Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-225/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1963-cü il tarixində Tovuz rayonunun Bayramlı kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin birdəfəyə ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2-1(112)-4071/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 16 mart 2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “pensiya hüququnun yarandığı gün 01.01.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi və ötən aylar üçün pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsi qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının pensiya hüququ yarandığı gündən yəni, 01.01.2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və pensiya məbləğinin hesablanaraq ona ödənilməsini cavabdehdən xahiş etmişdir. Cavabdeh pensiya təyin edilməsindən imtina edərək 6 ay çatışmadığını bildirmişdir. Daha sonra iddiaçı 14.01.2020-ci il tarixdə də ərizə ilə müraciət etmişdir. Ərizədən sonra cavabdeh tərəfindən 1 ayın çatışmadığı bildirilmişdir. 1980-ci il tarixdən iddiaçıya əmək kitabçası açılmış, 2016-cı ildə işdən azad olunmuşdur. İddiaçının 36 il 3 ay əmək stajı var. 1980-ci il tarixdən 1981-ci ilin yanvarın axırına kimi qaynaqçı peşəsinə yiyələnmişdir. 04.02.1981-ci ilin tarixdən 12.12.2005-ci ilə kimə qaynaqçı işləmişdir. 01.01.2006-cı il tarixdən 31.03.2016-cı ilə kimi sosial ödənişi var. İddiaçı cavabdehin imtinasını qanunsuz hesab edir, bu səbəbdən də məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2-1(112)-4071/2020 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu 01.01.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən aylar üçün pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2-1(112)-4071/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "Əmək pensiyaları haqqında" qanunun (bundan sonra - ƏPQ) 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi. "Vətəndaşların pensiya təminatı haqqında" qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-cı il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması: 2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması: və 3) iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi.Hazırkı iş üzrə 2-ci və 3-cü şərtlərə əməl edilməmişdir. "Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b bəndinə əsasən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər—57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddət 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. İddiaçının İT-İ № ******* əmək kitabçasına nəzər salsaq görərik ki. kitabçanın qeydində (4-cü səhifə) düzəliş edilmişdir. Həmin qeyd iddiaçının işdən azad edilməsi ilə bağlı olduğundan həmin müddətlərin iddiaçının ümumi iş stajına daxil edilməsi qanunsuzdur.Göründüyü kimi. 01.01.2006-cı il tarixədək iddiaçının topladığı ümumi iş stajı 25 ildən azdır.Belə olan halda, iddiaçıya münasibətdə "Vətəndaşların pensiya təminatı haqqında” Qanun tətbiq edilə bilməz. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmişdir. AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2- 1(112)-4071/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı 03.09.1963-cü il təvəllüdlüdür. - NZ ******* nömrəli hərbi biletin surətinə əsasən iddiaçı 13.05.1981-ci ildən 16.05.1983-cü ilə qədər hərbi xidmətdə olmuşdur. - ИТ-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən iddiaçı 04.02.1981-ci il tarixdən 08.05.1981-ci il tarixə, 24.06.1983-cü il tarixdən 30.05.1985-ci il tarixə, 20.06.1985-ci il tarixdən 10.12.2003-cü il tarixə, 23.12.2003-cü il tarixdən 26.12.2005-ci il tarixə, 26.12.2005-ci il tarixdən 01.01.2006-cı il tarixə, 13.05.1981-ci il tarixdən 16.05.1983-cü il tarixə 12.12.2005-ci tarixə kimi işləmişdir. iddiaçı 04.02.1981-ci il tarixdən 08.05.1981-ci il tarixə 24.06.1983-cü il tarixdən 30.05.1985-ci il tarixə, 20.06.1985-ci il tarixdən 10.12.2003-cü il tarixə, 23.12.2003-ci il tarixdən 26.12.2005-ci il tarixə kimi xüsusi ilə ağır iş şəraitində elektrik qaynaqçısı kimi çalışmışdır. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X5 Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 20.04.2021-ci il tarixli, 258/21 nömrəli arxiv arayışına (direktor M.Hüseynov tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, verilir, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı Bayram oğluna ondan ötrü ki, həqiqətən o, 04.09.1980ci il tarixində keçmiş 6 №li Texniki Peşə Məktəbinə əyani “Qaynaqçı” ixtisasına qəbul olmuşdur. Həmin ixtisasın 26.01.1981-ci il tarixdə tam kursunu bitirmişdir. Keçmiş 6 №li Texniki Peşə Məktəbi 12 №li Bakı Peşə Liseyi adlandırılıb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 06.04.2020-ci il tarixli, F-202 nömrəli əmrinə əsasən 1 №li Bakı Peşə Liseyi, 12 №li Bakı Peşə Liseyi, 17 №li Bakı Peşə Liseyi və 10 №li Bakı Peşə Məktəbinin bazasında “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxs yaradılmışdır. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 09.04.2021-ci il tarixli, 4/747 nömrəli məktubuna (şöbə müdiri N.S.Eminov tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, “Bakı təcrübəvi yüngül metal konstruksiya” zavodunun arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. - “X1” MMC-nin 30.03.2021-ci il tarixli, XMK065/0321 nömrəli məktubuna (direktor F.Əliyev tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, ünvan 2 ünvanında “X1” MMC fəaliyyət göstərir. - “xxxx” ASC-nin 09.01.2020-ci il tarixli, 01 nömrəli arayışına (direktor əvəzi K.M.Kərimov və kadrlar üzrə menecer S.F.Zamanova tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, verilir, 1963-cü il təvəllüdlü İddiaçı Bayram oğluna ondan ötrü ki, o həqiqətən 20.06.1985-ci il tarixdən 8 saylı X4 zavoduna (indiki “xxxx” ASC-yə) Mexaniki sexə (örtülü sexə) elektrik qaynaqçısı peşəsinə qəbul edilmişdir (əmr 56/k, 21.06.1985) 03.05.1986-cı il tarixdə isə 1 saylı Beton Quraşdırma sexinə (örtülü sexə) elektrik qaynaqçısı keçirilmişdir. (əmr 49c, 24.12.1986. Həmin sexdə zərərli faktor toz və sementdir). 01.10.1988-ci il tarixdə Mexaniki sexə (örtülü sexə) elektrik qaynaqçısı keçirilmişdir. (əmr 48c, 10.10.1988) 02.01.1989-cu il tarixdən yenidən 1 saylı X2 sexinə (örtülü sexə) elektrik qaynaqçısı keçirilmişdir. (əmr 10/c, 24.01.1989. Həmin sexdə zərərli faktor toz və sementdir). 07.06.2001-ci il tarixdə Armatur sexinə (örtülü sexə) 6-cı dərəcəli elektrik qaynaqçısı keçirilmişdir. (əmr 25/c, 07.06.2001) 10.12.2003-cü il tarixdən isə ARƏM-nin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. (əmr 133/k, 10.12.2003-cü il) İşlədiyi müddətdə Azərbaycan Respublikası Nazirlət Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən islahatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Ümumi” peşələr hissəsinə uyğun olaraq örtülü sexdə əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsini icra etmişdir. İşin apellyasiya icraatı zamanı məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi vətəndaş İddiaçı əmək kitabçasında qeyd olunan Müdafiə Nazirliyinin İnzibati Bina və Qurğulara Qulluqetmə Xidmətinə aid olan əmrlərin təsdiq edilmiş surətlərini məhkəməyə göndərmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün qanunvericiliklə nəzərdə tutulmuş ümumi və güzətşli iş stajına malikdir. Belə ki, iddiaçının çalışdığı peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında nəzərdə tutulan əl ilə qaynaq aparan elektrik qaynaqçıları – ( kod- 23200000—19906) peşəsinə uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qeyd edilən peşə üzrə güzəştli iş stajı 12 il 06 aydan və ümumi iş stajı isə 25 ildən çox olduğu üçün birinci instansiya məhkəməsi iddiaçıya onun 57 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ mövcud olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş ümumi və güzəştli iş stajı olduğundan ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş ümumi və xüsusi iş stajına malik olduğundan hazırkı iddia tələbi əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2-1(112)-4071/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2-1(112)-4071/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-225/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-225/2021
29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver