Məhkəmə qərarları › İş №2-1(103)-2248/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2248/2025

28.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2248/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: “arayışın verilməsi”) QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X11 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçı və onun vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-574/2025 saylı, 18 fevral 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-785/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarına əsasən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6854/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs qismində X32 cəlb edilməklə “torpaq üzərində hüququn vəfat etmiş şəxsə məxsus olması haqqında arayışın verilməsi” barədə iddia tələbinin rədd edilməsi qərara alınmışdır.

2. Azərbaycan Respublikası Dövlət Arxivinin bakı filialının xx.xx.2018-ci il tarixli, N-164 nömrəli arxiv çıxarışına əsasən, Bakı şəhər Xalq deputatları sovetinin 6/333 nömrəli xx.xx.1988-ci il tarixli qərarı ilə 176 nömrəli BTK–nın-18 şəxsdən ibarət tərkibinin təsdiq edilməsi və onlara müəyyən edilmiş qaydada bağ sahələrinin ayırması qərara alınmış, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1990-ci il tarixli 3/78 nömrəli qərarına 7 nömrəli əlavəsinə əsasən, 176 nömrəli Ləhiş bağ tikinti kooperativinin üzvlərinin siyahısında 13 sırasında X4 adı qeyd edilmişdir.

3. 392608 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X7 xx.xx.2009-cu ildə vəfat etmişdir.

4. 379142 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, mərhum X7 İddiaçı atasıdır.

5. 40 saylı notariat ofisinin cavabdehə ünvanladığı xx.xx.2018-ci il tarixli X-İ-886 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2009-cu il tarixdə vəfat etmiş, ölən günədək ünvan 1 ünvanında yaşamış mərhum X2 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vətəndaş X24, X21, İddiaçı, X22 və X25 tərəfindən Bakı şəhəri 40 saylı notariat kontoruna müraciət daxil olmuş, tərəflərindən vərəsəlik işi açılmış və onlar, miras qoyanın vərəsəsi kimi tanınmışdır. X4 adına Bakı şəhəri, Sabunçu rayonu, 176 nömrəli Ləhiş bağ-tikinti kooperativinə aid bağ sahəsi ünvanında yerləşən torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd verildikdən sonra onun vərəsələrinin adına vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir.

6. Cavabdehin məhkəməyə təqdim etdiyi mütəxəssis rəyində qeyd edilmişdir ki, faktiki olaraq torpaq sahələrinin ayrı-ayrılıqda koordinatlarını əks etdirən sxem əlavə olundu. Qərb tərəfdə yerləşən torpaq sahəsinin sərhədləri mişar daş hasarla sərhədlənib (darvazası yoxdur giriş sərbəstdir). Şərq tərəfdə yerləşən torpaq sahəsinin sərhədləri isə şimaldan və cənubdan qonşu hasarla, qərb tərəfdən şərti, şərq tərəfdən 4-5 sıra mişar daşı ilə hörülərək sərhədlənib. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan ərazi iki hissəli poliqondur. Bir hissə 3444 saylı bağ sahəsinin digər hissəsi isə 3580 ilə başlayan bağların əraziləridir. Bağ nömrəsi məlum olmadığından sənəd üzrə vəziyyət barədə məlumat vermək mümkün olmadı. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Ərazi Ləhiş bağ massivi olmaqla Dövlət torpaqlarıdır.

7. Cavabdehin məhkəməyə ünvanlandığı xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-3314/2025 nömrəli hazırkı iş üzrə sorğuya cavab məktubunda qeyd edilmişidr ki, göstərilən torpaq sahəsi (bağ sahəsi) faktiki olaraq hasardaxili 0.1108 ha təşkil edir. Torpaq sahəsininüzərində tikili yoxdur. Sahəyə dair hüquqmüəyyənedici sənəd təqdim edilməyib. İddiaçının iddia etdiyi sahə digər fiziki şəxs tərəfindən hasarlanmışdır, darvazası yoxdur (mübahisəlidir). Vahid elektron kadastr məlumat bazasında göstərilən sahənin üst-üstə düşmə halı ilə bağlı məlumat aşkar edilmədi.

8. Cavabdehin məhkəməyə təqdim etdiyi daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Ləhiş bağ massivində torpaq sahəsinə baxış keçirilmiş, həmin torpaq sahəsinin faktiki ölçüləri 0,1108 ha təşkil edir, bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb, darvaza yoxdur, giriş sərbəstdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhər Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin 176 nömrəli BTK-i tərəfindən 20 avqust 1990-cı il tarixdə tərtib edilmiş akta əsasən 18 üzv-payçısı olan Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən və mərhum atası X5 ayrılmış bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair müvafiq çıxarışın (arayışın) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə müvafiq qərar qəbul edilməsi barədə iddia tələb ilə məhkəməyə müraciət etmişdir.

10. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “Bakı şəhər Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin 176 nömrəli BTK tərəfindən 20 avqust 1990-cı il tarixdə tərtib edilmiş akta əsasən 18 üzv payçısı olan, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən və mərhum atası X5 ayrılmış və hazırda iddiaçının faktiki istifadəsində olan 3444 saylı bağ sahəsinə hüququn mərhum atasına (X5) məxsus olmasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair müvafiq çıxarışın (arayışın) verilməsi vəzifəsinin cavabdeh DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir.

11. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının atası X7 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Mərhum atası A.Nəbiyevə və daha 17 nəfər payçıya 1990-cı il tarixdə Ləhiş bağ massivi ərazisində 0.12 ha torpaq sahəsinə ayrılmışdır. Belə ki, Bakı şəhər Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin 176 nömrəli BTK-nin sədri tərəfindən xx.xx.1990-cı il tarixdə tərtib edilmiş akta əsasən 18 üzv payçıya, o cümlədən mərhum atası Abbasəli Nəbiyevə də ayrılmış torpaq sahəsi Bakı şəhər Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi tərəfindən təhvil verilmişdir. 176 nömrəli ВТК tərəfindən həmin torpaq sahəsi qəbul edilib, həmin torpaq sahəsi 18 üzv payçılarının sayına görə sahələrə bölünmüşdür. Onun uşaqlıq illəri orada keçmişdir. Uzun müddət xaricdə yaşadığından bağa gedə bilməmişdir, yaxın zamanlarda vətənə qayıtdıqdan bir müddət sonra bağa getsə də, xeyli vaxt keçdiyindən və tikililər artdığından bağın faktiki yerini müəyyən edə bilməmişdir, çünki artıq daş hasarlar tikilmiş, atasına məxsus bağın yerini dəqiqləşdirə bilməmişdir və ərizə ilə dövlətin inzibati orqanına müraciət etmişdir ki, vaxtı ilə atasına ayrılmış bağın faktiki yerini ona göstərsinlər, lakin ərizəsi təmin olunmamışdır və ona imtina edilmişdir. Sonradan Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixi 3/78 saylı qərarına əsasən Ləhiş bağ massivində ayrılmış 0.12 ha torpaq sahəsinə dair hüquqlarının mərhum atası X5 məxsus olması barədə adına arayışın verilməsi vəzifəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etdi və məhkəmənin 2-1(112)-6854/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə ərizəsi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-l(103) 785/2023 saylı qərarı ilə xeyrinə çıxarılmış Bakı İnzibati Məhkəməsinin 2-1(112) 6854/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarını ləğv etsə də, məhkəmə kollegiyası həmin qərarında aşağıdakıları qeyd etdi,-“iddiaçıya (X5) ayrılmış torpaq sahəsinin hansı bağ sahəsinin olmasının müəyyən edilməsi məsələsinə gəldikdə isə, kollegiya qeyd edir ki, iddiaçı tərəfindən cavabdeh inzibati orqana mövcud hüquqmüəyyənedici sənədlərlə müraciət etməli və ona ayrılmış torpaq sahəsinin yerinin müəyyən edilərək arayış verilməsini tələb etməlidir. Tələbi təmin edilmədiyi təqdirdə isə yenidən həmin tələblə məhkəməyə müraciət edə bilər.” Yuxarıda göstərilən məhkəmə qərarına əsasən xx.xx.2023-cü il tarixdə yenidən Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməli olmuşdur. Həmin inzibati orqanın sorğusuna ünvanlanmış olduğu xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-40963/2023-**********63 saylı məktubu ilə bildirdilər ki, bazaya əsasən mərhum atası X4 adına 176 nömrəli ВТК nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində bağ sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənəd (order) idarənin arxivində aşkar edilməsə də, Bakı şəhər İcaraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 3-78 nömrəli qərarına əsasən 176 nömrəli bağ tikinti kooperativi üzvlərinin arxiv qovluğunda mövcud olan 18 nəfərdən ibarət siyahısında 13-cü sıra növbəsində X4 adı göstərilmiş, lakin ayrılması nəzərdə tutulmuş bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir. Eyni zamanda müraciətdə onu da qeyd etmişdir ki, 176 saylı ВТК-ya aid yerləşmə sxemində qeyd olunan bağ sahələrindən 3442, 3442а, 3443, 3443а, 3444а, 3580а, 3582, 3579 və 4959b saylı bağ sahələri dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin ВТК nəzdində 3580, 3581 və 3579а saylı bağ sahələri arxiv qovluğunda mövcud olan akta əsasən ləğv olunmuş, 3582а nömrəli bağ sahəsi xx.xx.2006-cı il tarixli 33095 nömrəli müqavilə ilə X16 istifadəsinə, 3582а saylı bağ sahəsi isə daxili protokol əsasında (184/11 nömrəli) X8 istifadəsinə verilmişdir. Daha sonra arayışda bildirilir ki, sənədlərin surəti müvafiq məhkəmə sorğusuəsasında məhkəməyə təqdim oluna bilər. Bakı şəhər Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin işçiləri ilə, 176 nömrəli BTK-nin sədri tərəfindən xx.xx.1990-cı il tarixdə tərtib edilmiş akta əsasən 18 üzv-payçı olan 176 ВТК-ya ayrılmış torpaq sahəsi Bakı şəhər Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi tərəfindən təhvil verilib, 176 nömrəli ВТК tərəfindən həmin torpaq sahəsi qəbul edilib, həmin torpaq sahəsi 18 üzv-payçılarının sayma görə sahələrə bölünmüş və həmin torpaq sahəsinin ümumi sahəsi 2.18 ha təşkil edir və torpaq sahəsinin sxemi mövcuddur. 176 saylı Ləhiş bağ-tikinti kooperativ üzvlərinin siyahısına əsasən kooperativin 18 nəfər üzvü:-1) X19, 2) X39, 3) X13, 4) X48, 5) X9, 6) X35, 7) X10, 8) X33, 9) X14, 10) X26, 11) X3, 12) X17, 13) X7, 14) X15, 15) X27, 16) X23, 17) X43, 18) X6 olmuşdur. Bakı şəhər XDS İK-nin 30/5 nömrəli, xx.xx.1990-cı tarixli qərarı ilə və xx.xx.1990-cı il tarixli akta əsasən mərhum atası həqiqətən Ləhiş bağ massivində 0.12 ha bağ sahəsi ayrılması şərtsiz olaraq təsdiqini tapmışdır. 395608 nömrəli “ölüm haqqında şəhadətnamə”dən görünür ki, atası X7 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. X7 onun atasıdır və bunu 379142 nömrəli doğum haqqında şəhadətnamə təsdiq edir. X38 ölümündən sonra Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 0.12 ha torpaq sahəsinə dair adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün ərizə ilə Bakı şəhəri 40 saylı notariat kontoruna müraciət etmişdir. Bakı şəhəri 40 saylı notariat kontoru Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə məktubla müraciət edərək, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimatın 7.1-ci bəndinə uyğun olaraq miras əmlakı üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın və bu barədə müvafiq məlumatın verilməsinin təmin edilməsi xahiş olunmuşdur. Lakin, nə 40 saylı notariat kontorunun müraciəti, nə də ki, onun müraciətinə əsasında Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən bağ sahəsinə dair miras qoyan X4 adına arayışın veriliməsi təmin edilməmişdir. Bununla da hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Göründüyü kimi, cavabdeh DƏDRX-nin 1 Saylı Bakı Ərazi idarəsinin göstəilən bağ sahəsinin onun adına qeydə alınmasından hüquqların dövlət qeydiyyatından imtina əsasları sadalanan Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15.1.1-15.1.6-cı maddələrində sadalanan əsaslardan hər hansı biri olmadan və bununla da qanuni əsaslar imtina edilmişdir. Göstərilənlərə əsasən bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq buna dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün hüquqi əsas olmuş, lakin bundan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi idarəsi tərəfindən əsassız olaraq imtina edilmişdir. Odur ki, mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

12. Cavabdehin iddiaçıya olan imtina məktubunda qeyd edilmişdir ki, “mövcud bazaya əsasən mərhum X4 adına 176 nömrəli ВТК nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində bağ sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənəd (order) idarənin arxivində aşkar edilməmişdir. Həmçinin bildiririk ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 3/78 nömrəli qərarına əsasən 176 nömrəli bağ tikinti kooperativi üzvlərinin arxiv qovluğunda mövcud olan 18 nəfərdən ibarət siyahısında 13-cü sıra nömrəsində X4 adı göstərilmiş, lakin ayrılması nəzərdə tutulmuş bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir. Məlumat üçün qeyd edirik ki, 176 saylı ВТК-ya aid yerləşmə sxemində qeyd olunan bağ sahələrindən 3442, 3442а, 3443, 3443а, 3444а, 3580а, 3582, 3579 və 4959b saylı bağ sahələri dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin ВТК nəzdində 3580, 3581 və 3579а saylı bağ sahələri arxiv qovluğunda mövcud olan akta əsasən ləğv olunmuşdur. 3582а nömrəli bağ sahəsi xx.xx.2006-cı il tarixli 33095 nömrəli müqavilə ilə Bağır-zadə Arif Şapur oğlunun istifadəsinə verilmişdir. 3581а saylı bağ sahəsi isə daxili protokol əsasında (184/11 nömrəli) X8 istifadəsinə verilmişdir.”

13. Cavabdehin iddiaya dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, təqdim edilən sənədlər surətdir. Bundan başqa, 1 saylı Bakı Ərazi İdarəsinin arxiv əsaslarında mərhum X5 bağ sahəsi ayrılması barədə order nüsxəsi aşkar olunmamışdır. İddiaçının İdarəyə müraciəti zamanı ona 3582a və 3584 saylı bağ sahələrinin ayrılması qeyd edilsə də, bununla bağlı iddiaçı tərəfindən heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bundan başqa təqdim olunmuş sənədlərdə torpaq sahəsinin ölçüsü, torpaq sahəsinin nömrəsi göstərilməmişdir və təqdim olunmuş qəzetdə bağ sahəsinin ünvanı “Sabunçu” yox “Suraxanı” qeyd edilmişdir. Həmçinin iddiaçının İdarəyə sonuncu müraciəti 3584 saylı bağ sahəsinə dair olmuşdur. Belə ki, sözügedən bağ sahəsinə İdarənin arxiv əsaslarına əsasən xx.xx.1993-cü il tarixli X18 ilə bağlanmış “Bağın icarəyə veriləsinə dair müqavilə” mövcuddur? İddiaçının təqdim olunan xx.xx.1990-cı il tarixli, 3/78 saylı qərarın arxiv çıxarışında X5 176 nömrəli Ləhiş bağtikinti kooperativindən torpaq sahəsi ayrılması qeyd olunmuşdur. Lakin 176 nömrəli Ləhiş bağ tikinti kooperativinin bölgü sxemində 3584 saylı bağ sahəsi qeyd olunmamışdır. İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2023-cü il tarixdə göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, bağ sahəsi qonşu bağla ümumi hasar daxilində olmaqla ara sərhədləri şərtidir. Elektron kadastr baza məlumatlarına əsasən xx.xx.2023-cü il müraciəti zamanı göstərilən ərazi 3582a saylı bağ sahəsi ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən ərazi digər bağların ərazisinə uyğun gəlir. Həmçinin iddiaçı digər müraciətləri zamanı eyni nömrəli bağ ilə fərqli ərazini göstərmişdir. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq mərhum atası X1 Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhəri İH) xx.xx.1990-cı il tarixli, 3/78 nömrəli qərarına əsasən ayrılmış Ləhiş bağ massivində 0,12 ha torpaq sahəsinə dair iddiaçının adına arayış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-6854/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Daha sonra sözügedən qərardan İdarə tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(103)-785/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6854/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs qismində X32 cəlb edilməklə “torpaq üzərində hüququn vəfat etmiş şəxsə məxsus olması haqqında arayışın verilməsi” barədə iddia tələbi rədd edilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 3582a saylı bağ sahəsi ilə əlaqədar İdarənin arxiv əsaslarında məlumat aşkar edilmişdir. Belə ki, 176 nömrəli BTK nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 3582a saylı bağ sahəsi 05 nömrəli Order əsasında X40 ayrılmışdır. İcarədarın vəfatından sonra 3582a saylı bağ sahəsi xx.xx.2005-ci il tarixli, 204 nömrəli protokol əsasında X28 adına keçirilmişdir. Daha sonra xx.xx.2006-cı il tarixli akta əsasən sözügedən bağ sahəsi xx.xx.2006-cı il tarixli, 33095 nömrəli müqavilə əsasında X16 istifadəsinə verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-574/2025 saylı, 18 fevral 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

15. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin imtina və etirazında göstərdiyi əsas dəlili ondan ibarətdir ki, order idarənin arxivində aşkar edilməmişdir, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 3/78 nömrəli qərarına əsasən 176 nömrəli bağ tikinti kooperativi üzvlərinin arxiv qovluğunda mövcud olan 18 nəfərdən ibarət siyahısında 13-cü sıra nömrəsində X4 adı göstərilsə də, ayrılması nəzərdə tutulmuş bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir.

16. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 01 avqust 2018 ci il tarixli, N-164 nömrəli arxiv çıxarışına əsasən, Bakı şəhər Xalq deputatları sovetinin 6/333 nömrəli 14 iyun 1988-ci il tarixli qərarı ilə 176 nömrəli BTK-nın-18 şəxsdən ibarət tərkibinin təsdiq edilməsi və onlara müəyyən edilmiş qaydada bağ sahələrinin ayırması qərara alınmış, Bakı şəhər Soveti icraiyyə Komitəsinin 19 aprel 1990-ci il tarixli 3/78 nömrəli qərarına 7 nömrəli əlavəsinə əsasən, 176 nömrəli Ləhiş bağ tikinti kooperativinin üzvlərinin siyahısında 13 sırasında X4 adı qeyd edilmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi mütəxəssis rəyindən bəlli olur ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin bir hissəsi 3444 saylı bağ sahəsinin, digər hissəsi isə 3580 ilə başlayan bağların əraziləridir, sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir, Ləhiş bağ massivi olmaqla Dövlət torpaqlarıdır.

17. Bundan başqa məhkəmə cavabdehin orderin idarənin arxivində aşkar edilməməsi dəlilinə münasibətdə qeyd edir ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1990-ci il tarixli 3/78 nömrəli qərarına 7 nömrəli əlavəsində 176 nömrəli Ləhiş bağ tikinti kooperativinin üzvlərinin siyahısında 13-cü sırada X4 adının qeyd edilməsi halı, həm hazırkı məhkəmə araşdırılmasının predmeti olan sübutlarda, həm də Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən 2-1(103)-785/2023 nömrəli inzibati iş çərçivəsində müəyyən edilmiş hallarda öz təsdiqini tapmışdır. Odur ki, təqdim edilən sənədin həqiqiliyi şübhə doğurmadığından və torpaqla bağlı hər hansı mübahisə (üçüncü şəxslərin müraciəti) olmadığından, cavabdeh orqan tərəfindən “mövcud bazaya əsasən mərhum X4 adına 176 nömrəli ВТК nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində bağ sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədin (order) idarənin arxivində aşkar edilməməsi”nə dair irəli sürdüyü dəlil daşınmaz əmlak üzərində hüquqların qeydə alınmasından imtina üçün əsas ola bilməz.

18. b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

19. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-574/2025 saylı, 18 fevral 2025-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

20. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.Həmçinin, apellyasiya baxışı zamanı iddiaçı tərəfindən iddia ərizəsinin hüquqi əsaslandırılması genişləndirməklə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, Bakı şəhər Xalq deputatları sovetinin 6/333 nömrəli, 14 iyun1988-ci il tarixli, 176 nömrəli və 19 aprel 1990-cı il tarixli 3/78 nömrəli qərarlarına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 3444 saylı bağ sahəsinin atası X5 məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

d) Prosses iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

23. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1. Şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsi “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

26. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir: Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

27. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun:

9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

30. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

32. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, keçmiş Bakı şəhər Xalq deputatları sovetinin 6/333 nömrəli xx.xx.1988-ci il tarixli qərarı ilə 176 nömrəli BTK– nın 18 şəxsdən ibarət tərkibinin təsdiq edilməsi və onlara müəyyən edilmiş qaydada bağ sahələrinin ayırması qərara alınmış, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1990-ci il tarixli 3/78 nömrəli qərarına 7 nömrəli əlavəsinə əsasən, 176 nömrəli Ləhiş bağ tikinti kooperativinin üzvlərinin siyahısında 13 sırasında X4 adı qeyd edilmişdir. X7 xx.xx.2009-cu ildə vəfat etmişdir. ünvan 5 ünvanlanaraq sözügedən əmlaka dair ölmüş şəxsin adına hüquqmüəyyənedici sənəd verilməsi xahiş edilmişdir.

33. Cavabdehin imtina və etirazında göstərdiyi əsas dəlili ondan ibarətdir ki, order idarənin arxivində aşkar edilməmişdir, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 3/78 nömrəli qərarına əsasən 176 nömrəli bağ tikinti kooperativi üzvlərinin arxiv qovluğunda mövcud olan 18 nəfərdən ibarət siyahısında 13-cü sıra nömrəsində X4 adı göstərilsə də, ayrılması nəzərdə tutulmuş bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir.

34. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 01 avqust 2018 ci il tarixli, N-164 nömrəli arxiv çıxarışına əsasən, Bakı şəhər Xalq deputatları sovetinin 6/333 nömrəli 14 iyun 1988-ci il tarixli qərarı ilə 176 nömrəli BTK-nın-18 şəxsdən ibarət tərkibinin təsdiq edilməsi və onlara müəyyən edilmiş qaydada bağ sahələrinin ayırması qərara alınmış, Bakı şəhər Soveti icraiyyə Komitəsinin 19 aprel 1990-ci il tarixli 3/78 nömrəli qərarına 7 nömrəli əlavəsinə əsasən, 176 nömrəli Ləhiş bağ tikinti kooperativinin üzvlərinin siyahısında 13 sırasında X4 adı qeyd edilmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi mütəxəssis rəyindən bəlli olur ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin bir hissəsi 3444 saylı bağ sahəsinin, digər hissəsi isə 3580 ilə başlayan bağların əraziləridir, sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir, Ləhiş bağ massivi olmaqla Dövlət torpaqlarıdır.

35. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-785/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarında 176 nömrəli Ləhiş bağ tikinti kooperativi üzvlərinin siyahısında iddiaçının atası (13-cü yer) ilə birlikdə 18 şəxsin olması və həmin kooperativə ayrılmış torpaq sahəsində 18 bağ sahəsi mövcud olduğu müəyyən edilmişdir.

36. Bundan başqa məhkəmə cavabdehin orderin idarənin arxivində aşkar edilməməsi dəlilinə münasibətdə qeyd edir ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1990-ci il tarixli 3/78 nömrəli qərarına 7 nömrəli əlavəsində 176 nömrəli Ləhiş bağ tikinti kooperativinin üzvlərinin siyahısında 13-cü sırada X4 adının qeyd edilməsi halı, həm hazırkı məhkəmə araşdırılmasının predmeti olan sübutlarda, həm də Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən 2-1(103)-785/2023 nömrəli inzibati iş çərçivəsində müəyyən edilmiş hallarda öz təsdiqini tapmışdır. Odur ki, təqdim edilən sənədin həqiqiliyi şübhə doğurmadığından və torpaqla bağlı hər hansı mübahisə (üçüncü şəxslərin müraciəti) olmadığından, cavabdeh orqan tərəfindən “mövcud bazaya əsasən mərhum X4 adına 176 nömrəli ВТК nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində bağ sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədin (order) idarənin arxivində aşkar edilməməsi”nə dair irəli sürdüyü dəlil daşınmaz əmlak üzərində hüquqların qeydə alınmasından imtina üçün əsas ola bilməz.

37. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilən daşınmaz əmlaka dair məlumatlarda qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi (bağ sahəsi) faktiki olaraq hasardaxili 0.1108 ha təşkil edir, iddiaçının iddia etdiyi sahə digər fiziki şəxs tərəfindən hasarlanmışdır, darvazası yoxdur (mübahisəlidir).

38. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin təqdim etdiyi məlumatlar qeyri-müəyyən olmaqla, hər hansi sübutla təsdiq edilməmişdir. Belə ki, həmin məktubda digər fiziki şəxs barədə məlumat, həmçinin mübahisənin nədən ibarət olması göstərilməmişdir.

39. Məhkəmə cavabdeh imtina və etirazında göstərdiyi əsaslar ilə bağlı öz hüquqi mövqeyini bildirərək qeyd etməyi zəruri hesab edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Hazırkı işin halları üzrə iddiaçının mərhum atasının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun məxsus olmasına dair arayışın verilməsindən imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.

40. Belə ki, inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və planölçü verilməlidir.

41. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır və həmin dəlillərə yuxarıda idddia tələbinin əsaslı olmasına münasibət bildirilərkən hüquqi qiymət verilmişdir.

42. Bundan başqa məhkəmə Kollegiyası bir daha qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının arxiv çıxarışına əsasən, Bakı şəhər Xalq deputatları sovetinin 6/333 nömrəli 14 iyun 1988-ci il tarixli qərarı ilə 176 nömrəli BTK-nın-18 şəxsdən ibarət tərkibinin təsdiq edilməsi və onlara müəyyən edilmiş qaydada bağ sahələrinin ayırması qərara alınmış, Bakı şəhər Soveti icraiyyə Komitəsinin 19 aprel 1990-ci il tarixli 3/78 nömrəli qərarına 7 nömrəli əlavəsinə əsasən, 176 nömrəli Ləhiş bağ tikinti kooperativinin üzvlərinin siyahısında 13 sırasında X4 adı qeyd edilmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi mütəxəssis rəyindən bəlli olur ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin bir hissəsi 3444 saylı bağ sahəsinin, digər hissəsi isə 3580 ilə başlayan bağların əraziləridir, sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir, Ləhiş bağ massivi olmaqla Dövlət torpaqlarıdır.

43. İnzibati orqan isə qanunvericilikdən irəli gələn vəzifələrinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmalıdır.

44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

45. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-574/2025 saylı, 18 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-574/2025 saylı, 18 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar