Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2247/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiya təyin olunması” barədə iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2157/2021 saylı 17 iyun 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sosial sığorta stajının təsdiq edilərək, ona 12 mart 2020-ci il tarixdən, yəni 52 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xx xxxx 1968-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 12 mart 1986-cı ildən 29 mart 1988-ci ilə kimi Sovet ordusunda hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə Sumqayıt şəhəri 13 №-li mağazada işləyərək başlamışdır. Hal-hazırda da işləyir. 01.10.1985-ci ildən 01.01.1990-cı ilə kimi Sumqayıt “Sintez-kauçuk” İB-də təmirçi-çilingər peşəsində işləmişdir. 07.09.1990-cı ildən həmin zavodun Y-4-5-41-57, D-7 sexində növbə ustası, 02.12.1990-cı ildən 24.08.1992-ci ilə kimi kompressor qurğusu maşinisti, 24.08.1992-ci ildən 20.09.1993-cü ilə kimi D-1-13 sexinin D- 1a şöbəsində 5 dərəcəli aparatçı, 29.09.1993-cü ildən Sumqayıt Kompressorlar Zavodunda 07.03.1994-cü ilə kimi 1 nömrəli Çuquntökmə sexində mühəndis-texnoloq və başqa vəzifələrdə işləmişdir. 23.03.1994-cü ildən Sumqayıt “Sintezkauçuk” İB Divinel İstehsalat Dla şöbəsində 5-ci dərəcəli aparatçı və müxtəlif peşələrdə 01.11.1994-cü ilə kimi işləmişdir. 14.10.1994-cü ildən “Azərkimya” DŞ-nin əmrinə əsasən “Sintezkauçuk” İ.B ’’Sintezkauçuk” adlandırılıb. 12.10.1995-ci ildən 10.09.2007-ə kimi aparatçı və başqa vəzifələrdə işləmişdir. 09.10.2008-ci ildən 19.05.2011-ci ilə kimi Etilen təmiri sahəsinin rəisinin müavini, 19.05.2011-ci ildən Sumqayıt “Texnologiyalar” Parkında “Texniki qazlar istehsalı” zavodunun oksigen, arqon, azot istehsalat şöbəsində 15.08.2011-ci ilə kimi 4-cü dərəcəli kompressor qurğusu maşinisti, 11.08.2011-ci ildən "xxxx" ASC-nin İstehsalat şöbəsində 09.10.2020-ci ilə kimi işləmişdir. 19 may 2020-ci il tarixdə əmək kitabçasına əsasən "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsinin sədrinin imzaladığı Sığorta olunanın ümumi iş stajı barədə məlumat təsdiq edir. Onun işlədiyi illər zərərli iş yeri olduğuna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsinin 1-ci bəndinin 1080 A010 şifrinə əsasən 1 saylı istehsalatında güzəştli şərtlərlə 52 yaşdan pensiya təyin edilməsi hüququ var. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün sənədlərini Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin xüsusi şərtlərlə təyinat idarəsinə təqdim etmişdir. Cavabdeh tərəf özünün 10 avqust 2020-ci il tarixli **********2 saylı məktubu ilə xahişi təyin etməmişdir. Səbəb kimi məktubda qeyd edilmişdir ki, iddiaçı mümkün olan kapitalı yığmamışdır. Belə olan halda cavabdehin imtinası tam əsassızdır və ona zərərli iş stajına görə 12 mart 2020-ci ildən, yəni 52 yaşının tamam olan tarixdən 1-ci siyahı üzrə güzəştli şərtlərlə pensiya təyin olunmalıdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 12 mart 2020-ci il tarixdən, yəni 52 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2157/2021 saylı 17 iyun 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: M.Qarayeva) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır”. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında" Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 56726,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 30896,43 manat təşkil edir. Qeyd olunanlardan göründüyü kimi, Mərkəzi Filial tərəfindən verilən güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında qərar qanunauyğun və əsaslı hesab edilməlidir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona 12 mart 2020-ci il tarixdən, yəni 52 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçının 01.01.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı” üzrə 10 ildən artıq güzəştli iş stajının olmasını və 52 yaşının 12.03.2020-ci il tarixdə tamam olmasını nəzərə almamaqla onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair ərizəsini təmin etməməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan iddiaçıya məxsus HЗ seriyalı, ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş tərcüməsindən aydın olur ki, İddiaçı 12.05.1986-ci il tarixdən 20.06.1988-ci il tarixədək SSRİ Ordu sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan iddiaçıya məxsus olmaqla 15.11.1985-ci ildə açılmış ИТ-İ seriyalı ******* saylı əmək kitabçasından və onun Azərbaycan dilinə tərcümə edilməklə təsdiq edilmiş surətindən müəyyən olunur ki, 20.08.1985-ci il tarixdə 13 saylı mağazanın köməkçi nəqliyyat işçisi vəzifəsinə qəbul edilmişdir (Əmr № 204/k 19.08.1985). 01.11.1985ci il tarixdə Azərbaycan SSR ƏQHM 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (Əmr №252/k 05.11.1985). 01.10.1985-ci il tarixdə çilingər-təmirçi ixtisası üzrə OTPM-nə qəbul edilmişdir (Əmr №314 17.10.1985). 19.05.1986-cı il tarixdə təhsilin başa çatması ilə əlaqədar olaraq xaric edilmişdir (Əmr №39 19.05.1986). 26.07.1988-ci il tarixdə Ж 4-5 Azot-oksigen sexinə 3-cü dərəcəli çilingər- təmirçi vəzifəsinə qəbul edilmişdir (Əmr № 972 25.07.1988). 24.03.1989-cı ildən 4-cü dərəcəli çilingər-təmirçi ixtisası verilmiş, 01.01.1990-cı ildən Ж 4-5 sexinə avadanlıq təmiri üzrə 4-cü dərəcəli təmirçi-çilingər keçirilmiş (Əmr №10 30.01.1990), 07.09.1990-cı ildən həmin zavodun - Ж 4-5-41-57, D7 sexində növbə ustası (Əmr №244 06.09.1990), 02.12.1990-cı ildən 20.09.1993-cü ilə kimi kompressor qurğusu maşinisti (Əmr №332 07.12.1990), 29.09.1993-cü il tarixdən Sumqayıt Kompressorlar Zavodunda 2 nömrəli Çuquntökmə sexinə 3 ay sınaq müddətinə baş usta (Əmr №447 30.09.1993), 01.12.1993-cü il tarixdən metallurgiya istehsalatında yeni yaradılmış növbətçi dispetçer (Əmr №533 26.11.1993), 03.01.1994-cü il tarixdə 1 №-li çuquntökmə sexinə mühəndis-texnoloq (Əmr №03 03.01.1994) vəzifələrinə təyin edilmiş, 07.03.1994-cü il tarixdə öz ərizəsinə əsasən vəzifədən azad edilmiş (Əmr №101 15.03.1994), 23.03.1994-cü il tarixdə Sumqayıt “Sintezkauçuk” (14.10.1994-cü ildən “Azərkimya” DŞ-nin əmrinə əsasən “Sintezkauçuk” İ.B ’’Sintezkauçuk” adlandırılıb) Divinil istehsalatının D-1a şöbəsinə 5 dərəcəli aparatçı keçirilmişdir (Əmr №40 23.03.1994), 12.10.1995-ci il tarixdən həmin sexdə növbə ustası (Əmr №170 17.10.1995), 15.02.2001-ci il yeni butadien sexində D-1a şöbəsinə növbə ustası (Əmr № 65 15.02.2001), 01.01.2002-ci il tarixdə yeni butadien sexinin D-1a şöbəsində xammal hazırlayan yarımfabrikat və fabrikat buraxan 5-ci dərəcəli aparatçı (əmr №12 09.01.2002), 16.05.2003-ci il tarixdə həmin sexinin P-2-3 şöbəsinə 5-ci dərəcəli aparatçı (əmr №189 15.05.2003), 22.01.2005-ci il tarixdə yeni butadien sexinin P-2-3 və D-3-5 şöbəsi üzrə növbə ustası (Əmr №51kş 26.01.2005) işləmişdir. 05.10.2006-cı ildə Yeni butadien sexində 2-ci korpus üzrə növbə ustası vəzifəsinə keçirilmiş (Əmr №82 05.10.2006), 14.12.2007-ci ildə həmin sexdə p-2-3 D-3-5 üzrə növbə ustası vəzifəsinə keçirilmiş (Əmr №83 14.02.2007), 10.09.2007-ci il tarixdə əmək müqaviləsinə öz xahişi ilə xitam verilmişdir (Əmr№ 425kş 10.09.2007). 25.07.2007-ci ildən ”Sumqayıt Sənaye İstehsalat” ASC-də mühəndis-nəzarətçi vəzifəsinə işə qəbul edilmiş (Əmr№ 197kş 25.07.2007), 09.10.2008-ci ildən 19.05.2011-ci ilə kimi Etilen təmiri sahəsinin rəisinin müavini (əmr №89 kq 08.10.2008), 23.05.2011-ci ildən 10.08.2011-ci ilə kimi Sumqayıt “Texnologiyalar” Parkında “Texniki qazlar istehsalı” zavodunun oksigen, arqon, azot istehsalat şöbəsində 4-cü dərəcəli kompressor qurğusu maşinisti (əmr №88- 14S 23.05.2011), 11.08.2011-ci ildən indiyədək "xxxx" ASC-nin İstehsalat şöbəsində mühəndis vəzifələrində işləyir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Politelin” zavodu tərəfindən verilmiş 02.04.2018-ci il tarixli 131 saylı arayışından görünür ki, İddiaçı 24.08.1992-ci il tarixdən 20.09.1993-cü il tarixə qədər “Azərikimya” İstehsalat Birliyinin “Sintezkauçuk” zavodunda butadien sexində aparatçı vəzifəsində işləmişdir. Həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında göstərilən butadien istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Politelin” zavodu tərəfindən verilmiş 02.04.2018-ci il tarixli 132 saylı arayışından görünür ki, İddiaçı 23.03.1994-cü il tarixdən 14.02.2001-ci il tarixə qədər “Azərikimya” İstehsalat Birliyinin “Sintezkauçuk” zavodunda divinil istehsalatında aparatçı, növbə ustası vəzifəsində işləmişdir. Həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının Vİİİ-ci bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında göstərilən butadien istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Politelin” zavodu tərəfindən verilmiş 02.04.2018-ci il tarixli 133 saylı arayışından görünür ki, İddiaçı 15.02.2001-ci il tarixdən 31.12.2005-ci il tarixə qədər “Azərikimya” İstehsalat Birliyinin “Sintezkauçuk” zavodunda yeni butadien sexində aparatçı, növbə ustası vəzifəsində işləmişdir. Həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında göstərilən butadien istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Politelin” zavodu tərəfindən verilmiş 02.04.2018-ci il tarixli 134 saylı arayışından görünür ki, İddiaçı 01.01.2006-ci il tarixdən 31.12.2006-ci il tarixə qədər “Azərikimya” İstehsalat Birliyinin “Sintezkauçuk” zavodunda yeni butadien sexində növbə ustası vəzifəsində işləmişdir. Həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahsında göstərilən butadien istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. İş materiallarında olan cavabdehin 10.02.2021-ci il tarixli **********1 saylı məktubu ilə məhkəməyə bildirilmişdir ki, vətəndaş İddiaçı 1992-ci ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 7.718,93 manat, 1992-2006-cı illər arasındakı dövr ərzində 11.503,92 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 16.837,19 manat olmaqla cəmi pensiya kapitalı 36.060,04 manat təşkil edir. Adıçəkilən şəxsin hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 58.800 manat məbləğində hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının 10.08.2020-ci il tarixli **********2 saylı məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi, belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 59.200 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 28.473,63 manat təşkil etdiyi və bu səbəbdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, 1 nömrəli siyahı üzrə kişilərə 52 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 10 ildən, ümumi stajı 20 ildən az olmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının 52 yaşı 12.03.2020-ci il tarixdə tamam olmuşdur və o, 12.05.1986-ci il tarixdən 20.06.1988-ci il tarixədək (2 il 1 ay 8 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmiş, əmək kitabçasına əsasən 20.08.1985-ci il tarixdən 01.11.1985-ci il tarixə kimi 13 saylı mağazanın köməkçi nəqliyyat işçisi vəzifəsində (2 ay 11 gün), 01.10.1985-ci il tarixdən 19.05.1986-cı il tarixə kimi çilingər-təmirçi ixtisası üzrə OTPM-ndə (7 ay 18 gün), 26.07.1988-ci il tarixdən 07.03.1994-cü il tarixə kimi Ж 4-5 Azot-oksigen sexində çilingər-təmirçi, Ж 4-5-41-57, D7 sexində növbə ustası, kompressor qurğusu maşinisti, Sumqayıt Kompressorlar Zavodunda 2 nömrəli Çuquntökmə sexində baş usta, metallurgiya istehsalatında yeni yaradılmış növbətçi dispetçer, 1 №-li çuquntökmə sexində mühəndis-texnoloq (5 il 7 ay 11 gün), 23.03.1994-cü il tarixdən 10.09.2007-ci il tarixə kimi Sumqayıt “Sintezkauçuk” Divinil istehsalatının D-1a şöbəsində 5 dərəcəli aparatçı, növbə ustası, yeni butadien sexində D-1a şöbəsinə növbə ustası, xammal hazırlayan yarımfabrikat və fabrikat buraxan 5-ci dərəcəli aparatçı, növbə ustası (01.01.2006-cı il tarixə kimi 11 il 9 ay 8 gün), 25.07.2007-ci ildən indiyədək "xxxx" ASC-nin İstehsalat şöbəsində işləyir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla, onun 01.01.2006-cı il tarixədək 20 il 3 ay 26 gün ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin işə götürən tərəfindən verilmiş arayışa əsasən iddiaçı 24.08.1992-ci il tarixdən 20.09.1993-cü il tarixə qədər “Azərikimya” İstehsalat Birliyinin “Sintezkauçuk” zavodunda butadien sexində aparatçı, 23.03.1994-cü il tarixdən 14.02.2001-ci il tarixə qədər “Azərikimya” İstehsalat Birliyinin “Sintezkauçuk” zavodunda divinil istehsalatında aparatçı, növbə ustası, 15.02.2001-ci il tarixdən 31.12.2005-ci il tarixə qədər “Azərikimya” İstehsalat Birliyinin “Sintezkauçuk” zavodunda yeni butadien sexində aparatçı, növbə ustası vəzifələrində işləmişdir. Həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında göstərilən butadien istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir (12 il 10 ay 5 gün). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. İşə götürən tərəfindən verilmiş arayışdan göründüyü kimi iddiaçı 01.01.2006-cı il tarixədək 12 il, 10 ay, 5 gün güzəştli iş stajına malik olmuşdur. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Cavabdeh inzibati orqanın iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsinə dair irəli sürüdüyü dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin bu imtina əsası əsassızdır. Çünki “Əmək pensiyaları haqqında” Qanunun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması şərtlərini müəyyən edən 9-cu maddəsinin 9.8-ci bəndində qeyd edilir ki, Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İşin araşdırılmış hallarından da bəllidir ki, iddiaçı 01.01.2006-cı ilədək qüvvədə olmuş qanunvericiliyin tələbləri üzrə ümumi və xüsusi stajı toplamışdır. 01.01.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya kapitalının olması tələb olunmurdu. Göründüyü kimi, yuxarıda qeyd edilən hər iki şərt - ümumi və xüsusi iş stajı iddiaçıya münasibətdə ödənildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 52 yaşı tamam olduğu tarixdən, yəni 12.03.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İş materiallarından göründüyü kimi, iddiaçı əmək fəaliyyətinin ilk dövründən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmiş, həmçinin həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunur. “Andreyeva Latviyaya qarşı” məhkəmə işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması müddəasını nəzərə almayaraq iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüququnu pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2157/2021 saylı 17 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2247/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2247/2021
26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver