Məhkəmə qərarları › İş №2-1(103)-2244/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2244/2024

09.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2244/2024 09.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Eldarzadə Şirazı Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1308/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci ildə Cəbrayıl rayonu Horovlu kəndində anadan olmuşdur. 1976-cı ildə Bakı şəhəri 10 saylı peşə məktəbinə daxil olmuş və 28 iyul 1979-cu ildə həmin məktəbin elektrik qaynaqçısı ixtisasını bitirmişdir. 1979-1981-ci illərdə hərbi xidmətdə olmuşdur. 25 yanvar 1982-ci ildən əmək fəaliyyətinə Cəbrayıl rayon M.F.Axundov adına sovxozda fəhlə kimi başlamışdır. 18 oktyabr 1990-cı ildə ərizəsi əsasında M.F.Axundov adına sovxozdan işdən azad olunmuşdur. 25 oktyabr 1990-cı ildə Cəbrayıl rayonunda yaranmış "xxxx" kiçik müəssisəsinə qaynaqçı təyin olunmuş və 12 avqust 1993-cü ilə kimi həmin müəssisədə işləmişdir. 23 avqust 1993-cü ildə Cəbrayıl rayonun məlum işğalı ilə əlaqədar Bakı şəhərinə köçmüş və xx.xx.1994-cü ildən xx.xx.2008-ci ilə kimi Bakı şəhəri X2 idarəsində elektirik qaz qaynaqçısı işləmişdir. Cavabdehə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün əmək kitabçası və digər sənədlərlə müraciət etmiş və həmin orqandan ona rəsmi cavab verildi ki, 25 oktyabr 1990-cı ildən 12 avqust 1993-cü ilə kimi Cəbrayıl rayonu "xxxx" kiçik müəssisəsinə qaynaqçı işlədiyi dövr üzrə əmək kitabçasında qeyd olunan illər nəzərə alınmır. Belə ki, əmək kitabçasında "xxxx" kiçik müəssisəsindən işdən azad olunma ili 1994-cü il kimi düzəliş olunmaqla qaralanmış və əmək kitabçasında "xxxx" kiçik müəssisəsində işlədiyi dövrdə keçmiş SSRİ-yə aid olan möhürlə təsdiqləndiyi qeyd edilmiş və sığorta stajın qanunvericilikdə 25 il müddət tamamlanmadığına görə yəni ümumi sığorta stajı 24 il 4 ay 2 gün olduğu üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı xx.xx.1994-cü ildə Bakı şəhəri X2 idarəsində elektirik qaz qaynaqçısı kimi işə qəbul olunanda əmək kitabçasını həmin idarənin kadrlar şöbəsinə təqdim etmiş və işdən azad olunanda isə əmək kitabçanı ona vermişlər. Əmək kitabçasında iddiaçının "xxxx" kiçik müəssisəsində işdən çıxmağı xx.xx.1993-cü il olduğu halda 1994-cü il kimi düzəliş olunmasından onun məlumatı olmamış və sənədləri cavabdehə təqdim etdikdən sonra bunu bilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadları ilə iş üzrə əsl olmayan cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı əsl olan cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir, həmçinin iddiaçının nümayəndəsinin “İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əmək kitabçasının 8-ci və 9-cu qeydlərində hərflərin və rəqəmlərin yazılışında sonradan düzəlişlər edildiyi müəyyən edilmişdir. Həmçinin, əmək kitabçasının həmin dövrdə artıq mövcud olmayan, ləğv edilmiş SSRİ-yə aid etibarsız və hüquqi qüvvəsi olmayan möhürlə təsdiqləndiyi müəyyən edilmişdir. Buna görə də xx.xx.1990 - xx.xx.1994cü il tarixləri arasındakı dövrü ümumi iş stajına daxil etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən iddiaçının ümumi iş stajı 25 ildən az (24 il 4 ay 2 gün) təşkil edir. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi 34560.00 manat olduğu halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 23448.82 manat təşkil edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi üçün faktiki əsaslar mövcud olmadığı kimi, hüquqi əsaslar da yoxdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı islərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan islərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalısan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin islərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yasa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Əlavə olaraq qeyd edilmişdir ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yasa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən isdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü isin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apelyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq isə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyqun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) isin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü isin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istigaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1308/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmiş, İddiaçı 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış və qeyd olunmuşdur ki, iddiaçının əmək kitabçasının 8-ci və 9-cu qeydlərində hərflərin və rəqəmlərin yazılışında sonradan düzəlişlər edildiyi müəyyən edilmişdir. Həmçinin, əmək kitabçasının həmin dövrdə artıq mövcud olmayan, ləğv edilmiş SSRİ-yə aid etibarsız və hüquqi qüvvəsi olmayan möhürlə təsdiqləndiyi müəyyən edilmişdir. Buna görə də xx.xx.1990 - xx.xx.1994-cü il tarixləri arasındakı dövrü ümumi iş stajına daxil etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən iddiaçının ümumi iş stajı 25 ildən az (24 il 4 ay 2 gün) az təşkil edir. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi 34560.00 manat olduğu halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 23448.82 manat təşkil edir. Birinci instansiya məhkəməsi öz qərarında bildirmişdir ki, iddiaçının əmək kitabçasında 1995 rəqəmi 1994 olaraq dəyişdirilmişdir. Nəticədə onun iş stajı azaldılmışdır. Ona görə də həmin qaralama şübhə doğurmamalıdır. Bundan başqa, birinci instansiya məhkəməsi öz qərarında bildirmişdir ki, əmək kitabçasının xx.xx.1990-xx.xx.1994-cü illərə aid hissəsinin həmin dövrdə mövcud olmayan SSRİ-yə məxsus möhürlə təsdiqlənməsi iddiaçının təqsiri səbəbindən olmamışdır. Ona görə də əmək kitabçasının həmin hissəsi mötəbər hesab edilməlidir. Həmçinin, birinci instansiya məhkəməsi öz qərarında bildirmişdir ki, iddiaçının əmək kitabçasındaki həmin illər (xx.xx.1990-xx.xx.1994) nəzərə alınmasa belə, onun xx.xx.2006-cı il tarixədək olan əmək stajı 25 il 1 ay 4 gün təşkil edir ki. Bu da lazımi şərti ödəyir. Məhkəmənin birinci arqumenti ilə bağlı bildirilir ki, sözügedən qaralamanın iddiaçının əleyhinə və ya leyhinə olması işin diqqətəlayiq halı deyildir. Hər iki halda əmək kitabçasındakı qaralamanın doğurduğu şübhələr başqa mötəbər dəlillərlə aradan qaldırılmalıdır. Belə ki, işəgötürənlə yanaşı, işçilər də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarının təsir dairəsinə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996- cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının 3.5-ci maddəsinə əsasən işə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. Normanın məzmunundan göründüyü kimi işçinin əmək kitabçasındaki səhv və qeyridəqiq yazılar üzərində düzəlişlər edilməsini işəgötürənin diqqətinə çatdırmaq və tələb etmək hüququ və bu hüquqdan istifadə etmək öhdəliyi vardır. Həmin Qaydaların 3.7-ci maddəsinə əsasən əgər əmək kitabçasında səhvə yol vermiş, yaxud qeyri-dəqiq yazılış aparmış hüquqi şəxs ləğv edilmişdirsə, düzəlişlər hüquqi varis tərəfindən, hüquqi varis olmadığı hallarda isə onun tabe olduğu yuxarı orqan tərəfindən aparılır. Yuxarı orqan olmadıqda və ya düzəliş edilməsindən imtina etdikdə isə ümumi məhkəmələrə müraciət edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə ümumi məhkəmələr tərəfindən baxılır. Beləliklə, iddiaçının əmək kitabçasındaki səhvlər və ya qeyri-dəqiq yazılar işəgötürən və ya ümumi məhkəmələr tərəfindən öz həllini tapdıqdan sonra iddiaçı ona pensiyanın təyin edilməsi üçün müvafiq inzibati orqana müraciət etməli idi. Məhkəmənin ikinci arqumenti ilə bağlı bildirilir ki, hər hansı bir müəssisəyə məxsus möhürün funksiyası həmin müəssisə tərəfindən tərtib edilmiş sənədlərə hüquqi qüvvə verməkdən ibarətdir. İddiaçının əmək kitabçasının mübahisələndirilən hissəsinin həmin dövrdə mövcud olmayan SSRİ-yə məxsus möhürlə təsdiqlənməsi əmək kitabçasının həmin hissəsinin hüquqi qüvvəsinin olmadığına açıq-aydın sübutdur. Çünki həmin möhürün həmin dövrdə hüquqi qüvvəsi olmamışdır. Belə ki, SSRİ 1991-ci ildə ləğv edilmişdir və ona məxsus bütün atributlar, resurslar qüvvədən düşmüşdür. Bundan başqa, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Bu normada qanunverici bütün sənədləri və dəlilləri deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na uyğun formada tərtib edilmiş sənədləri və dəlilləri nəzərdə tutmuşdur. Hazırki iş üzrə iddiaçının əmək kitabçasının sözügedən hissəsi həmin qaydalara mütənasib olmadığından “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin təsir dairəsinə düşmür. Məhkəmənin üçüncü arqumenti ilə bağlı bildirilir ki, iddiaçının ümumi iş stajı 25 ildən az (24 il 4 ay 2 gün) az təşkil edir. Məhkəmə iddiaçının əmək kitabçasındakı həmin illərin (xx.xx.1990-xx.xx.1994) nəzərə alınmayacağı təqdirdə də onun ümumi iş stajının yeteri qədər olduğunu (25 il 1 ay 4 gün) qeyd etsə də, bunu əsaslandıra bilməmişdir. Əlavə olaraq qeyd edirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» əsasnamənin 3-cü maddəsinə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Lakin hazırki iş üzrə iddiaçının əmək kitabçasının sözügedən hissəsinin mötəbərliyini təsdiq edən arayış, əmrdən çıxarış, əmək haqqı verilməsi üçün şəxsi hesab və əmək haqqı cədvəli və digər hər hansı bir sənəd mövcud deyildir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - İddiaçı məxsus AZE seriyalı 0******* nömrəli Vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1961-ci il tarixdə Cəbrayıl rayonu, Horovlu kəndində anadan olmuşdur. - Б 025943 nömrəli Diplomun surətindən görünür ki, İddiaçı 1976-1979-cu illərdə Bakı şəhəri 10 saylı peşə məktəbində təhsil almışdır (3 il). - НЗ ******* nömrəli Hərbi Biletin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur (2 il 1 ay). - ИТ-İ ******* nömrəli Əmək Kitabçasının surətindən görünür ki, İddiaçı: • xx.xx.1982-xx.xx.1982-ci illərdə M.F.Axundov adına sovxozda fəhlə (5 ay 14 gün); • xx.xx.1982-xx.xx.1984-cü illərdə elektrik qaynaqçısı (1 il 4 ay 28 gün); • xx.xx.1984-xx.xx.1990-cı illərdə M.F.Axundov adına sovxozda çoban (6 il 9 ay 4 gün); • xx.xx.1990-xx.xx.1994-cü illərdə "xxxx" Kiçik Müəssisəsində qaynaqçı (3 il 9 ay 18 gün); • xx.xx.1994-xx.xx.2008-ci illərdə Nəsimi Rayon İİİ-də qaynaqçı, elektrik-qaz qaynaqçısı peşəsində işləmişdir (13 il 9 ay 18 gün). - AA 301103 nömrəli Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1993-cü ildə Cəbrayıl rayonundan məcburi köçkün düşərək Bakı şəhəri Nəsimi rayonunda məskunlaşmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 23 sentyabr 2022-ci il tarixində daxil olmuş ərizənizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filial tərəfindən təqdim etdiyiniz 9 iyul 1982-ci il tarixli ИT-l ******* nömrəli əmək kitabçanız araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, əmək kitabçanızın 8-ci və 9-cu qeydlərində müvafiq olaraq hərflərin və rəqəmlərin yazılışında sonradan düzəlişlər edildiyi, eyni zamanda həmin dövrdə etibarsız olan SSRi-yə aid möhürlə təsdiqləndiyi müəyyən edilmişdir. Buna görə də xx.xx.1990-xx.xx.1994-cü il tarixləri arasındakı dövrü ümumi iş stajınıza daxil etmək mümkün olmamışdır. Bu səbəbdən də Sizin ümumi iş stajınız 25 ildən az (24 il 4 ay 2 gün (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1990-cı il, xx.xx.1994-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən bugünədək cəmi 2 il 3 ay)) təşkil edir”. - "xxxx" ASC-nin “Şəxsin güzəştli şərtlə əmək pensiya hüququ verən işdə çalışmasına dair” Arayışının surətindən görünür ki, İddiaçı 1 saylı X3 Sahəsi, servis xidmətində, elektrik qaz qaynaqçısı peşəsində işləmişdir. xx.xx.1994-cü il 19 N-li əmrə əsasən işə qəbul, xx.xx.2008-ci il tarixli 06/337 nömrəli əmrə əsasən işdən azad edilmişdir. İşlədiyi elektrik-qaz qaynaqçısı zərərli sahədən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndində 23200000-11620 vəzifə koduna uyğundur. - Cəbrayıl Rayon İcra Hakimiyyəti Cəbrayıl Rayon Dövlət Arxivinin 79 nömrəli xx.xx.2022-ci il tarixli Arxiv Arayışından görünür ki, M.F.Axundov adına Sovxozun və Cəbrayıl Rayon "xxxx" Kiçik Müəssisəsinin arxiv sənədləri işğal zonasında qalmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyada). Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndinə əsasən nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışın təqdim edilməsi tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının tələbi 57 yaşı tamam olduğu vaxtdan, yəni xx.xx.2018-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır. Cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirmişdir ki, iddiaçının təqdim etdiyi 9 iyul 1982-ci il tarixli ИT-l ******* nömrəli əmək kitabçası araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, əmək kitabçanın 8-ci və 9-cu qeydlərində müvafiq olaraq hərflərin və rəqəmlərin yazılışında sonradan düzəlişlər edildiyi, eyni zamanda həmin dövrdə etibarsız olan SSRİyə aid möhürlə təsdiqləndiyi müəyyən edilmişdir. Buna görə də xx.xx.1990- xx.xx.1994-cü il tarixləri arasındakı dövrü iddiaçının ümumi iş stajına daxil etmək mümkün olmamışdır. Bu səbəbdən də onun ümumi iş stajı 25 ildən az (24 il 4 ay 2 gün (xx.xx.1979-xx.xx.1981ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1990-cı il, xx.xx.1994-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən bugünədək cəmi 2 li 3 ay)) təşkil edir. Eyni zamanda cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi 34560.00 manat olduğu halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 23448.82 manat təşkil edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi üçün faktiki əsaslar mövcud olmadığı kimi, hüquqi əsaslar da yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı;

2. 12 il 6 ay xüsusi (müvafiq arayışla təsdiq edilən) və 25 il ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalı;

3. 57 yaşı tamam olmalıdır. İlk öncə qeyd edilməlidir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ yarandığı dövrdə qüvvədə olan qanunvericilik normasının tələbinə görə, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatının aparılması üçün o, 57 yaşını tamamlayanda azı 25 il ümumi və azı 12 il 6 ay güzəştli iş stajını toplamalı idi. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 12 il 6 aydan çox xüsusi iş stajına malik olması işin mübahisələndirilməyən halıdır və iddiaçının 12 il 6 aydan artıq güzəştli iş stajına malik olması işdə olan sənədlərlə də sübuta yetirilir. İddiaçının güzəştli iş stajına münasibətdə Kollegiya qeyd edir ki, İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququ verən peşələrdə işləməsi ona məxsus əmək kitabçası ilə və "xxxx" ASC tərəfindən verilmiş arayışla təsdiq edilir. Cavabdeh iddiaçının güzəştli iş stajını mübahisələndirməsə də, qeyd edilməlidir ki, işin araşdırılmış hallarına görə, iddiaçı xx.xx.1982-xx.xx.1984-cü illərdə (1 il 4 ay 29 gün), xx.xx.1994-xx.xx.2008-ci illərdə (13 il 9 ay 18 gün) güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələrdə (elektrik qaynaqçısı, qaz qaynaqçısı) işlədiyi müddət əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün tələb olunan 12 il 6 aylıq (xx.xx.2006-cı ilədək 12 il 9 ay 15 gün) müddətdən artıqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “XXXİİİ. Ümumi peşələr” bölməsində “qaz qaynaqçıları” (kod 23200000—11620) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Siyahının (xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş) “35. Ümumi peşələr” bölməsində “qaz qaynaqçıları” nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 57 yaşa çatması mübahisəli deyil. Belə ki, iş materiallarında olan İddiaçı məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən məlum olur ki, iddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. xx.xx.2018-ci il tarixdə iddiaçının 57 yaşı tamam olmuşdur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda mübahisəli hal iddiaçının ümumi iş stajının 25 ildən az (24 il 4 ay 2 gün) olmasıdır. Cavabdeh orqanın imtina dəlili ondan ibarətdir ki, iddiaçının ümumi iş stajı 25 ildən azdır və onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Cavabdehin imtinasında, eyni zamanda apellyasiya şikayətində qeyd edilən “əmək kitabçanın 8-ci və 9-cu qeydlərində müvafiq olaraq hərflərin və rəqəmlərin yazılışında sonradan düzəlişlər edilməsi, eyni zamanda həmin dövrdə etibarsız olan SSRİ-yə aid möhürlə təsdiqlənməsi” dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının xx.xx.1990- xx.xx.1994-cü il tarixləri arasındakı dövrdə Cəbrayıl Rayon "xxxx" Kiçik Müəssisəsində işləməsi ilə bağlı ona məxsus əmək kitabçasında qeyd mövcuddur. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçının həmin müəssisədən işdən azad olunması ilə bağlı xx.xx.1994-cü il tarixinin üzərində qaralama edilərək “1995”ci ili “1994”cü il yazılması ilə bağlı isə qeyd edilməlidir ki, həmin düzəliş nəticəsində iddiaçının iş stajı artmamış əksinə azalmışdır. Həmçinin, “əmək kitabçasının 8-ci və 9-cu qeydlərində müvafiq olaraq hərflərin və rəqəmlərin yazılışında sonradan düzəlişlər edildiyi, eyni zamanda həmin dövrdə etibarsız olan SSRİ-yə aid möhürlə təsdiqlənməsi” iddiaçının məsuliyyət sferasına aid edilə və onun təqsirli davranışının nəticəsi kimi qiymətləndirilə bilməz. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bundan başqa, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya məxsus əmək kitabçasının mötəbər hesab olunmamasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın mübahisələndirdiyi xx.xx.1990- xx.xx.1994-cü il tarixləri arasındakı dövr (3 il 9 ay 18 gün) nəzərə alınmasa belə, iddiaçının əmək kitabçası üzrə işlədiyi və cavabdeh inzibati orqan tərəfindən nəzərə alınan xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1990-cı il, xx.xx.1994-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər (20 il 4 gün), eyni zamanda təhsil aldığı (3 il) və hərbi xidmət (2 il 1 ay) etdiyi dövrlər də daxil olmaqla xx.xx.2006-cı il tarixə 25 ildən artıq (25 il 1 ay 4 gün) ümumi iş stajı mövcuddur. İddiaçının pensiya təyin olunması üçün mübahisələndirilən stajı qazandığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı Qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndi iş stajını sübut edən əsas sənədin əmək kitabçası olduğunu təsbit edirdi. Əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bundan başqa, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: ... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Həmin Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət müddəti də daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “ğ” yarımbəndinə əsasən iş stajına bunlardan başqa ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti də daxil edilir. Beləliklə də, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün zəruri olan şərtlərin (57 yaş, azı 25 il ümumi iş stajı və 12 il 6 ay xüsusi iş stajının tamamlanması) ödənilməsi işin məhkəmə araşdırması ilə sübuta yetirilmişdir. İddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün xx.xx.2006-cı il tarixinədək 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi (güzəştli) stajı tam olaraq tamamlanmışdır. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Cavabdehin apellyasiya şikayətinin dəlili kimi qeyd edilən iddiaçının fərdi hesabının sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olmamasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının pensiya hüququ “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən yaranmışdır ki, bu halda da pensiya kapitalının olması tələb olunmur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənildiyindən, keçmiş dövr üzrə hesablanmış fərq məbləğinin ən çoxu üç il üçün hesablanması nəzərdə tutulduğu göstərilmişdir. Göründüyü kimi sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh inzibati orqan iddiaçıya pensiya təyin edilməsini istisna edən faktiki halların mövcudluğunu sübut edə bilməmişdir. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, xx.xx.2006-cı ilədək iddiaçının 25 il ümumi stajı, 12 il 6 ay güzəştli iş stajı mövcud olduğundan və iddiaçı tələb olunan yaş həddinə çatdığından cavabdehin apellyasiya şikayətinin göstərilən dəlilləri əsassızdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1308/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar