Məhkəmə qərarları › İş №2-1(103)-2253/2019

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2253/2019

25.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2253/2019 25.09.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi (məruzəçi) ilə, Mayılov Ülvi Arif oğlu və X2 ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh1nə qarşı “kompensasiya verilməsi və s.” tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1079/2019 saylı iş üzrə qəbul etdiyi 29 iyul 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1079/2019 saylı iş üzrə qəbul etdiyi 29 iyul 2019-cu il tarixli qərardadı ilə iddiaçı İddiaçı Cavabdeh1nə qarşı Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi bina 62, 8-ci mərtəbədə 22 nömrəli mənzilin özbaşına və tikinti norma və qaydalarına zidd olaraq yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb etmək öhdəliyinin Bakı şəhər Cavabdeh1 üzərinə qoyulması, Bakı şəhər Cavabdeh1 onun üzərinə Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə qoyulmuş vəzifələri yerinə yetirmədiyi, hərəkətsizliyi nəticəsində iddiaçıya vurulmuş mənəvi ziyan on min manat, maddi ziyan 2620 manat, cəmi 12260 manat dövlət tərəfindən ödənilməsinə dair iddia tələbi mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-1079/2019 saylı iş üzrə qəbul etdiyi 29 iyul 2019-cu il tarixli qərardadının ləğv edilməsinixahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadı qanuna və sübutlara əsaslanmır. Belə ki, qərardadın hər səhifəsinin üzərində vurulmuş ştampın çərçivəsində “1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi. Elektron sənədin surəti” yazılmışdır. Lakin bu qərardad Azərbaycan Respublikası qanunvericiliyində müəyyən olunmuş qaydada təsdiq edilməmişdir. Bu fakt iddiaçıya rəsmi qaydada verilmiş qərardadın məzmunundan müəyyən edilir. Buna görə də qərardad elektron sənədin surəti sayılmır. Bundan əlavə məhkəmə iddianın mümkün sayılmamasına dair qərardadını işin həqiqi halları ilə əlaqələndirmədən, iddianın mümkünlüyünə dair normaların məzmununu qərardada köcürməklə ədalətsiz və hakim tərəfindən imzalanmamış qərardad cixarmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin təmin edilməməsini və qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” İddia ərizəsinin məzmunundan görünür ki, Cavabdeh1nə qarşı iddiacı tərəfindən 2 tələb irəli sürülmüşdür:

1. Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi bina 62, 8-ci mərtəbədə 22 nömrəli mənzilin özbaşına və tikinti norma və qaydalarına zidd olaraq yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi-məcburetməyə dair iddia;

2. Bakı şəhər Cavabdeh1 onun üzərinə Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə qoyulmuş vəzifələri yerinə yetirmədiyi, hərəkətsizliyi nəticəsində iddiaçıya vurulmuş mənəvi ziyan on min manat, maddi ziyan 2620 manat, cəmi 12260 manat ödənilməsi-vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia. İş materiallarından müəyyən olunur ki, həm birinci, həm də ikinci iddia tələb üzrə iddiacı İddiaçı Cavabdeh1nə müraciəti olmamışdır. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan ünvan 1 ünvanda yerləşən bina Cavabdeh1 balansında deyil, “xxxx” MTK-nın balansındadır. Belə ki, iş materiallarında olan cavabdeh Bakı şəhər, Cavabdeh1 birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq bildirmişdir ki, Nəsimi rayonu, Cavandxan küçəsindəki 62 saylı ev Cavabdeh1 balansında deyil. Həmin bina “xxxx” MTK-ya məxsusdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən mənzil-tikinti kooperativi üzvləri öz vəsaitləri hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və onun sonrakı saxlanmasında iştirak edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109.13-cü madəsinə görə dövlət orqanları, bələdiyyələr, digər fiziki və hüquqi şəxslər koopertivlə münasibətlərini müqavilə əsasında qururlar, həmçinin dövlət orqanları və bələdiyyələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, kooperativlərin təsərrüfat, maliyyə, təşkilati (idarəetmə orqanlarının formalaşdırılması) və digər fəaliyyətinə müdaxilə etmirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayyət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul 29 iyul 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmılıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1079/2019 saylı iş üzrə qəbul etdiyi 29 iyul 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən: M.N.Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar