Məhkəmə qərarları › İş №2-1(103)-2249/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2249/2025

12.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2249/2025 12.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və plan, ölçünün verilməsi” tələbinə dair iş üzrə Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və plan, ölçünün verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4071/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT: 1.İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, Abşeron SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli, 328 nömrəli qərarına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi Abşeron SSR Nazirlər Sovetinin 3 avqust 1989-cu il tarixli, 328 nömrəli qərarına əsasən X1 sovxozunda fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmışdır. Qeyd edilən torpaq sahəsi elə həmin ildə akt əsasında ona sahiblik və istifadəsinə verildikdən bu günə qədər torpaq sahəsindən maneəsiz istifadə edir. Həmin 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq qaydada rəsmiləşdirilməsi ilə əlaqədar tələb olunan sənədlərlə birlikdə cavabdeh təşkilata müraciət etdi, müraciəti qəbul olunaraq qeydiyyata alınmış və müraciətinin icrasından imtina edilmişdir. Hesab edir ki, imtina tamamilə qanunsuz və əsassızdır, eyni zamanda onun qanunla qorunan hüquqları pozulmuşdur. Hesab edir ki, sözügedən torpaq sahəsi Abşeron SSR Nazirlər Soveti tərəfindən qanuni əsaslarla ayrıldığından cavabdeh mülkiyyət hüququnun qeydə almaqdan imtina etməkdə haqlı deyil. Araşdırılan halda, torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Göründüyü kimi, cavabdeh inzibati orqanın müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla onun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunan normaların tələbinə əsasən torpaq sahəsinə onun mülkiyyət hüququ qeydə alınmalıdır. Belə ki, onun həmin torpaq sahəsindən qanuni əsaslarla, maneəsiz, məhdudiyyətsiz istifadə edir.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4071/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə, iddia tələbi təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın və plan və ölçüsünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

4. Qərardan narazı qalan cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

5. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 222 nömrəli, xx.xx.1989-cu il tarixli qərarında istinad edilən “X1” sovxozunun direktorunun xx.xx.1989-cu il tarixli, 98 nömrəli əmri təqdim edilməmişdir. Bundan başqa, həyətyanı torpaq sahəsinin verilməsinə aid aktda tərtibedilmə tarixi tam qeyd olunmayıb. Bundan əlavə, torpaq sahəsi elektron kadastr baza məlumatına əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı olmaqla dövlət mülkiyyətində olan torpaqlara aiddir. Belə ki, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cımaddəsinin 9-cu abzasına əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin iddiaçının adına qanunamüvafiq qaydada ayrılıb-ayrılmaması ilə bağlı tam və ətraflı araşdırma aparılmamışdır. Tərəflərin izahatları:

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayndəsi və vəkili apelyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir.

7. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

İŞİN HALLARİ:

8. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Abşeron rayon icra hakimiyyətinin Abşeron rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli F419 nömrəli arxiv çıxarışında qeyd edilmişdir ki, xx.xx.1989-cu il tarixli “X1 sovxozunda fəhlə və mütəxəssislərə fərdi yaşayış evi tikintisi və icazə verilməsi haqqında” 222 nömrəli qərarına əsasən Abşeron SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il 328 №-li qərarına ilə X1 sovxozunda fərdi yaşayış evi tikintisi üçün 4,0 hektar torpaq sahəsi ayrılmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə ayrılmış torpaq sahəsindən 40 ailəyə hər nəfərə 0,10 hektar hesabı ilə torpaq sahəsi ayrılmışdır.

9. Abşeron rayon XDS İK-nin qərara alır: aşağıda adları qeyd olunan vətəndaşlara fərdi yaşayış evi tikilməsi üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında X1 sovxozunun 15 avqust 1989-cu il tarixli 98 nömrəli əmri təsdiq edilsin. “8. İddiaçı 0,10 hektar.” Vətəndaşlara həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır.

10. Abşeron rayon XDS İK-nin həyatı torpaq sahəsinin verilməsinə dair 1989-cu il tarixli aktda qeyd edilmişdir ki, X1 sovxozunun sakini İddiaçı Abşeron rayon XDS İK-nin xx.xx.1989-cu il tarixli 222 nömrəli qərarına əsasən fərdi yaşayış evi tikdirmək üçün 0,10 ha torpaq sahəsi yer üzərində ara nişanlar ayrılaraq vətəndaşa daimi istifadə üçün təhkim edilmişdir. Həmin aktda İddiaçı ayrılmış torpaq sahəsinin sxemi və ölçüləri qeyd edilmişdir.

11. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Kürdaxanı qəsəbəsində yerləşən torpaq sahəsinin hüquq müəyyənedici sənəd üzrə və faktiki olaraq sahəsi 1000 kv.metr təşkil edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

14. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 9.1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. 9.2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. 9.3. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir.

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ:

16. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

18. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır.

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

20. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşır və hesab edir ki, işin birinci instansiya məhkəməsində araşdırılması zamanı mübahisənin faktiki hallarına düzgün qiymət verilmişdir.

21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.

22. İş materiallarından müəyyən olur ki, Azərbaycan SSR-nin Abşeron rayon XDS İK-nin xx.xx.1989-cu il tarixli “X1 sovxozunda fəhlə və mütəxəssislərə fərdi yaşayış evi tikintisi və icazə verilməsi haqqında” 222 nömrəli qərarına əsasən İddiaçı yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında X1 sovxozunun xx.xx.1989-cu il tarixli 98 nömrəli əmri təsdiq edilmiş, İddiaçı 0,10 hektar torpaq sahəsinin ayrılması qərara alınmışdır.

23. X1 sovxozunun xx.xx.1989-cu il tarixli 98 nömrəli əmri ilə İddiaçı ayrılmış 0,10 hektar torpaq sahəsinin yerləşmə sxemi Abşeron rayon XDS İK tərəfindən tərtib edilmişdir.

24. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə iddiaçının adına tərtib edilmiş torpaq sahəsinə dair həmin yerləşmə sxemi Azərbaycan SSR-nin Abşeron rayon XDS İK-nin xx.xx.1989-cu il tarixli 222 nömrəli qərarı ilə tamamlanmaqla iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən ilkin sübutu kimi çıxış edir.

25. Onu da qeyd etmək lazımdır ki, həmin torpaq sahəsinin ayrılmasına dair sənədlərin etibarsız hesab edilməsi iş materiallarına əsasən müəyyən edilmir, o cümlədən həmin sənədlərin mötəbərsizliyi cavabdeh də tərəfindən sübut olunmamışdır, torpaqla bağlı hər hansı mübahisə mövcud deyil. Həmçinin torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil və faktiki olaraq iddiaçının istifadəsindədir.

26. Göründüyü kimi torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları yaranmışdır və iddiaçı iddia tələbində haqlıdır.

27. Cavabdeh apelyasiya şikayətində bildirmişdir ki, “...torpaq sahəsi elektron kadastr baza məlumatına əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı olmaqla dövlət mülkiyyətində olan torpaqlara aiddir.”

28. Cavabdehin həmin dəlilinə münasibətdə Kollegiya işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlir ki, sözügedən ərazidəki torpaq sahələrinin sənaye təyinatlı torpaq sahələri olmasına dair hər hansı məlumat yoxdur və torpaq sahəsinin “yaşayış məntəqələri torpaqları” kateqoriyasına aid olması işin mübahisəsiz halıdır. Belə ki, daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında da göstərilmişdir ki, mübahisələndirilən torpaq sahəsinin 2 tərəfi yol, 2 tərəfi qonşunun ərazisidir. Odur ki, kollegiya hesab edir ki, digər yaşayış sahələrinin yerləşdiyi bir ərazinin sənaye təyinatlı torpaq sahəsi olması ağlabatan deyil.

29. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir: 1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

30. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına dair əsasların dairəsini konkret müəyyən edir. Buna əsasən, Kollegiya hesab edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir, cavabdehin imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

31. Halbuki, inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipinə əsasən, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.

32. Belə ki, torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.

33. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).

34. Qeyd edilənlərə əsasən, Məhkəmə kollegiyası hesab edir ki, X1 sovxozunun xx.xx.1989-cu il tarixli 98 nömrəli əmri verilən yerləşmə sxemi təsdiq edildiyindən, Azərbaycan SSR-nin Abşeron rayon XDS İK-nin xx.xx.1989-cu il tarixli 222 nömrəli qərarın mötəbərliyi ilə bağlı hər hansı şübhə olmadığından iddiaçının faktiki sahibliyində və istifadəsində olan sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun tanınması üçün hər hansı bir maneə yoxdur.

35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

36. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

37. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

38. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

39. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4071/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar