədək Turbin və Köməkçi Avadanlıqların Təmiri sexinin 01.06.2020-ci il tarixdən hal-hazıradək Mərkəzi Təmir sexinin Turbin və Köməkçi Avadanlıqların Təmiri sahəsinə “NOM, NOS, NQO və NPE nasosların təmiri briqadasında” İ qrup usta vəzifəsində (Əmr 39Ş 18.02.2015) işləyir. İddiaçı zərərli sahədə 8 saatlıq iş günü ərzində zərərli kimyəvi maddələr mq/m3-təhlükəlilik sinfi 3-4, səs-küy, titrəmə, toz, nəmlilik, havanın cərəyan surəti, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. Zərərli iş sahəsində işlədiyi üçün İddiaçı 03.05.1990-cı il tarixdən 05.01.2009- cu il tarixədək, 19.02.2015-ci il tarixdən halhazıradək aylıq məvacibinin 12% miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. İddiaçı işlədiyi illər 03.05.1990-cı il tarixdən 05.01.2009-cu il tarixədək və 19.02.2015-ci il tarixdən hal-hazıradək tutduğu vəzifələr buxar-qaz-turbin avadanlıqlarının təmiri üzrə çilingəri və usta vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21,06.1993-cü il tarixli 320 nömrəli qərarının 2 nömrəli siyahısının 13-cü bölməsinin ******* a-18455, 2140000b-23362 vəzifə koduna və 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində 24-cü bölməsinin “a” və “b" bəndlərinə, qazanxana, turbin (buxar-qaz-turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingəri və avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz-turbin) yanacaqötürmə, tozhazırlama) vəzifələrinə uyğundur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 18.02.2020-ci il tarixli **********3 saylı iddiaçıya ünvanlanmış məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi təqdim edilmiş sənədlərdən göründüyü kimi iddiaçının 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az təşkil etməsi səbəbi ilə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmədiyi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 24.06.2020-ci il tarixli **********9 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “əmək pensiyası təminatına dair normativ hüquqi aktlara əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir”. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 12 il 6 aydan, ümumi stajı 25 ildən az olmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının 57 yaşı 07.11.2019-cu il tarixdə tamam olmuşdur və o, 18.11.1980-cı il tarixdən 04.11.1982-ci il tarixə kimi həqiqi Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş (1 il 11 ay 16 gün), əmək kitabçasına əsasən iddiaçı 01.12.1982-ci il tarixdən 13.05.1983-cü il tarixə kimi “Azərenerijitəmiri” Xüsusiləşdirilmiş təmir müəssisəsinin Mingəçevir təmir sexində 2-ci dərəcəli rəngsaz vəzifəsində (5 ay 12 gün), 08.06.1983-cü il tarixdən 01.09.1983-cü il kimi Kurqan tikinti” İBnin 1 saylı TQM-də 3-cü dərəcəli betonçu vəzifəsində (2 ay 23 gün), 26.09.1983-cü il tarixdən 23.07.1984-cü il tarixə kimi “Neftqaz” Bakı zavodunda rəngsaz vəzifəsində (9 ay 27 gün), 13.08.1984-cü il tarixdən 10.07.1989-cu il tarixə kimi Azərbaycan SSR, Bakı şəhəri, Dövlət podşipnik zavodunda mexaniki-quraşdırma sahəsinə cilaladıcı fəhlə vəzifəsində (4 il 10 ay 27 gün), 21.08.1989-cü il tarixdən 26.04.1990-cı il tarixə kimi "xxxx" Xüsusiləşdirilmiş İstehsalat Müəssisəsi Mingəçevir sahəsinə buxar qaz turbin avadanlığının təmiri üzrə 4-cü dərəcəli rəngsaz vəzifəsində (8 ay 5 gün), 03.05.1990-cı il tarixdən 05.01.2009-cu il tarixədək "xxxx"-nin Mərkəzləşdirilmiş Təmir sexində 4-cü dərəcəli buxar-qaz-turbin avadanlıqlarının təmiri üzrə çilingər, usta vəzifəsində (15 il 7 ay 28 gün) işləmişdir. Arxiv arayışına əsasən iddiaçı Yevlax rayonunun Tanrıqulular kənd “Qələbə” kolxozunda 1979-cu ilin iyul, avqust, sentyabr, oktyabr aylarında, 1980-ci ilin isə iyun və iyul aylarında işləmişdir (6 ay). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Bundan başqa, sözügedən Qaydaların 3.2.2-ci bəndində təsbit edilmişdir ki, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında iş stajı müəyyən edilə bilər. Göründüyü kimi iş stajının məhkəmə qaydasında hüquqi fakt kimi müəyyən olunması iki hal olduqda mümkündür – 1) əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və 2) həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda. Eynilə, Mülki Prosessual Məcəllənin 308-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, qeyd edilən müddəaları hazırkı işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, iddiaçının əmək kitabçasında göstərilməsə də, onun kolxozda işlədiyini təsdiq edən sənədləri başqa qaydada, yəni arxivdə saxlanılan sözügedən müəssisələrə məxsus sənədlərə istinadla arxiv arayışı formasında əldə etmək mümkündür. Bu hal, Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının arxiv arayışı ilə də bir daha təsdiqlənmişdir Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərbi xidmət müddəti nəzərə alınmaqla, onun 01.01.2006-cı il tarixədək 25 il 2 ay 18 gün ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin işə götürən tərəfindən verilmiş arayışlara əsasən iddiaçının 03.05.1990-cı il tarixdən 05.01.2009-cu il tarixədək və 19.02.2015-ci il tarixdən hal-hazıradək (01.01.2006-cı il tarixədək 15 il 7 ay 28 gün) "xxxx"-nin Mərkəzləşdirilmiş Təmir sexində tutduğu vəzifələr buxar-qaz-turbin avadanlıqlarının təmiri üzrə çilingəri və usta vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21,06.1993-cü il tarixli 320 nömrəli qərarının 2 nömrəli siyahısının 13-cü bölməsinin ******* a-18455, 2140000b-23362 vəzifə koduna və 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində 24-cü bölməsinin “a” və “b" bəndlərinə, qazanxana, turbin (buxar-qaz-turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingəri və avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz-turbin) yanacaqötürmə, tozhazırlama) vəzifələrinə uyğundur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. İşə götürən tərəfindən verilmiş arayışdan göründüyü kimi iddiaçı 01.01.2006-cı il tarixədək 15 il 7 ay 28 gün güzəştli iş stajına malik olmuşdur. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Göründüyü kimi, yuxarıda qeyd edilən hər iki şərt - ümumi və xüsusi iş stajı iddiaçıya münasibətdə ödənildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni 07.11.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İş materiallarından göründüyü kimi, iddiaçı əmək fəaliyyətinin ilk dövründən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmiş, həmçinin həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunur. “Andreyeva Latviyaya qarşı” məhkəmə işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1371/2021 saylı 20 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2244/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2244/2021
19.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver