Məhkəmə qərarları › İş №2-1(103)-2251/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2251/2024

28.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2251/2024 28.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X7, X6) “qeydlərin ləğvi və bağ torpaq sahəsinin qeydiyyata alınması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2469/2024 nömrəli, 26 yanvar 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X7, X6) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Südçü” bağçılıqyoldaşlığının 53-54 saylı bağ sahəsinə dair tərtib edilmiş xx.xx.2013-cü il tarixli torpaq sahələrinin planı və ölçüsü sənədi əsasında “Südçü” bağçılıq-yoldaşlığının 53-54 saylı (0.12 ha) bağ sahələri xx.xx.2013-cü il tarixdə X3 adına alınmış qeydiyyatın, həmin torpaq sahəsini bağışlama müqaviləsi əsasında X2 adına alınmış qeydiyyatın ləğv olunması və “Südçü” bağçılıq-yoldaşlığı tərəfindən ona verilmiş 54 saylı torpaq sahəsinin (500 kv.m) onun adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Əhədova) 2-1(112)-2469/2024 nömrəli, 26 yanvar 2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 1987-1995-ci illər ərzində "Bakı Süd" İstehsalat Birliyində işləmişdir. İşlədiyi həmin zavodda "Südçü" bağçılıq-yoldaşlıq birliyi yaradılmışdır ki, XDS İK-nin xx.xx.1988-ci il tarixli 4/223 saylı sərəncamı ilə Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi qəsəbəsinin ərazisində "Südçü" bağçılıq-yoldaşlıq birliyinin üzvlərinə verilməsi üçün torpaq sahəsi ayrılmışdır. "Bakı Süd" İstehsalat Birliyində işlədiyi və “Südçü” bağçılıq-yoldaşlığın üzvü olduğu üçün 1989-cu il tarixində ona üzvlük bileti təqdim edilmişdir. Həmin bilet əsasında 54 nömrə altında 5 sot torpaq sahəsi bağ təsərrüfatı yaradılması üçün ona ayrılmışdır. Qeyd edilən torpaq sahəsinin ona ayrılması üzvülük bileti və protokoldan çıxarışla təsdiq edilir. Uzun zaman kəsiyində ailə, məişət, sağlamlıq durumu ilə əlaqədar bağçılıq təsərrüfatının yaradılması üçün istifadəsinə ayrılmış 500 kv.m torpaq sahəsini torpaq qanunvericiliyinə uyğun olaraq adına sənədləşdirə bilməmişdir. Həmin torpağı öz adına rəsmiləşdirmək üçün o, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsi xx.xx.2022-ci il tarixli **********34 nömrəli cavab məktubunda həmin idarənin arxivində “Südçü” bağçılıq-yoldaşlıq üzvlərinin siyahısının aşkar olunmaması, torpaq sahəsinin koordinatlara uyğun ayrılmadığından və İdarənin arxivində bağçılıq-yoldaşlığa dair bölgü sxemi olmadığından və “Südçü” bağçılıq-yoldaşlığın 53-54 saylı torpaq sahələrinin X3 adına dövlət reyestrində qeydiyyata alınması və sonra bağışlama müqaviləsi əsasında X2 adına rəsmiləşdirildiyi üçün onun müraciətinə imtina edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsinə sonuncu, yəni 28 iyul 2023-cü il tarixli müraciətinə xx.xx.2023-ci il tarixli 3-21-3-02/2-M-0826/02-8/2023 nömrəli cavab məktubunda sözügedən bağ sahəsi üzərində hüquqlar digər şəxsin adına müvafiq hüquqmüəyyənedici sənədlər təqdim edilməklə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması səbəbindən imtina edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publikh üquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsinin cavabından narazı qalaraq o, Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmədən o, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Südçü” bağçılıq-yoldaşlığın 53-54 saylı bağ sahəsinə dair tərtib edilmiş xx.xx.2013-cü il tarixli torpaq sahələrinin planı və ölçüsü sənədi əsasında “Südçü” bağçılıq-yoldaşlığın 53-54 saylı (0.12 ha) bağ sahələri xx.xx.2013-cü il tarixdə X3 adına alınmış qeydiyyatın və həmin torpaq sahəsini bağışlama müqaviləsi əsasında X2 adına alınmış qeydiyyatın ləğv olunması və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə “Südçü” bağçılıq-yoldaşlığı tərəfindən ona verilmiş 54 saylı torpaq sahəsinin (500 kv.m) onun adına qeydiyyata alınmasına dair öhdəliyin qoyulmasını xahiş etmişdir. Lakin Bakı İnzibati Məhkəməsi 2-1(112)-2469/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı qəbul edərək onun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi idarəsinə (üçüncü şəxslər X7 və X6) qarşı “qeydlərin ləğvi və bağ-torpaq sahəsinin qeydiyyata alınması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Həmin qərardadın əsaslandırıcı hissəsində məhkəmə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1283/13 saylı xx.xx.2013-cü il tarixli qərarına istinad edərək bildirmişdir ki, həmin qərarla müəyyən edilmiş faktlar və hallar başqa bir məhkəmə icraatında mübahisələndirilə bilməz və bu əsasdan ilkin qeydlərin ləğvi, eləcə də həmin bağ sahəsi ilə bağlı iddiaçının adına qeydlərin aparılmasını qeyri-mümkün hesab etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1283/13 saylı xx.xx.2013-cü il tarixli qərarına əsasən X5 “Südçü” bağçılıq-yoldaşlıq kollektivinin xx.xx.1996-cı il tarixli 03 saylı protokolu ilə ayrılmış sahə, 1200 kv.m olan bağ sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı Şəhər şöbəsinə həvalə olunmuşdur. X3 təqdim etdiyi “Südçü” bağçılıq-yoldaşlıq kollektivinin xx.xx.1996-cı il tarixli 03 saylı protokoluna əsasən onun iddia etdiyi torpaq sahəsinə “Südçü” bağçılıq-yoldaşlığın 53-54 saylı (0.12 ha) bağ sahələri aiddir. X7 məhkəməyə müraciət edərək “Südçü” bağçılıq-yoldaşlıq kollektivinin xx.xx.1996-cı il tarixli 03 saylı protokoluna əsasən ayrılmış torpaq sahəsinin ona məxsus olduğunu və onun adına çıxarışın verilməyini istəməmişdir. O, həmin torpağın dəqiq yerinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin üzərinə müvafiq öhdəliyin qoyulmasını xahiş etmişdir. Yəni məhkəmə “Südçü” bağçılıqyoldaşlığın 53-54 saylı (0.12 ha) bağ sahələrinin kimə məxsus olması faktını müəyyən etməmişdir. Sadəcə təqdim edilmiş sənədlərə əsasən “Südçü” bağçılıq-yoldaşlığın 53-54 saylı (0.12 ha) bağ sahələrinin dəqiq yerinin müəyyən edilməsi üçün dövlət orqanının üzərinə müvafiq öhdəlik qoymuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)- 1283/13 saylı xx.xx.2013-cü il tarixli qərarı ilə “Südçü” bağçılıq-yoldaşlığın 53-54 saylı (0.12 ha) bağ sahəsinin X5 məxsus olması faktı təsdiq edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2469/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadını əsassız hesab edir. Cavabdeh tərəfindən maraqlarının pozulduğuna baxmayaraq, məhkəmə tərəfindən iddia tələbi mümkünsüz sayılmışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşin faktiki hallarından görünür ki, iddiaçı “Südçü” bağçılıq-yoldaşlığın üzvlük biletinə əsasən 1989-cu ildə bağçılıq yoldaşlıq üzvlüyünə qəbul edildiyi və ona Dübəndi ərazisində 54 nömrəli, 500 kv.m sahəsi olan bağ torpaq sahəsi ayrıldığını iddia edir. Sözügedən “Südçü” bağçılıq-yoldaşlığa aid arxiv qovluğunda bağçılığın üzvlərin siyahısı və bağçılığa aid bölgü sxemi saxlanılmamışdır. İddiaçı qeyd edilən üzvlük kitabçasını əsas götürərək naturada göstərdiyi bağ torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən müraciətin təminindən o əsasla imtina edilmişdir ki, iddiaçının ümumi sahədə naturada faktiki olaraq göstərdiyi bağ torpaq sahəsi Südçülük b/y nəzdində 53-54 saylı bağ sahəsi kimi (0.12 ha) qeydiyyatdan keçmişdir. Təqdim edilmiş 53-54 saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlərdən görünür ki, “Südçü” bağçılıq yoldaşlığının idarə heyətinin yığıncağının xx.xx.1996-cı il tarixli 3 nömrəli protokolundan çıxarışa əsasən 0.12 hektar olan 53/54 saylı bağ sahəsi X3 istifadəsinə verilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2in(82)-1283/13 nömrəli qərarı ilə iddiaçı X3 iddia tələbi təmin edilmiş, X5 «Südçü» bağçılıq-yoldaşlıq kollektivinin xx.xx.1996-cı il tarixli 03 saylı protokolu ilə ayrılmış sahəsi 1200 kv.m olan bağ sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı Şəhər Şöbəsinə həvalə olunması qərara alınmışdır. Adıçəkilən qanuni qüvvəsini almış məhkəmə qərarı əsasında DTXK tərəfindən “Südçü” bağçılıq yoldaşlığının 53-54 saylı bağ sahəsinə dair xx.xx.2013cü il tarixli Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş, daha sonra həmin plan-ölçü əsasında “Südçü” bağçılıq yoldaşlığının 53-54 saylı (0.12ha) bağ sahəsi xx.xx.2013-cü il tarixdə X3 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 33 saylı notariat kontorunun dövlət notariusu B.Ə.Ağayev tərəfindən təsdiq edilmiş 4Ə/01-145 reyestr nömrəli xx.xx.2013-cü il tarixli bağışlanma müqaviləsi əsasında Bakı şəhəri, Xəzər rayonu (indiki Pirallahı), Dübəndi bağ sahəsi ’’Südçü” b/y-nın 53-54 saylı bağ sahəsi xx.xx.2013-cü il tarixdə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçının Dübəndi ərazisində 500 kv.m ölçüdə 54 saylı bağ torpaq sahəsi kimi iddia etdiyi bağ sahəsi naturada X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 0.12 ha ölçüdə 53/54 saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. İddiaçının ləğvini mübahisələndirdiyi X3 adına aparılmış qeydlərin əsasında isə göstərilən bağ sahəsinin naturada faktiki vəziyyətinə uyğun plan-ölçü sənədinin - kadastr planının tərtib edilməsi vəzifəsinin DTXK Bakı şəhər şöbəsinə həvalə edilməsi barədə qanuni qüvvəsini almış 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli iş 2in(82)-1283/13 saylı qərarı dayanır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, üçüncü şəxs X3 təqdim etdiyi hüquqmüəyyənedici sənədlər əsasında naturada göstərilən bağ sahəsi ilə bağlı məhkəmə qərarı ilə digər şəxsin adına plan-ölçü sənədi verildiyindən, məhkəmə qərarı ilə həmin bağ sahəsinin coğrafi koordinatları müəyyən edilərək kadastr planı hazırlandığından, həmin məhkəmə qərarı hazırda da qüvvədə olmaqla ləğv edilmədiyindən, həmin qərarla müəyyən edilmiş faktlar və hallar başqa bir məhkəmə icraatında mübahisələndirilə bilməz və bu əsasdan iddiaçının mübahisələndirdiyi X5 aid olmuş torpaq sahəsinə dair ilkin qeydlərin ləğvi, eləcə də həmin bağ sahəsi ilə bağlı iddiaçının adına qeydlərin aparılması mümkün deyildir. İddiaçının hüquqi marağının 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş 2in(82)- 1283/13 saylı inzibati iş üzrə məhkəmə icraatına cəlb edildiyi halda (sonrakı hüquqi nəticələrdən asılı olaraq) öz həllini tapması mümkün və qanunidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı həmin torpaq sahəsini bağışlama müqaviləsi əsasında X2 adına alınmış qeydiyyatın ləğv olunmasını da tələb edir. Lakin iş materiallarından göründüyü kimi, həmin bağ sahəsi bağışlanma müqaviləsi əsasında X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yəni daşınmaz əmlakın dövlət reyestrində həmin əmlakla bağlı X2 adına qeydiyyat (qeyd olunan hissədə) mülkihüquqi əqd əsasında aparılmışdır. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 №-li Qərarının 17-ci bəndinə əsasən: - Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqısatqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Beləliklə, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Ərazi İdarəsi tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarına toxunma ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqlənmir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPMin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan normanın tələblərindən göründüyü kimi, iddiaçının inzibati icraat qaydasında verdiyi iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2469/2024 nömrəli, 26 yanvar 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar