Məhkəmə qərarları › İş №2-1(103)-2250/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2250/2021

17.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2250/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili X1, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ezamiyyə xərclərinin ödənilməsi” barədə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 26.05.2021-ci il tarixli, 2-1(112)-380/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ödənilməmiş ezamiyyə xərclərinin fərq pul vəsaiti 31.888,26 (otuz bir min səkkiz yüz səkksən səkkiz və iyirmi altı) ABŞ dollarının cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 12 avqust 2005-ci il tarixdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş və 22 iyun 2009-cu ildə həmin məktəbi bitirmişdir. Hərbi Məktəbi bitirdikdən və 22 iyun 2009-cu il tarixdən 23 iyun 2010cu il tarixə qədər Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təlim keçdikdən sonra hərbi xidmət fəaliyyətinə başlamışdır. 23 iyun 2010-cu il tarixdən N avqust 2013-cü il tarixə qədər N №-li hərbi hissədə tağım komandiri, N avqust 2013-cü il tarixdən 25 may 2015-ci il tarixə qədər tağım komandiri, 25 may 2015-ci il tarixdən 06 yanvar 2017-ci il tarixə qədər N №li hərbi hissənin tabeliyində N №-li hərbi hissədə əməliyyat qrupunun baş kəşfiyyatçısı vəzifələrində xidmət etmişdir. 06 yanvar 2017-ci il tarixli 05 №-li Müdafiə Nazirinin əmri ilə (maddə 157 «v»-xəstəliyə görə) hərbi xidmətdən azad edilmişdir. Bundan başqa hərbi xidmətdə qulluq etdiyi zaman xarici ölkələrdə: - «İngilis dili kursu»nda və «Piyada zabitinin təməl kursu»nda iştirak etmək üçün 09 avqust 2011-ci il tarixdən 23 may 2012-ci li tarixədək X2 San-Antonio şəhərində; «Sülhü dəstəkləmə əməliyyatlarının planlaşdırması və qiymətləndirilməsi kursu»nda iştirak etmək üçün 24 noyabr 2013-cü il tarixdən 08 dekabr 2013-cü il tarixədək Çexiya Respublikasının Vişkov şəhərində; - «Platinum Lion» təlimində iştirak etmək üçün 13 iyul 2014-cü il tarixdən 31 iyul 2014-cü il tarixədək Bolqarıstan Respublikasının Novo-Selo şəhərində; - «Eterniti 2014» kompüter dəstəkli Komanda-gərargah təlimində iştirak etmək üçün 21 sentyabr 2014-cü il tarixdən 27 sentyabr 2014-cü il tarixədək Gürcüstan Respublikasının Tbilisi şəhərində ezamiyyətdə olmuşdur. X2 San-Antonio şəhərində ezamiyyətdə olduğu zaman ona pul kartı verilmiş, hər ay həmin karta ezamiyyə xərcləri kimi 650 ABŞ dolları keçirilirdi. Lakin, daha gec ona məlum olmuşdur ki, keçirilən ezamiyyə xərcləri ona tam ödənilməmişdir. Bir neçə dəfə nümayəndəsi tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinə ezamiyyə xərclərinin ödənilməsi ilə bağlı ərizə və sorğular göndərilmişdir. Cavab məktublarının birində göstərilmişdir ki, xaricdə olduğu ölkələrdə, o cümlədən X2 San-Antonio şəhərində səfər xərcləri həmin ölkə tərəfindən ödənilmişdir. Bundan sonra nümayəndəsi vasitəsi ilə X3 kursda oduğu müddət ərzində ona ödədiyi vəsaitlə və həmin məsələ ilə əlaqədar sənədlərinin surətlərini verilməsi ilə bağlı Azərbaycanda Amerika Birləşmiş Ştatların səfirliyinin Müdafiə Əməkdaşlıq şöbəsinə müraciət edilmiş, lakin bu günə kimi ona cavab verilməmişdir. Ancaq 5/6795 №-li 05 sentyabr 2019-cu il tarixli Azərbaycan Respublikası Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən verdiyi məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 №-li qərarı ilə təsdiq edilmiş «Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsəsnamə»nin 38-ci bəndinə əsasən, xarici ölkələrdə ezamiyyətdə olduğu müddətdə hərbi qulluqçuya ezamiyyə xərcləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən xarici ölkələrə ezamiyyə xərclərinin 1 (bir) günlük normasına uyğun olaraq ödənilir. Ezamiyyə xərclərinin 1 (bir) günlük normasının 40%-ni yemək xərcləri təşkil edir. Bütün ezamiyyə xərclərini dəvət edən tərəf öz üzərinə götürdüyü hallarda hərbi qulluqçuya ezamiyyə xərci ödənilmir. Dəvət edən tərəf hərbi qulluqçunu yaşayış yeri ilə təmin edərək yemək üçün nağd pul verdiyi halda hərbi qulluqçuya nağd qaydada ödənilən vəsait ezamiyyə xərclərinin 1 (bir) günlük normasının 40%-indən az olarsa həmin fərqi hərbi qulluqçuya ödənilir. X3 kursda olduğu müddət ərzində ona hər ay 650 ABŞ dolları pul vəsaiti kart vasitəsi ilə ödənilirdi. Ezamiyyə xərcləri hesablayaraq, məlum olur ki, X3 kursda olduğu müddət ərzində cavabdeh tərəfindən onun xeyrinə 31.888, 26 (otuz bir min səkkiz yüz səksən səkkiz və iyirmi altı) ABŞ dolları ödənilməlidir. Bakı İnzibati Məhkəməsinin 26.05.2021-ci il tarixli, 2-1(112)-380/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 26.05.2021-ci il tarixli, 2-1(112)-380/2021 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ABŞ-da təhsil almaq üçün deyil, xidməti tapşırığı yerinə yetirmək üçün ezam olunmuşdur. Eyni zamanda qeyd olunmuşdur ki, X3 ezamiyyətdə olduğu müddət ərzində hər 1 gün üçün ona ödənilməyən fərq pulu 110,34 ABŞ dolları təşkil etmişdir. Ümumilikdə ezamiyyətdə olduğu müddət ərzində ödənilməyən fərq pulu 31.888,26 ABŞ dolları təşkil etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 26.05.2021-ci il tarixli, 2-1(112)-380/2021 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 26.05.2021-ci il tarixli, 2-1(112)-380/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məhkəmənin sorğusuna cavab olaraq 10.02.2020-ci il tarixli məktubla bildirmişdir ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin 22.11.2018-ci il tarixli 5/8234 nömrəli məktubuna əsasən İddiaçı ABŞ-ın San Antonio şəhərinə göndərilməsi ilə bağlı bütün xərclər, o cümlədən təyyarə biletlərinin alınması və ölkədaxili nəqliyyat, yerləşdirilməsi və qidalanması ABŞ tərəfindən təmin olunmuşdur. Bu səbəbdən də İddiaçı Amerika Birləşmiş Ştatlarına ezamiyyətdə olması ilə bağlı Müdafiə Nazirliyi tərəfindən hər hansı ödəniş aparılmadığından xərcləri özündə əks etdirən sənədləri təqdim etmək mümkün deyildir. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 28.07.2011-ci il tarixli 194 nömrəli əmrinə əsasən N saylı hərbi hissənin zabiti leytenant İddiaçı “İngilis dili kursu”nda və “Piyada zabitinin təməl kursu"nda iştirak etmək üçün 2011-ci il avqustun 9-dan 2012-ci il mayın 23-dək X2 San-Antonio şəhərinə ezamiyyətə göndərilmişdir. - Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi rəisinin 12.03.2020-ci il tarixli 5/1843 nömrəli məktubunun surətindən görünür ki, “Beynəlxalq Hərbi Təhsil və Təlim Proqramı” çərçivəsində İddiaçı 10.08-30.12.2011-ci il tarixlərində ABŞ-ın Texas (San-Antonio) ştatında yerləşən, X8 İnstitutunun “İngilis dili kursu"nda və 03.01-26.04.2012-ci il tarixlərində Corciya ştatının Fort Benninq hərbi bazasında yerləşən Piyada Məktəbi nəzdində “Motoatıcı ixtisası üzrə təməl zabit kursu”nda təhsil aldığı müddət ərzində, aşağıdakı qaydada vəsait sərf olunmuşdur: 1) 10.08 - 30.12.2011-ci il tarixlərində “İngilis dili kursu”nda təhsil aldığı müddətdə kursun təhsil haqqı 6.965,00 ABŞ dolları və təqaüd (qidalanma, nəqliyyat, yaşayış, tibbi sığorta və əlavə xərclər daxil olmaqla) 16.885,00 ABŞ dolları, cəmi 23.850,00 ABŞ dolları ödənilmişdir; 2) 03.01 - 26.04.2012-ci il tarixlərində “Piyada zabitinin təməl kursu”nda təhsil aldığı müddətdə kursun təhsil haqqı 5.116,00 ABŞ dolları və təqaüd (qidalanma, nəqliyyat, yaşayış, tibbi sığorta və əlavə xərclər daxil olmaqla) 6.041,00 ABŞ dolları, cəmi 11.157,00 ABŞ dolları ödənilmişdir. Ümumi olaraq, İddiaçı 35.007,00 ABŞ dolları məbləğində maliyyə sərf olunmuşdur. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” 25 yanvar 2008-ci il tarixli 14 nömrəli Qərarının 1, 8-ci bəndlərini, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18.01.2012-ci il Qərarı ilə təsdiq edilmiş “X4”nın 1.1, 3.4-cü yarımbəndlərini tətbiq etməklə belə qərara gəlmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ödənilməmiş ezamiyyə xərclərinin fərq pul vəsaiti 31.888,26 (otuz bir min səkkiz yüz səkksən səkkiz və iyirmi altı) ABŞ dollarının cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməsi barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” 25 yanvar 2008-ci il tarixli 14 nömrəli Qərarının 1-ci bəndinə əsasən “Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları” təsdiq edilmişdir. Həmin Qərarın 8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 1 ay müddətində “X4”nı hazırlayıb müvafiq qaydada təsdiq edilməsi tapşırılmışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18.01.2012-ci il Qərarı ilə təsdiq edilmiş “X4”nın 1.1-ci yarımbəndinə əsasən dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Həmin Qaydaların 3.4-cü yarımbəndinə əsasən bütün ezamiyyə xərclərini dəvət edən tərəf öz üzərinə götürdüyü hallarda işçiyə ezamiyyə xərci ödənilmir. Baxılan iş üzrə iddiaçının ABŞ-ın San Antonio şəhərinə göndərilməsi ilə bağlı bütün xərclər, o cümlədən təyyarə biletlərinin alınması və ölkədaxili nəqliyyat, yerləşdirilməsi və qidalanması ABŞ tərəfindən təmin olunması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Qeyd olunmalıdır ki, iddiaçı ABŞ – da təlimlər keçərkən ABŞ tərəfindən ona bank kredit kartının verilməsini, hər ay həmin karta 650 ABŞ dolları məbləğinin qoyulmasını, bu məbləğin ona qidalanmaq üçün verilməsini göstərsə də, bu halları təsdiq edən hər hansı sənəd-sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının hesablamalarına görə, kartda olan pul nəzərə alınmaqla, onun ABŞ-da gündəlik yemək xərcləri 21,66 ABŞ dolları deyil, 132 ABŞ dolları olmalı idi. Məhkəmə kollegiyası bu məbləği ağlabatan hesab etmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 261 saylı 27.11.2008-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “2007-2015-ci il illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları” na “Gənclərin xarici ölkələrdə təhsili üzrə aylıq xərc normalarının Cədvəli” adlı Əlavədə ABŞ-da hər ay üçün nəzərdə tutulan yemək xərcləri 600 ABŞ dolları (deməli, gündəlik xərc 20 ABŞ dolları) məbləğində nəzərdə tutulmuşdur ki, buradan belə nəticəyə gəlmək olur ki, iddiaçının hesablamaları əsaslı sayıla bilməz. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün qərar qəbul etmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 26.05.2021-ci il tarixli, 2-1(112)-380/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar