Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2252/2021 29.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi, vəkil X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “2008-2019-cu illər üçün ezamiyyət və gəzinti xərclərinin hesablanaraq ödənilməsi” barədə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 11.06.2021-ci il tarixli, 2-1(112)-1150/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Füzuli RPŞ-də çalışdığı müddətdə Bakı şəhərinə ezam olunduğu 2008-2019-cu illər üçün ezamiyyət və gəzinti xərclərinin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, O, 1982-ci ildən 01.07.2019-cu il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Füzuli rayon Polis Şöbəsində zabit kimi müxtəlif vəzifələrdə işləmiş. 2019-cu ilin iyul ayından əmək pensiyası alır. Füzuli rayonu işğal olunduqdan sonra Füzuli rayonundan olan məcburi köçkünlərlə iş aparılması, profilaktik tədbirlərin daha da gücləndirilməsi və törədilən hüquq pozuntularına dair məsələlərin operativ qaydada həll edilməsi üçün 1997-ci ildən Bakı şəhərinə ezam olunmuş. Ezamiyyət və gəzinti xərcləri 2006-cı il tarixədək hesablanaraq verilmişdir. 2006cı ildə ezamiyyətdən geri çağrılmış, bir il Füzuli rayonu ərazisində xidmət etmiş. 2008-ci ildən yenidən Bakı şəhərinə ezam olunmuş. 2008-ci ildən daxili işlər orqanlarından tərxis olunanadək ezamiyyətdə olmuşdur. Bu illər üçün ona ezamiyyət və gəzinti xərcləri ödənilməmişdir. Ezamiyyət və gəzinti xərclərinin hesablanaraq ödənilməsi üçün həm xidmət illəri ərzində, həm də tərxis olunduqdan sonra Füzuli RPŞ-nə və DİN-in müvafiq səlahiyyətli qurumlarına müraciətlər etmişdir. Lakin bu günədək qanuni tələbi təmin olunmamışdır. Sonuncu dəfə Azərbaycan Respublikası Daxili İşlər Naziri cənab Vilayət Eyvazova 20 fevral 2020-ci il tarixdə yazılı müraciət etmişdir. Həmin müraciətinə Azərbaycan Respublikası Daxili X2-Plan İdarəsinin rəisi tərəfindən verilmiş 11 mart 2020ci il tarixli ***-*******-3220 saylı cavabla məcburi köçkünlərlə iş aparılmasına görə ezamiyyət hallarının Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 07.05.2018-ci il tarixli 244 saylı əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanlarında xidməti ezamiyyətlərin təşkili Qaydaları”nın 4.1-ci bəndində öz əksini tapmadığı səbəbindən ona ezamiyyət xərcləri ödənilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Daxili X2-Plan İdarəsinin rəisinin 11 mart 2020-ci il tarixli ***-*******-3220 saylı cavabını qanunsuz və əsassız hesab edir. Bakı İnzibati Məhkəməsinin 11.06.2021-ci il tarixli, 2-1(112)-1150/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 11.06.2021-ci il tarixli, 2-1(112)-1150/2021 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmışdır. Eyni zamanda qeyd olunmuşdur ki, O, 2008-ci ildən xidməti vəzifəmin icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Daxili X4 Usubovun və Füzuli RPŞ-si rəisinin müvafiq əmrləri ilə Bakı şəhərinə ezam olunmuşdur. 2008-ci ildən daxili işlər orqanlarından tərxis olunanadək ezamiyyətdə olmuşdur. Həmin əlavə haqlar ona ödənilməlidir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 11.06.2021-ci il tarixli, 2-1(112)-1150/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarında olan: – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən İddiaçı müraciəti (ərizəsi) əsasında ünvanlanmış 11.03.2020-ci il tarixli № ***-*******-3220 saylı imtina məktubundan görünür ki, müraciətlə bağlı Füzuli RPŞ-yə sorğu göndərilmiş, şöbənin 26.12.2019-cu il tarixli 310-14981-1219 nömrəli məktubuna əsasən O, DİN-nin Ə739-001-18 nömrəli 26.09.2018-ci il tarixli əmri ilə Füzuli rayonundan olan məcburi köçkünlərlə iş aparılması, profilaktik tədbirlərin daha da gücləndirilməsi və törədilən hüquq pozuntularına dair məsələlərin operativ qaydada həll edilməsi ilə əlaqədar Bakı şəhəri Nərimanov rayon polis idarəsinə 12 aylıq ezam olunmuş. Ezam olunduğu dövr ərzində xidmətini Bakı şəhərində keçməsi baxımından ona gəzinti pulu ödənilməmişdir. Müvəqqəti xidməti yer dəyişmə ilə bağlı bildirirlər ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 07.05.2018-ci il tarixli 244 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanlarında xidməti ezamiyyətlərin təşkili qaydaları”nın 4.1-ci bəndinə əsasən aşağıdakı hallar istisna olmaqla işçinin ezamiyyət müddəti yolda olduğu müddət hesaba alınmamaqla 40 gündən çox olmamalıdır: -Ağır cinayət işlərinin açılması, təhqiqi və istintaqı üzrə əməliyyat işçiləri və müstəntiqlər ezam edildikdə; -axtarışda olan şəxslərin axtarışı və tutulub saxlanılması üzrə xidməti yoxlama aparıldıqda və tədbirlər həyata keçirildikdə; -həbsdə saxlanılan şəxslər müşayiət edildikdə; -hərbi və xüsusi yüklü nəqliyyat vasitələrinin mühafizəsi və müşayiəti zamanı; -dinləyicilər və müdavimlər praktikaya və stajkeçməyə göndərildikdə, yaxud onlar tərəfindən diplom layihələri hazırlandıqda; -DİN-in təhsil müəssisələrinin professor-müəllim heyəti polis orqanlarına və digər nazirlik və idarələrin təşkilatlarına stajkeçmə və praktikaya, eləcə də dövlətlərarası müqavilə və sazişlərə əsasən digər dövlətlərə ezam edildikdə; -müddətli hərbi xidmətə gələn gənc çağırışçıların hazırlıq məqsədi ilə təlim məntəqələrinə ezamiyyətlər zamanı; ixtisasartırma kurslarına göndərildikdə; -xüsusilə təhlükəli olan infeksiya ilə mübarizə üçün səfərlər zamanı. Məcburi köçkünlərlə iş aparılmasına görə ezamiyyət hallarının həmin qaydalarda öz əksini tapmaması baxımından, İddiaçı ezamiyyət xərci ödənilməmişdir. – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsinin rəisi Ədalət Abbasovun 29 sentyabr 2018-ci il tarixli № Ə532-087-18 əmrinin surətindən görünür ki, Bakı şəhər Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati ərazisində Füzuli rayonundan olan məcburi köçkünlərin daha çox yaşamaları ilə əlaqədar Füzuli RPŞ-dən Nizami RPİ-yə müvəqqəti ezam edilmiş polis sahə rəisi, polis mayoru İddiaçı Füzuli rayonundan olan məcburi köçkünlər arasında iş aparılması, profilaktika tədbirlərinin daha da güçləndirilməsi və törədilən hüquq pozuntularına dair məsələlərin operativ qaydada həll edilməsində əməlli köməklik göstərilməsi üçün Füzuli RPŞ-nin polis sahə rəisi, polis mayoru İddiaçı Bakı şəhər Nizamı RPİ-nin 24-cü PŞ-yə 12 ay müddətinə müvəqqəti ezam edilməsi barədə əmr imzalanmışdır. – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin 25.05.2021-ci il tarixli № 027-2321-1221 saylı məktuba əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 7 may 2008-ci il tarixli 244 nömrəli əmri ilə təsdiq edilmiş daxili işlər orqanlarında xidməti ezamiyyətlərin təşkili qaydalarının təsdiq edilmiş surətindən görünür ki, 4.1-ci bəndinə əsasən işçinin ezamiyyət müddəti, bu qaydaların 4.3-cü bəndi ilə nəzərdə tutulan ezamiyyətlər istisna olmaqla, yolda olduğu müddət hesaba alınmaqla 40 gündən çox olmamalıdır. 4.3-cü bəndinə əsasən ezamiyyətə aşağıdakı hallarda 40 gündən yuxarı, lakin 1 ildən çox olmayaraq icazə verilir: 4.3.1. Ağır cinayət işlərinin açılması, təhqiqi və istintaqı üzrə əməliyyat işçiləri və müstəntiqlər ezam edildikdə; 4.3.2 Axtarışda olan şəxslərin axtarışı və tutulub saxlanılması üzrə xidməti yoxlama aparıldıqda və tədbirlər həyata keçirildikdə; 4.3.3 Həbsdə saxlanılan şəxslər müşayiət edildikdə; 4.3.4 Hərbi və xüsusi yüklü nəqliyyat vasitələrinin mühafizəsi və müşayiəti zamanı; 4.3.5 Dinləyicilər və müdavimlər praktikaya və stajkeçməyə göndərildikdə, yaxud onlar tərəfindən diplom layihələri hazırlandıqda; 4.3.6 DİN-in təhsil müəssisələrinin professormüəllim heyəti polis orqanlarına və digər nazirlik və idarələrin təşkilatlarına stajkeçmə və praktikaya, eləcə də dövlətlərarası müqavilə və sazişlərə əsasən digər dövlətlərə ezam edildikdə; 4.3.7 Müddətli hərbi xidmətə gələn gənc çağırışçıların hazırlıq məqsədi ilə təlim məntəqələrinə ezamiyyətlər zamanı; 4.3.8 İixtisasartırma kurslarına göndərildikdə; 4.3.9 Xüsusilə təhlükəli olan infeksiya ilə mübarizə üçün səfərlər zamanı. – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin 31.10.2020-ci il tarixli № 027-5021-1220 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 07.05.2008-ci ıl tarixli 244 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanlarında xidməti ezamiyyətlərin təşkili qaydaları”nın 4.1-ci bəndində işçinin ezamiyyət müddəti yolda olduğu müddət hesaba alınmamaqla 40 gündən çox olmaması təsbit edilmişdir. Məcburi köçkünlərlə iş aparılmasına görə ezamiyyət hallarının həmin qaydalarda öz əksini tapmaması baxımından İddiaçı ezamiyyət xərcinin ödənilməməsi qeyd edilmişdir. Məktuba əlavə edilmiş, İddiaçı xidmət etdiyi dövr ərzində ezamiyyətə göndərilməsi və xidmətdən təxris olunması ilə bağlı əmrlərin surətlərindən görünür ki, Azərbaycan Respublikası Daxili X4 Usubovun 03.09.2009-cu il tarixli 513 saylı “Füzuli RPŞ-nin əməkdaşlarının ezam olunmaları barədə” əmri ilə 6 ay müddətinə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə. 07.10.2010-cu il tarixli 624 saylı “Füzuli RPŞ-nin əməkdaşlarının ezamiyyət müddətlərinin artırılması barədə” əmri ilə 12 ay müddətinə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə. 24.10.2011-ci il tarixli 658 saylı “Füzuli RPŞ-nin əməkdaşlarının müvəqqəti ezam olunmaları barədə” əmri ilə 12 ay müddətinə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə. 03.11.2012-ci il tarixli Ə695-00112 saylı “Füzuli RPŞ-nin əməkdaşlarının müvəqqəti ezam olunmaları barədə” əmri ilə 12 ay müddətinə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə. 07.11.2013-cü il tarixli Ə867-00113 saylı “Füzuli RPŞ-nin əməkdaşlarının müvəqqəti ezam olunmaları barədə” əmri ilə 12 ay müddətinə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə. 12.11.2014-cü il tarixli Ə962-00114 saylı əmri “Füzuli RPŞnin əməkdaşlarının müvəqqəti ezam olunmaları barədə” ilə 12 ay müddətinə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə. 17.11.2015-ci il tarixli Ə949-00115 saylı “Füzuli RPŞ-nin əməkdaşlarının müvəqqəti ezam olunmaları barədə” əmri ilə 12 ay müddətinə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə. 21.10.2016-cı il tarixli Ə862-00116 sayh“Füzuli RPŞ-nin əməkdaşlarının müvəqqəti ezam olunmaları barədə” əmri ilə 12 ay müddətinə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə. 01.11.2017-ci il tarixli Ə853-00117 saylı əmri “Füzuli RPŞnin əməkdaşlarının Müvəqqəti ezam olunmaları barədə” ilə 12 ay müddətinə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə. 26.09.2018-ci il tarixli Ə739-00118 saylı “Füzuli RPŞ-nin əməkdaşlarının müvəqqəti ezam olunmaları barədə” əmri ilə 12 ay müddətinə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə ezam olunmuşdur. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 07.05.2008-ci il tarixli 244 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanlarında xidməti ezamiyyətlərinin təşkili Qaydaları”nın 1.1, 4.1, 4.2, 4.3, 4.4, 6.2-ci bəndlərini tətbiq etməklə belə qərara gəlmişdir ki, İddiaçıya dair əmrlərdən görünür ki, iddiaçı məcburi köçkünlərlə iş aparılması məqsədilə (6 aylıq, 1 illik) müvəqqəti ezam edilmişdir. Lakin məcburi köçkünlərlə iş aparılmasına görə ezamiyyət halları Qaydalarda nəzərdə tutulmamışdır. İddia tələbi əsassızdır, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Ona görə də iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 07.05.2008-ci il tarixli 244 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanlarında xidməti ezamiyyətlərinin təşkili Qaydaları”nın 1.2-ci bəndinə əsasən ezamiyyətlər Azərbaycan Respublikası qanunvericiliyinin, normativ aktların daxili işlər orqanları tərəfindən icrasının faktiki vəziyyətinin öyrənilməsi, inspektor, məqsədli və xidməti yoxlamaların keçirilməsi, əməli köməklik göstərilməsi, əməliyyat xidməti və istehsalat – təsərrüfat məsələlərinin həlli, kadrların seçilməsi, yerləşdirilməsi və təliminin yaxşılaşdırılması, proqram-texniki vasitələrin tətbiqivə quraşdırılması, krimonoloji tədqiqatların və digər təhqiqatların aparılması, dövlət tədbirlərində iştirak, eləcə də qabaqcıl təcrübənin öyrənilməsi məqsədi ilə təşkil edilir. Baxılan iş üzrə iddiaçı barəsində qəbul edilmiş əmrlərə əsasən iddiaçının ezam edilməsinin məqsədi isə Füzuli rayonundan olan məcburi köçkünlər arasında iş aparılması, profilaktika tədbirlərinin daha da gücləndirilməsi və törədilən hüquq pozuntularına dair məsələlərin operativ qaydada həll edilməsində yerli orqanlara əməli köməklik göstərilməsi olmuşdur. Eyni zamanda iddiaçı daxili işlər orqanlarında işlədiyi dövrün əksər hissəsində Füzuli rayonun işğal altında olması səbəbilə ezamiyyətdə olmuşdur. “Daxili işlər orqanlarında xidməti ezamiyyətlərinin təşkili Qaydaları”na əsasən bu qaydada ezam olunmuş daxili işlər orqanlarının əməkdaşlarına ezamiyyət xərcinin ödənilməsi nəzərdə tutulmamışdır. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 11.06.2021-ci il tarixli, 2-1(112)-1150/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-2252/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2252/2021
29.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver