Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2245/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizova və 16-cı Polis bölməsinin sahə müvəkkili Mehman Əhmədova qarşı “yaşayış binasına qanunsuz edilmiş əlavə tikililərin sökülməsi” barədə iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7287/2021 saylı 25 iyun 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizova və 16-cı Polis bölməsinin sahə müvəkkili Mehman Əhmədova qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, fiziki qüsurlu sağlamlıq imkanları məhdud övlada baxan tək ana kimi onun hüquqlarının pozulmasında cavabdehlər barəsində ciddi tədbir görülməsi və həyətində təhlükə yaradan qeyri-qanuni artırılmanın sökülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7287/2021 saylı 25 iyun 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: A.Oruczadə) Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə, işə baxarkən ciddi prosessual pozuntulara yol vermişdir. Belə ki, məhkəmə ona qarşı qərəzli mövqedə olmuş, iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, iddianın predmeti üzrə araşdırma apararaq, iş üzrə ədalətli qərar çıxarmaq əvəzinə tərəfimdən iş materiallarına əlavə edilmiş sübutlara heç bir əhəmiyyət vermədən əsassız qərardad çıxartmışdır. Qərardadda hər iki binanın- Xəlilova Leyla, Hacıyev Hacı, Bağırova Səadət, Osmanov Ramiz, Əhmədova Diana, X5 Adil, Xudaverdiyeva Təranə. X3, X4, Məmmədov Ələkbər əsaslı narazılığı və imzası altında olan şikayətlə bağlı heç bir məlumat qeyd olunmamışdır. Bakı şəhər İcra Hakimiyyəti fevralın 19-u hər iki binanın imzası altında olan müraciət etdikləri ərizəyə əsasən Nərimanov rayon icra hakimiyyətinə heç bir rəsmi göstəriş verməmiş və heç bir nümayəndəsi binaya baxış keçirməmiş, hər iki bina sakinləri dindirilməmiş və ən əsası akt tərtib olunmamışdır. Bina MİKS-in tabeliyindədir. Əlavə olaraq bildirmək istəyir ki, qeydiyyatda olduğu ünvandakı bina sökülüb və 3 illik müqavilənin müddəti bitib, lakin hələdə bina təhvil verilməmişdir. Elektrik xətlərinin üzərinə siqaret atılması ilə bağlı sahə müvəkkili Mehman Əhmədova müraciət etmişdir, bunun qarşılığında onlara gəlmişdir. Sonradan məlum olmuşdur ki, məhz elektrik xətlərinin üzərinə siqaret atdıranda Mehman Əhmədovdur. Mehman Əhmədovun əməlləri cinayət tərkibli əməllərdir. İnsan həyatına qəsdən xələl yetirməkdən çəkinməməkdən (CM 120-ci maddə) Mehman Əhmədov binanın yanmağını istəyir, onu intihar həddinə gətirir, övladının qorxularını artırır və iki bina sakinlərinin həlak olmasını istəyir. Hələ də siqaret atdırmağa davam edir. Ərazinin deputatı Adil Əliyev, Mehman Əhmədovun əməllərini Prokurorluq və Daxili İşlər X1 ört basdır edir. 2020 oktyabrın 8-i Vilayət Eyvazovun adına poçtdan məktub göndərmiş lakin cavab bir neçə dəfə dəyişdirilərək və ümumiyyətlə Mehman Əhmədovun adı çəkilmir, ünvanına göndərilib. Eldar Əzizov və Mehman Əhmədovla bağlı bir çox sübutlar təqdim etmiş və səs yazıları da var. Çox sayda dövlət orqanlarında məmur özbaşınalığı ilə bağlı faktları məhkəməyə təqdim etmişdir. Ölkədə intiharların və yanğınların sayı artır. Sağlamlıq imkanları məhdud övladının qorxuları ilə bağlı binadakı təhlükəli vəziyyətin qalması ucbatında hələ də sağalmır. Köməksiz və tənha anadır. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və 16-cı Polis bölməsinin sahə müvəkkili Mehman Əhmədov məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə qeyd olunan cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə iddiaçının izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı fiziki qüsurlu sağlamlıq imkanları məhdud övlada baxan tək ana kimi onun hüquqlarının pozulmasında cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və 16-cı Polis bölməsinin sahə müvəkkili Mehman Əhmədov barəsində ciddi tədbir görülməsi və həyətində təhlükə yaradan qeyri-qanuni artırılmanın sökülməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və qeyd etmişdir ki, iddia ərizəsində göstərilmiş cavabdehlər inzibati orqan deyildir. “İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və 16-cı Polis bölməsinin sahə müvəkkili Mehman Əhmədov inzibati orqan kimi müəyyən olunmamışdır. Məhkəmə İPM-in 13-cü maddəsinin tələblərini icra edərək iddiaçıya müvafiq “hüquqi yardım” məktubu ünvanlayaraq, həmçinin məhkəmə iclasında hüquqi yardım göstərərək cavabdehin inzibati orqanların təsnifatında olmamasını bildirmiş və tələbi üzrə dəqiqləşdirilmənin həyata keçirilməsini təklif etmiş, lakin iddiaçı müvafiq dəqiqləşdirilmiş ərizəni təqdim etməmiş, hazırki tələb üzrə iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının hazırki məzmunda hazırki cavabdehlərə qarşı tələbi mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafıq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fıziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fıziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Plenum Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.2-ci bəndinə görə işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qərarın 2.3-cü bəndinə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmçinin qeyd olunan normaların tələblərinə və yuxarıda göstərilən müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdehlər inzibati icraat qanunvericiliyinə əsasən inzibati orqan deyildir. Məhkəmə kollegiyası hesab edir ki, bu tələb həmin cavabdehlərin inzibati hüquq sahəsindəki fəaliyyəti inzibati aktı və ya inzibati xarakterli hərəkətləri (və ya hərəkətsizliyi) ilə bağlı deyil və belə olan halda iddia tələbinə inzibati mübahisə kimi inzibati məhkəməsində baxıla bilməz. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya müvafiq “hüquqi yardım” məktubu ünvanlayaraq, eyni zamanda məhkəmə iclasında hüquqi yardım göstərilərək cavabdehin inzibati orqanların təsnifatında olmaması bildirilmiş və tələbi üzrə dəqiqləşdirilmənin həyata keçirilməsi təklif edilsə də, lakin iddiaçı bununla razılaşmadığını bildirərək, hazırki tələb üzrə iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmasını xahiş etmişdir. İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Məhkəmə kollegiyası hesab edir ki, sadalanan işin hallarına və qanunvericiliyin normalarına əsasən hazırki mübahisə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7287/2021 saylı 25 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2245/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2245/2021
19.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver