Məhkəmə qərarları › İş №2-1(103)-2248/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2248/2023

10.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2248/2023 10.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçılar X6 və İddiaçı Oqtay qızının cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “onların Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin binasına pasport qeydiyyatına alınması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12000/2022 saylı 30 noyabr 2023-cü il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəyə 10 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar X6 və İddiaçı Oqtay qızı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “onların Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin binasına pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12000/2022 saylı 30 noyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, X6 və İddiaçı Oqtay qızının Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin bina ünvnına qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Binəqədi rayon Polis İdarəsi oğlu tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti verilərək, müddətin bərpa edilməsi xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı 25 yanvar 2023-cü il tarixdə idarəyə daxil olsa da, iş yükünün çoxluğu ilə əlaqədar vaxtında apellyasiya şikayəti vermək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Bununla bağlı apellyasiyanın mümkünlüyü məsələsinə (ötürülmüş prosessual müddətin bərpası barədə ərizəyə) baxılması xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə iddiaçılar X4, İddiaçı Oqtay qızının və cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12000/2022 saylı 30 noyabr 2023-cü il tarixli qərarı xx.xx.2022-ci il tarixli məktubla poçt vasitəsilə cavabdeh orqanın iş materiallarında olan ünvanına göndərilmiş və sifarişli poçt xəbərnaməsinin (i.v. 29) “Şəxsən” qrafasının qarşısına “Mustafayeva” yazılaraq imza edilməklə 23 yanvar 2023cü il tarixdə qəbul edilmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən verilmiş müddətin bərpası barədə ərizədə məhkəmə qərarının 25 yanvar 2023-cü il tarixdə alındığı qeyd edilmiş və ondan apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası xahiş olunmuşdur. Müddətin bərpası barədə ərizə məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Belə olan halda xx.xx.2022-ci il tarixli məhkəmə qərarının cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə alındığı nəzərə alınaraq ondan apellyasiya şikayəti verilməsi üçün cavabdeh orqana münasibətdə son müddət xx.xx.2023-cü il tarix hesab olunur. Lakin iş materiallarından görünür ki, prosessual müddətin bərpasına dair ərizə məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur ki, bununla da cavabdeh tərəfindən qanunla müəyyən edilmiş 30 günlük prosessual müddət ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Hazırki işdə cavabdeh “apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi” barədə ərizəsində məhkəmə qərarından apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsinin səbəbini “iş yükünün çoxluğu” ilə izah etmiş, buna görə də apellyasiya şikayətinin vaxtında verilməsinin mümkün olmadığını bildirmişdir. Həmin dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apelyantın göstərdiyi dəlil onun tərəfindən qanunla müəyyən edilmiş prosessual müddətin üzrlü səbəbdən buraxılması və onun bərpa edilməsi üçün əsas vermir. Belə ki, nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqandır və onun tərəfindən məhkəmə işləri üzrə apellyasiya şikayətlərinin vaxtında verilməsini təmin etmək üçün səlahiyyətli əməkdaşları fəaliyyət göstərir. Odur ki, ərizədə göstərilən “iş yükünün çox olması” səbəbi inzibati orqana münasibətdə ötürülmüş prosessual müddətin bərpası üçün üzrlü səbəb kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.” Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında da deyilir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-12000/2022 saylı 30 noyabr 2023-cü il tarixli qərarından cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin “müddətin bərpası” ilə bağlı verdiyi ərizə təmin olunmamalı, apellyasiya şikayətinin mümkün sayılması üçün hər hansı əsas mövcud olmadığından şikayət qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməlidır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARAALDİ: Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən verilmiş “prosessual müddətin bərpasına dair” ərizə təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12000/2022 saylı 30 noyabr 2023-cü il tarixli qərarından cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar