Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2249/2024 12.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan X2rşı “kompensasiya ödənilməsi tələbinə dair" Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1380/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ona məxsus və qanuni istifadəsində olmuş Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin ərazisində 400 kv.metr torpaq sahəsinin iradəsinə zidd və əvəzi ödənilmədən geri götürülməsi və üzərindəki tikililərin sökülməsi ilə bağlı cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş ziyanın əvəzi olaraq 185.000 manat məbləğin iddiaçıya ödənilməklə kompensasiya edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi aşağıdakılarla əsaslandırmışdır: “...Bakı şəhəri Binəqədi rayon Xocasən bələdiyyəsinin xx.xx.2007-cı il tarixli, 33/14 nömrəli qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq 400 kv.metr torpaq sahəsi iddiaçıya əvəzi alınmaqla mülkiyyətinə verilmişdir. Həmin qərarın icrası ilə bağlı, adıçəkilən torpaq sahəsi ona satılmış və bu barədə Xocasən Bələdiyyəsi ilə “Torpaqların alqısatqısına dair” Akt təsdiqlənmişdir. Torpaq üçün müəyyən edilmiş dəyər xx.xx.2007-ci il tarixdə iddiaçı tərəfindən tam ödənilmişdir. İddiaçı ona məxsus torpaq sahəsini mərz boyu mişar daşı ilə hasara almış və orada 10x15 metr ölçüdə, 3,8 metr hündürlüyündə anbar tikmişdir. 2009-cu ildə həmin sahəni 80.000 ABŞ dollara X1 razılaşıb, yarı pulu olan 40.000 ABŞ dollarını almışdır. Digər yarısını isə çıxarış alıb, alqı-satqını rəsmiləşdirəndə ödəyəcəyi şərti ilə razılaşıb, əmlakı onun faktiki istifadəsinə vermiş və həmin gün ona, adıçəkilən torpaq sahəsinə sərəncam vermə barədə etibarnamə vermişdir. İddiaçının məlumatı və icazəsi olmadan adıçəkilən 400 kv.metr torpaq sahəsi "xxxx" QSC tərəfindən zəbt edilmiş, tikililər sökülmüş və orada “Xocasən” elektrik deposu tikilmişdir. Nəticədə iddiaçı əvəzi ödənilmədən ona məxsus əmlakdan iradəsinə zidd məhrum edilmişdir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...Xocəsən" elektrik deposunun tikintisi “Bakı Metropoliteninin Perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il tarixli, 1408 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı Metropoliteni Xətlərinin X7”ndə nəzərdə tutulmuşdur. Bakı Metropoliteninin xx.xx.2011-ci il tarixli 40N-10/2-318 saylı müraciətini və Dövlət Neft Şirkətinin xx.xx.2011-ci il tarixli 22/MQ-789 saylı rəyini nəzərə alaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 357 saylı Sərəncamı ilə Binəqədi rayonu, Xocəsən-Lökbatan yolunun şərq hissəsində 23,7 ha torpaq sahəsi “Xocəsən” elektrik deposunun layihələndirilməsi və tikintisi üçün Bakı Metropoliteninin daimi istifadəsinə verilmişdir. "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 2013-cü il tarixli, 158 nömrəli Qərarına əsasən Binəqədi rayonu, Xocəsən-Lökbatan yolunun şərq hissəsində “Xocəsən” elektrik deposunun tikintisi üçün 21,91 ha torpaq sahəsini dövlət ehtiyacları üçün alan orqan qismində Bakı Metropoliteni müəyyən edilmişdir. Alınmanın həyata keçirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarəti və şikayətlərə baxılmasını nəzərət orqanı olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirirdi. Sərəncamla ayrılmış sözügedən torpaq sahəsində inventarizasiya işlərinin yerinə yetirilməsi zamanı ayrı-ayrı şəxslərə torpaq sahələrinin ayrılması barədə Xocəsən Bələdiyyəsinin qərarlarının, torpaqların alqısatqısına dair aktlarının olduğu müəyyən edilmiş, lakin toplanmış sənədlər əsasında Maliyyə Nazirliyi tərəfindən həmin şəxslərə torpağa görə kompensasiyanın ödənilməsi məqsədəuyğun hesab edilməmişdir. Binəqədi rayonu Xocəsən bələdiyyəsi sədrinin imzası ilə Daşınmaz Əmlakın Kadastrı və X3 direktorunun adına ünvanlanmış 01 aprel 2013-cü il tarixli 315 nömrəli məktubda qeyd olunmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bu günə qədər Xocəsən bələdiyyəsinin mülkiyyətinə torpaq sahəsi verilməmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli, 357 saylı Sərəncamından görünür ki, “Xocəsən” elektrik deposunun layihələndirilməsi və tikintisi üçün Binəqədi rayonu, Xocəsən-Lökbatan yolunun şərq hissəsində 23,7 ha torpaq sahəsi Bakı Metropoliteninin daimi istifadəsinə verilərkən Dövlət Neft Şirkətinin xx.xx.2011-ci il tarixli 22/MQ-789 saylı rəyi alınmışdır. Həmin rəydə Bakı Metropoliteninin İİİ xəttinin elektrik deposunun tikintisi üçün nəzərdə tutulmuş 23,7 ha torpaq sahəsi ARDNŞ-nin daimi istifadəsində və Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qirməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Şianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında’’ Sazişə əsasən neft-qaz əməliyyatlarının aparılması üçün “X10” Əməliyyat Şirkətinin istifadəsinə verilmiş Kontrakt sahəsi hüdudları daxilində yerləşən sənaye təyinatlı torpaqlara aid olduğu, qaldırılan məsələnin strateji əhəmiyyətliliyini nəzərə alaraq, cizgisi məktubda əlavədə verilmiş torpaq sahəsinin İİİ xəttin elektrik deposunun tikintisi üçün ayrılmasına ARDNŞ-nin etiraz etmədiyi qeyd olunur. Göründüyü kimi, bələdiyyə yalnız bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verə bilər, sözügedən torpaq sahəsi Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin mülkiyyətində olmamışdır. Həmin torpaq sahəsi ilə bağlı bələdiyyənin heç bir hüquqi bağlılığı olmamış, habelə hüquqi bağlılıq olmuş olsaydı da belə torpağın fiziki şəxsə satılması ilə əlaqədar qanunvericiliyin heç bir tələbinə əməl olunmaması iddiaçının torpaqla bağlı hər hansı hüququnun yaranmamasına dəlalət edir. Həmin torpaq sahəsi dövlət mülkiyyətinə aid edilməklə ARDNŞ-nin daimi istifadəsində olmuş, daha sonra isə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli, 357 saylı Sərəncamı ilə Bakı Metropoliteninin (hazırda - "xxxx" QSC) daimi istifadəsinə verilmişdir. Aidiyyəti rəsmi orqanların təqdim etdikləri mötəbər məlumatlardan bir daha aydın olur ki, mübahisəli torpaq sahəsi ilə əlaqədar iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş qaydada hüquqi bağlılığı mövcud deyildir və belə olan halda iddiaçıya həmin torpaq sahəsinə görə kompensasiya ödənilməsi yolverilməzdir. Xocəsən Deposunun tikinti sahəsinə düşən ərazidə bələdiyyə qərarları ilə onlara torpaq sahəsinin məxsus olduğunu iddia edərək buna görə "xxxx" QSC-yə qarşı kompensasiya tələbi ilə məhkəməyə müraciət edənlər də olmuş, lakin həmin iddialar təmin edilməmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1380/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir və məhkəmə icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmənin iş üzrə müəyyən etdiyi hallar, iş üzrə gəldiyi nəticənin tam ziddinədir.Belə ki, adı çəkilən 400 kv.m. torpaq sahəsi iddiasıya Xocasən bələdiyyəsi tərəfindən satıldığı, yerində təhvil verilmiş və həmin torpaq sahəsi məhz cavabdeh tərəfindən aparılmış tikinti sahəsinin hüdudlarında yerləşir. O ki, qaldı bələdiyyənin mülkiyyətinə torpaq sahəsinin rəsmən verilmədiyinə, bu iddianın rəddi üçün əsas ola bilməz. Çünki bu hamıya bəlli və məlum haldır ki, bələdiyyələrə aid olunan torpaq sahələri, torpaqların mülkiyyətə aid edilməsi qaydalarına uyğun olaraq faktiki müəyyən edilmə ilə aparılmışdır. Bələdiyyələr həmin faktiki ərazilərə əvəllər sərbəst sərəncam vermişlər və minlərlə belə alqı - satqı müqavilələri mövcuddur. Bundan başqa, iddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsinin, bununl bağalı qərar (protokolun) bələdiyyələrlə iş idarəsinə təqdim edilmədiyi, vətəndaşın vəzifəsi deyildir. Vətəndaşın öhdəliyi ona satılmış torpaq sahəsinin əvəzinin ödənilməsi və torpaq sahəsini yerində qəbul edilməsindən ibarətdir. Digər tərəfdən cavabdeh tərəfindən söküntü və tiknti işlərinin aparıldığı ərazinin bələdiyəyə yox, tam şəkildə ARDNŞ-nə məxsus idisə, onda niyə həmin ərazidə mövcud tikililərin sökülməsinin əvəzində kompensasiya verilmişdir. Həmçinin 14 nəfərə kompensasiyanın verilməsindən imtina edilməsi niyə ərazinin ARDNŞ-nə məxsus olması əsasdan deyil, digər əsasdan imtina edilmişdir. Bununla bağlı qərarın 6-cı səhifəsinin 2-ci abzasında şərhi bu şəkildədir: İddiaçının sübur etmə yükü ona ayrılmış torpaq sahəsinə dair əldə etməli olan sənədlərini təqdim etmək. Yerində qəbul etdiyi torpaq sahəsinin yerləşdiyi ərazini yerini göstərməkdən ibarətdir. İddianı təqdim edərkən, sənədləri əlavə etmiş, məhkəmə baxışı zamanı da mübahisəli 400 kv.m. torpaq sahəsini yerləşdiyi ərazini mərz boyu mütəxəssilərə təqdim etmişdir. Qeyd edilməlidir ki,iddiaçı tərəfindən ona ayrılmış torpaq sahəsinə dair təqdim etdiyi bələdiyyə tərəfindən verilmiş sənədlərlə bağlı mübahisə və ya onların yanlış olduğuna dair qərar mövcud deyildir. Tam əksinə bələdiyyə həmin sənədlərin doğru olduğu, ona ayrılmış torpaq sahəsinin cavabdehə depo tikintisi üçün ayrılmış ərazinin daxilində olduğu, yeni deponun tikintisi ilə əlaqədar ona məxsus tikililərin söklüdüyünü, ərazidə olan mövcud tikililərin aid şəxslərin siyahısının tərtib edilən zaman texniki səhv üzündən iddiaçının adı qeyd edilməsiyini verdiyi cavablarda rəsmən təsdiqləmişdir. Göründüyü kimi vətəndaş əvəzini ödəməklə qanuni əsaslarla torpaq sahəsini əldə etmiş, istifadəsinə almış, orada tikililər aparmış, torpaq sahəsi ondan geri alınmış, lakin əvəzi ödənilməmişdir.Vətəndaşın hüquqlarının aşkar şəkildə pozulduğu ortada.Şikayət olunan qərarla da məhkəmə müdafiə hüququ təmin edilməmişdir. Bununla da görünür ki, məhkəmənin işi tam aydınlaşdırmamış, iş üzrə mövcud sübutların aidliyini düzgün qiymətləndirməmişdir.Bu baxımdan da qəbul edilmiş qərar, məhkəmə qərarlarının əsaslığı təsbit olunmuş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələblərinə ziddir və obyektiv hesab edilə bilməz...” Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazında göstərilənlərə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkmə icraatı qaydasında baxılır. İş materiallarına əsasən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayon Xocasən bələdiyyəsinin xx.xx.2007-cı il tarixli, 33/14 nömrəli qərarı ilə iddiaçıya Xocasən bələdiyyəsinin ərazisində 400 kv.metr torpaq sahəsi iddiaçıya əvəzi alınmaqla mülkiyyətinə verilmiş və əmin qərarın icrası ilə bağlı, torpaq sahəsinin ona satılması barədə aralarında “Torpaqların alqı-satqısına dair” Akt imzalanıb təsdiqlənmişdir. Konkret halda, işin hallarından göründüyü kimi, iddiaçı mübahisələndirir ki, onun məlumatı və icazəsi olmadan, adıçəkilən 400 kv.metr torpaq sahəsi "xxxx" QSC tərəfindən zəbt edilmiş, tikililər sökülmüş və orada “Xocasən” elektrik deposu tikilmişdir. Ona görə də cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş ziyanın əvəzi olaraq 185.000 manat məbləğində kompensasiya vəsaiti cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. İddiaçının həmin tələbi ilə bağlı müraciətinə cavabdeh ona ünvanladğı 04 may 2023cü il tarixli cavab məktubunda və iddia ərizəsinə etirazında və hazırkı məhkəmə iclasında iştrak edən nümayəndəsi izahatında bildirmişlər ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 357 saylı Sərəncamı ilə “Xocəsən” elektrik deposunun layihələndirilməsi və tikintisi üçün Bakı Metropoliteninin daimi istifadəsinə Binəqədi rayonu, Xocəsən-Lökbatan yolunun şərq hissəsində 23,7 ha torpaq sahəsi verilmiş, həmin torpaq sahəsində ilkin inventarizasiya işləri aparılmış, hasarlanmış və üzərində tikililər barədə məlumaların dəqiqləşdirilməsi üçün Xocasən bələdiyyəsinə sorğu verilmiiş, alınmış cavab məktubunda İddiaçı aid heç bir məlumat aşkar edilməmiş, bundan əlavə, Dövlət Neft Şirkətindən alınmış in xx.xx.2011-ci il tarixli 22/MQ-789 saylı rəyə əsasən müəyyən olunmuşdur ki, sözügedən 23,7 ha torpaq sahəsi X10” Əməliyyat Şirkətinin istifadəsinə verilmiş Kontrakt sahəsi hüdudları daxilində yerləşən sənaye təyinatlı torpaqlara aiddir (Dövlət Neft Şirkətinin həmin rəyi işə əlavə olunmuşdur) Məhkəmə kollegiyası belə hesab edir ki, cavabdehin imtinası əsaslıdır. Belə ki, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizası üzrə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri“ PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********59 nömrəli mütəxəssis rəyinə əsasən də, vahid elektron kadastr məlumatları da nəzərə alınmaqla, aşağıdakılar müəyyən olunmuşdur: - Bakı şəhəri Binəqədi rayon Xocasən bələdiyyəsinin xx.xx.2007-cı il tarixli, 33/14 nömrəli qərarı iddiaçıya ayrılmış 400 kv.metr torpaq sahəsi, birincisi dövlət mülkiyyəti torpağıdır. - ikincisi “sənaye, nəqliyyat , rabitə müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid, olmaqla həmin sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir(Binəqədi Oil); - üçüncüsü həmin sahə yaxınlığında fəaliyyətdə olan neft quyusu mövcuddur. - dördüncüsü, iddiaçıya məxsus həmin sahə yüksək təzyiqli qaz kəmərinin, habelə bütünlüklə yüksək gərginlikli (110 kVt-lıq) mühafizəsində yerləşir. Göründüyü kimi, iddiaçıya məxsus mübahisəli sahə, dövlət kadastr göstəriciləri nəzərə alınmaqla təddqiq edildikdə də müəyyən ediilmişdir ki, Xocasən bələdiyyəsinin qərarı ilə iddiaçıya ayrılmış 400 kv.m torpaq sahəsinin, Dövlət Neft Şirkətinin xx.xx.2011-ci il tarixli, 22/MQ-789 saylı qed olunan rəyində göstərildiyi kimi, “sənaye, nəqliyyat , rabitə müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olan dövlət torpağı olduğu öz təsdiqini tapmışdır. Bundan əlavə, işə əlavə olunmuş Binəqədi rayonu Xocəsən bələdiyyəsi sədrinin imzası ilə Daşınmaz Əmlakın Kadastrı və X3 direktorunun adına ünvanlanmış 01 aprel 2013-cü il tarixli 315 nömrəli məktubda qeyd olunmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bu günə qədər Xocəsən bələdiyyəsinin mülkiyyətinə torpaq sahəsi verilməmiş, eyni zamanda, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən Xocəsən bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 33/14 nömrəli qərarı Bələdiyyələrlə iş mərkəzində qeydiyyatdan keçməmişdir. Qeyd olunanlar baxımından, məhkəmə kollegiyası, ən azından, onu qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsızdır. Beləliklə də, göstərilənlər onu deməyə əsas verir ki, cavabdeh tərəfindən aparılmış mübahisəli depo tikintisi dövlətə məxsus torpaqda aparıldığı təqdirdə, onun iddiaçı qarşısında hüquqazidd təqsiri müəyyən oluna və vurulmuş maddi və mənəvi zərərə görə iddiaçı qarşısında məsuliyyəti yarana bilməz. Çünki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Konkret halda isə, cavabdehin iddiaçıya münasibətdə təqsirli qanunsuz hərəkətlərinin mövcudluğu müəyyən olunmur. Xocəsən Bələdiyyəsi tərəfindən iddiaçıya torpaq sahəsi ayrılmasına gəldikdə məhkəmə kollegiyası bununla əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Rnespublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinin 3-cü hissəinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəllənin 4-cü hissəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmçinin,qeyd edilməlidir ki, Xocahəsən bələdiyyəsi dövlət torpaqlarına münasibətdə torpaq sahəsini iddiaçıya ayırmaq səlahiyyətinə malik ola bilməzdi.. Belə ki, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamə”nin 1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Əsasnamənin 17-ci maddəsinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına (Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) göndərir. Həmin Əsasnamənin müvafiq icra hakimiyyəti orqanı (Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Həmin Əsasnamənin 19-cu maddəsinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Konkret halda, bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsi ayrılarkən, qanunvericiliyin qeyd olunan tələblərinə tam riayət olunmamış, səlahiyyətinə aid olmayan torpaq sahəsi barədə qərar qəbul etmişdir. Halbuki, qanunvericiliyin tələblərindən isə göründüyü kimi, bələdiyyə torpaqlarının mülkiyyətə istifadəyə və icarəyə verilməsi üçün - birincisi, torpaq bələdiyyə torpağı olmalı, ikincisi, yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra, bələdiyyə üzvlərinin iclasında qəbul edilmiş kollegiаl qərarı əsassında verilə bilər. Əks halda yuxarıda qeyd edildiyi kimi, “İnzibati icraat haqqında” Qanunun 65.1.2-ci maddəsinin tələbi baxımından, bələdiyyənin qərarı müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt kimi qiymətləndirilməklə etibarsız sayılır. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunmasını mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də iddiaçının apellyasiya şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməklə iddiaçının hüquqlarını pozduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1380/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1380/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2249/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2249/2024
12.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver