Məhkəmə qərarları › İş №2-1(103)-2253/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2253/2025

30.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2253/2025 30.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: « avtomobilin dövlət qeydiyyatına alınaraq dövlət qeydiyyat nişanının verilməsi») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X2 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4724/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin iddiaçının müraciətinə əsasən ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, “qeyd etdiyiniz məsələlər "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamə, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanunu və digər normativ hüquqi sənədlərlə tənzimlənir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasına idxal edilən nəqliyyat vasitələrinin ilkin dövlət qeydiyyatı gömrük komitəsindən gömrük vəsiqəsi alındığı gündən 10 gün ərzində DİN Baş X3 İdarəsinin Qeydiyyat-imtahan İdarəsində həyata keçirilir. Odur ki, toxunulmuş məsələyə müvafiq qaydada baxılması üçün avtomobil və sənədlərlə (ərizə, şəxsiyyət vəsiqəsi, nəqliyyat vasitəsinə sahibliyi təsdiq edən sənəd, xarici dövlətlərdən alınıb gətirilmiş (azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq olunaraq) nəqliyyat vasitələri üçün gömrük orqanlarının icazə sənədi və s.) birlikdə DİN Baş X3 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinə müraciət edə bilərsiniz (DİN BDYPl-nin Qeydiyyat-imtahan İdarəsinin Qaradağ rayonu ərazisində yerləşən məntəqəsi). Qeyd etdiyiniz tranzit qeydiyyat nişanları 10 gün müddətinə verilir.”

2. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin iddiaçının müraciətinə əsasən ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, “"BYD E2" markalı RP929TR24 tranzit qeydiyyat nişanlı nəqliyyat vəsitəsinə aid və Çin Xalq Respublikası tərəfindən verilmiş texniki şəhadətnamənin əsli olmadığı üçün həmin nəqliyyat vasitəsinə dair DİN Baş X3 İdarəsinin Qeydiyyat-imtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində İddiaçı mülkiyyət hüquqununun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər.”

3. Məhkəmənin sorğusuna əsasən İNTERPOL-un Milli Mərkəzi Bürosunun xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, sözügedən avtomobilin beynəlxalq axtarışda olması barədə təşkilatın «e-ASF» avtomatlaşdırılmış axtarış sistemində məlumat yoxdur.

4. Məhkəmənin sorğusuna əsasən cavabdehin xx.xx.2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, "BYD E2" markalı RP929TR24 tranzit qeydiyyat nişanlı nəqliyyat vəsitəsinə aid və Çin Xalq Respublikası tərəfindən verilmiş texniki şəhadətnamənin əsli olmadığı üçün həmin nəqliyyat vasitəsinə dair DİN Baş X3 İdarəsinin Qeydiyyatimtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində İddiaçı mülkiyyət hüquqununun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının adına gələn BYD E2 (TAM ELEKTRİK) modelli ŞASSİ/BAN no: LC0CE4DC9R0184612 abtomobilin qeydiyyata alınması və yeni qeydiyyat şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2024/07/08 tarixdə Xalq bank vasitəsi ilə 14 500 dollar pul vəsaitini Çin Xalq Respublikasına (İNVOİCE NBR UL2********) göndərib. BYD E2 (TAM ELEKTRİK) modelli ŞASSİ/BAN no: LC0CE4DC9R0184612 aftomaşın aldı və onu xx.xx.2024-cü il tarixdə gətirib meyvəli terminalında iddiaçıya verdilər. xx.xx.2024-cü tarixdə maşını 245.40 manat verib rastamoşka elədi və DYP idarəsinə getdi ki, öz adına gələn avtomobili adına rəsimləşdirsin. Orda bütün avtomobili və sənədləri yoxladılar və dedilər ki, rəsimləşdirə bilmirlər. Ona görə ki, Çindən gələn maşının içində kağızda motorun nömrəsi, vinkod, ban olan kağız kserekopyadandı. Ona görə də iddiaçının adına texpasport verə bilmirlər. Sonra iddiaçı həmin maşını idarə etmək üçün tranzit nömrə RP929TR24 aldı. İzah olaraq cavabdeh orqanda bildirilmişdir ki, bu vəziyyətdə qeydiyyat həyata keçirilmir. Halbuki, bu günə qədər dəfələrlə oxşar vəziyyətdə, eyni qaydada aftomaşınları qeydiyyata alıb onlara yeni qeydiyyat şəhadətnaməsini veriblər. Göründüyü kimi inzibati orqan digərlərini təmin etmiş, lakin iddiaçıya qarşı ayrı-seçkilik edərək onun qanunla nəzərdə tutulmuş hüququnu pozmuşdur

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4724/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, nə qədər ki, mübahisəli avtomobiliə dair sənədin (texniki şəhadətnamənin) mötəbərəliyi ilə bağlı mübahisə mövcuddur, belə olan halda bu faktın təsdiq edilməsi, iddiaçının həqiqətən də vicdanlı əldə edən olub-olmaması inzibati məhkəmənin səlahiyyət dairəsinə aid deyildir. Odur ki, hazırkı halda iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmir.

9. Həmçinin məhkəmə onu da vurğulayır ki, iddiaçı mülki məhkəmə qaydasında mübahisəli avtomobilin vicdanlı əldə edəni (sahiblik və istifadə hüququnun olmasını) olmasını müvafiq iddia tələbi verməklə təsdiq etdikdən sonra cavabdehə yenidən müraciət edə bilər.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

10. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4724/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatları

13. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

14. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

16. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin: İ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin, yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir;

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin: 1.2-ci bəndinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatından keçirməlidirlər. 1.3-cü bəndinə əsasən, nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. 1.5-ci bəndinə əsasən, nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texniki-uçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra "qeydiyyat hərəkətləri" adlanır. 1.6-cı bəndinə əsasən, nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər: nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsini; nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini;

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

22. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası işin faktiki hallarına tətbiq edilən hüquq normalarına əsaslanaraq aşağıdakıları qeyd edir:

23. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin XİV hissəsinə əsasən, təqdim edilən sənədlərdə, dövlət qeydiyyat nişanlarında saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitələrinin mühərrik, ban və şassi nömrələri dəyişdirildikdə, aqreqat nömrələrinin və qeydiyyat məlumatlarının təqdim edilən sənədlərə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır.

24. Məhkəmə qeyd edir ki, mübahisə nəqliyyat vasitəsinin qeydiyyata alınmasından imtina ilə bağlıdır. Belə ki, cavabdeh orqan avtomobilə aid olan Çin Xalq Respublikası tərəfindən verilmiş texniki şəhadətnamənin əslinin olmaması səbəbindən qeydiyyat hərəkətlərinin aparılmasından imtina etmişdir.

25. Məhkəmə bununla bağlı qeyd edir ki, iş materiallarına əlavə edilən "BYD E2" (tam elektik) markalı RP929TR24 tranzit qeydiyyat nişanlı nəqliyyat vəsitəsinə aid və Çin Xalq Respublikası tərəfindən verilmiş texniki şəhadətnamənin əslinə baxış keçirmək mümkün olmamışdır, belə ki, iddiaçı avtomobil ona təqdim olunduğunu, lakin sənədlərin əsllərinin ona verilmədiyini bildirmişdir. Göründüyü kimi minik amtomobil ilə birlikdə gələn, mühərrik, ban və şassi nömrələri təsvir olunan sənədin kserekopya olduğu müəyyən olunmuşdur. Bu səbəbdən də cavabdeh orqan tərəfindən iddiaçının adına qeydə alınmış nəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətlərinin aparılmasına məhdudiyyət qoyulmuşdur.

26. İddiaçı avtomobilə dair Çin dilində olan sənədlərin kserosurət olmasını izah edə bilmir.İddiaçı onu da bildirir ki, nəqliyyat vasitəsi həmin mövcud olan sənədlər əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində rəsmiləşdirilərək iddiaçıya təhvil verilmişdir.

27. İddiaçı cavabdehin imtinasını onun mülkiyyət hüquqlarının məhdudlaşdırılması hesab edərək cavabdehin imtinasının qanunsuz olduğunu bildirərək özünü mübahisəli avtomobilin vicdanlı alıcısı hesab edir.

28. Apellyasiya baxışı zamanı məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə 2-1(103)-2253/2025 saylı, xx.xx.2025-ci il tarixli sorğu göndərərək Çin Xalq Respublikasından İddiaçı göndərilmiş (İNVOİCE NBR UL2********) BYD E2 (TAM ELEKTRİK) modelli ŞASSİ/BAN no: LC0CE4DC9R0184612 aftomaşının gömrük rəsmiləşdirilməsinə əsas olan sənədlərin məhkəməyə təqdim edilməsini xahiş etmişdir.

29. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin məhkəmənin həmin sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə Çin Xalq Respublikasından İddiaçı göndərilmiş (İNVOİCE NBR UL2********) BYD E2 (TAM ELEKTRİK) modelli ŞASSİ/BAN no: LC0CE4DC9R0184612 aftomaşının gömrük rəsmiləşdirilməsinə əsas olan sənədlərin surəti məhkəməyə təqdim olunmuşdur.

30. Təqdim olunmuş həmin sənədlərdən görünür ki:

31. Çin Xalq Respublikasından İddiaçı göndərilmiş (İNVOİCE NBR UL2********) BYD E2 (TAM ELEKTRİK) modelli ŞASSİ/BAN no: LC0CE4DC9R0184612 aftomaşının gömrük rəsmiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsinin İnspeksiya Xidməti Orqanının xx.xx.2024-cü il tarixli X1 avtomobilə dair qeydlər aparılmışdır.

32. CMR 4612 beynəlxalq daşıma sənədinə sənədinə əsasən mübahisəli nəqliyyat vasitəsi iddiaçıya təqdim olunmuşdur.

33. Mübahisəli nəqliyyat vasitəsinin dəyəri 14.500,0 ABŞ dolları Azərbaycan Respublikasının bankı, yəni “Xalq Bank” vasitəsilə Çin Xalq Respublikasının müvafiq bankına iddiaçı tərəfindən köçürülmüşdür.

34. Elektron sənəd mübadiləsi yolu ilə gömrük rəsmiləşdirilməsi üçün təmsilçilik xidmətinin göstərilməsi haqqında iddiaçı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi arasında xx.xx.2024-cü il tarixli Müqavilə bağlanılmışdır və nəqliyyat vasitəsinin fərqli görünüşdə çəkilmiş şəkilləri əlavə edilmişdir.

35. Apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna əsasən cavabdehin xx.xx.2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, "BYD E2" markalı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə RP929TR24 tranzit qeydiyyat nişanı təhkim olunaraq İddiaçı adına qeydiyyata alınmışdır. Nəqliyyat vəsitəsinin uçot-kartoçkasının surəti məhkəməyə təqdim edilir.

36. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İPM inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır.

37. Hazırkı iş üzrə məhkəmənin yoxlamalı olduğu məsələ iddiaçının mübahisəli avtomobilin mülkiyyətçisi olub-olmaması, mübahisəli avtomobili vicdanlı əldə edən olub-olmaması məsələlərinin araşdırılmasından ibarətdir.

38. Məhkəmə Kollegiyası qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi, mübahisəli avtomobil Çindən ölkə ərazisinə gətirilmiş, maneəsiz olaraq gömrük orqanından keçmiş və dövlət qeydiyyatına alınmaqla nömrə nişanları verilməsi üçün BDYPİ-nə təqdim olunmuşdur. X4 Respublikası tərəfindən verilmiş texniki şəhadətnamənin əsli olmadığı üçün DİN Baş X3 İdarəsinin Qeydiyyat imtahan İdarəsində avtomobilin qeydiyyat hərəkətləri aparılmamışdır.

39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.-ci maddəsinə əsasən Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz.

40. Məhkəmənin sorğusuna əsasən İNTERPOL-un Milli Mərkəzi Bürosunun xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, sözügedən avtomobilin beynəlxalq axtarışda olması barədə təşkilatın «e-ASF» avtomatlaşdırılmış axtarış sistemində məlumat yoxdur.

41. Göründüyü kimi, iddiaçı mübahisəli avtomobilin vicdanlı əldə edəni olması iş materialları (Mübahisəli nəqliyyat vasitəsinin dəyəri 14.500,0 ABŞ dolları Azərbaycan Respublikasının bankı, yəni “Xalq Bank” vasitəsilə Çin Xalq Respublikasının müvafiq bankına iddiaçı tərəfindən köçürülməsi; nəqliyyat vasitəsi mövcud olan sənədlər əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində rəsmiləşdirilərək iddiaçıya təhvil verilməsi; sözügedən avtomobilin beynəlxalq axtarışda olması barədə təşkilatın «e-ASF» avtomatlaşdırılmış axtarış sistemində məlumat olmaması və.sair.) ilə istisna edilmir.

42. Məhkəmə Kollegiyası, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslıdır, odur ki, təmin olunmalıdır.

43. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4724/2025 saylı, xx.xx.2025ci il tarixli qərarı ləğv edilməli, iddia təmin olunmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4724/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin olunsun. BYD E2 (TAM ELEKTRİK) modelli ŞASSİ/BAN no: LC0CE4DC9R0184612 abtomobilin İddiaçı adına qeydiyyata alınması və yeni qeydiyyat şəhadətnaməsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin üzərinə qoyulsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar