Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2254/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı Bakı şəhəri 290 nömrəli orta məktəbin və 123 nömrəli orta məktəbin direktorları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “əmrlərin ləğv edilməsi və müraciətlərə qanunamüvafiq qaydada cavab verilməsinə dair vəzifələrin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4505/2021 saylı 29 iyun 2021ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Bakı şəhəri 290 nömrəli orta məktəbin direktoru və 123 nömrəli orta məktəbin direktoruna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək razılığı olmadan uşaqlarının 123 saylı məktəbdən çıxarılması haqqındakı və 290 saylı məktəbə qəbul edilməsi haqqındakı cavabdehlərin qanunsuz əmrlərinin ləğv edilməsi və həmin müraciətlərinə qanunamüvafiq qaydada cavab verilməsinə dair vəzifələrin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlər tərəfindən onlara ünvanlanmış şikayətlərinə uyğun hərəkətlərin edilməsinə dair və həmin müraciətlərinə qanunamüvafıq qaydada cavab verilməsinə dair vəzifələrin onların üzərinə qoyulması barədə məhkəmə qərarının çıxarılmasını xahiş edir. Belə ki, keçmiş arvadı Rəcəbova (Cəlilova) Elmira ilə 2006-cı ildə onunla bağlanılan nikah zamanı iki uşaq doğulmuşdur: 2007-ci il təvəllüdlü X1 və 2008-ci il təvəllüdlü X2. Nikahın bağlanmasından bir neçə il sonra aralarında narazılıqlar yarandığı üçün, ərizəsinə əsasən Xəzər Rayon Məhkəməsinin 28.10.2015-ci il tarixli qətnaməsi ilə nikahlarına xitam verilərək uşaqların keçmiş arvadının yanında saxlanılması qət edildi. Qeyd etmək lazımdır ki, yuxarıda göstərilən ünvanda rəsmi qeydiyyatda olduğu üçün, uşaqlar buradakı ünvan 1əbul olunublar və 2019-cu il sentyabr ayına kimi burada müvəffəqiyyətlə oxuyublar. Lakin, 2019/2020 dərs ilin başlanmasından əvvəl ona məlum oldu ki, keçmiş arvadının bacısı həmin məktəbə gəlib və uşaqlarının sənədlərini götürüb onları Suraxanı Rayonun 290 saylı məktəbinə keçirib. Halbuki, uşaqların rəsmi yaşayış yeri olmayan və onları onun icazəsi olmadan həmin məktəbə keçirilməsi qanunvericiliyin mütləq tələblərinə ziddir. Göründüyü kimi, onun razılığı olmadan uşaqları təhsil aldıqları 123 saylı orta məktəbdən digər 290 saylı orta məktəbə keçirmə qanunun mütləq tələblərinə ziddir və bu onun qanuni hüquqlarını kobud surətdə pozur. Bununla əlaqədar onun tərəfindən adı çəkilən məktəblərin direktorlarına müvafiq şikayətləri hələ 16.10.2020-ci il tarixində göndərilsə də, həmin vəzifəli şəxslər qanunun müvafiq tələblərini növbəti dəfə kobud pozaraq, bu günə kimi nəinki qanunsuz əmrlərini ləğv etmirlər, hətta onun müraciətlərinə də lazımi qaydada və müddətdə heç cavab vermirlər. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4505/2021 saylı 16 aprel 2021-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdehlər Bakı şəhəri 290 saylı orta məktəbin və 123 nömrəli orta məktəbin direktorları cavabdehlər sırasından çıxarılaraq üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4505/2021 saylı 29 iyun 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: M.Qarayeva) Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia üzrə məhkəmə baxışının başlanması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, birinci iddia tələbi ilə bağlı, hakim təhrif olunmuş qaydada elə sübut etməyə çalışır ki, burada o, guya inzibati orqan olmayan məktəb direktorlarından (iş üzrə 3-cü şəxslərdən) sözügedən əmrlərin ləğv edilməsini tələb edir. Halbuki, həmin iddia ərizəsindən göründüyü kimi, burada inzibati orqan olan cavabdehin (Təhsil Nazirliyi) üzərinə, onun tabeçiliyində olan məktəb direktorlarının qanunsuz əmrlərin ləğv edilməsinə dair vəzifələrin qoyulması tələb olunur. İkinci iddia tələbinə gəldikdə də, inzibati orqan olan cavabdehin (Təhsil Nazirliyi) onun tabeçiliyində olan şəxslərin (məktəb direktorların) qanunsuz və korrupsiya hüquqpozmaları kimi təsnif olunan hərəkətləri (hərəkətsizlikləri) ilə əlaqədar xidməti araşdırmanın aparılması haqqındakı qanunvericiliyin mütləq tələbi, hakim tərəfindən özünə məxsus qanunsuz qaydada yozulur. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı onun razılığı olmadan uşaqlarının 123 saylı məktəbdən çıxarılması haqqındakı və 290 saylı məktəbə qəbul edilməsi haqqındakı qeyd olunan məktəblərin direktorlarının qanunsuz əmrlərinin ləğv edilməsi və həmin müraciətlərinə qanunamüvafiq qaydada cavab verilməsinə dair vəzifələrin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və qeyd etmişdir ki, iddianın inzibati məhkəmə icraatının mümkünlük şərtləri yerinə yetirilmir. Belə ki, iş materiallarından, habelə tərəflərin izahatlarından aydın olur ki, 29.08.2019cu il tarixdə iddiaçının keçmiş həyat yoldaşı Elmira Rəcəbova tərəfindən elektron sistem vasitəsilə iddiaçı ilə birgə nikahdan olan övladlarının Bakı şəhəri 123 nömrəli tam orta məktəbdən Bakı şəhəri 290 nömrəli tam orta məktəbə yerdəyişməsinə dair sorğu yerləşdirmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 06 noyabr 2014cü il tarixli 1/3 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qadaları”nın 3.1.3-cü bəndinə müvafiq olaraq övladlarının yerdəyişmələri hər iki məktəbin direktoru tərəfindən rəsmiləşdirilmişdir. Hazırkı iddiasında iddiaçı orta məktəb direktorlarının əmrlərinin ləğv edilməsini cavabdehin üzərinə qoyulmasını tələb etsə də, məhkəmənin mövqeyi belə olmuşdur ki, mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsinin (hərəkəti və ya hərəkətsizliyi) mövcud olması iddiaçı tərəfindən əsaslandırılmır. Beləliklə də, məhkəmə hazırkı iş üzrə iddianın mümkün sayılmaması qənaətinə gəldiyinə görə iddiaçı tərəfə izah etmişdir ki, orta məktəb direktorlarının əmrlərinin ləğv edilməsi tələbi ilə ümumi yurisdiksiyalı məhkəmədə iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafıq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fıziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fıziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Plenum Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.2-ci bəndinə görə işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qərarın 2.3-cü bəndinə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmçinin qeyd olunan normaların tələblərinə və yuxarıda göstərilən müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. “Şagirdlərin yerdəyişməsi prosesinin elektronlaşdırılması barədə” Azərbaycan Respublikası təhsil nazirinin 01.08.2019-cu il tarixi, F-476 nömrəli əmrinə müvafiq olaraq 15.08.2019-cu il tarixdən etibarən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin ölkə daxilində yerdəyişməsi elektron sistem vasitəsilə (sy.edu.az) valideyn və ya qanuni nümayəndə tərəfindən sorğu yerləşdirməklə həyata keçirilir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”nın 3.1.1-ci bəndinə müvafiq olaraq, ölkə daxilində İ - İX sinif şagirdlərinin bir məktəbdən digərinə yerdəyişməsi aşağıdakı qaydada həyata keçirilir: Övladını digər məktəbə dəyişmək istəyən valideyn həmin məktəbin direktoruna yerdəyişmənin səbəbi göstərilməklə ərizə ilə müraciət edir. Ərizəyə şagirdin qiymət cədvəli (təhsil aldığı fənlər üzrə illik və yarı millik qiymətlərin əks olunduğu sənəd) əlavə olunur. İş materialları ilə müəyyən olunur ki, 29.08.2019-cu il tarixdə iddiaçının keçmiş həyat yoldaşı Elmira Rəcəbova tərəfindən elektron sistem vasitəsilə iddiaçı ilə birgə nikahdan olan övladlarının Bakı şəhəri 123 nömrəli tam orta məktəbdən Bakı şəhəri 290 nömrəli tam orta məktəbə yerdəyişməsinə dair sorğu yerləşdirmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 06 noyabr 2014-cü il tarixli 1 /3 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qadaları”nın 3.1.3-cü bəndinə müvafiq olaraq övladlarının yerdəyişmələri hər iki məktəbin direktoru tərəfindən rəsmiləşdirilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı orta məktəb direktorlarının əmrlərinin ləğv edilməsini və müraciətlərinə qanunamüvafiq qaydada cavab verilməsinə dair vəzifələrin cavabdehin üzərinə qoyulmasını tələb etsə də, mübahisəli münasibətə dair cavabdeh orqanın hərəkəti və ya hərəkətsizliyinin mövcud olması iddiaçı tərəfindən əsaslandırılmamışdır. Həmçinin məhkəmə kollegiyası iddiaçıya izah edir ki, orta məktəb direktorlarının əmrlərinin ləğv edilməsi tələbi ilə bağlı mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ saxlanılır. İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Məhkəmə kollegiyası hesab edir ki, sadalanan işin hallarına və qanunvericiliyin normalarına əsasən hazırki mübahisə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10.04.2015-ci il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati-iqtisadi məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır (15.1-15.3-cü maddələr). Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehlər tərəfindən iddiaçının yuxarıda qeyd edilən tələb üzrə hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmadığından birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçıların nümayəndəsi-vəkili tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4505/2021 saylı 29 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2254/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2254/2021
19.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver