Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2250/2025 15.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X1 ibarət tərkibdə, Səmimə Elşad qızı Əliyevanın katibliyi, Tərəflərin iştrakı olmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3309/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları
1. Cavabdehin iddiaçının müraciətinə əsasən ünvanladığı məktubunda bildirilmişdir ki, Suraxanı Rayon İcra Hakimiyyəti yanında "Özbaşına tikintilərə qarşı mübarizə və məhkəmə dənkənar torpaq mübahisələrinin həlli üzrə komissiya"nın üzvləri tərəfindən rayon ərazisində keçirilən reyd zamanı, tərəfinizdən mövcud qeyri-yaşayış obyektinin üzərində özbaşına 2-ci mərtəbənin tikintisi işlərinin başlanmasına cəhd edildiyi aşkar edilmiş, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.3.4. bəndinə əsasən bu cəhdin qarşısı alınmış və Sizə tikintiyə icazə almaq üçün aidiyyəti üzrə müarciət etməyiniz tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3., 75.3.1. və 75.3.1. maddəsinə əsasən sifarişçi tikinti aparmaq üçün torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini və tikinti layihəsini təqdim etməlidir. “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 mart 2019-cu il tarixli 597 №-li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnaməyə əsasən Bakı şəhərinin inzibati ərazisində tikinti obyek lərinin tikintisinə və istismarına icazənin verilməsi, səyyar və əsaslı tikinti olmayan obyektlərin, xırda pərakəndə ticarət obyektlərinin və komplekslərinin uyğunluğuna dair rəyin verilməsi, eləcə də şəhərsalma kadastrının aparılması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərinə aiddir.
2. Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 434 nömrəli xx.xx.2004-cü il tarixli sərəncamına əsasən Qarabağ müharibəsi Veteranı, ehtiyatda olan kapitan vət. Fərziуev Güləli Şahhüseyn oğluna Bakı-Aeroport yolu ətrafında yeni tikilmiş məktəbin şimal hissəsində ticarət obyektinin tikilməsi üçün 1200.0 kv.m torpaq sahəsi ayrılsın.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı məhkəməyə müraciət edərək cavabdehin iddiaçıya vurduğu 8000 manat maddi ziyanın, 50000 manat məbləğində mənəvi zərərin cavabdehdən tutularaq ona ödənilməsi tələbini irəli sürmüşdür.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 22 avqust tarixində G.Fərzəliyevə məxsus ticarət obyektinin işçiləri zəng vuraraq Suraxanı rayon İcra Hakimiyyəti əməkdaşlarının ticarət obyektini sökdüklərini bildirmişdirlər. İddiaçı artıq obyektə gələndə obyektin bir hissəsi sökülmüşdü, həmin söküntünü aparan adamlar qeyd qoymuşdular ki, sabaha Güləli mütləq icra hakimiyyətində olsun, yoxsa bu obyekti tam sökəcəklər. İddiaçı 23 avqust tarixində saat 9:00-da Suraxanı rayon icra hakimiyyəti binasında oldu. Həmin obyekt iddiaçıya Nizami rayonu ərazisində sökülmüş ticarət obyektinin əvəzinə ayrılmış torpaq sahəsinin üzərində inşa edilmişdir. İddiaçı həmin gün Bakı şəhəri Suraxanı rayonu ərazisindəki ticarət obyektinə getdi, usta sifariş etdi, təqribən saat dörd radələrində tanımadığı bir şəxs fəhlələrə işi dayandırmağı əmr etdi, yaxınlaşıb kimliyini soruşanda birbaşa Suraxanı rayon icra hakimiyyəti başçısının əmri ilə bu gün bura sökülməlidir deyildi, iddiaçı bunun ola bilməyəcəyi, hal-hazırda icra hakimiyyətindən gəldiyini bildirdi. İddiaçı Daxili İşlər Nazirliyinin qaynar xətt xidmətinə zəng vurdu, polis əməkdaşları gəldilər, onları telefonuna qeyd etdi və həmin insanlarla qanunvericilik haqqında danışıqlarını polis əməkdaşlarının iştirakı ilə qeyd etdi. Bunlar iddiaçının tanımadığı adamlar idi və telefonunda olan yazını silinməsi üçün təkidlə əmr edirdilər, bu videonu sildikdən sora yenidən dama dırmaşırdılar, iddiaçı pilləkənlə dama qalxdı və telefona hərəkətlərini qeyd etmək istəyirdi ki, artıq beş nəfər söküntü ilə məşğul idi, digər beş nəfər çəkilişi dayandırmağa məcbur edirdilər. Sonda həmin şəkillər, videolar sildirildi. Nəticədə ona söküntü zamanı 8000 min manat maddi ziyan dəymişdir və maddi və mənəvi ziyanın 50000 mindən daha artdığı olduğunu nəzərə alaraq 8000 manat maddi, 50000 dəymiş zərərini cavabdeh tərəfindən ödənilməlidir.
5. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, Suraxanı Rayon İcra Hakimiyyəti yanında "Özbaşına tikintilərə qarşı mübarizə və məhkəmədənkənar torpaq mübahisələrinin həlli üzrə komissiya"nın üzvləri tərəfindən rayon ərazisində keçirilən reyd zamanı, mövcud qeyri-yaşayış obyektinin üzərində özbaşına 2-ci mərtəbənin tikinti işlərinin başlanmasına cəhd edildiyi aşkar edilmiş, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.3.4. bəndinə əsasən bu cəhdin qarşısı alınmış və tikintiyə icazə almaq üçün aidiyyəti üzrə müraciət etməsi iddiaçıya tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3., 75.3.1. və 75.3.2. maddəsinə əsasən sifarişçi tikinti aparmaq üçün torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini və tikinti layihəsini təqdim etməlidir. Həmçinin “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 mart 2019-cu il tarixli 597 №-li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnaməyə əsasən Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazənin verilməsi, səyyar və əsaslı tikinti olmayan obyektlərin, xırda pərakəndə ticarət obyektlərinin və komplekslərinin uyğunluğuna dair rəyin verilməsi, eləcə də şəhərsalma kadastrının aparılması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərinə aiddir.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3309/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
7. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, məhkəmə sübutları tam, hərtərəfli araşdırmamış, işin hallarında və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
10. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından tərəflərin iştrakı olmadan məhkəmə iclasının keçirilməsi kollegiya tərəfindən mümkün hesab edildi.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
12. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 75.3. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; 75.3.2. tikinti layihəsi; 75.3.3. sifarişçi hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənəd; 75.3.4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. 75.3-1. Bu Məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin X2 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin X2 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
13.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
15. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən kompensasiya tələbi haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.7 və 3.1-ci maddələrinə əsasən)
17. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 11-13-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
18. Hazırki işdən görünür ki, iddiaçı ona məxsus obyektin qanunsuz sökülməsi ilə bağlı dəymiş 8000 manat maddi ziyanın, 50000 manat məbləğində mənəvi zərərin ödənilməsini tələb edir.
19. Cavabdeh orqan isə iddiaçı tərəfindən mövcud qeyri-yaşayış obyektinin üzərində özbaşına 2-ci mərtəbənin tikintisi işlərinin başlanmasına cəhd edildiyini bildirərək, iddianı təmin etməkdən imtina emişdir.
20. Belə ki, iş materiallarından göründüyü kimi Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 434 nömrəli xx.xx.2004-cü il tarixli sərəncamı ilə 1200.0 kv.m torpaq sahəsi Bakı-Aeroport yolu ətrafında ticarət obyektinin tikilməsi üçün iddiaçıya ayrılmışdır. Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən qeyri-yaşayış obyektinin 2-ci mərtəbəsində özbaşına tikinti işlərinin aparılması dayandırılmışdır.
21. Eyni zamanda işin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə sorğu göndərilmiş, xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Suraxanı Rayon İcra Hakimiyyəti yanında "Özbaşına tikintilərə qarşı mübarizə və məhkəmədənkənar torpaq mübahisələrinin həlli üzrə komissiya"nın üzvləri tərəfindən rayon ərazisində keçirilən reyd zamanı məktubda göstərilən ünvanda vətəndaş İddiaçı tərəfindən mövcud qeyri-yaşayış obyektinə özbaşına əlavə 2-ci mərtəbənin tikintisi işlərinin aparılmağına cəhd edildiyi aşkar edilmiş, bu cəhdin qarşısı alınaraq “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4.3. bəndinin tələblərinə əsasən aparılan özbaşına tikinti işlərinin dayandırılması ona yazılı qaydada tövsiyə edilmişdir. 22.Göründüyü kimi qeyri-yaşayış sahəsinin üstündə əlavə ikinci mərtəbə inşa edilmiş tikililərin Suraxanı rayon icra hakimiyyətinin nümayəndələri tərəfindən sökülməsi və söküntü nəticəsində maddi zərərin hansı məbləğdə olması ilə bağlı iddiaçı tərəfindən hər hansı bir əsaslı dəlil məhkəməyə təqdim edilməmişdir. 23.Nəzərə alınmalıdır ki, qeyri yaşayış sahəsini inşası ilə bağlı “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 75.3-cü maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı mövcud olmalıdır. Qeyd olunan sənədlər mövcud olduğu təqdirdə tikilinin inşa edilməsi üçün hər hansı bir maneələr ola bilməz. 24.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsaslı deyildir. Hesab olunur ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlar hərtərəfli araşdırılmış, onlara düzgün hüquqi qiymət verilmiş, əsaslı olaraq iddia təmin edilməmişdir. 25.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
26. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3309/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3309/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.