Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2246/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçı və tərcüməçi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehna qarşı X2 və Hidayət Nürəlibəyov üçüncü şəxs qismində göstərilməklə “yeni açılmış hallarla bağlı müraciətinə cavab verilməsi öhdəliyinin cavabdehə həvalə olunması” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5538/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehna qarşı X2 və Hümbət Nurəlibəyov üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati orqan Cavabdeh və prokuror Hidayət Nurəliyevin üzərinə öhdəliklərini yerinə yetirməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Cavabdeh və üçüncü şəxslər onun şikayətinə baxmır və müraciətlərinə cavab vermirlər. Ortaya çıxan yeni hallarla bağlı araşıdrma aparılmır və cavab verilmir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6(103)- 122/2022 saylı və Nərimanov Rayon Məhkəməsinin 6(006)- 139/2023 saylı xx.xx.2023-cü il tarixli qərarları icra olunmur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5538/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehna qarşı X2 və Hidayət Nürəlibəyov üçüncü şəxs qismində göstərilməklə “yeni açılmış hallarla bağlı müraciətinə cavab verilməsi öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası mümkün sayılmamışdır.. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uygun əsaslandırılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır; Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin mümkün sayılmaması barədə qərardadında qeyd etmişdir ki, “iddiaçı inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyəti ilə əlaqədar məhkəmədə iddia qaldırmışdır. xx.xx.2005-ci il tarixdə qəbul edilmiş və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə eyni gündə qüvvəyə minən “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.1-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Ona görə də, mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların: -3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; -3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. İş materiallarından Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 6 (006)-139/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından göründüyü kimi İddiaçı Bakı şəhəri Nərimanov rayon prokurorunun böyük köməkçisi X2 tərəfindən qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 03 aprel 2023-cü il tarixli qərardan məhkəmə nəzarəti qaydasında şikayətlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 6(006)-139/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə şikayətin təmin olunması, Bakı şəhəri Nərimanov rayon prokurorunun böyük köməkçisi X2 tərəfindən qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 03 aprel 2023-cü il tarixli qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi, toplanmış material üzrə araşdırmanın davam etdirilməsi, qərarın icrasına nəzarətin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora tapşırılması qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh qismində göstərilən orqanla iddiaçı arasında yaranan münasibət inzibati hüquq münasibəti olmadığından hazırkı iddia mümkün sayılmamalıdır. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3). Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (1.5). İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir (3.1). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3.). Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5538/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2246/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2246/2024
02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver