Məhkəmə qərarları › İş №2-1(103)-2252/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2252/2022

07.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2252/2022 07.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “xx.xx.2009-cu il tarixli **********084700 nömrəli qərarın ləğv edilməsi və müvafiq məbləğlərin şəxsi hesab vərəqəsinə bərpa edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-87/2022 saylı, 09 fevral 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraatlar : 1) İddiaçı MMC (VÖEN **********) Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 2006-cı ilin avqust ayı üçün hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi və iddia müddətinin bərpası barədə ərizələri məhkəməyə təqdim edərək, iddia müddətinin bərpa edilməsi, 2006-cı ilin avqust ayı üçün hesablanmış **********084700 nömrəli, xx.xx.2009-cu il tarixli kameral hesablama qərarının ləğv edilməsi və müvafiq məbləğlərin şəxsi hesab vərəqəsində bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 23 oktyabr 2019cu il tarixli 845 saylı Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edildiyindən bu əsasla iş üzrə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi ilə əvəz edilmişdir. Həmçinin, xx.xx.2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə “2006cı ilin avqust ayı üçün hesablanmış **********084700 nömrəli xx.xx.2009-cu il tarixli kameral hesablama qərarının ləğv edilməsi və müvafiq məbləğlərin şəxsi hesab vərəqəsində bərpa edilməsi barədə qərar qəbul edilməsi” məzmunda icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-130/2020 saylı 16 iyun 2020-ci il tarixli qərardadı ilə iddia müddətinin bərpa edilməsi barədə ərizənin təmin edilməməsi və iddianın mümkün sayılmaması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1579/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən həmin qərardaddan verilmiş apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-130/2020 saylı 16 iyun 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün məhkəməyə göndərilmişdir 2) Bakı İnzibati məhkəməsinin 2-1(112)-1219/2022 saylı, 03 mart 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləvğ edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri , tərəflərin izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən hesab fakturaların olmaması kimi və ya yalançı hesab fakturanın olması kimi əsas gətirməmişdir. Cavabdeh vergi orqanı sadəcə onlara təqdim edilmiş hesab fakturaların itirilməsi əsası ilə ƏDV əvəzləşmələrinin ləğv edildiyini bildirmişdir. Başqa sözlə hesab fakturalar var, sadəcə vergi orqanı hamin hesab fakturaları itirmiş və bu səbəbdən də onların hüquqları pozulmuşdur. Qanunvericilikdə hesab fakturaların cavabdeh orqanı tərəfindən itirilməsi ilə əlaqədar əvəzləşmənin ləğv edilməsi əsası müəyyən edilməmişdir. Tərəflərin izahatları Əvvəlki Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu, qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya Məhkəməsinin mövqeyi : Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İş materiallarında olan: - Azərbaycan Respublikası Vergilər Nazirliyi Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, İddiaçı MMC ********** nömrəli VÖEN ilə dövlət qeydiyyatına alınmışdır. - İddiaçı tərəfindən 2006-cı ilin avqust ayı üçün təqdim edilmiş dəqiqləşdirilmiş əlavə dəyər vergi bəyannaməsindən görünür ki, təqdim olunmuş ƏDV bəyannaməsində vergiyə cəlb olunan dövriyyənin olmadığı, əvəzləşdirilən dövriyyənin 105.932.203,0 manat, büdcədən qaytarılmalı məbləğ kimi 19.067.790.54,0 manat göstərilmişdir. Əəlavə dəyər vergisinin bəyannaməsinə əlavə №1-dən görünür ki, cari hesabat dövründə vergi hesabfakturaları üzrə məlumatlarda "xxxx" MMC (VÖEN: **********) tərəfindən təqdim olunmuş xx.xx.2006-cı il tarixli GA seriyalı 233789 nömrəli, xx.xx.2006-cı il tarixli GA seriyalı 233781 nömrəli, xx.xx.2006-cı il tarixli GA seriyalı 233783 nömrəli, xx.xx.2006-cı il tarixli GA seriyalı 233785 nömrəli, xx.xx.2006-cı il tarixli GA seriyalı 233786 nömrəli, xx.xx.2006cı il tarixli GA seriyalı 233784 nömrəli, xx.xx.2006-cı il tarixli GA seriyalı 233801 nömrəli, xx.xx.2006-cı il tarixli GA seriyalı 233792 nömrəli, xx.xx.2006-cı il tarixli GA seriyalı 233800 nömrəli, xx.xx.2006-cı il tarixli GA seriyalı 233790 nömrəli vergi hesab-fakturaları əks etdirilmişdir. - Cavabdehin “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2009-cu il tarixli **********974600 saylı məktubundan görünür ki, iddiaçıdan ZƏMZƏM” MMC (VÖEN: **********) tərəfindən təqdim olunmuş xx.xx.2006-cı il tarixli GA seriyalı 233789 nömrəli, xx.xx.2006-cı il tarixli GA seriyalı 233781 nömrəli, xx.xx.2006-cı il tarixli GA seriyalı 233783 nömrəli, xx.xx.2006-cı il tarixli GA seriyalı 233785 nömrəli, xx.xx.2006-cı il tarixli GA seriyalı 233786 nömrəli, xx.xx.2006-cı il tarixli GA seriyalı 233784 nömrəli, xx.xx.2006-cı il tarixli GA seriyalı 233801 nömrəli, xx.xx.2006cı il tarixli GA seriyalı 233792 nömrəli, xx.xx.2006-cı il tarixli GA seriyalı 233800 nömrəli, xx.xx.2006-cı il tarixli GA seriyalı 233790 nömrəli vergi hesab-fakturaları itirildiyindən, həmin vergi hesab-fakturaları əvəzləşdirməyə əsas vermədiyindən kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. - Vergi ödəyicisinə göndərilmiş xx.xx.2009-cu il tarixli **********084700 nömrəli vergilərin hesablanması barədə bildirişdən görünür ki, vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması səbəbindən (dövlət büdcəsindən 19.067.796.54,0 manatın tələb edilməsi) müəyyən edilmiş kənarlaşma ilə əlaqədar yaranmış uyğunsuzluqla bağlı kameral vergi yoxlaması ilə 2006-ci ilin avqust ayı üçün ƏDV bəyannaməsi üzrə təqdim edilmiş əvəzləşmələr nəzərə alınmamış və 19.067.796.54,0 manat məbləğində ƏDV hesablanmışdır. - İddiaçı MMC (VÖEN **********) tərəfindən əvəzləşdirmə aparılması üçün digər şəxslərdən qəbul edilmiş və ƏDV bəyannamələrinə əlavələrdə göstərilmiş VHF-n və onu əvəz edən digər sənədlər barədə məlumatdan görünür ki, 7.628.053,00 manat məbləğində malın dəyərinə görə 1.373.049,54 manat məbləğində ƏDV hesablanmışdır. - Cavabdehin “Vergilərin hesablanması barədə” xx.xx.2013-cu il tarixli **********783700 saylı qərarından görünür ki, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti tərəfindən vergi ödəyicisinin adından əvəzləşdirilməyə təqdim edilmiş vergi hesab fakturaları üzrə əvəzləşdirilmiş vergi məbləğinin nəzərə alınması barədə xx.xx.2013-cü il tarixli **********405600 nömrəli xidməti məktubu ləğv olunmuş Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentində baxılmış və qeyd olunanlarla əlaqədar olaraq 2006-cı ilin avqust ayı üzrə ƏDV bəyannaməsində "xxxx" MMC (VÖEN: **********) tərəfindən təqdim olunmuş xx.xx.2006-cı il tarixli GA seriyalı 233783 nömrəli 1.373.049,54 manat əvəzləşmə məbləği yenidən bərpa olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC (VÖEN **********) tərəfindən 2006-cı ilin avqust ayı üçün təqdim olunmuş ƏDV bəyannaməsində vergiyə cəlb olunan dövriyyənin olmadığı, əvəzləşdirilən dövriyyənin 105.932.203,0 manat, büdcədən qaytarılmalı məbləğ kimi 19.067.790.54,0 manat göstərilmişdir. Vergi orqanı tərəfindən aparılan araşdırma zamanı "xxxx" MMC (VÖEN: ********** ) tərəfindən təqdim olunmuş xx.xx.2006-cı il tarixli GA seriyalı 233789 nömrəli, xx.xx.2006-cı il tarixli GA seriyalı 233781 nömrəli, xx.xx.2006-cı il tarixli GA seriyalı 233783 nömrəli, xx.xx.2006-cı il tarixli GA seriyalı 233785 nömrəli, xx.xx.2006-cı il tarixli GA seriyalı 233786 nömrəli, xx.xx.2006-cı il tarixli GA seriyalı 233784 nömrəli, xx.xx.2006-cı il tarixli GA seriyalı 233801 nömrəli, xx.xx.2006-cı il tarixli GA seriyalı 233792 nömrəli, xx.xx.2006-cı il tarixli GA seriyalı 233800 nömrəli, xx.xx.2006-cı il tarixli GA seriyalı 233790 nömrəli vergi hesab-fakturaları itirildiyindən, həmin vergi hesabfakturaları əvəzləşdirməyə əsas vermədiyi üçün iddiaçı tərəfindən təqdim olunmuş 2006-cı ilin ƏDV bəyannaməsində kənarlaşmanın yarandığı müəyyən edilmişdir. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması (əsas olmadan dövlət büdcəsindən 19.067.796.54,0 manatın tələb edilməsi) kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2009-cu il tarixli **********974600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin, vergi ödəyicisi yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2006-ci ilin avqust ayı üçün ƏDV bəyannaməsi üzrə təqdim edilmiş əvəzləşmələr nəzərə alınmamış, bu barədə vergi ödəyicisinə xx.xx.2009-cu il tarixli **********084700 nömrəli vergilərin hesablanması barədə bildiriş göndərilmişdir. Eyni zamanda, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti tərəfindən vergi ödəyicisinin adından əvəzləşdirilməyə təqdim edilmiş vergi hesab fakturaları üzrə əvəzləşdirilmiş vergi məbləğinin nəzərə alınması barədə xx.xx.2013-cü il tarixli **********405600 nömrəli xidməti məktubu ləğv olunmuş Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentində baxılmış və qeyd olunanlarla əlaqədar olaraq 2006-cı ilin avqust ayı üzrə ƏDV bəyannaməsində "xxxx" MMC (VÖEN: **********) tərəfindən təqdim olunmuş xx.xx.2006-cı il tarixli GA seriyalı 233783 nömrəli 1.373.049,54 manat əvəzləşmə məbləği yenidən bərpa olunmuşdur. Daha sonra iddiaçı cavabdeh inzibati orqana qarşı Məhkəməyə müraciət etmiş, mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 16.1.3 Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 23.1.5. Qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüququdur. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4 Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62- ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 71.1. Vergi ödəyicisi olan hər hansı şəxs: 71.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 71.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən; 71.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. 71.2. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. 94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. 130.2. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. İddiaçının hesabat verdiyi 2006-cı ildə qüvvədə olmuş Azərbaycan Respublikası Dövlət Əmlakı nazirinin xx.xx.2000-ci il tarixli İ-194 №-li əmri ilə təsdiq edilmiş “Vergi məqsədləri üçün vergi hesab-fakturasının tətbiqi Qaydaları”na əsasən: 2.1. Bu qaydalara 1-li əlavədə göstərilən vergi hesab-fakturası (bundan sonra “vergi hesab-fakturası” adlanacaqdır) ciddi uçot blankı olmaqla, ƏDV-nin və aksizin əvəzləşdirilməsinə əsas verən sənəddir. 2.3. Bu qaydaların İV bölməsinin 6-cı bəndinin müddəalarının yerinə yetirilməsi şərti ilə, ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (sonradan “vergi ödəyicisi” adlandırılacaq) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya yaxud sifarişçiyə) vergi hesab-fakturası verməlidir. ƏDV məqsədləri üçün qeydiyyatdan keçməyən şəxsin vergi hesab-fakturası verməyə hüququ yoxdur. 2.4. Vergi hesab-fakturası ciddi uçotu aparılan sənəd olmaqla, özündə aşağıdakı məlumatları əks etdirməlidir: - vergi ödəyicisinin və alıcının (sifarişçinin) adı; - vergi ödəyicisinin və alıcının (sifarişçinin) eyniləşdirmə nömrəsi; - yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlər - vergi tutulan əməliyyatın haqqının məbləği, həmçinin vergi tutulan həcmi; - aksizli mallarda aksizin məbləği; - vergi tutulan əməliyyatdan ödənilməli olan verginin məbləği; - vergi-hesab fakturasının verilmə tarixi; vergi hesab-fakturasının sıra nömrəsi. - qeydiyyat bildirişini vermiş vergi orqanının adı, bildirişin verilmə tarixi və sıra sayı; - vergi hesab-fakturasını imza etmiş məsul şəxsin vəzifəsi, soyadı, adı, atasının adı. 4.1. Vergi hesab-fakturası malı (işi, xidməti) təqdim edən şəxs tərəfindən 2 nüsxədə tərtib edilir. Tərtib edilmiş vergi hesab-fakturasının 1-ci nüsxəsi alıcıya verilir, 2-ci nüsxəsi isə malı (işi, xidməti) təqdim edən şəxsdə saxlanılır. Vergi ödəyicisi malın alıcısına (işlərin və xidmətlərin sifarişçisinə) vergi hesabfakturasının 1-ci nüsxəsini mal göndəriləndən (iş görüləndən, xidmət göstəriləndən) sonra 5 gün ərzində verməlidir. Ödənişlər malların (işlərin, xidmətlərin) təqdim edilməsindən əvvəl həyata keçirildikdə, vergi hesab-fakturası ödəmədən sonrakı 5 gün ərzində verilməlidir. Ödəmə qismən həyata keçirilmişdirsə, vergi hesab-fakturası hər ödəmə üçün ayrıca olaraq, ödəmə məbləği həcmində verilməlidir. Xidmətlər alıcılara (sifarişçilərə) müntəzəm və ya daimi əsasda göstərilirsə, xidmətlərin göstərilməsi vaxtı bu əməliyyatın hər hansı hissəsi üçün hər dəfə vergi hesab-fakturasının verildiyi vaxt, yaxud ödəmə əvvəl həyata keçirilmişsə, əməliyyatın hər hansı hissəsinin ödənildiyi vaxt sayılır. 4.2. Vergi hesabfakturası vergi ödəyicisi tərəfindən malların (işlərin, xidmətlərin) alıcısına verilərkən, vergi hesab-fakturası bu qaydalara 2 nömrəli əlavədə göstərilən “Vergi hesabfakturasının qeydiyyatı kitabı”nda uçota alınmalıdır. Vergi hesab-fakturası blankları zədələndikdə (yararsız hala düşdükdə), onların hər 2 nüsxəsinin üzərində “ləğv edilmişdir” sözləri yazılmaqla, vergi ödəyicisində saxlanılmalı və “Vergi hesab-fakturasının qeydiyyatı kitabı”nda müvafiq sıra nömrəsinin qarşısında “ləğv edilmişdir” qeydi aparılmalıdır. Artıq çap edilmiş vergi hesab-fakturası aşkar edildikdə də, onlar eyni qaydada ləğv edilir. Vergi hesab-fakturası blankları itirildikdə, oğurlandıqda və ya digər səbəblərdən çatışmamazlığı aşkar olunduqda, vergi ödəyicisi 3 iş günü ərzində qeydiyyatda olduğu vergi orqanına rəsmi məlumat verməlidir. Bu zaman “Vergi hesab-fakturasının qeydiyyatı kitabı”nda müvafiq sıra nömrəsinin qarşısında “itirilmişdir” sözləri, “Qeyd” sütununda isə vergi orqanına verilmiş məlumatın tarixi və nömrəsi yazılmalıdır. Bu məlumatları almış vergi orqanları vergi hesab-fakturasının itirilməsi, oğurlanması və ya digər səbəblər üzündən çatışmamazlığı barədə dərhal maliyyə orqanlarına məlumat verməlidirlər. 4.3. “Vergi hesab-fakturasının qeydiyyatı kitabı”nın səhifələri ardıcıl nömrələnməli, qaytanlanmalı və hüquqi şəxsin rəhbəri və maliyyə bölməsinin rəhbəri (baş mühasibi) tərəfindən səhifələrin sayı göstərilməklə, imzalanmalı və möhürlənməlidir. ƏDV ödəyicisi olan fiziki şəxslər tərəfindən “Vergi hesab-fakturasının qeydiyyatı kitabı”nın səhifələri ardıcıl nömrələnməli, qaytanlanmalı və fiziki şəxs tərəfindən imzalanmalıdır. “Vergi hesabfakturasının qeydiyyatı kitabı” qaytanlandığı yerdə müvafiq maliyyə orqanının rəhbəri tərəfindən imzalanmalı və onun möhürü ilə təsdiq olunmalıdır. 5.7. Vergi hesab-fakturası malı (işi, xidməti) təqdim edən hüquqi şəxsin rəhbəri və maliyyə bölməsinin rəhbəri (baş mühasibi) tərəfindən (vergi hesab-fakturasını imza etmiş məsul şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə) imzalanmalı və həmin hüquqi şəxsin möhürü ilə təsdiq edilməlidir. Mallar (işlər, xidmətlər) fiziki şəxslər (fərdi sahibkar) tərəfindən təqdim edilərkən, vergi hesab-fakturası fiziki şəxs (fərdi sahibkar) tərəfindən soyadı, adı, atasının adı göstərilməklə imzalanır. Vİ. Vergi hesab-fakturasının sifarişi, istifadəsi və doldurulması qaydalarının pozulmasına görə vergi ödəyiciləri Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, yuxarda qeyd edilən normalara istinadən Kollegiya qeyd edir ki, iddiaçı "xxxx" MMC-dən 2006-cı ilin avqust ayında aldığı malların qaimə fakturalarını cavabdehə təqdim etmədiyindən (“xx.xx.2006-cı il tarixli GA seriyalı 233783 nömrəli istisna olmaqla) birinci instansiya məhkəməsi sahibkarlıq fəaliyyəti üzrə sənədləşmənin qanunverciliyin tələblərinə uyğun təşkil edilməməsi qənaətinə gəlməsində haqlı olmuşdur. Həmçinin Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək iddiaçının üzərinə düşsə də nə birinci instansiya məhkməsinə, nə də ki apelyasiya instansiya məhkəməsinə bununla əlaqədar sübut təqdim edilməmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanıda bu kimi hallar müəyyən edilməmişdir. Bundan başqa, iddiaçı apelyasiya şikayətində vergi orqanına təqdim edilmiş hesab fakturaların sonuncu tərəfindən itirildiyini bildirsə də, həmin hesab fakturaların cavabdehə təqdim edilməsinə dair sübut iş materiallarında müəyyən olunmamışdır. Bundan əlavə, hesab fakturalar 2 nüsxədən ibarət tərtib edilməklə, bir nüsxəsi iddiaçıda saxlanılmalı olduğu halda, iddiaçı tərəfindən həmin hesab fakturaların nüsxəsi nə birinci instansiya məhkəməsinə, nə də apelyasiya məhkəməsinə təqdim edilməmişdir (“xx.xx.2006-cı il tarixli GA seriyalı 233783 nömrəli istisna olmaqla). Göründüyü kimi, iddiaçının apelyasiya şikayətinin dəlilləri formal mülahizlərdən ibarət olub, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərarının ləğv edilməsi üçün əsas ola bilməz. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı isə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-87/2022 saylı, 09 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar