Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-225/2025 09.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxslər Qaradağ rayonu Qobustan Bələdiyyəsi və Qobustan Əməliyyat Şirkəti) qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X1 ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçı iştrakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-849/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları
1. Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbə Bələdiyyəsinin 07 may 2007-ci il tarixli, 109/04 saylı “Qobustan qəsəbəsi Salyan yolu ev 5A mənzil 1-da yaşayan İddiaçı torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında” Qərarda qeyd olunmuşdur ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanunlarına əsasən Qobustan qəsəbəsi, 4-cü massivində Qaradağ rayon İcra hakimiyyəti aparatının memar ilə razılaşdırılmış situasiya planı əsasında 600 m2 torpaq sahəsi mülkiyyət hüququ əsasında Qobustan qəsəbəsi, Salyan yolu, ev 5A, mənzil 10-da yaşayan İddiaçı adına sənədləşdirilmişdir.
2. “Bələdiyyə torpaqlarının verilməsi haqqında” 07 may 2007-ci il tarixli, 109/04 nömrəli alqısatqı müqavilədə qeyd olunmuşdur ki, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” və “Bələdiyyələrin torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunlarına uyğun olaraq Qobustan bələdiyyəsinin xx.xx.2007- ci il tarixli, 109/04 saylı qərarı əsasında Bakı şəhəri, Qaradağ rayonu, Salyan yolu, 4-cü massiv ünvanda yerləşən ümumi sahəsi 600 kv.metr olan torpaq sahəsi alıcı İddiaçı satılmışdır.
3. Torpaqların alqı-satqısına dair Aktda qeyd olunmuşdur ki, Bakı şəhəri Qaradağ rayonu ərazisində ünvan 2 ünvanında yaşayan İddiaçı tərəfindən Qobustan qəsəbə Bələdiyyə orqanına 01 may 2007-ci il tarixdə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Əraziyə bələdiyyə orqanının iclasında baxılmış və Qobustan qəsəbə Bələdiyyə ərazisində 600 m2 torpaq sahəsinin satılması barədə 07 may 2007-ci il tarixli, 109/04 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən Qaradağ rayon X3 fililanın ********** saylı hesabına əvvəlcədən 768,0 manat haqq ödənilmişdir.
4. Bakı şəhəri Qaradağ rayon Qobustan bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 11051xxxxxxx nömrəli Şəhadətnaməyə əsasən yerli (bələdiyyə) büdcəsinin vergi ödəyicisi olan İddiaçı uçota alınmışdır.
5. Qobustan Bələdiyyəsinin 2007-ci il tarixli qərarına əsasən İddiaçı fərdi yaşayış evi üçün nəzərdə tutulmuş torpaq sahəsinin cizgisi və torpaq sahəsinə dair ortofoto çıxarışı iş materiallarına əlavə olunmuşdur.
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Qobustan qəsəbəsində yerləşən 250 kv.m torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qaradağ rayonu Qobustan qəsəbə Bələdiyyəsinin 07 may 2007-ci il tarixli 109/04 saylı qərarına əsasən Qobustan qəsəbəsi, 4-cü massivində Qaradağ rayon icra hakimiyyəti aparatının memarı ilə razılaşdırılmış situasiya planı əsasında 600 kv.m torpaq sahəsi mülkiyyət hüququ əsasında iddiaçıya verilmişdir. İddiaçı torpaq sahəsinin mülkiyyətə verilməsi üçün torpaqların alqı-satqısına dair akt üzrə 768 manat ödəniş etmişdir. İddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evi tikməklə hazırda ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Evin bütün kommunal xərcləri iddiaçı tərəfindən ödənilir. Evə qanuni olaraq işıq, qaz və su çəkilmiş və fərdi yaşayış evi kimi iddiaçının istifadəsindədir. İddiaçı həmin torpaq sahəsinin onun adına Dövlət Reyestr Xidmətində qeydə alınması barədə müraciət etsə də, müraciəti əsassız olaraq müsbət həll olunmamışdır. İddiaçının müraciətinə cavab olaraq cavabdeh orqan tərəfindən ünvanlanmış xx.xx.2023- cü il tarixli məktubda bildirilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən qeydə alınmamışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqısatqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Cavabdeh orqan bu məktubun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmadığını nəzərə alınmasını xahiş etmişdir. 6. Qeyd edilən məktubun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmadığı qeyd edilsə də, iddiaçının müraciəti əsasında hüquqlarının qeydə alınması təmin edilmədiyindən məhkəmə həmin məktubu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina kimi qiymətləndirir.
8. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bələdiyyə ərazisi olub-olmaması barədə məlumat aşkar edilməmişdir. Bundan əlavə, qeyd edilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə (Qobustan əməliyyat şirkəti) yerləşir. Həmçinin, torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilmədiyindən təqdim olunan sənədin göstərilən torpaq sahəsinə aid olubolmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Bundan başqa, torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş alqı-satqı aktı təqdim edilməmiş və bələdiyyə qərarına istinad olunmamışdır. Eyni zamanda təqdim edilən alqı-satqı müqaviləsinin tarixi qeyd edilməmişdir. Əlavə olaraq, sənəd üzrə torpaq sahəsinin ölçüsü 600 kv.m qeyd edilsə də, faktiki 250 kv.m təşkil edir. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə iddiaçıya **********92 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır.
9. Cavabdeh orqan vəsatət təqdim edərək inzibati iş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 3-cü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Elektron kadastr məlumatına əsasən qeyd olunan torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Qobustan əməliyyat şirkəti) istifadəsinə verilmiş ərazilərə aiddir.
10. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə Qaradağ rayonu Qobustan Bələdiyyəsi və Qobustan Əməliyyat Şirkəti inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişdirlər.
11. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxs Qaradağ rayonu Qobustan Bələdiyyəsinin nümayəndəsi X2 məhkəmə iclasında iştirak edərkən izahatında bildirmişdir ki, xx.xx.2007-ci il tarixdə, yəni İddiaçı ilə “Bələdiyyə torpaqlarının verilməsi haqqında” 07 may 2007-ci il tarixli, 109/04 nömrəli alqı-satqı müqaviləsi bağlanarkən Qaradağ rayon Qobustan Bələdiyyəsinin sədr müavini vəzifəsində işləmişdir və torpaqların alqı-satqı müqaviləsini sədr müavini olaraq o imzalamışdır. Həmin dövrdə İddiaçı ilə yanaşı digər fiziki şəxslərə də bələdiyyə torpaqlarının verilməsi ilə müqavilələr bağlanmışdır.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-849/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
13. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ b) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi qeyd olunan faktiki hallara hüquqi qiymət verməmiş və tam araşdırma aparmamışdır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
16. Məhkəmədə iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanması, məhkəmənin ötən iclasında iştrak edən cavabdehin nümayəndəsi isə apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
17. Məhkəmə sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və adicəlbetmə qaydasında cəlb edilmiş 3-cü şəxs Qobustan bələdiyyəsi məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclasının cavabdeh və 3cü şəxsin nümayəndəsinin iştrakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
19. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
16. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)
18. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 21-24-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
19. Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçı Qaradağ rayonu Qobustan Bələdiyyəsinin 07 may 2007-ci il tarixli, 109/04 saylı qərarı ilə ona satılmış Bakı şəhəri Qobustan qəsəbəsində yerləşən 250 kv.m torpaq sahəsi üzərində hüququnun qeydə alınmasını tələb edir.
20. Cavabdeh orqan isə göstərilən torpaq sahəsinin bələdiyyə ərazisi olub-olmaması barədə məlumatın aşkar edilmədiyini, qeyd edilən torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşdiyini, torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilmədiyini, həmçinin torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş alqı-satqı aktı təqdim edilmədiyini bildirərək, iddia ərizəsini təmin etməkdən imtina etmişdir.
21. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən müvafiq qurumlara sorğular verilmişdir.
22. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastr və X4 Şəxsi Kadastr və Yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzi MMC-nin 09 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, Qaradağ rayonu Qobustan Bələdiyyəsinin 07 may 2007-ci il tarixli, 109/04 saylı qərarı ilə İddiaçı 600 kv.m torpaq sahəsinin ayrılmasına dair məlumat aşkar edilməmişdir.
23. Daşınmaz Əmlakın Dövlət Kadastr və X4 şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 29 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, sorğunun icrası istiqamətində əraziyə baxış keçirilməsi ilə bağlı mühəndis ayrılmış və xx.xx.2024-cü il tarixli müayinə aktında olan məlumatlardan aydın olur ki, qeyd olunan sahə ARDNŞ-nin kontrakt ərazisidir və 223 saylı orta məktəb ilə həmsərhəddir. Qeyd olunan torpaq sahəsinin qonşuluğunda torpaq sahələrinin üzərində mülkiyyət hüquqları qeydə alınmış və həmin torpaq sahələrinin ilkin torpaqayırma sənədləri mövcuddur. Məhkəmə tərəfindən həmin ilkin torpaqayırma sənədləri tədqiq edilərkən, məlum olmuşdur ki, həmin ərazidə 1970-ci ildə fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşlara torpaq sahələri ayrılmış və həmin torpaq sahələrində fərdi yaşyış evlərinin inşası üçün icazə verilmişdir.
24. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 113 nömrəli Fərmanına əsasən Qanunun 8.0.1-ci maddəsində müəyyən edilmiş "icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirir.
26. Qanunvericiliyin tələbinə əsasən kollegiya qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsaslar müəyyən edilməli, yerli icra hakimiyyəti orqanlarının aktları bu əsaslardan birinə aid edilməlidir. Göründüyü kimi, iddiaçı bu əsası –torpaq sahəsinin satılması barədə Qobustan Bələdiyyəsi tərəfindən qəbul edilmiş 07 may 2007-ci il tarixli, 109/04 saylı qərarını cavabdehə təqdim etmişdir.
27. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində mübahisələndirilən torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazi olmasına münasibətdə məhkəmə kollegiyası bildirir ki, cavabdeh orqan vahid elektron kadastr baza məlumatlarına əsasən mübahisələndirilən sahənin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kontrakt ərazisi (“Qobustan Əməliyyat” şirkətinin ərazisidir) olduğunu bildirsə də, eyni zamanda məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubunda həmin sahənin “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olduğu faktını təsdiqləmişdir. Qeyd olunan ərazinin sonradan elektron xəritədə Dövlət Neft Şirkətinin kontrakt ərazisi kimi qeyd olunması iddiaçının torpaq sahəsi üzərində gözlənti hüququnun olmasına əsas ola bilməz. Nəzərə alınmalıdır ki, qeyd olunan ərazi vətəndaşlara fərdi yaşayış evinin inşası üçün nəzərdə tutulması və həmin torpaq sahələri üzərində fərdi yaşayış evlərinin inşasına icazə verilməsi səbəbindən həmin vətəndaşlar fərdi yaşayış evlərinin torpaq sahələrinin mülkiyyətçiləri hesab olunurlar.
28. Eyni zamanda, işdə olan Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024cü il tarixli müayinə (baxış) aktında da mübahisələndirilən torpaq sahəsinin 2 tərəf qonşu, 1 tərəf yol, 1 tərəf orta məktəbin ərazisi olduğu göstərilmişdir.
29. Cavabdehin digər dəlili olan “torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilməməsi” münasibətdə kollegiya bildirir ki, Qaradağ rayon Qobustan Bələdiyyəsi tərəfindən torpaq sahəsinin yerləşmə cizgisi təsdiq edilmiş, bələdiyyə tərəfindən qəbul edilmiş qərarın mötəbərliyi ilə bağlı hər hansı şübhə yoxdur.
30. Belə ki, işdə olan Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbə Bələdiyyəsinin 07 may 2007-ci il tarixli, 109/04 saylı “Qobustan qəsəbəsi Salyan yolu ev 5A mənzil 1-da yaşayan İddiaçı torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında” Qərarına əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanunlarına əsasən Qobustan qəsəbəsi, 4-cü massivində Qaradağ rayon İcra hakimiyyəti aparatının memar ilə razılaşdırılmış situasiya planı əsasında 600 m2 torpaq sahəsi mülkiyyət hüququ əsasında Qobustan qəsəbəsi, Salyan yolu, ev 5A, mənzil 10-da yaşayan İddiaçı adına sənədləşdirilmişdir.
31. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
32. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
33. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-849/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-849/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.