Məhkəmə qərarları › İş №2-1(103)-2245/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2245/2025

06.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2245/2025 06.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-620/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlillik dərəcəsi təyin edilməməsi barədə hərəkətlərinin qanunsuz hesab edilməsi və əlillik dərəcəsinin bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1993-cü ildən 2006-cı ilin dekabr ayınadək DİN-nin BMİ-də polis nəfəri vəzifəsində xidmət etmiş, 1993-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və müharibə veteranıdır. 2006-cı ilin dekabr ayında xəstəliyi ilə əlaqədar təqaüdə çıxmış və 2- ci qrup əlillik statusu almıdır. Belə ki, X3 hərbi xidmət dövrü ilə əlaqədar olaraq “Revmatizm qeyri aktiv faza, Mitral qapaq çatışmazlığı, NSD hipertonik tip, 12 barmaq bağırsağın xora xəstəliyi, Asteno nevrotik sindrom” diaqnozu ilə 2-ci qrup əlillik status verilmişdir. Azərbaycan Respublikasının Baş Mühafizə İdarəsinin 24 noyabr 2006-cı il tarixli 1195ş/h nömrəli əmrinə əsasən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə müvafiq olaraq səhhətinə görə xidmətdən xaric edilmişdir. AR ƏƏSMN yanında DTSERX 8 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli müayinəsindən sonra “revmatizm qeyri aktiv faza, Mitral qapaq çatışmazlığı, NSD hipertonik tip, 12 barmaq bağırsağın xora xəstəliyi, Asteno nevrotik sindrom” diaqnozu ilə xx.xx.2021-ci il tarixədək 2-ci dərəcə əlillik almış, 2021-ci ildə yenidən müayinəyə getdikdə ona şifahi olaraq bildirilmişdir ki, TSEK tərəfindən dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulduğu əsası ilə imtina edilmişdir. Dövlət səhiyyə müəssisəsi olaraq göndərişin tam və düzgün doldurulması səlahiyyətinin cavabdehə məxsus olduğundan həmin göndərişin tam və dolğun doldurulması barədə dəfələrlə müraciətinə isə heç bir müsbət cavab əldə edə bilməmişdir. Dövlət səhiyyə müəssisəsi olaraq göndərişin tam və düzgün doldurulması səlahiyyəti ona məxsus olmadığından həmin göndərişin təkrar doldurulduğuna belə cavabdeh tərəfindən imtina verildiyindən yenidən əlillik təyin edilməsi barədə müraciət etsə də heç bir nəticə əldə edə bilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-620/2025 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti işin faktiki halları baxımından iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının sonuncu dəfə əlilliyi barədə Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin A.Heydərov adma Respublika Hospitalının xx.xx.2022- ci il tarixli göndərişi daxil olmuş və göndəriş natamam doldurulması əsası ilə Mərkəzə geri qaytarılması barədə xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçının əlilliyinin ləğv edilməsi halı mövcud olmamış, cavabdeh tərəfindən əlilliyin müddəti bitdikdən sonra, növbəti müddət üçün təyin edilməsindən imtina edilmişdir. Belə olan halda iddiaçı tərəfindən “əlilliyin bərpası barədə” tələbi düzgün ifadə edilmiş iddia tələbi kimi qəbul edilmədiyindən, iddia tələbinin dəyişdirilməsi zərurəti olduğu müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək, habelə hüquqi mübahisənin həllində yardım etmək məqsədi ilə keçirilmiş 16 may 2024-cü il tarixli məhkəmə iclası zamanı iddiaçının vəkili ilə yaranmış mübahisənin mümkün həlli vasitələri və qaydası, yaranmış mübahisə üzrə dəqiqləşmə aparmağının zəruriliyi və digər məsələlər müzakirə edilmişdir Bundan sonra məhkəmə tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə hüquqi yardım barədə məktub ünvanlanaraq- qərardan narazı olduğu halda onun ləğvi barədə dəqiqləşdirilmə ərizəsi ilə müraciət etməli olduğu bildirilərək, “əlillik təyin edilməsi barədə” iddia tələbi. dəqiqləşdirilmədiyi halda məhkəmə iclasında iddianın mümkünlük məsələsinə baxılcağı bildirilmişdir. Qeyd edilməlidir ki. məhkəmə tərəfindən işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək, habelə hüquqi mübahisənin həllində yardım etmək məqsədi ilə 27 mart 2024-cü il tarixə, 09 sentyabr 2024-cü il tarixə və 17 yanvar 2025-ci il tarixə məhkəmə iclasları təyin edilsə də, iddiaçı özünün və ya nümayəndəsinin (vəkilin) iştirakını təmin etməmiş, məhkəmə tərəfindən “hüquqi yardım haqqında” məktubunda göstərilmiş şərtlər icra edilməmiş, hərəkətsizlik göstərilmişdir. Bununla da iddiaçı məhkəmə prosesindən yayınmışdır. Lakin məhkəmə qərardadda qeyd edilənin əksinə iddiaçının və nümayəndəsinin məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməməsi və gecikmə barədə verdiyi məlumatı nəzərə almamış tələsik qərardad qəbul etmişdir. Nümayəndə rəsmi qaydada ərizə ilə müraciət edib məhkəməyə gecikəcəyi barədə məlumat versə də iclas təxirə salınmamış, illərlə heç bir əsaslı araşdrıma aparmayan, cavabdehdən imtinanın təqdim edildiyi tarixə dair sübutlar tələb etdiyinə baxmayaraq cavabdehin təqdim etməməsinə baxmayaraq dəqiqləşmə veməyimə şərait yaratmadan qərardadla iddiamı mümkün saymamışdır. Halbuki əvvəlki iclasda iştirak edən nümayəndəmə də cavabdehin imtinanı təqdim etdiyinə dair sübutu məhkəməyə təqdim edəcəyi bildirilmiş, təqdim etdikdən sonra iddianın dəqiqləşdiriləcəyi bildirilmişdir. Lakin ondan sonra heç bir sübut kabinetə əlavə edilməmiş, məlumat verilməmişdir. Onu da qeyd edir ki, iddiaçı xəstəliklə əlaqədar olaraq vəkilinin etibarnaməsinin müddətini artıra bilmədiyimdən vəkilim dəqiqləşmə verə bilməmişdir. Belə ki. ona verdiyi etibarnamənin müddəti xx.xx.2024-cü ildə bitmişdir ki, məhkəmə buna da diqqət etməmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı, yaxud onun vəkili (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və tərəfləri dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi iddiaçının hazırkı tələbi- əlilliyin təyin edilməməsi kimi hərəkətlərinin qanunsuz hesab edilməsi, əlillik dərəcəsinin bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsindən ibarətdir. İş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçıya ilkin olaraq xx.xx.2006-cı ildə 1 il müddətinə, xx.xx.2014-cü ildə 1 il müddətinə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci ilədək 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixli həkim məsləhət komissiyasının göndərişinin natamam doldurulması səbəbi ilə əlilliyin növbəti müddətə təyin edilməsindən imtina edilmişdir. İddiaçının sonuncu dəfə əlilliyi barədə Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalının xx.xx.2022-ci il tarixli göndərişi daxil olmuş və göndəriş natamam doldurulması əsası ilə Mərkəzə geri qaytarılması barədə xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 2.1-ci bəndinə görə, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının əlilliyinin ləğv edilməsi halı mövcud olmamış, cavabdeh tərəfindən əlilliyin müddəti bitdikdən sonra, növbəti müddət üçün təyin edilməsindən imtina edilmişdir. Belə olan halda iddiaçı tərəfindən “əlilliyin bərpası barədə” tələbi düzgün ifadə edilmiş iddia tələbi kimi qəbul edilmədiyindən, iddia tələbinin dəyişdirilməsi zərurəti olduğu müəyyən edilmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, şikayətdə bildirilir ki, məhkəmə qərardadda qeyd edilənin əksinə iddiaçının və nümayəndəsinin məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməməsi və gecikmə barədə verdiyi məlumatı nəzərə almamış tələsik qərardad qəbul etmişdir. Nümayəndə rəsmi qaydada ərizə ilə müraciət edib məhkəməyə gecikəcəyi barədə məlumat versə də iclas təxirə salınmamış, illərlə heç bir əsaslı araşdrıma aparmayan, cavabdehdən imtinanın təqdim edildiyi tarixə dair sübutlar tələb etdiyinə baxmayaraq cavabdehin təqdim etməməsinə baxmayaraq dəqiqləşmə veməyimə şərait yaratmadan qərardadla iddiamı mümkün saymamışdır. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyasının mövqeyi belədir ki, işin hallarından göründüyü kimi, hazırkı iş üzrə iddia xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinin icraatına daxil olmuş, lazımı prosessual hərəkətlər olunaraq məhkəmə tərəfindən işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək, habelə hüquqi mübahisənin həllində yardım etmək məqsədi ilə keçirilmiş 16 may 2024-cü il tarixli məhkəmə iclası zamanı iddiaçının vəkili ilə yaranmış mübahisənin mümkün həlli vasitələri və qaydası, yaranmış mübahisə üzrə dəqiqləşmə aparmağının zəruriliyi və digər məsələlər müzakirə edilmişdir. Bundan sonra məhkəmə tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə hüquqi yardım barədə məktub ünvanlanaraq-qərardan narazı olduğu halda onun ləğvi barədə dəqiqləşdirilmə ərizəsi ilə müraciət etməli olduğu bildirilərək, “əlillik təyin edilməsi barədə” iddia tələbi dəqiqləşdirilmədiyi halda məhkəmə iclasında iddianın mümkünlük məsələsinə baxılcağı bildirilmişdir. Qeyd edilməlidir ki, məhkəmə tərəfindən işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək, habelə hüquqi mübahisənin həllində yardım etmək məqsədi ilə 27 mart 2024-cü il tarixə, 09 sentyabr 2024-cü il tarixə və 17 yanvar 2025-ci il tarixə məhkəmə iclasları təyin edilsə də, iddiaçı özünün və ya nümayəndəsinin (vəkilin) iştirakını təmin etməmiş, məhkəmə tərəfindən “hüquqi yardım haqqında” məktubunda göstərilmiş şərtlər icra edilməmiş, hərəkətsizlik göstərilmişdir. Bununla da iddiaçı məhkəmə prosesindən yayınmışdır. Daha sonra apellyasiya şikayətində göstərilir ki, iddiaçının və nümayəndəsinin məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməməsi və gecikmə barədə verdiyi məlumatı nəzərə almamış, məhkəmə tələsik qərardad qəbul etmişdir. Şikayətin göstərilən dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, əvvəla göründüyü kimi, hazırkı iş üzrə iddia xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinin icraatına daxil olmuş, məhkəmə tərəfindən yuxarıda qeyd olunan hüquqi yardım lazımı qaydada göstərilmiş, bu səbəbdən işin icraatı 17 yanvar 2025-ci il tarixə kimi davam etmiş, yəni, kifayət qədər uzun müddət ərzində məhkəmənin “hüquqi yardım haqqında” məktubunda göstərilmiş şərtlər iddiaçı, onun vəkili (nümayəndəsi) tərəfindən icra edilməmiş, hərəkətsizlik göstərilmişdir. Apellyasiya şikayətinin iddiaçının və nümayəndəsinin məhkəmə iclasına gecikmə barədə verdiyi məlumatın nəzərə alınmaması dəlilinə münasibətdə isə məhkəmə Kollegiyası qeyd edir ki, yuxarıda bildirildiyi kimi, kifayət qədər uzun müddət keçməsinə baxmayaraq iddiaçının vəkili (nümayəndəsi) 17 yanvar 2025-ci il tarixdə də iddia tələbinin dəqiqləşdirilməsi ərizəsini elektron kabinetlə təqdim etməmiş, məhkəmə iclasına 30-40 dəqiqə gecikmə ərizəsini təqdim etmişdir. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, məhkəmə iclasına 30-40 dəqiqə gecikmə ərizəsi xx.xx.2025-ci il tarixdə saat 15:53-də elektron kabinetə yüklənib, məhkəmə iclası isə xx.xx.2025-ci il tarixdə saat 15:45-də başlamışdır. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı deyildir. İnzibati Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, cavabdehin razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Lakin iddiaçı və ya onun nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəyişdirilməsi barədə ərizə və ya müvafiq vəsatət məhkəməyə təqdim edilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 5.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır, 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır, 6.2-ci bəndinə əsasən, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun, 9-cu bəndinə əsasən, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı 2022-ci il tarixdə barəsində qəbul edilmiş inzibati aktın mübahisələndirilmə hüququnu, qanunvericilik ilə müəyyən olunmuş müddət ötürdüyünə görə, itirmişdir. Belə ki, iddiaçı cavabdehin qərarından narazı qaldığı halda, məhkəməyə 11 dekabr 2023-cü ildə, yəni bir ildən çox bir müddət keçdikdən sonra müraciət etmişdir. Beləliklə, məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlillik dərəcəsi təyin edilməməsi barədə hərəkətlərinin qanunsuz hesab edilməsi və əlillik dərəcəsinin bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddiası mümkünlük şərtlərinə cavab vermir. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81,87,90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-620/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar