Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2246/2022 24.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X5 oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı mənzil növbəsinə götürülmə və kirayə haqqının ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, e-2-1(112)-5613/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 2-ci bəndinin 1-ci abzasına əsasən onun 4 nəfərlik ailə tərkibi ilə birlikdə (özü, arvadı və iki övladı) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmış hərbi qulluqçu (hərbi vəzifəli) kimi mənzil növbəsinə götürülməsi, vətəndaşların birinci növbəlik siyahısına daxil edilməsi və yaşayış sahəsi ilə təmin olunanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya məbləğinin ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxxxx 1977-ci il tarixdə Neftçala rayonu, Mirzəqurbanlı kəndində anadan olmuş, 1993-cü ilin iyul ayında Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (Azərbaycan Respublikası Prezidentinin 10 mart 2004-cü il tarixli Fərmanına əsasən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi adlandırılmışdır) qəbul edilmiş, 1997-ci ilin iyul ayında həmin ali təhsil məktəbini bitirmiş, 1997-ci ilin iyul ayında Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən leytenant hərbi rütbəsi ilə hərbi xidmətə qəbul edilərək zabit heyəti üzrə hərbi qulluqçu statusu əldə etmiş və 17 mart 2014-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət vəzifələrini icra etmişdir (21 təqvim ilindən daha çox). Azərbaycan Respublikası Müdafdiə Nazirliyinin 0218 saylı əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun 156-cı maddəsinin “j” bəndinə (öz arzu ilə) əsasən 17 mart 2014-cı il tarixdən mayor hərbi rütbəsində hərbi xidmətdən tərxis olunaraq 1-ci dərəcəli ehtiyat dərəcəsinə keçirilərək hərbi vəzifəli hərbi qulluqçu statusu almışdır. O, qüsursuz hərbi xidmətlərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən dəfərlərlə müxtəlif təltiflərə layiq görülmüşdür. O, ehtiyata buraxılmış hərbi vəzifəli kimi ilk dəfə 05 may 2015-ci il tarixdən Azərbaycan Respublikası Səfərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov Rayon İdarəsində, 04 noyabr 2021-ci il tarixdən isə Azərbaycan Respublikası Səfərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon İdarəsində hərbi qeydiyyata alınmışdır. O, 20 təqvim ilindən artıq hərbi xidmət etmiş və xidmət dövründə evlə (mənzil) təmin edilməmişdir. O, X2 ilə 22 fevral 2003-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan onların X4 və X3 adlı övladları anadan olmuşdur. O, hazırda evlidir. Ailə tərkibi 4 nəfərdən ibarətdir. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 249 saylı, 06 avqust 2015-ci il tarixli sərəncamına əsasən onun ailə tərkibi 6 nəfər olmaqla (özü və 5 qohumu) Bakı şəhəri, A.Gəraybəyli küçəsindəki 11/15 saylı evin yaşayış sahəsi 33,65 kv.m olan, 2 otaqlı 161 saylı mənzilində daimi qeydiyyatda olması nəzərə alınaraq 1 nəfərlik ailə tərkibi ilə (özü) ehtiyatda olan hərbi vəzifəli vətəndaş kimi mənzil növbəsinə götürülməsi və vətəndaşların birinci növbəlik siyahısına daxil edilməsi qərara alınmışdır. Bakı şəhəri, Nərimanov rayonu, A.Gəraybəyli küçəsindəki 11/15 saylı evin yaşayış sahəsi 33,65 kv.m olan, 2 otaqlı 161 nömrəli mənzil mülkiyyətçisi tərəfindən satıldığına görə o, qeydiyyat ünvanını ona məxsus olmayan ünvan 1in, 73 saylı mənzilinə dəyişdirmək məcburiyyətində qalmış və bu səbəbdən mənzil növbəsinə durmuş olduğu uçot məlumatları Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə Bakı şəhəri Cavabdehnə göndərilmişdir. Bakı şəhəri Cavabdeh Başçısının Aparatının 30 dekabr 2021-ci il tarixli məktubuna əsasən onun ehtiyatda olan hərbi vəzifəli kimi mənzil növbəlik siyahısına daxil edilməsindən imtina olunmuşdur. Hesab edir ki, cavabdehin 20 dekabr 2021-ci il tarixli məktubunda imtinanın hüquqi əsası kimi istinad etmiş olduğu maddi hüquq normasını səhv təfsir etməklə, yəni həmin Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin 1-ci abzasının ona şamil olunmadığı qənaətinə gəlmişdir. Lakin cavabdeh nəzərə almamışdır ki, onun hərbi xidməti 21 təqvim ilindən daha çoxdur, bundan başqa cavabdeh tərəfindən nəzərə alınmayan digər məqam isə onun ehtiyatda olan hərbi vəzifəli vətəndaş kimi mənzil növbəsinə artıq digər rayon icra hakimiyyəti tərəfindən uçota götürülmüş və məhkəmələr tərəfindən bu işlər üzrə formalaşmış vahid məhkəmə təcrübəsi artıq vardır. Eyni zamanda qanunverici mənzil kirayəsi xərclərinin ödənilməsi hüququnu nəzərdə tutan normada ehtiyata buraxılmanın səbəblərini fərqləndirmədən, bütün ehtiyata və ya istefaya buraxılmış şəxslərin belə bir hüququnun olduğunu təsbit edir. Yəni, həmin normada qanunverici bu qaydanın, yalnız müəyyən üzrlü səbəblərə görə məsələn, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlər, gizirlər və miçmanlara aid olduğunu konkret göstərməmişdir. Halbuki, cavabdeh tərəfindən istinad olunan “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində qanunverici konkret iradəsini ifadə etmiş və müəyyən güzəştlərin bütün hərbi qulluqçulara deyil, onların müəyyən kateqoriyalarına münasibətdə tətbiqinin mümkünlüyünü vurğulamışdır. Göründüyü kimi, qanunverici yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların mənzillə və ya pulsuz torpaq sahəsi ilə ilk növbədə təmin olunmaq hüququnu nəzərdə tutmuşdur. Bu baxımdan “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin 1-ci abzasındakı Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil sahəsi əldə edənədək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi hüququnu nəzərdə tutur. Həmin xərclər isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödənilir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, Nərimanov rayon İcra Hakimiyyətindən Cavabdehnə daxil olmuş Q-1-2-068, xx.xx.2021-ci il tarixli məktuba əsasən bildirilmişdir ki, ehtiyyata olan zabit İddiaçı Nərimanov rayon İcra Hakimiyyətində güzəştli şərtlərlə olan mənzil-uçotu işi üzrə növbəliyinə dair sənədlər toplusu vətəndaş İddiaçı yeni qeydiyyat ünvanı ilə əlaqədar Nəsimi RİH-ə göndərilmişdir. Mənzil-uçotu işinə əlavə olunmuş hüquq müəyyənedici sənədlərdən müəyyən olunmuşdur ki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156 maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxıldığına görə sözügedən Qanun ona şamil edilmir. Cavabdeh 4/1251, xx.xx.2021-ci il tarixli məktubu ilə İddiaçı bildirilmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyyata və ya istefaya buraxılmış zabitlərin, gizirlərin və miçmanların müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli İcra Hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fədi yaşayış evinin tikintisi üçün bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Vətəndaş İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156 maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxıldığına görə sözügedən Qanun ona şamil edilmir. Qeyd edilənlərə əsasən vətəndaş İddiaçı ehtiyyatda olan hərbçi kimi mənzil növbəlik siyahısına daxil etməyin mümkün olmaması barədə ona cavab verilmişdir. Hərbi qulluqçunun yaşayış sahəsi ilə təmin olunması, buna qədər isə mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi üçün 3 şərt tələb olunur: 1) yaşına, səhhətinə, ştatların ixtisarına görə ailə vəziyyətinə görə ehtiyata yaxud istefaya buraxılmış hərbi qulluqçusu olması; 2) yaşayış sahəsinin olmaması; 3) 15 təqvim ili və daha çox xidmət etməsi; Qanunvericilikdə nəzərdə tutulmuş qeyd olunan 3 şərt tamamlandıqdan sonra ehtiyata buraxılmış hərbi qulluqçular mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilə bilər. Belə ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətinin Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon İdarəsi tərəfindən təqdim olunmuş 353 saylı xx.xx.2015-ci il tarixli arayışdan məlum olmuşdur ki, mayor İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2014-cü il tarixinədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edib, Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrinə əsasən öz arzusu ilə xx.xx.2014-cü ildə təxris olub. Deməli, hazırkı halda iddiaçının yaşayış sahəsi ilə təmin olunması məqsədilə mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi üçün birinci şərt ödənilmir. Belə olduqda isə aydın olur ki, iddiaçının müvafiq əsasla mənzil uçotuna alınması üçün hər hansı əsas yoxdur. Eyni mövqeyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli qərarında qeyd olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, e-2-1(112)-5613/2022 saylı qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı 4 nəfərlik ailə tərkibi (özü, arvadı, iki nəfər uşağı) ilə birlikdə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsinə götürülməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarı qismən ləğv edib iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından görünür ki, İddiaçı xx.xx.1993-cü ildən xx.xx.2014-cı ilə qədər (20 il 7 ay 6 gün) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş və Azərbaycan Respublikası Müdafiə Nazirinin 17 mart 2014-cü il tarixli, 0218 nömrəli ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «j» bəndinə (öz arzusu) əsasən ehtiyata buraxılmışdır. O, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq mənzil növbəsinə götürülməsi ilə əlaqədar aidiyyəti inzibati orqana (Nərimanov rayon İcra Hakimiyyətinə) müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 249 nömrəli sərəncamına əsasən iddiaçı yaşayış yeri üzrə 1 nəfərli ailə tərkibi (özü) ilə güzəştli əsaslarla mənzil uçotuna götürülmüş və birinci növbəlik siyahısına daxil edilmişdir. Lakin sonradan iddiaçının yaşayış yerinin dəyişdirilməsi ilə əlaqədar etdiyi müraciətə əsasən Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 285 №-li, xx.xx.2021-ci il tarixli sərəncamı ilə onun Nərimanov RİH-də güzəştli şərtlərlə olan mənzil-uçotu işi üzrə mənzil növbəliyi sənədləri yeni yaşayış yeri üzrə Cavabdehnə göndərilmişdir. Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçının mənzil növbəsinə götürülməsi ilə bağlı sənədlərə baxılmış və mənzil növbəsinə götürülməsindən imtina edilmişdir. Cavabdehin imtinasının əsasında duran hal isə iddiaçının “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxıldığına görə sözügedən Qanun ona şamil olunmamasıdır. İddiaçı X1 ilə xx.xx.2003-cü ildə nikaha daxil olmuşdur. Onların birgə nikahlarından xx.xx.2003-cü il tarixdə X4, xx.xx.2005-ci il tarixdə X3 adlı uşaqları doğulmuşdur. İddiaçı, Qasımova (İbrahimova) İradə Bəxtiyar qızının adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət və digər əşya hüquqları qeydiyyata alınmamışdır. İddiaçı 04 noyabr 2021-ci il tarixdən ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə qeydiyyata alınmışdır. İddia ərizəsindən göründüyü kimi iddiaçının iddia tələbi üç hissədən ibarətdir: 1) Onun ehtiyata buraxılmış hərbi qulluqçu kimi ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülməsi: 2) Mənzil növbəsinə götürülərkən birinci növbəlik siyahısına daxil edilməsi; 3) Yaşayış sahəsi ilə təmin olunanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya məbləğinin ona ödənilməsi. Birinci instansiya məhkəməsi iddiaçının ehtiyata buraxılmış hərbi qulluqçu kimi ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülməsi tələbini təmin edərək bildirmişdir ki, iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ilindən çox xidmət etmiş və yaşayış sahəsi olmayan hərbi qulluqçu kimi yaşayış sahəsi ilə təmin olunmaq hüququ olmuşdur. İşin halları ilə müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 17 mart 2014-cü il tarixli, 0218 nömrəli ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «j» bəndinə (öz arzusu) əsasən ehtiyata buraxılmışdır. Bununla əlaqədar, kollegiya qeyd edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2022-ci il tarixli Qərardadında qeyd olunmuşdur ki, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apellyasiya şikayəti vermədiyindən, iddianın təmin edilməmiş hissəsindən iddiaçı apellyasiya şikayəti verdiyindən hazırda apellyasiya baxışının hədlərini iddia tələbinin təmin edilməmiş hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanması təşkil edir. Birinci instansiya məhkəməsi mənzil növbəsinə götürülərkən birinci növbəlik siyahısına daxil edilməsi və yaşayış sahəsi ilə təmin olunanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya məbləğinin ona ödənilməsi tələblərini təmin etməmişdir. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «j» bəndinə əsasən öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər ehtiyata buraxılırlar. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Hərbi qulluqçunun mənzil növbəsinin ilk sıralarında daxil edilməsi üçün, o, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış olmalıdır. Göründüyü qanunvericilik yalnız 4 (yaşa, xəstəliyə, ştatların ixtisarına və ailə vəziyyətinə görə) kateqoriyadan birinə aid olan şəxsin ilk mənzil növbəsinə götürülməli olmasını şərtləndirmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırki mübahisə üzrə İddiaçı öz arzusu ilə ehtiyata buraxıldığında onun mənzil növbəsinin ilk sıralarına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. İddia tələbinin “yaşayış sahəsi ilə təmin olunanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya məbləğinin ödənilməsi” hissəsi ilə bağlı isə qeyd edilməlidir ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 4-cü abzasına əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci hissəsinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat. 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Həmin Qərarın 2-ci hissəsinə əsasən müəyyən edilmişdir ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Həm Qanunda, həm də Nazirlər Kabinetinin qərarında yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını, 15 təqvim ili və daha çox xidmət etmiş müddətindən artıq xidmət hərbi qulluqçuları, azı 5 təqvim ili xidmət etmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçuların mənzil kirayə haqqı ilə təmin edilməsi nəzərdə tutmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin dördüncü hissəsində konkret olaraq ehtiyata və ya istefaya buraxılan hansı hərbi qulluqçulara mənzil kirayə xərclərinin ödənilməli olması qeyd edilmişdir. Həmin hissədə nəzərdə tutulan hərbi qulluqçulara aid şərt iddiaçıya münasibətdə mövcud olmamışdır. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarında da konkret olaraq ehtiyata və ya istefaya buraxılmış hansı hərbi qulluqçuların mənzil kirayə haqlarının ödənilməsi qeyd edilmişdir. Qərarda adları sadalanan hərbi qulluqçuların sırasında öz arzusu ilə ehtiyata və ya istefaya buraxılan zabitlər göstərilməmişdir. Göründüyü kimi ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, iddia tələbini iddiaçının mənzil növbəsinə götürülərkən birinci növbəlik siyahısına daxil edilməsi və yaşayış sahəsi ilə təmin olunanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya məbləğinin ona ödənilməsi hissəsində rədd nəticəsinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, e-2-1(112)-5613/2022 saylı qərarı mübahisələndirilən hissədə-iddia tələbinin təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-2246/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2246/2022
24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver