Məhkəmə qərarları › İş №2-1(103)-2246/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2246/2021

30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2246/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, üçüncü şəxs X2 vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X4 və X3) “qeydiyyatın ləğv edilməsi” tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4060/2021 saylı 20 may 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X4 və X3) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 123, 11 saylı mənzilin 02.04.2005-ci il tarixli X2 adına ilkin qeydiyyatının - özəlləşdirilməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16.02.1995-ci il tarixli qətnaməsi, Bakı Apelyasiya Məhkəməsinin 14.02.2019-cu il tarixli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəmənin 18.06.2019-cu il tarixli, 2(102)- 4473/2019 saylı qərarı ilə hazırkı iddianın verilməsi üçün subyektiv hüququ yaranmışdır. ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi Bakı Hərbi Qarnizonu tərəfindən 10.06.1993cü il tarixli order əsasında həmin dövrdə hərbçi olan İddiaçı verilmiş, lakin qeyd edilən mənzil Laçın rayonundan məcburi köçkün X4 tərəfindən zəbt edildiyindən iddiaçı mənzildən istifadə edə bilməmişdir. İddiaçı verilən mənzilin balans saxlayıcısı Bakı Hərbi Qarnizonu olduğundan, mənzil isə özəlləşməyən mənzil olduğundan, lakin məhz həmin dövrdə hərbçi olan İddiaçı verildiyindən Bakı Hərbi Qarnizonu iddia ilə məhkəməyə müraciət etmiş və X2 və ailə üzvlərinin mübahisəli mənzildən çıxarılması barədə qətnamə qəbul edilmişdir. Həmin vaxt cavabdeh X4 məhkəmədə iştirak edib izahat versə də, 27 il sonra bunu danaraq həmin qətnamədən şikayət vermiş, lakin Bakı Apelyasiya Məhkəməsinin 14.02.2019-cu il tarixli qətnaməsi ilə Suraxanı Rayon Məhkəməsinin 16.02.1995-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, X2 apelyasiya şikayəti təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin qeyd edilən qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəmənin 18.06.2019-cu il tarixli, 2(102)-4473/2019 saylı Qərarı ilə dəyişdirilmədən saxlanılmşdır. Mənzildə yaşadığı müddətdə Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 123, 11 saylı mənzil 02.04.2005-ci il tarixdə Yasamal Rayon İcra Hakimiyyətinin 10.10.1997ci il tarixli, 1648 saylı sərəncamına əsasən verilmiş 14.11.2001-ci il tarixli, 030458 saylı Orderə əsasən X2 adına ilkin qeydiyyatdan keçmişdir. Tərəflər arasında olan inzibati mübahisənin araşdırılması zamanı arxivdən alınan arayışa əsasən müəyyən edilmişdir ki, Yasamal Rayon İcra Hakimiyyətinin 10.10.1997-ci il tarixli, 1648 saylı sərəncamında və sərəncama əlavə edilmiş adlı siyahıda X2 adı yoxdur, lakin buna baxmayaraq, sərəncamda adı olmayan şəxsin adına özəlləşmə proseduru başa çatmışdır. Qeyd edilən sənədlər əsasında mənzilin özəlləşdirilməsi, ilkin qeydiyyatın aparılması qanunsuz və əsassızdır. Bununla əlaqədar inzibati orqana müraciət edilsə də, 26.10.2020-ci il tarixli cavab məktubu ilə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4060/2021 saylı 20 may 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: P.Hüseynov) Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin yeni baxışa göndərilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə tərəfindən qərardad qəbul edilərkən məhkəmənin qanuni qüvvəsini almış qətnamələri ilə müəyyən edilən hallara hüquqi qiymət verilmədən qanunsuz qərardad qəbul edilmişdir. Məhkəmə nəzərə almamışdır ki, orderin hal-hazırda mövcud olmaması qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin mövcud olmaması deyil. Həmin məhkəmə qətnaməsidir ki, həmin prosesdə Famil Yusifovun şəxsən iştirakı da qeyd edilmişdir. Həmin məhkəmə qətnaməsidir ki, 1995ci il tarixli qətnamə qəbul edilərkən Famil Yusifov məhkəmədə iştirak etdiyi halda həmin qətnamədən şikayət verməmiş, həmin vaxtdan 23 il sonra şikayət vermiş, hətta həmin şikayət baxılması üçün apelyasiya instansiyasına göndərilmiş, yenidən baxılaraq 1995-ci il tarixli qətnamə qüvvəsində qalmışdır. Bakı Apelyasiya Məhkəməsi 14.02.2019-cu il tarixli, 2(103)-449/2019 saylı qətnaməsi ilə bir daha hesab etmişdir ki, 1995-ci il tarixdə işə baxılarkən mənzilə görə gizir İddiaçı adına order olmuş, cavabdeh köçkün olmaqla həmin mənzildə məskunlaşmışdır. 1995-ci il tarixdən sonra cavabdehin mənzillə bağlı sənəd əldə etməsi düzgün olan 16.02.1995-ci il tarixli qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Cavabdeh X4 birinci instansiya məhkəməsində iştirak edərək izahat vermişdir. Apelyasiya məhkəməsinin qeyd edilən qətnaməsi Ali Məhkəmənin 18.06.2019-cu il tarixli, 2(102)- 4473/2019 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmşdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.01.2019-cu il tarixli, 2-1(81)-398/2019 saylı qərardadla iddia qeyri mümkün hesab edilmişdir. Bakı Apelyasiya məhkəməsinin 2-1(103)-875/2019 saylı, 19.03.2019 tarixli qərardadı ilə iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11.12.2019-cu il tarixli, 2-1(81)- 398/2019 saylı qərardadla iddia təkrar olaraq qeyri mümkün hesab edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)934/2020 saylı, 10.06.2020 tarixli qərardadı ilə apelyasiya şikayəti təmin edilməmiş, Ali Məhkəmənin 14.10.2020-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qərardadların məzmunundan da müəyyən olunur ki, iddiaçı 10.10.1997-ci il tarixli, 1648 saylı Sərəncama münasibətdə subyektiv hüququnun olmaması müəyyən olunaraq qərardad qəbul edilmişdir. Hazırkı halda isə 16.02.1995-ci il tarixli qətnaməyə əsasən artıq iddiaçının mübahisəli mənzilə köçürülməsi ilə həmin mənzilin statusu ilə əlaqədar baş verə biləcək bütün hüquqi dəyişiklər subyektiv hüquqa toxunmuş olur. Qətnamə dövlət adından qəbul edilməklə məcburiliyi mübahisəsizdir. Lakin təəssüf olsun ki, məhkəmə yalnız sərəncama münasibətdə iddiaya hüquqi qiymət vermiş, lakin qanuni qüvvəsini almış məhkəmə qətnaməsini nəzərə almamışdır. Onda sual olunur 16.02.1995-ci il tarixli qətnamənin hüquqi əhəmiyyəti nədir. Cavabdeh təşkilat isə yalınız 10.10.1997-ci il tarixli, 1648 saylı Sərəncamın mövcudluğuna istinad etməklə adı siyahıda olmayan, ümumiyyətlə belə bir sərəncamın olmadığını bilə-bilə qanunsuz sərəncam əsasında özəlləşmə icraatının aparıldığı sənədlərlə sübut olunduğu halda buna münasibət bildirmək əvəzinə Sərəncamın qüvvədə olduğuna əsaslanması başa düşülən deyildir. Qeyd edilənlərlə sübut olunur ki, qərardad iddiaçıya münasibətdə qərəzli olaraq qəbul edilmiş, Qanuni qüvvədə olan qətnamə olduğu halda, mənzilə münasibətdə subyektiv hüququn yarandığı müəyyən edildiyi halda, qətnamə 22 ildən sonra mübahisə edilsə də ləğv edilmədiyi halda məhkəmə işin bu hüquqi hallarına qiymət vermədən qərardad qəbul etmişdir. Apelyasiya baxışı zamanı üçüncü şəxs X2 vəkili Nümayəndə apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və üçüncü şəxs X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə qeyd olunan tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə üçüncü şəxs X2 vəkilini dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 123, 11 saylı mənzilin 02.04.2005-ci il tarixli X2 adına ilkin qeydiyyatının özəlləşdirilməsinin ləğv edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və qeyd etmişdir ki, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısının 10.10.1997-ci il tarixli 1648 saylı sərəncamına əsasən verilmiş 14 noyabr 2001-ci il tarixli 030458 nömrəli order əsasında Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 123 saylı evin 11 saylı mənzilinə dair mülkiyyət hüququ ilkin olaraq X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-398/2019 saylı, 11 dekabr 2019-cu il tarixli qərardadı ilə İddiaçı Yasamal rayon İcra Hakimiyyətinin 10.10.1997-ci il tarixli 1648 saylı sərəncamının ləğv edilməsinə dair iddiası, onun həmin sərəncamı mübahisələndirməyə subyektiv hüququ olmadığından mümkün sayılmamışdır. Hazırda iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 123 saylı evin 11 saylı mənzilin X2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ilkin qeydiyyatın ləğv edilməsini tələb edir. Məhkəmə hesab etmişdir ki, iddiaçının ilkin qeydiyyatın əsasını təşkil edən Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısının 10.10.1997-ci il tarixli 1648 saylı sərəncamını mübahisələndirməyə subyektiv hüququ olmadığından iddiaçı onun əsasında aparılmış qeydiyyatı mübahisələndirmək üçün də subyektiv hüquqa malik deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növləri təsbit edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu maddə ilə inzibati aktın aşağıdakı əlamətləri müəyyən edilmişdir: inzibati akt inzibati orqan tərəfındən qəbul edilir; ümumi (publik) sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədini daşıyır; ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradır; qərar, sərəncam və ya digər formada hakimiyyət tədbirini ifadə edir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və yuxarıda göstərilən müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmə sorğusu əsasında məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısının 10.10.1997-ci il tarixli 1648 saylı sərəncamına əsasən verilmiş 14 noyabr 2001-ci il tarixli 030458 nömrəli order əsasında Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 123 saylı evin 11 saylı mənzilinə dair mülkiyyət hüququ ilkin olaraq X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra X4 ilə X3 arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli 07.06.2005-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında həmin mənzil X1 adına özgəninkiləşdirilmişdir. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-398/2019 saylı, 11 dekabr 2019-cu il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Yasamal rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxslər X4, X3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 3-cü şəxs qismində cəlb edilməklə Yasamal rayon İcra Hakimiyyətinin 10.10.1997-ci il tarixli 1648 saylı sərəncamının ləğv edilməsinə dair iddiası, İddiaçı həmin sərəncamı mübahisələndirməyə subyektiv hüququ olmadığından mümkün sayılmamışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-934/2020 saylı 10 iyun 2020-ci il tarixli qərardadından görünür ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-398/2019 saylı, 11 dekabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin qərardadı ilə müəyyən olunmuşdur ki, mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, ev 123, 11 saylı mənzil Bakı Qarnizonu Hərbi Prokurorluğuna (sonradan Müdafiə Nazirliyi Mənzil-İstismar Sahəsinə) məxsus olmuş, 1995-ci ildə aparılmış məhkəmə araşdırması zamanı (Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 fevral 1995-ci il tarixli, 2-127/1995-ci il tarixli qətnaməsi ilə) işə baxılarkən iddiaçıya 10.06.1993-cü il tarixdə Abşeron rayon Mənzil İstismar Hissəsi tərəfindən həmin mənzilə köçürülmək üçün verilmiş orderin xidməti order olduğu müəyyən edilmişdir. Lakin həmin order iddiaçıda mövcud olmamış, nə birinci instansiya məhkəməsinə, nə də apelyasiya məhkəməsinə təqdim edilməmiş və təqdim edilməsi də mümkün olmamışdır. Suraxanı Rayon Məhkəməsinin 16 fevral 1995-ci il tarixli, 2-127/1995-ci il tarixli qətnaməsində iddiaçıya verilmiş 10.06.1993-cü il tarixli orderə istinad edilməsi isə həmin orderin hal-hazırda mövcud olmasına əsas vermir. Bundan başqa Yasamal rayon İcra Hakimiyyəti tərəfindən 10.10.1997-ci il tarixli, 1648 saylı sərəncam qəbul edilərkən Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin təqdim etdiyi siyahıya istinad edilmişdir ki, bu da özlüyündə onu göstərir ki, mübahisəli mənzil həmin tarixdə Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin balansında olmuşdur. Eləcə də, həmin sərəncamın çıxarıldığı müddətdən 22 ildən çox müddət keçməsinə baxmayaraq, Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsi tərəfindən mənzillə bağlı hər hansı bir tələb irəli sürülməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, Abşeron rayon Mənzil İstismar Hissəsi tərəfindən mübahisəli mənzilə dair 10.06.1993-cü il tarixli orderin iddiaçıya daimi olaraq verilməsi, iddiaçının həmin sərəncam qəbul edilərkən və hal-hazırda həmin mənzilə dair hər hansı bir hüququnun olması iş materialları ilə sübuta yetirilmədiyindən (əksinə təkzib edildiyindən), bununla da, onun hazırki iş üzrə mübahisəli sərəncamı mübahisələndirməyə subyektiv hüququ olmadığından iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1870/2020 saylı 14 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-934/2020 saylı 10 iyun 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göründüyü kimi iddiaçının mübahisəli mənzilinə dair mülkiyyət hüququ ilkin olaraq X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas olmuş Yasamal rayon İcra Hakimiyyətinin 10.10.1997-ci il tarixli 1648 saylı sərəncamının ləğv edilməsinə dair iddiası, onun həmin sərəncamı mübahisələndirməyə subyektiv hüququ olmadığından məhkəmə qərarları ilə artıq mümkün sayılmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” 13.02.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə mübahisəli mənzilə subyektiv hüququ müəyyən edilmədiyindən, iddiaçının irəli sürdüyü iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsasların mövcud olmadığı, yəni iddiaçının qanunla qorunan hər hansı bir hüquqlarının pozulması halının baş vermədiyi müəyyən olunmuşdur. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd edilən tələblər üzrə hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmadığından birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-4060/2021 saylı 20 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar