Məhkəmə qərarları › İş №2-1(103)-2245/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2245/2024

04.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2245/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "qərarın ləğv edilməsi" tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4013/2024 saylı, 29 yanvar 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli **********569200 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əlavə dəyər vergisinin ödəyicisi kimi xx.xx.2015-ci il tarixdə qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almışdır. Fiziki şəxsin Azərbaycan Respublikasının xəzinədarlığında büdcə hesabı var. Fiziki şəxsdə 2015-ci ildən hal-hazırki dövrə qədər bir neçə dəfə vergi yoxlaması aparılmış, müəssisənin sahibkarlıq fəaliyyəti dövründə vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Mühasibatlıq sənədləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından istifadə edilməklə vaxtlı-vaxtında aparılmışdır. Fiziki şəxs eyni analoji iş və xidmətlərin aparılması ilə məşğul olmuş və fəaliyyətində heç bir vergilərin azaldılması faktı aşkarlanmamışdır. İddiaçının şəxsi hesab vərəqəsinə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, **********569200 nömrəli qərarla 2022-cü il üçün 40.480,00 (qırx dörd min dörd yüz səksən) manat gəlir vergisi hesablanaraq işlənmişdir. Fiziki şəxs kimi iddiaçının fəaliyyəti tibb müəssisələrinə tibbi yer örtükləri və kovrolitlərin təqdim edilməsindən ibarət olmuşdur. Fiziki şəxs tərəfindən təqdim edilən malların bir hissəsi rəsmi olaraq digər şirkətlərdən, digər hissəsi isə nağd pulla iri təsərrüfat satış mərkəzlərindən alınaraq verilmişdir. Kameral hesablama barədə xəbərdarlıq məktubu müəssisə tərəfindən alınarkən, vaxtında müvafiq tələb olunan sənədlərin vergi orqanına göndərilməsinə baxmayaraq, hesablamalar qanunsuz olaraq aparılmışdır. Belə ki, fiziki şəxs tərəfindən vergi orqanına müvafiq müraciətlər ünvanlanaraq, sənədlər təqdim edilərək obyektiv araşdırmanın aparılması xahiş edilmişdir. Bunlara baxmayaraq, xx.xx.2023-cü il tarixdə yuxarıda göstərilən kameral məbləğ vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilmişdir. Vergilərin hesablanması əsasında həmin hesablamaların iqtisadi əsaslılığı durur. Təqdim edilmiş malların real bazar qiyməti mövcuddur ki, hardasa ticarət əlavəsi şəklində 10-15% təşkil edir. Nağd əldə edilən mallara münasibətdə rəsmi sənəd mövcud olmadığından fiziki şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarının təsdiq edilməsi barədə” qərarına əsasən bəyan edilmişdir. Vergi orqanı tərəfindən kameral və səyyar vergi yoxlamaları zamanı yuxarıda göstərilən qərara istinad edilməklə hesablama praktikasının olmasına baxmayaraq, qərəzli olaraq fiziki şəxsin öz verdiyi hesabatı qəbul etməmişdir. Əslində isə fiziki şəxs İddiaçı tərəfindən təqdim edilən çeşidlərə uyğun olaraq analoji vergi ödəyicisi tapmaq vergi orqanı tərəfindən heç bir çətinlik təşkil etmədiyi halda ədalətsiz olaraq reallıqdan çox kənar gəlir vergisi hesablamışlar. Vergi Məcəlləsinin 67-ci maddəsinə istinad edilmədən, yəni fiziki şəxsin əlaqəli məlumatlar vasitəsi ilə gəlirinin hesablanması yolu ilə deyil, birbaşa bütün dövriyyənin hamısına xərc hesablanmadan gəlir kimi baxılmışdır. Odur ki, cavabdehin qərarı qanunsuz və əsassız oldugundan mübahisələndirilir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, uçot-baza məlumatlarına əsasən müvafiq dövr ərzində vergi ödəyicisi tərəfindən 319.701,99 manat dəyərində elektron qaimə-faktura təqdim edilmiş, 57.669,38 manat dəyərində elektron qaimə-faktura alınmışdır. Vergi ödəyicisi tərəfindən müvafiq dövr üzrə təqdim edilmiş 2022 GV bəyannaməsinin 1200.1-ci (Malların təqdim edilməsindən gəlir) və 1200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) sətirlərində cəmi 294.886,58 manat gəlir məbləği göstərildiyi müəyyən edilmişdir. Həmçinin, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2022-ci il gəlir vergisi bəyannaməsində malın dəyəri 57.669,38 manat, bilavasitə malların təqdim edilməsi ilə (işlərin görülməsi, xidmətlərin göstərilməsi) bağlı sair xərcləri 174.584,59 manat göstərilmişdir. Vergi ödəyicisi tərəfindən alınmış 57.669,38 manat dəyərində elektron qaimə-fakturanın müqayisəsi nəticəsində 174.584,59 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Qeyd edilən kənarlaşma barədə vergi ödəyicisinə **********273500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Vergi ödəyicisi tərəfindən xəbərdarlıq məktubunda qeyd olunan kənarlaşmalar aradan qaldırılmaqla cari bəyannamə təqdim edilmədiyindən Vergi Məcəlləsinin 67.1.1-ci maddəsinə əsasən əlaqəli məlumatlara əsasən kameral vergi yoxlaması ilə 2022-ci il üçün gəlir bəyannaməsi üzrə əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə **********569200 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4013/2024 saylı, 29 yanvar 2024-cü il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 03 noyabr 2023-cü il tarixli, **********569200 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan iddiaya etirazın məzmunu ilə eyni məzmunda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4013/2024 saylı, 29 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində həmçinin göstərilmişdir ki, cavabdeh mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin, yəni yayındırılmış dövriyyənin mövcudluğunu sübut etmişdir. İşin faktiki hallarına nəzər saldıqda da cavabdehin qənaətinin iddiaçının qanunla qorunan hüquqlarını pozmadığı, eləcə də mütənasiblik prinsipinin tələblərinə əməl olunduğu, şəxsin hüquqlarına müdaxilənin inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olduğu müəyyən olunmuşdur. Göründüyü kimi məhkəmə qərar qəbul edərkən iş materiallarını kifayət qədər araşdırmamış, sübutlar üzrə düzgün qiymətləndirmə aparmamış, qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: - Cavabdehin “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 25 avqust 2023-cü il tarixli, **********273500 nömrəli məktubunda göstərilmişdir ki, 19 avqust 2023 tarixində təqdim olunmuş bəyannamədə, hesabatda aşağıda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. Səbəblər: Gəlir vergisinin bəyannaməsinin “Əmək haqqı və ona bərabər tutulan ödəmələr” sətrində (1226.1-ci) əks etdirilmiş 3300.00 manat məbləğ, “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları” bəyannamələrinin (hesabatları) təqvim ili üzrə (4 rübün cəmi) 902-ci (Gəlirlər, cəmi) sətirlərinin "Rüb üzrə cəmi" sütunlarındakı 300.00 manat məbləğindən böyük olduğuna görə kənarlaşma yaranmışdır. “Gəlir vergisinin bəyannaməsi"nin 1 nömrəli əlavəsi (Vergi uçotunun məqsədləri üçün aktivlər, öhdəliklər və kapitallar barədə məlumat) təqdim edilməmişdir. Hesablama metodu ilə təqdim olunan bəyannamənin “Xammal və materiallar” (1226.3-cü), “Malın dəyəri” 1226.4cü), “Enerji xərcləri” (1226.7-ci), “Qaz xərcləri” (1226.8-ci), “Yanacaq xərcləri” (1226.9-cu), “Su və kanalizasiya xərcləri” (1226.10-cu), “Rabitə xərcləri” (1226.11-ci), “Mühafizə xərcləri” (1226.12-ci), “Reklam xərcləri” (1226.14-cü), “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (1226.15- ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” 1230-cu), “Nəqliyyat xərcləri” (1233-cü), “Digər xərclər” (1236-cı) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (232.253,97 manat), tərəfindən əvvəlki il üzrə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsi”nin ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0.00 manat) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (57.669,38 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış malmaterialların (0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0 manat) cəmi məbləğindən (57.669,38 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0 manat) çıxılması nəticəsində yaranan (57.669,38 manat) məbləğin müqayisəsi nəticəsində 174.584,59 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Uçot-baza məlumatlarına əsasən bəyannamənin aid olduğu ilin müvafiq dövrlərində tərəfindən mallar idxal edilməsinə və e-qaimə əsasında mallar (işlər, xidmətlər) alınmasına baxmayaraq, bəyannamənin “Aktivlər, öhdəliklər və kapitallar barədə” 1 №-li Əlavəsi təqdim edilməmişdir. “Gəlir vergisinin bəyannaməsi”nin Əmək haqqı və ona bərabər tutulan ödəmələr sətrində (1226.1-ci) əks etdirilmiş 3300.00 manat məbləğ, Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinin (hesabatları) təqvim ili üzrə (4 rübün cəmi) 902-ci (Gəlirlər, cəmi) sətirlərinin “Rüb üzrə cəmi” sütunlarındakı 300.00 manat məbləğindən böyük olduğuna görə kənarlaşma yaranmışdır. "Gəlir vergisinin bəyannaməsi"nin 1 nömrəli əlavəsi (Vergi uçotunun məqsədləri üçün aktivlər, öhdəliklər və kapitallar barədə məlumat) təqdim edilməmişdir. Hesablama metodu ilə təqdim etdiyi bəyannamənin “Xammal və materiallar” (1226.3-cü), “Malın dəyəri” (1226.4-cü), “Enerji xərcləri” (1226.7-ci), “Qaz xərcləri” (1226.8-ci), “Yanacaq xərcləri” (1226.9-cu), “Su və kanalizasiya xərcləri” (1226.10-cu), “Rabitə xərcləri” (1226.11-ci), “Mühafizə xərcləri” (1226.12-ci), “Reklam xərcləri” (1226.14-cü), “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (1226.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (1230-cu), “Nəqliyyat xərcləri” (1233-cü), “Digər xərclər” (1236-cı) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (232253.97 manat), tərəfindən əvvəlki il üzrə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0.00 manat) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (57.669,38 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış malmaterialların (0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0 manat) cəmi məbləğindən (57.669,38 manat) bəyannamənin 1 №-li əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0 manat) çıxılması nəticəsində yaranan (57.669,38 manat) məbləğin müqayisəsi nəticəsində 174.584,59 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Uçot-baza məlumatlarına əsasən bəyannamənin aid olduğu ilin müvafiq dövrlərində tərəfindən mallar idxal edilməsinə və e-qaimə əsasında mallar (işlər, xidmətlər) alınmasına baxmayaraq, bəyannamənin “Aktivlər, öhdəliklər və kapitallar barədə” 1 N-li əlavəsi təqdim edilməmişdir. Tərəfindən hesablama metodu ilə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsi”nin 1200.1-ci (Malların təqdim edilməsindən gəlir) və 1200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) sətirlərində göstərilmiş cəmi 294.886,58 manat gəlir məbləği hesabat dövrü ərzində tərəfindən təqdim edilmiş online kassa aparatı ilə müəyyən edilən (0.00 manat), tərəfindən ixrac edilmiş (0.00 manat) və elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) (319.701,99 manat) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 319.701,99 manat məbləğdən 24.815,41 manat az əks etdirilmişdir. Tərəfindən hesablama metodu ilə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsi”nin 1200.1-ci (Malların təqdim edilməsindən gəlir) və 1200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) sətirlərində göstərilmiş cəmi 294.886,58 manat gəlir məbləği hesabat dövrü ərzində tərəfindən təqdim edilmiş online kassa aparatı ilə müəyyən edilən (0.00 manat), tərəfindən ixrac edilmiş (0.00 manat) və elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) (319.701,99 manat) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 319.701,99 manat məbləğdən 24.815,41 manat az əks etdirilmişdir. Bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün həmin dövr üçün dəqiqləşdirilmiş Gəlir vergisi bəyannaməsinin və Gəlir vergisi bəyannaməsinin əlavəsinin təqdim edilməsi tələb olunmuşur. Kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının onun vergi, məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı üzrə öhdəliklərini yenidən hesablamaq hüququ vardır. - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 03 noyabr 2023-cü il tarixli, **********569200 nömrəli qərarına əsasən iddiaçıya 40.480,00 manat əlavə vergi və sığorta haqqı məbləği hesablanmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4 Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. ... 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə 83. Vergi orqanları tərəfindən vergilərin hesablanması Maddə 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. İddiaçının hazırkı tələbi cavabdehin onun barəsində qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 03 noyabr 2023-cü il tarixli, **********569200 nömrəli qərarının ləğvi, yəni mübahisələndirmə haqqında iddiadır. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə düzgün və qanunauyğun qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Odur ki, nə qədər ki, iddianın predmetini inzibati akt təşkil edir və iddia növü mübahisələndirmə haqqında iddialara aiddir, ilk növbədə cavabdeh qəbul etdiyi qərarın qanuniliyini və əsaslılığını sübut etməlidir. Hazırkı iş üzrə mübahisələndirilən qərarın qəbul edilməsinin əsasında duran “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 25 avqust 2023-cü il tarixli, **********273500 nömrəli məktubunda göstərilmişdir ki, dövriyyə baza məlumatlarına əsasən satış üzrə e-QF-dən 24.815,41 manat az əks etdrilmişdir. Həmçinin, 174.584,59 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Gəlir vergisinin bəyannaməsi”nin Əmək haqqı və ona bərabər tutulan ödəmələr sətrində (1226.1-ci) əks etdirilmiş 3300 manat məbləğ, Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinin (hesabatları) təqvim ili üzrə (4 rübün cəmi) 902-ci (Gəlirlər, cəmi) sətirlərinin "Rüb üzrə cəmi" sütunlarındakı 300 manat məbləğindən böyük olduğuna görə kənarlaşma yaranmışdır. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 03 noyabr 2023-cü il tarixli, **********569200 nömrəli qərarından görünür ki, təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və sığorta haqqı 11.457,12 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 51.937,12 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 40.480 manat təşkil etmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının dövriyyəsi üzrə gəlirləri təsdiq edən sənədlərin olmaması səbəbindən Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması tətbiq edilməklə mənfəət müəyyənləşdirilərkən, cavabdeh vergi orqanı Vergi Məcəlləsinin 67-ci maddəsinin ona verdiyi bütün imkanlardan istifadə etməsinə dair hər hansı sübut təqdim etməmiş, əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair hər hansı əsaslandırma aparmamışdır. Bundan başqa, cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa həmin Məcəllənin 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 67-ci maddəsi vergilərin hesablanması zamanı əlaqəli məlumatın təqdim edilməsinin başqa imkanlarını da təsbit etmişdir ki, hazırkı halda həmin imkanların tükənildiyi və 67.14-cü maddəyə əsasən şərti rentabellik normasının tətbiqinin zəruriliyi əsaslandırılmamışdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən VM-nin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır. Məhz, Vergi Məcəlləsinə 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş 67.17-ci maddə də bu halı təsdiq edir (bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir). Başqa sözlə, sözügedən dəyişikliyə qədər 67-ci maddədə sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən müddəaların ardıcıllıq gözlənilmədən tətbiqinə əsas verən norma mövcud deyildi. Odur ki, hazırkı halda, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl edilməmiş, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmamışdır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin 03 noyabr 2023-cü il tarixli, **********569200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4013/2024 saylı, 29 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar