Məhkəmə qərarları › İş №2-1(103)-2251/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2251/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2251/2023 05.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı «cavabdehin imtinasının qanunsuz sayılması və iddiaçıya birdəfəlik ödəmənin verilməsi» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2767/2023 nömrəli 27 fevral 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz sayılması və iddiaçıya birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 2-1(112)-2767/2023 nömrəli 27 fevral 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2767/2023 nömrəli 27 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsi, yenidən baxılması üçün geri qaytarılması barədə və yaxud iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddət xx.xx.1993-cü il tarixdən xx.xx.2017-ci il tarixə qədər Ədliyyə Nazirliyi Penitensiar xidmətində orta rəis heyətində müxtəlif vəzifələrdə xidmət edib, yaşa görə təqaüdə çıxmışdır. Bir müddət sonra səhhətində baş verən dəyişikliklər iddiaçının çətinliklərlə üzləşməyinə səbəb olmuşdur. Ağır cərrahi əməliyyat keçirib stasionar və ambulator müalicələri almış və müalicələr də davam etməkdədir. Bu baxımdan ağır maddi ehtiyacı var. Bu barədə iddiaçı Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsinə və 38-ci maddəsinə əsasən ona maddi yardım olunmasını xahiş etmişdir. Lakin Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona bu barədə imtina məktubu göndərilmişdir. Bununla bağlı o, Bakı İnzibati Məhkəməsinə müraciət edərək bildirmişdir ki, qanunvericiliyə əsasən İddiaçı təqaüdçü olaraq Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilməli olan birdəfəlik müavinətin təsiri altına düşmür. Lakin iddiaçının məhkəmədən xahişi ondan ibarətdir ki, ona sosial sığorta olunan vətəndaş kimi Dövlət Sosial Müdafiə Fondunun maddi çətinlikdən xəstəliyi ilə əlaqədar olan ehtiyacını təmin etmək üçün ona Dövlət Sosial Müdafıə Fondu tərəfindən maddi yardım köməklik edilməsi barədə qərar çıxarılmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Lakin Bakı İnzibati Məhkəməsi cavabdeh təşkilatın etirazına əsaslanaraq onun iddia tələbinin mahiyyətini maddi yardım kimi qiymətləndirmək əvəzinə birdəfəlik müavinət ödənilməsi baxımından iddia tələbini düzgün qiymətləndirib qərar çıxarmışdır. O, birdəfəlik müavinət yox, sosial maddi yardım olunmasını cavabdehə qarşı iddia tələbində irəli sürmüşdür. Bu səbəbdən hesab edir ki, iddia tələbini mahiyyəti üzrə düzgün baxılmadığı üçün Bakı İnzibati Məhkəməsini xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək yenidən baxılmaq üçün geri qaytarılmalıdır. Eyni zamanda inzibati hüquqi münasibətlərə daxil tabeli inzibati orqanlarda xidmət etdiyi müddətdə tabeli rəhbərlərə yazdığı müraciət əsasında ildə 1 dəfə ona 1 əməkhaqqı dəyərində maddi yardım daim ödənilmişdir. Lakin hal-hazırda təqaüdçüdür. Dövlət Sosial Müdafiə Fondunun sosial ödənişlər üzrə ödənilən təqaüdü alır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində hər bir vətəndaşın sosial-maddi təminatını ödəmək dövlətin ali məqsəd olduğu təsbit olunur. Bu baxımdan iddia tələbində irəli sürdüyü səhhəti ilə bağlı çəkdiyi xərcləri cavabdeh təşkilat tərəfindən maddi yardım qismində ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəməyə apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etirazda qeyd olunur: “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 23 dekabr 2021-ci il tarixli 1513 nömrəli Fərmanına uyğun olaraq 1997-ci il avqustun 2-dək («Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının 1997-ci il 20 may tarixli 296-İQ nömrəli Qanunu qüvvəyə minənədək) olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə verilir: İ dərəcə əliliyə görə - 8.800 manat, İİ dərəcə əlilliyə görə - 6.600 manat, İİİ dərəcə əlilliyə görə - 4.400 manat. İddiaçı 1997-ci il avqustun 2-dək xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmədiyi üçün ona birdəfəlik ödəmənin verilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Nazirliyin Mərkəzləşdirilmiş Elektron X1 altsisteminə əsasən İddiaçı hər hansı əlillik dərəcəsi mövcud deyildir. İddiaçı birdəfəlik müavinət növlərindən hər hansı birini almaq hüququna malik deyildir. Apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş olunur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********7 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanına uyğun olaraq “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 20 may tarixli 296-İQ nömrəli qanunu 1997-ci il avqustun 2-də qüvvəyə minənədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmə verilir. Qeyd edilən Fərmana əsasən 1997-ci il avqustun 2-dək xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulur. Odur ki, birdəfəlik ödəmənin verilməsi barədə müraciətinizin təmin edilməsi qanunvericiliyə əsasən mümkün hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlamış xx.xx.2022-ci il tarixli **********3 nömrəli məktubda bildirilmişdir ki, “Sosial sığorta haqqında” Qanunun 1-ci maddəsinə əsasən sosial sığorta bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Adı çəkilən Qanunun 3-cü maddəsində qeyd olunduğu kimi dövlət sosial sığortası məcburilik prinsipi əsasənda həyata keçirilir və həmin Qanunun 6-cı maddəsində nəzərdə tutulan əmək pensiyası və digər sosial sığorta hadisələri baş verdikdə sığorta ödəmələri verilir. Sosial sığorta ödənişlərinin digər məqsədlər üçün istifadə olunması qanunvericilikdə nəzərdə tutulmamışdır. İş materiallarında olan iddiaçı tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, iddiaçı sosial sığorta təminatı haqqında qanunvericiliyin tələblərinə əsasən ona birdəfəlik müavinətin ayrılmasına köməklik göstərilməsini xahiş edir. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında» 23 dekabr 2021-ci il tarixli 1513 nömrəli Fərmanının 1-ci bəndinə əsasən 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə verilsin: 1.1. İ dərəcə əlilliyə görə – 8 800 manat; 1.2. İİ dərəcə əlilliyə görə – 6 600 manat; 1.3. İİİ dərəcə əlilliyə görə – 4 400 manat; 1.4. bu Fərmanın 1-ci hissəsində göstərilən kateqoriyadan olan hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə – vəfat etmiş şəxsin əlillik dərəcəsinə uyğun olaraq bu Fərmanın 1.1–1.3-cü bəndlərində nəzərdə tutulan məbləğdə. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarıdır. 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. 4.0-cü maddəsinə əsasən bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.2. Birdəfəlik müavinətlər: 4.0.2.1. radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət; 4.0.2.2. uşağın anadan olmasına görə müavinət; 4.0.2.3. dəfn üçün müavinət; 4.0.2.4. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət; 4.0.2.5. himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 1.1-ci bəndinə əsasən Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – Fond) məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Göründüyü kimi, «Sosial müavinətlər haqqında» Qanunla sosial müavinətlərin, o cümlədən birdəfəlik müavinətlərin təyin olunması və verilməsi əsasları təsbit edilmiş və birdəfəlik müavinətlərin ayrı-ayrı növləri müəyyənləşdirilmişdir. Müvafiq məbləğdə birdəfəlik ödəmənin verilməsi isə Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021ci il tarixli 1513 nömrəli Fərmanı ilə 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə şamil edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli 1513 nömrəli Fərmanının 1-ci bəndində göstərilən şəxslərin kateqoriyasına aid deyil. Onun hər hansı dərəcə əlilliyi də müəyyən olunmamışdır. Həmçinin onun iddiasının əsasını təşkil edən dəlillər «Sosial müavinətlər haqqında» Qanunda nəzərdə tutulan birdəfəlik müavinətlərdən hər hansı birinin verilməsinə də istiqamətlənməmişdir və iddiaçı sözügedən müavinətləri almaq hüququ olan şəxslərin dairəsinə daxil deyil. Belə olan halda iddiaçının birdəfəlik ödəmə və birdəfəlik müavinət almaq hüququ yoxdur. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2767/2023 nömrəli 27 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar