Məhkəmə qərarları › İş №2-1(103)-225/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-225/2023

06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-225/2023 06.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2-1(112)- 5410/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, ona yaşa görə dövlət qulluqçusu kimi əmək pensiyasına əlavələrinin yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh onun müraciətinin təmin etməsindən imtina etmişdir. Cavabdehin imtinasının əsasında dövləq qulluğu stajının 15 ildən az olması təşkil edir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun yaranmış pensiya hüququndan məhrum edir. Cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya qarşı etirazını yazılı şəkildə təqdim edərək bildirmişdir ki, iddiaçının dövlət qulluğu vəzifəsində iş stajı 13 il 25 gün təşkil edir. İddiaçının xx.xx.1990-ci il tarixdən xx.xx.2001- ci il tarixədək çalışdığı “Azərdövlətstandart” dövlət qurumu Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2001-ci il tarixli Fərmanına əsasən ləğv edilmiş və iddiaçı tutduğu vəzifədən azad edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının dövlət qulluğuna xitam verilməsi publik hüquqi şəxsin yaradılması ilə əlaqədar olmamışdır. Ləğv edilən “Azərdövlətstandart” dövlət qurumunun yerində publik hüquqi şəxs yox, dövlət orqanı olan Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi yaradılmışdır. Buna görə də iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə baxımından mümkün deyildir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən ona dövlət qulluqçusu kimi əmək pensiyasını təyin edilməsi və dövlət qulluqçusu kimi əmək pensiyasını əlavələrinin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizə protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2-1(112)-5410/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o 6 noyabr 1955-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Dövlət qulluğu stajı 13 il 25 gün təşkil edir. “Azərdövlətstandart” dövət qurumu Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 623 saylı Fərmanıa əsasən ləğv edilmişdir və həmin ləğvetmə ilə əlaqədar tutduğu vəzifədən azad olunmuşdur. Həmin müddətə onun dövlət qulluğu stajı 13 il 25 gün təşkil edir. Onun 2017ci ilin iyul ayının 1-dək dövlət qulluğu vəzifəsində 10 ildən artıq qulluq stajı olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci maddəsinə əsasən əmək pensiyasına dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında əlavə almaq hüququ olmuşdur. Lakin cavabdeh qanunvericiliyin həmin tələblərini yerinə yetirmir, onun hüquqlarını kobud surətdə pozur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2-1(112)-5410/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçı 6 noyabr 1955-ci il tarixdə doğulmuş, xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək SSRİ Dövlət Standartladırma Komitəsinin B.Sərdarov adına maşınqayırma zavodunda nümayəndə; xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək SSR Dövlət Standartlaşdırma Komitəsinin Azərbaycan Respublikası İdarəsinin Simmetrik attestasiya və geometrik ölçülərin dövlət yoxlanışı şöbəsində mühəndis və aparıcı mühəndis, xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək həmin şöbədə mütəxəssis vəzifələrində çalışmışdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun: 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. 23.2-1-ci maddəsinə əsasən dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalmış dövlət qulluqçusu kimi əmək pensiyasına əlavə almaq hüququ onların dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. “Əmək pensiyaları haqqında” Qanunun: 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları “Əmək pensiyaları haqqında” Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 4.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslər öz arzuları ilə yalnız bir pensiya təyin edilir. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər. 20.11-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1.Dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2.Dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 20.11-1-ci maddəsinə əsasən dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. Göründüyü kimi dövlət qulluqçusu kimi əmək pensiyasının təyin olunması 2 əsasa görə mümkündür: 1)Şəxsin dövlət qulluğu vəzifəsində 15 il və ya daha çox stajı olmalı; 2)Publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onun bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olmalıdır. İddiaçının dövlət qulluğunda iş stajının 13 il 25 gün olması mübahisələndirilməyən haldır. Birinci instansiya məhkəməsinin X3 ünvanlanmış sorğuya cavab məktubundan məlum olmuşdur ki, iddiaçının dövlət qulluğu stajına yalnız aşağıda göstərilən vəzifələr aiddir: xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək SSRİ Dövlət Standartladırma Komitəsinin B.Sərdarov adına maşınqayırma zavodunda nümayəndə vəzifəsi; xx.xx.1990cı il tarixdən xx.xx.1997-ci il tarixədək SSR Dövlət Standartlaşdırma Komitəsinin Azərbaycan Respublikası İdarəsinin Simmetrik attestasiya və geometrik ölçülərin dövlət yoxlanışı şöbəsində mühəndis və aparıcı mühəndis; xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək həmin şöbədə mütəxəssis. Göründüyü kimi iddiaçının dövlət qulluğu stajına daxil edilən dövrlər xx.xx.1988xx.xx.1990 və xx.xx.1990-xx.xx.2001-ci illəri əhatə edir ki, bu dövrlər (13 il 25 gün) qanunvericilikdə müəyyən edilmiş norma üzrə qulluq stajı ilə bağlı şərti ödəmir. Bu səbəbdən iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci maddəsi əsasında dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin oluna bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 20.11-1-ci maddəsi əsasında iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olub-olmamasına münasibət bildirilməsi zəruridir. Normanın məzmununa görə vətəndaşın 13 il qulluq stajı (dövlət qulluğunda) əsasında dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququ yalnız 2 əsas olduğu halda yaranır: dövlət qulluğuna xitam verilməsi bilavasitə publik hüquqi şəxsin yaradılması ilə əlaqədar olmuşdursa; 15 il qulluq stajının toplanmasına və əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda. Dövlət qulluğuna xitam verildiyi tarixə iddiaçı 13 il qulluq stajına malik olsa da, onun “Əmək pensiyaları haqqında” Qanunun 20.11-1-ci maddəsi əsasında pensiya hüququnun yaranması istisna olunur. Belə ki, “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikasının Prezidentinin 27 dekabr 2001-ci il 623 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Elm və Texnika Komitəsi və Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi ləğv edilmiş, ləğv edilən Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Elm və Texnika Komitəsinin Patent-Lisenziyalaşdırma İdarəsinin bazasında Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi yaradılmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi publik hüquqi şəxs deyil, əksinə mərkəzi icra hakimiyyəti orqanıdır. Hər iki qurum struktur baxımından fərqlilik təşkil edir. Belə ki, publik hüquqi şəxs dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. (Publik hüquqi şəxslər haqqında Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsi) Göründüyü kimi publik hüquqi şəxs ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, lakin dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Dövlət agentlik isə icra hakimiyyəti orqanlarının tərkib hissəsinə daxil olmaqla, dövlətin adından çıxış edən, məqsəd və funksiyalarını həyata keçirən dövlət orqanıdır. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə X1 nəzər yetirsək məlum olur ki, Agentlik Azərbaycan Respublikasının standartlaşdırma, metrologiya, sertifikatlaşdırma, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi publik hüquqi şəxs deyil, əksinə dövlətin adından çıxış edən, məqsəd və funksiyalarını həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Bundan başqa, X4 tərəfindən daxil olmuş sorğuya cavab məktubunda Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin publik hüquqi şəxs statusunda yaradılmadığı üçün “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1-1-ci maddəsi vətəndaş İ.A.Yəhyayev barəsində tətbiq edilmir. İddiaçının əmək müqaviləsinə xitam verildiyi vaxtda publik hüquqi şəxslə bağlı qanunvericilik bazası da mövcud olmamışdır. “Publik hüquqi şəxslər haqqında” Qanun 29 dekabr 2015-ci il tarixdə qəbul edilmişdir ki, publik hüquqi şəxsin yaradılması, ləğvi, hüquqi şəxsin bir növü kimi onunla bağlı anlayışlar həmin tarixdən sonra qanunvericilikdə öz əksini tapmışdır. Qüvvədə olan qanunvericilik dövlət qulluğçusu kimi yaşa görə əmək pensiyasının 13 il qulluq stajı əsasında təyinatını konkret müddəa əsasında təsbit etmişdir ki, bu zaman dövlət qulluğuna xitam verilməsinin bilavasitə publik hüquqi şəxsin yaradılması ilə əlaqədar olmasını şərtləndirmişdir. Hazırki mübahisə üzrə iddiaçının dövlət qulluğuna xitam verilməsi publik hüquqi şəxsin yaradılması ilə bağlı olmadığından, “Əmək pensiyaları haqqında” Qanunun 20.11-1-ci və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1-1-ci maddələri ona münasibətdə tətbiq edilmir. Eyni zamanda, iddiaçıya pensiya təyini üçün digər bir əsas olan yaş ilə bağlı şərt də ödənilmir. Belə ki, iddiaçının dövlət qulluğuna xitam verildiyi anda onun 13 il qulluq stajı mövcud olmuş və 15 il qulluq stajı tamamlanması üçün 2 ili qalmışdır. İddiaçı xx.xx.1955-ci il təvəllüdlü olduğundan onun dövlət qulluğuna xitam verildiyi tarixə 46 yaşı olmuşdur ki, bu da həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə görə pensiya yaşına çatmadığını göstərir. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinə əsasən kişilər—60 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, onlar yaşa görə pensiya hüququna malikdirlər (kişilərdə:1 avqust 2000 – 31 dekabr 2005 = 62 yaş). Göründüyü kimi, iddiaçının dövlət qulluğuna xitam verildiyi anda pensiya yaşına çatması və ya azı 2 il müddətinə çatması mümkün deyildir. Birinci instansiya məhkəməsi bununla yanaşı qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1999/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında analoji iş üzrə də vətəndaşın dövlət qulluğuna aid olan iş stajının müəyyən edilməsi X2 məktubu əsasında mümkündür. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1053/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, dövlət qulluqçularının pensiya almaq hüququ müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış və müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatan şəxslərə aid edilir. Həmin Qanun xx.xx.2006cı il tarixədək qüvvədə olmuş və həmin vaxtdan qüvvədən düşmüşdür. İddiaçının qeyd olunan Qanunun tələbinə əsasən dövlət qulluqçusu kimi pensiyaya çıxması üçün onun xx.xx.2006-cı il tarixə 60 yaşının tamam olması tələb olduğu halda, həmin vaxt 50 yaşı tamam olduğundan və həmin vaxtadək pensiya yaşına çatmadığı üçün qeyd edilən qanunun tələbləri ona münasibətdə tətbiq edilə bilməz.” Göründüyü kimi, bu növ iddialar üzrə dövlət qulluğunda iş stajının 5 il müddəti kimi nəzərə alınması üçün vətəndaşın həmin dövrdə qüvvədə olan qanunvericilik əsasında yaş stajı ilə bağlı şərti ödəmiş olsun. 5 il dövlət qulluğu stajına malik olan şəxslərin dövlət qulluqçusu kimi pensiya hüququ o zaman təmin edilə bilər ki, dövlət qulluqçusu 5 il dövlət qulluğu stajı toplanılması ilə yanaşı, həmçinin pensiya yaşına da çatmış olsun və ya əlil olmuş olsun. Göründüyü kimi təkcə 5 il dövlət qulluğu stajının toplanılması iddianın təmini əsası qismində çıxış etmir. Eyni zamanda digər şərtlərdən hər hansı biri də ödənilməlidir ki, iş materiallarından da görünür ki, qeyd olunan şərtlərdən heç biri ödənilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddiaçı ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdehin imtinası mahiyyətcə qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Bu səbəbdən də iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan cavabdehin imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2-1(112)-5410/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar