Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2248/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 14.04.2021-ci il tarixli, 2-1(112)-1139/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəqisəsinin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ağdam rayon İcra Hakimiyyəti tərəfindən verilmiş arayışda (iddia ərizısinə əlavə olunur) iddiaçının 1988-ci ilin fevral ayından 9 oktyabr 1991-ci il tarixədək Qərvənd kənd özünümüdafiə dəstəsinin tərkibində erməni quldurlarına qarşı aparılan döyüş əməliyyatlarında iştirakı qeyd olunmuşdur. Onun Qərvənd kənd özünümüdafiə dəstəsinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakı da sübut olunmuşdur. AR Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, onun məhkumluğu yoxdur. AR Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarına əsasən yerli icra hakimiyyəti orqanlarının təsdiq etdiyi siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), məsələn növbəçəkmə kitablarında (arxiv post kitabı), bununla da yerli icra hakimiyyətində saxlanılan 1988-ci ilin fevral ayından 9 oktyabr 1991-ci il tarixədək həmin kitablarda adı olan döyüşmüş şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Bütün bunlara baxmayaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrinin vəsatəti ilə sənədlər qaydasında göndərilsə də, əsassız olaraq imtina edilmişdir. Ancaq hazırkı ərizəyə əlavə edilmiş sübutlar təsdiq edir ki, o dövrdə mövcud olan vəziyyətlə əlaqədar döyüş zonalarında kənd sovetləri, kolxoz və sovxoz rəhbərləri tərəfindən özünümüdafiə dəstələrin yaradılaraq, kənd sakinləri tərəfindən postlar qurulmuş və ərazi bütövlüklərin qorunması təşkil edilirdi. Ona görə də hesab olunur ki, ona (iddiaçıya) “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə olunmalıdır. Vəzifəli şəxslərin qeyri-qanuni hərəkətlərinə görə məhkəmə qarşısında cavab verilməlidir. Gəncə İnzibati Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli qərarı ilə İddiaçı cavabdeh AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı 21 oktyabr 2019-cu il tarixli qərardan apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin 16 mart 2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, sözügedən qərar ləğv edilmiş, iş ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 14.04.2021-ci il tarixli, 2-1(112)-1139/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 14.04.2021-ci il tarixli, 2-1(112)-1139/2021 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağdam rayon İcra Hakimiyyəti tərəfindən verilmiş arxiv arayışında iddiaçının özünümüdafiə dəstəsində xidmət keçməsi öz əksini tapmışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin arxiv arayışı da bunu təsdiq etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 14.04.2021-ci il tarixli, 2-1(112)-1139/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - Ağdam rayon İcra Hakimiyyəti arxivinin 10.06.2018-ci il tarixli, 17 nömrəli arxiv arayışına əsasən iddiaçı Qaravənd kənd soveti sədrinin 02.02.1988-ci ildə tərtib etdiyi Qaravənd kənd özünümüdafiə dəstəsinin 04 nömrəli əmr kitabının 35-cı sırasında olan qeydə əsasən Ağdam rayonu Qaravənd kənd özünümüdafiə dəstəsinin tərkibində 02.1988-09.10.1991-ci illərdə erməni quldurlarına qarşı aparılan döyüş əməliyyatlarda iştirak etmişdir. - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 11.06.2019-cu il tarixli, H/2000 nömrəli məktubuna əsasən toplanmış sənədlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında könüllü özünümüdafiə dəstələrinin tərkibində iştirak etməyinə dair təsdiqedici hüquqi sənədlər olmadığından iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün olmamışdır. - Eyni zamanda cavabdeh Xidmətin işin materiallarına əlavə edilmiş, iddia ərizəsinə etirazda göstərilmişdir ki, iddiaçının istinad etdiyi “Post kitabında” (Siyahıda) heç bir rekvizit məlumatları mövcud deyil, kim tərəfindən tərib edilməsi qeyd edilməmiş, hər hansı vəzifəli şəxs tərəfindən imza və möhürlə təsdiq olunmamışdır. - Apellyasiya baxışı zamanı məhkəmə tərəfindən Azərbaycan Respublikası X3 filialına sorğu ünvanlanaraq baxılan iş üzrə zərurət yarandığından, Ağdam rayon rəhbərliyinin göstərişinə əsasən Qaravənd kənd ərazisində yaradılmış müdafiə dəstəsinə aid olan post kitabının nəhkəməyə təqdim olunması xahiş olunmuşdur. Sorğuya cavab olaraq post kitabı məhkəməyə göndərilmişdir. Post kitabına əsasən müəyyən olunmuşdur ki, 02.02.1988-ci ildə 4 nömrəli əmrə əsasən X4 Vilayətində yaranmış münaqişə ilə bağlı olaraq, Ağdam rayonunun Qaravənd kəndində Ağdam rayonunun müdafiəsi üçün özünümdafiə dəstəsi yaradılmışdır. Özünümüdafiə dəstəsinin siyahısının 35-ci bəndində İddiaçı adı qeyd olunmuşdur. 09.10.1991-ci ildə Müdafiə Nazirliyinin yaranması ilə əlaqədar olaraq özünümdafiə dəstəsinin fəaliyyəti dayandırılmışdır. Siyahı Azərbaycan Respublikası Ağdam rayon İcra Hakimiyyətinin Başçısının möhürü ilə təsdiq olunmuşdur. Möhürün üzərindəki yazılar latın qrafikalı əlifba ilə tərtib olunmuşdur. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına «Veteranlar haqqında» AR Qanununun 3, 7-ci maddələrini, AR Nazirlər Kabinetinin 216 saylı 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinin 1ci bəndinin 8-ci yarımbəndini, həmin bəndin “Qeyd” hissəsini, Həmin Əsasnamənin sözügedən bəndinin 10-cu yarımbəndini tətbiq etməklə belə qərara gəlmişdir ki, iddiaçının müvafiq dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirakı ilə bağlı inzibati icraatda və inzibati məhkəmə icraatında aidiyyəti yerli icra hakimiyyəti orqanı (RİH) tərəfindən təsdiq edilmiş siyahı, hansı ki, iddiaçının həmin döyüşlərdə iştirakını əks etdirmiş olsun, təqdim edilməmişdir. İddiaçının təqdim etdiyi sənədlər isə, hərbi bilet və AR X3 Filialının arxiv arayışıdır ki, həmin sənədlər də yuxarıda qeyd edilən Əsasnamənin tələbləri baxmından onun həmin döyüş əməliyyatlarında iştirakını tam təsdiqləmək üçün yetərli sayıla bilməz. Ona görə də, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdeh AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, AR Nazirlər Kabinetinin 216 saylı 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan MR (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, AR Dövlət Sərhəd Xidməti, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, AR Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin sözügedən bəndinin “Qeyd” hissəsində göstərilmişdir ki, Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istehfaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Həmin Əsasnamənin sözügedən bəndinin 10-cu yarımbəndində göstərilmişdiur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan MR (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Göründüyü kimi müharibə veteranı adının verilmiəsi üçün əsas olan sənədlərin konkret sihayısı qanunvericiliyə əsasən müəyyən olunmuşdur. Qanunun tələbinə əsasən yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda) müharibə veteranı adının verilməsi üçün əsasdır. O cümlədən, döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Baxılan iş üzrə iddiaçının adı Ağdam rayonunun Qaravənd kəndində Ağdam rayonunun müdafiəsi üçün özünümdafiə dəstəsinin siyahısında qeyd olunsa da, döyüşlərdə iştirakını sübut edən sənədlər təqdim edilmədiyindən, eyni zamanda AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyi mövcud olmadığından cavabdehin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Məhkəmə araşdırması zamanı məhkəməyə təqdim olunmuş “1988-1998-ci illər. Ağdam rayonu, Qərvənd özünümüdafiə dəstəsinin post kitabı”na baxış keçirilmiş və cavabdehin nümayəndəsinə siyahılarda olan latın qrafikalı möhürlər göstərilərək, bunlara qiymət verilməsi xahiş olunmuşdur. Nümayəndə göstərmişdir ki, Xidmətdə iddiaçının müraciətinin araşdırılması zamanı bu Kitaba baxılmışdır, lakin o zaman həmin möhürlər mövcüd deyildi, yəni möhürlər sonradan vurulmuşdur. Eyni zamanda iddiaçı ona posta durması zamanı silah təhkim edilməsi, habelə siyahıda göstərilən digər şəxslərə müharibə veteranı adının verilməsi haqqında hər hansı məlumatı məhkəməyə təqdim etməişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 14.04.2021-ci il tarixli, 2-1(112)-1139/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-2248/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2248/2021
08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver