Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2249/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti) “icarə müqaviləsinin baglanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 08.06.2021-ci il tarixli, 2-1(112)-6342/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 3-cü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala rayonunun Çar kəndində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus əmlakların yerləşdiyi 2.0 ha və “Magara” Şəxsi Kəndli (Fermer) Təsərrüfatının üzərində meyvə bağı saldıgı Zaqatala rayonunun Mazıx kəndində yerləşən 5,5 ha meşə fondu torpaqlarının uzun müddətli, yəni 49 (qırx doqquz) il müddətinə icarəyə verilməsi məqsədilə onunla icarə müqaviləsinin baglanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 08.06.2021-ci il tarixli, 2-1(112)-6342/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 08.06.2021-ci il tarixli, 2-1(112)-6342/2021 saylı qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün işin Bakı İnzibati Məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, icarə müqaviləsinin bağlanması üçün iş üzrə cavabdeh Azərbaycan Respublikasmm Ekologiya və Təbii Sərvətlər Nazirliyin qərarından asılıdır. Yəni, Azərbaycan Respublikasmm Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qərarı (razılığı) olmasa icarə müqaviləsinin bağlanması qeyri-mümkündür. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs (nümayəndələri) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçının COVİD-19 pasportu və ya immunitet sertifikatı olmadığından Azərbaycan Respublikası Ali Məhkəməsinin 06.10.2021-ci il tarixli tövsiyə xarakterli məlumatına əsasən məhkəmə iclasına buraxılmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 08.06.2021-ci il tarixli, 2-1(112)-6342/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iddiaçıya ünvanladıgı məktubdan görünür ki, 2018-ci il 29 iyul tarixində Şəki şəhərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi tərəfindən vətəndaşların səyyar qəbulunda istifadəsində olan meşə fonduna aid torpaq sahəsinə icarə müqaviləsinin müddətinin artırılması ilə bağlı təqdim etdiyi ərizə və Nazirliyə ünvanladığı 2018-ci il 10 iyun tarixli teleqram araşdırılaraq bununla əlaqədar 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, X3 X2 Məsələləri Şöbəsi əməkdaşlarının və iddiaçının iştirakıyla “Şəlalə” istirahət mərkəzinin yerləşdiyi meşə sahəsinə baxış keçirilmiş, ərazinin 5,5 hektardan ibarət olmaqla tikanlı məftillərlə mühafizə olunduğu, 2 hektarında fındıq bağı, 1 hektarında meyvə bağı, 0,05 hektarında isə kivı bağı salındığı məlum olmuşdur. Ərazi mühafizə olunduğundan meşəbərpa işlərinin qənaətbəxş səviyyədə olduğu, habelə meşə qanunvericiliyinin tələblərinə əməl edildiyi müvafiq aktla sənədləşdirilmiş, ərazidəki 8 ədəd şam ağacından tikilmiş evlərin turizm məqsədi ilə istifadəyə yararlılığı müəyyən edilmişdir. Araşdırma zamanı iddiaçı yazılı izahat verərək əsas xahişinin “Şəlalə” istirahət guşəsi və "xxxx" istirahət mərkəzi ilə yenidən müqavilənin bağlanması olduğunu bildirmişdir. Sözügedən “Şəlalə” istirahət guşəsi və "xxxx" istirahət mərkəzinin yerləşdiyi ərazilərdə meşə bitkilərinin, torpağın, heyvanat aləminin və ətraf mühitin mühüm ekoloji, iqtisadi və sosial əhəmiyyət kəsb edən digər komponentlərinin bərpası, artırılması və mühafizəsinə həssaslıqla yanaşdığı nəzərə alınaraq, meşə təsərrüfatından daha məqsədyönlü və səmərəli istifadə olunması məqsədilə “Şəlalə” istirahət guşəsi və "xxxx" istirahət mərkəzi ilə yeni formatda müasir tələblər çərçivəsində müvafiq müqavilələrin bağlanmasının mümkün hesab edilməsi məktubda qeyd olunmuşdur. Bununla əlaqədar aidiyyəti sənədlərin X3 Təsərrüfatı Mərkəzinə təqdim etməyi iddiaçıya tövsiyə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkişafı Xidmətinin 05 fevral 2021-ci il tarixli, 27/Z065 nömrəli məktubu ilə iddiaçının Zaqatala rayonunun Car kəndinin yaxınlığında yerləşən meşə fondu sahəsindən 2.0 ha və Mazıx kəndinin yaxınlığında yerləşən meşə fondu sahəsindən isə 5.5 ha torpaq sahələrini meyvə bağı salmaq məqsədilə icarəyə verilməsinə köməklik göstərilməsi barədə müraciətinə aidiyyəti üzrə baxılaraq bildirilmişdir ki, sözügedən ərazilər meşə ilə örtülü olduğundan icarəyə verilməsi məqsədəmüvafiq hesab edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühit və X1 Tənzimlənməsi Departamentində təsdiq edilmiş 14.09.2002ci il tarixli 311 qeydiyyat nömrəli “Meşə fondu sahələrindən elmi-tədqiqat, mədənisağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi barədə” 18.06.2002-ci il tarixli 01 nömrəli müqavilədən görünür ki, Zaqatala r-n Meşə mühafizəsi və bərpası müəssisəsi ilə “Magara” Şəxsi Kəndli (Fermer) Təsərrüfatı arasında Zaqatala rayonunun Car kəndinin yaxınlığında yerləşən meşə fondu sahəsindən 5.5 ha torpaq sahəsi istirahət güşəsi yaratmaq məqsədilə icarəyə verilməsi barədə müqavilə baglanmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbi mülki hüquqi müqavilənin (icarə müqaviləsinin) bağlanması ilə əlaqədar olduğundan, mübahisəyə xüsusi hüquq sahəsi sayılan mülki qanunvericiliyinin tələbləri tətbiq edilməklə baxılmalıdır. Mülki Məcəllənin normaları ümumi qayda olaraq yalnız mülki xarakterli münasibətləri, yəni tərəflərin iradələrinin bərabərliyinə əsaslanan mülki hüquq münasibətlərini tənzimləyən qaydalardır və ümumi (publik) hüquq sahəsində yaranan münasibətlərə tətbiqi mümkün deyildir. Hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır. Eyni zamanda iddiaçıya izah edilmişdir ki, hazırkı iddia tələbində qaldırdığı mülki hüquq münasibətlərindən yaranan məsələlər barəsində işin hallarından asılı olaraq aidiyyəti ümumi yurisdiksiyalı məhkəmədə iddia qaldırmaq hüququndan istifadə edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarında məhkəmələrə aşagıdakılar izah edilmişdir: 5.2. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. 6.1. Torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 6.2. Eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Göründüyü kimi, hazırki mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə haqlı olaraq iddianın mümkün sayılmaması qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 08.06.2021-ci il tarixli, 2-1(112)-6342/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2249/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2249/2021
20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver