Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-225/2022 15.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Arzu İsrafil qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın veriməsi” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2-1(112)-5407/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə təkrar apellyasiya qaydasında Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 sentyabr 2014-cü il tarixli, iş 2-1(81)-4229/2014 saylı qərarı ilə hazırlanmış plan və ölçü və Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 mart 2015-ci il tarixli, iş 2- 1(81)-1353/2015 saylı qanuni qüvvəyə minmiş qərarı ilə ona alqı-satqı əsasında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 39 saylı, 05.02.2007-ci il tarixli qərarı ilə ayrılmış və hazırda faktiki mülkiyyətində olan 150 kv.m. torpaq sahəsinə dair qanuni çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 1414 saylı 29 sentyabr 2000-ci il tarixli sərəncamına əsasən uzun illər istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Ə.Əlixanov küçəsi 89 saylı binanın yaxınlığındakı 150 kv.m. torpaq sahəsi əlavə olunmuş cizgi əsasında abadlaşdırma, yenidənqurma və istirahət güşəsi təşkil edilməsi məqsədilə ona ayrılmışdır. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən qeyd olunan ünvanda onun istifadəsində olan torpaq sahəsinin yerləşmə cizgisi tərtib olunaraq təsdiq edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 39 saylı, 05.02.2007-ci il tarixli qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr., Ə.Əlixanov küçəsi 89 saylı binanın yaxınlığında 150 kv.m. bələdiyyəyə məxsus torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə əlavə edilmiş cizgiyə uyğun olaraq onun mülkiyyətinə ayrılmışdır. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 27 saylı, 05.02.2007-ci il tarixli qərarı əsasında həmin torpaq sahəsinin alqı-satqı müqaviləsi tərtib edilərək təsdiq edilmişdir. Həmin torpaq sahəsinə 05 fevral 2007-ci il tarixli, 034573 saylı qəbzi ilə torpaq alqı-satqısı üçün 624 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə qarşı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 39 saylı, 05.02.2007-ci il tarixli qərarı ilə mülkiyyətinə verilmiş torpaq sahəsinin plan və ölçüsünün hazırlanaraq verilməsi və alqı-satqı aktının qeydiyyata alınması vəzifəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər şöbəsinə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 sentyabr 2014-cü il tarixli, iş 2-1(81)-4229/2014 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 39 saylı, 05.02.2007-ci il tarixli qərarı ilə mülkiyyətində olan torpaq sahəsinin plan və ölçüsünün hazırlanaraq verilməsi və alqı-satqı aktının qeydiyyata alınması vəzifəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsinə həvalə edilməsi qət edilmişdir. Qərar icra olunaraq həmin torpaq sahəsi ilə bağlı mülkiyyətində olan torpaq sahəsinin plan və ölçüsü hazırlanaraq ona verilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 mart 2015-ci il tarixli, 2-1(81)- 1353/2015 saylı qərarına əsasən Binəqədi qəsəbə Bələdiyyəsinin hüdudları daxilində Binəqədi rayon qəsəbəsi ərazisində ayrılmış 150 kv.m. torpağın alqı-satqısına dair aktın tərtib edilməsi Binəqədi Bələdiyyəsinə həvalə edilmiş və icra edilmişdir. Qeyd edilən torpaq sahəsi ilə bağlı o, çıxarışın alınması üçün Azərbaycan Respublikası DƏDRX 1 saylı Bakı şəhər Ərazi idarəsinə müraciət edərək rəsmi sənədlərini təqdim etsə də qanunsuz və əsassız olaraq ona çıxarışın verilməsi təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 16.09.2020-ci il tarixli 2-1(112)-5407/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, 6-cı mikrorayon, Ə.Əlixanov küçəsi, 89 saylı yaşayış binasının yaxınlığında yerləşməklə İddiaçı istifadəsində olan 150 kv.m. torpaq sahəsi üzrə sonuncunun daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı müvafiq ünvanda yerləşən torpaq sahəsinə dair çıxarışın verilməsi məqsədilə idarəyə 22.05.2020-ci il tarixdə poçt vasitəsilə müraciət etmişdir. Aparılmış araşdırmalarnəticəsində məlum olmuşdur ki, torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamışdır. Həmçinin elektron kadastr baza məlumatına əsasən ayrılmış torpaq sahəsinin perimetrik ölçü və faktiki sahəsi arasında uyğunsuzluq mövcuddur. Bununla yanaşı torpaq sahəsi çoxmərtəbəli yaşayış binasının həyətindəki yaşıllıq massivində yerləşmişdir. Qeyd olunan səbəblərə görə ərizənin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq imtina məktubu ünvanlanmışdır. Apellyasiya şikayətində “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 6.2, 6.5-ci, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına, Torpaq Məcəlləsinin 21.1, 55, 67, 68, 111.1-ci, “Azərbaycan Respublikası Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8-ci, 11.1-ci maddələrinə istinad edərək qeyd olunmuşdur ki, Bakı İnzibati Məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almamış, əsassız olaraq İddiaçı iddia tələbini təmin etmişdir. Bu səbəbdən də, həmin məhkəmə tərəfindən qəbul olunmuş 16 sentyabr 2020-ci il tarixli qərar ləğv edilməli, iddiaçının iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul olunmalıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-509/2021 saylı, 18.03.2021-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2-1(112)-5407/2020 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi rədd edilmişdir. Qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1266/2021 saylı, 07.07.2021-ci il tarixli qərarı ilə iddiaçının kasasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18.03.2021-ci il tarixli, 2- 1(103)-509/2021 nömrəli qərarı ləğv edilmiş, İş baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü ildə Ermənistan, Meqri rayonu kəndində doğulmuşdur. - Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 1414 №-li, 29.09.2000-ci il tarixli sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, Ə.Əlixanov küçəsi, 89 saylı binanın yaxınlığındaki torpaq sahəsi əlavə olunmuş cizgi əsasında abadlaşdırma, yenidənqurma və istirahət güşəsi təşkil edilməsi məqsədi ilə həmin binanın 61-ci mənzilində yaşayan X5 ayrılmışdır. - Bakı şəhər Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 39 №-li, 05.02.2007-ci il tarixli İddiaçı fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin alqı-satqı yolu ilə onun mülkiyyətinə verilməsi haqqında qərarının surətindən görünür ki, Binəqədi rayonu, 6 mkr., Ə.Əlixanov küçəsi, 89 saylı yaşayış binasının yaxınlığında 150 kv.m. bələdiyyəyə məxsus torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün alqı-satqı yolu ilə əlavə edilmiş cizgiyə uyğun olaraq İddiaçı mülkiyyətinə (hər kv.m. üçün YAM ilə 4 manat 16qəp. ödəmək şərtilə) ayrılmışdır. - Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında 27 №-li, 05.02.2007-ci il tarixli müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, Ə.Əlixanov küçəsi, 89 saylı binanın qarşısında 150 kv.m. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ümumi iclasının 23.01.2007-ci il tarixli, PRN01 qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı verilmişdir. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29.09.2014-cü il tarixli, 2-1(81)- 4220/2014 №-li qərarının surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 39 saylı, 05.02.2007-ci il tarixli qərarı ilə mülkiyyətində olan torpaq sahəsinin plan və ölçüsünün hazırlanaraq verilməsi və alqı-satqı aktının qeydiyyata alınması vəzifəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsinə həvalə edilmişdir. - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, həmin torpaq sahəsinin plan və ölçüsü Azərbaycan Respublikası adından 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 29.09.2014-cü il tarixli, 2inz(81)-4220/2014 saylı qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, 6cı mkr, Ə.Əlixanov küçəsində İddiaçı 150 kv.m.-də fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. - Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmisinin 2-1(81)- 1353/2015 №-li, 31.03.2015-ci il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsinin 05.02.2007-ci il tarixli, 39 saylı qərarına əsasən X5 Binəqədi qəsəbə Bələdiyyəsinin hüdudları daxilində Binəqədi Qəsəbə ərazisində ayrılmış 150 kv.metr torpağın alqısatqısına dair aktın tərtib edilməsi Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə həvalə edilmişdir. - Bakı şəhər Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 40 №-li, 08.05.2015-ci il tarixli qərarının surətindən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2inz(81)- 1353/2015 saylı inzibati iş üzrə 31.03.2015-ci il tarixli qərarın əsasən Binəqədi bələdiyyəsinin 05.02.2007-ci il tarixli, 39 saylı qərarı ilə Bakı şəhəri, 6 mkr., Ə.Əlixanov küçəsi, 89 saylı yaşayış binasının yaxınlığında fərdi yaşayış evinin tikintisi üçün X3 mülkiyyətinə ayrılmış 150 kv.metr torpaq sahəsinə dair alqı-satqı aktının tərtib olunub ona təqdim edilməsi qərara alınmışdır. - 08.05.2015-ci il tarixli torpaqların alqı-satqısına dair aktının surətindən görünür ki, ünvan 2 ünvanında yaşayan Cəfərova X6 rayonu, Binəqədi Bələdiyyəsinin 10.12.2014-cü il tarixdə torpaq sahəsi almaq barədə müraciət etmiş və Binəqədi rayonu Binəqədi Bələdiyyə ərazisində 150 kv.m torpaq sahəsi satılması barədə 2015-ci il 08.05.2015-ci il tarixli 40 saylı qərar qəbul edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı 0935126 №-li çıxarışından görünür ki, ünvan 4 ünvanında yerləşən 0.03 ha yaşayış məntəqələrinin torpaqları X4 mülkiyətindədir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin iddiaçıya ünvanladığı **********51 №-li, 06.07.2020-ci il tarixli məktubundan görünür ki, təqdim edilmiş alqı-satqı aktı keçmiş DTXK tərəfindən təsdiq edilməmiş və torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamışdır. Həmçinin elektron kadastr baza məlumatına əsasən ayrılmış torpaq sahəsinin perimetrik ölçü və faktiki sahə sahə arasında uyğunsuzluq mövcuddur. Bununla yanaşı torpaq sahəsi çoxmərtəbəli yaşayış binasının həyətindəki yaşıllıq massivində yerləşmişdir. Ona görə də müraciəti təmin edilməmişdir. Beləliklə hazırkı işin hallarından müəyyən edilir ki, mübahisəli torpaq sahəsi ilk öncə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 1414 №-li, 29.09.2000-ci il tarixli sərəncamına əsasən İddiaçı ayrılmış, sonradan həmin sahəyə dair məhkəmələrin qanuni qüvvəsini almış qərarlarına əsasən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü verilmiş, Bakı şəhər Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 40 №-li, 08.05.2015-ci il tarixli qərarı ilə alqısatqı aktına əsasən İddiaçı satılmışdır. İddiaçı mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının tanınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh alqı-satqı aktının keçmiş DTXK tərəfindən təsdiq edilməməsini, torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin əlavə olunmamasını, həmçinin elektron kadastr baza məlumatına əsasən ayrılmış torpaq sahəsinin perimetrik ölçü və faktiki sahə arasında uyğunsuzluğun mövcud olması, bununla yanaşı torpaq sahəsinin çoxmərtəbəli yaşayış binasının həyətindəki yaşıllıq massivində yerləşməsini əsas gətirərək iddiaçının müraciətini təmin etməmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və bələdiyyəyə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipotekaya qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi göstərişi ondan ibarət olmuşdur ki, “sözügedən torpaq sahəsinin ümumi istifadədə olması iş üzrə hər hansı mötəbər sübutla təsdiq edilmir. Belə ki, bu məsələ ilə bağlı müvafiq səlahiyyətli orqana (Əmlak Məsələləri Dövlət Xidməti yanında X1 Təşkili üzrə Dövlət Agentliyi) heç bir sorğu göndərilməmiş, yəni həmin məsələ araşdırılmamış qalmışdır.” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşin hazırkı apellyasiya icraatı zamanı müvafiq göstəriş nəzərə alınmış və məhkəmənin 15.11.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Bələdiyyəsinin 05 fevral 2007-ci il tarixli qərarına əsasən İddiaçı mülkiyyətinə ayrılmış, 6 mkr. Ə.Əlixanov küçəsi, 89 saylı yaşayış binasının yaxınlığında yerləşən 150 kv.m torpaq sahəsinin hüquqi statusu, mülkiyyət növü (dövlət, bələdiyyə, xüsusi) və ümumi istifadədə olub olmaması haqqında mütəxəssis rəyinin verilməsi AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus "xxxx" MMC-yə həvalə olunmuşdur. Eyni zamanda məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus "xxxx" MMC-yə məktub ünvanlanaraq, yaranmış zərurətlə əlaqədar olaraq Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Bələdiyyəsinin 05 fevral 2007-ci il tarixli qərarına əsasən İddiaçı mülkiyyətinə ayrılmış, 6 mkr. Ə.Əlixanov küçəsi, 89 saylı yaşayış binasının yaxınlığında yerləşən 150 kv.m torpaq sahəsinin hüquqi statusu, mülkiyyət növü (dövlət,bələdiyyə,xüsusi) və ümumi istifadədə olub-olmaması haqqında rəsmi arayışın Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinin təmin edilməsi xahiş edilmişdir. 04.04.2022-ci il tarixdə məhkəməyə daxil olmuş AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus "xxxx" MMC-nin 18.03.2022-ci il tarixli, **********06 №-li məktubu ilə mütəxəssis rəyi və yerquruluşu planı təqdim edilmişdir. Məktuba əlavə edilmiş mütəxəssis rəyinin nəticə hissəində qeyd edilmişdir ki, “İddiaçı ayrılmış 150 kv m (faktiki sahəsi 166 kv.m olan ) torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazidə yaşayış binalarının həyətində yerləşir. Ölçülən ərazi Bakı şəhər İcra Hakimiyyətinin 31.08.2000-ci ii tarixli 809 nömrəli sərəncamı ilə Binəqədi rayonu Binəqədı bələdiyyəsinə ayrılması nəzərdə tutulan torpaq sahələrinin hüdudları daxilində yerləşsə də, bələdiyyə xəritəsi aidiyyəti qurumlar tərəfindən təsdiq edılmədıyi üçün dövlət mülkiyyəti hesab edilir.” Məhkəmə kollegiyası qeyd edir ki, işin təkrar apellyasiya icraatı zamanı işin mübahisəli halları araşdırılmış və müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Bələdiyyəsinin 05 fevral 2007-ci il tarixli qərarına əsasən İddiaçı mülkiyyətinə ayrılmış, 6 mkr. Ə.Əlixanov küçəsi, 89 saylı yaşayış binasının yaxınlığında yerləşən 150 kv.m torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsi olmamış, Bakı şəhər İcra Hakimiyyətinin 31.08.2000-ci ii tarixli 809 nömrəli sərəncamı ilə Binəqədi rayonu Binəqədı bələdiyyəsinə ayrılmış yaşayış sahələri kategoriyasına aid olmuşdur. Eyni zamanda iş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından da müəyyən edildiyi kimi iddiaçı mübahisələndirilən torpaq sahəsinin qanuni istifadəçisidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən edilmiş hallarına əsasən mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınmasına dair cavabdehin imtinası mövcud qanunvericilik normalarına zidd olmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili olan torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmaması ilə bağlı qeyd edir ki, mübahisəli torpaq sahəsi ilə bağlı alqı-satqı aktı qanuni qüvvəsini almış məhkəmə qərarının icrasına əsasən bağlanmış, eyni zamanda mübahisəli torpaq sahəsinin planı və ölçüsü də qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən verilmişdir. Ona görə də mübahisəli torpaq sahəsi ilə bağlı müvafiq alqı-satqı aktının keçmiş DTXK tərəfindən təsdiq edilməsinin və torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin əlavə olunmasının cavabdeh inzibati orqan tərəfindən tələb edilməsinə zəruriyyət yoxdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin digər dəlili olan torpaq sahəsinin çoxmərtəbəli yaşayış binasının həyətindəki yaşıllıq massivində yerləşməsinə münasibətdə qeyd edir ki, torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin 31.08.2000-ci ii tarixli 809 nömrəli sərəncamı ilə Binəqədi rayonu Binəqədi bələdiyyəsinə ayrılması nəzərdə tutulan torpaq sahələrinin hüdudları daxilində yerləşmiş, dolayısıyla iddiaçının qanuni əsaslarla mülkiyyətində olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X2 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, Qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2-1(112)- 5407/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-225/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-225/2022
15.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver