Məhkəmə qərarları › İş №2-1(103)-2254/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2254/2022

25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2254/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə (üçüncü şəxslər X9, X10, X4 və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2-1(112)- 52/2022 nömrəli qərarından üçüncü şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayətinə 18- 25 oktyabr 2022-ci il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Bakı şəhəri Suraxanı rayonu Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048-ci məhəllədəki 10 saylı evin 3-cü mənzilindən üçüncü şəxslər X9 və X1 pasport qeydiyyatından çıxarılma öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə onun Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048-ci məhəllədəki 10 saylı evin 3-cü mənzilinə hüquqları tanınmış və oraya köçürülmüşdür. Həmin mənzilə aid üçüncü şəxslərə hüquqverici sənəd olan RİH-nin Sərəncamı ləğv edilmiş və onların mənzilə heç bir hüquqları qalmamışdır. Belə olan halda üçüncü şəxslərin həmin mənzildə pasport qeydiyyatında qalmaları formal xarakter daşıyır. Odur ki, onların pasport qeydiyyatından çıxarılması haqda cavabdehə müraciət etmiş, lakin iddiaçıya imtina cavabı verilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 2-1(112)-52/2022 saylı qərardadı ilə Suraxanı Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048-ci məhəllədəki 10 saylı evin 3-cü mənzilindən üçüncü şəxslər X9 və X4 ilə yanaşı, X5 da qeydiyyatdan çıxarılmasını xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş və X10 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2-1(112)-52/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim: S.Salahova) Həmin qərardan üçüncü şəxs X4 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs apellyasiya şikayətində qeyd etmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Məhəllə 4048/49, ev 10, mənzil 3-də 2006-ci ildən ailəsi ilə birlikdə yaşayır. 2013-cü ildə həmin mənzilə olan hüquqlarını tanıtdırmaq üçün Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmişlər. Çünki həmin ev Suraxanı rayon İcra Hakimiyyətinin balansına daxildir və hal hazırda da bu ev dövlətin mülkiyyətinə aid edilir. Suraxanı İcra Hakimiyyətindən onlara bildirdilər ki, bu yalnız məhkəmə yolu ilə həyata keçə bilər və məsləhət bilindi ki, Suraxanı rayon Məhkəməsinə müraciət etsinlər. Həyat yoldaşı Qədirova Vəfa 2013-cu ildə Suraxanı rayon Məhkəməsinə mənzildən istifadə hüququnun tanınması ilə bağlı iddia qaldırmışdır və 21 noyabr 2013-cü il tarixli Suraxanı rayon Məhkəməsinin qərarı əsasında iddia təmin edilmişdir, yəni Qədirova Vəfanın mənzildən istifadə hüququ tanınmışdır. O cümlədən məhkəmə prosesində iştirak edən mülkiyyətçi kimi tanınan Suraxanı İcra Hakimiyyətinin nümayəndəsi etiraz etməmiş, həmçinin qərardan apellyasıya şikayəti verməmişdir. Həmçinin bildirmək istəyir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 aprel 2016-cı il tarixli 2-1(82)-1212/2016 saylı qərarına əsasən onun Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Məhəllə 4048/49, ev 10, mənzil 3-ə qeydiyyata alınmağı Suraxanı rayon Polis İdarəsinə həvalə edilmişdir. Məhkəmə prosesində iddiaçı kimi tanınan İddiaçı onları qeydiyyatdan çixartmaq tələb sürməsi üçün yuxarıda göstərdiyi kimi heç bir hüquqi əsası yoxdur. Belə ki, İddiaçı mənzildən istifadə hüququnun itirilməsi barədə Suraxanı rayon Məhkəməsində 26 fevral 2015-ci il tarixli qətnamə çıxarılmışdır. Badamxanımın şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2016-ci il tarixli qərarı ilə təmin edilməmişdir. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Məhəllə 4048/49, ev 10, mənzil 3-ə qeydiyyata alınması barədə məhkəməyə müraciət etmiş, lakin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 iyun 2017ci il tarixli qərarı ilə onun iddiası rədd edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı əsasında Badamxanımın şikayəti təmin edilməmişdir. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Məhəllə 4048/49, ev 10, mənzil 3-ə qeydiyyata alınmasının təmin edilməməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının olmasına baxmayaraq İddiaçı qeyri qanuni, qanunsuz olaraq həmin mənzilə cinayət etməklə qeydiyyata düşmüşdür. Yuxarıda göstərdiyi məhkəmə qərarlarından aydın olur ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Məhəllə 4048/49, ev 10, mənzil 3-ə dair məhkəmədə mübahisə qaldırılması üçün subyekt sayıla bilməz, belə ki, onun həmin mənzilə nə mülkiyyət hüququ, nə də ki, istifadə hüququ yoxdur. Belə ki, adı çəkilən mənzil üzrə mübahisə qaldırmaq əmlakın hüquqi və faktiki sahibi olan Suraxanı İcra Hakimiyyətinin səlahiyyətinə daxildir və o bu barədə iddiaçıya etibarnamə verməmişdir. Apelyasiya baxışı zamanı üçüncü şəxs X4 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə apellyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh və üçüncü şəxslər X9, X10 və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və həmin üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə iddiaçı və üçüncü şəxsi dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Üçüncü şəxsin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmə qərarlarından aydın olur ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Məhəllə 4048/49, ev 10, mənzil 3-ə dair məhkəmədə mübahisə qaldırılması üçün subyekt sayıla bilməz, belə ki, onun həmin mənzilə nə mülkiyyət hüququ, nə də ki, istifadə hüququ yoxdur. Məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətində qeyd olunan dəlilləri ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən hesab etmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur. Belə ki, məhkəmə iş materialları ilə müəyyən etmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49-cu məhəllə, ev 10 ünvanında yerləşən 3 saylı mənzil Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2022-ci il tarixli, 018-2296-1222 saylı cavab məktubundan görünür ki, ünvan 2 ünvanında aşağıdakı şəxslər qeydiyyatdadırlar: 1. İddiaçı - xx.xx.2008-ci il tarixdən; 2. X9 - xx.xx.2014-cü il tarixdən; 3. X10 - xx.xx.2014-cü il tarixdən; 4. X4 xx.xx.2016-cı il tarixdən. Hazırda mübahisəli mənzildə qeydiyyatda olan şəxslərdən biri – İddiaçı digər şəxslərin – V.Qədirova, Ü.Əfəndiyev və İ.Əfəndiyevin həmin mənzildən qeydiyyatdan çıxarılmasını xahiş edir. Məhkəmə həmin şəxslərin mübahisəli mənzilə hüquqları ilə bağlı aşağıdakıları qeyd etmişdir. İddiaçı mübahisəli mənzilə hüquqlarının olması ilə bağlı: Ordjonikidze rayonu Xalq məhkəməsinin xx.xx.1988-ci il tarixli 2-79/1988 saylı qətnaməsi ilə Ordjonikidze rayonu 63 saylı MİK-nın İddiaçı qarşı Serebrovski qəsəbəsi 4048/49-cu məhəllə, ev 10 ünvanında yerləşən mənzildən çıxarılması iddiası rədd edilmişdir. Həmin qətnamədə göstərilmişdir ki, “cavabdeh İddiaçı mübahisələndirilən mənzildə muzdlu tutan tərəfindən yerləşdirilmişdir və onlar birlikdə 1987-ci ilin yanvar ayından avqust ayına kimi, yəni muzdlu tutanın vəfat etməsinə kimi yaşamışdır. Həyatda olduğu dövrdə birgə təsərrüfat aparmışlar və onların münasibəti ailə xarakteri daşıyıb...Məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan SSR Mənzil Məcəlləsinin 53-cü maddəsinə müvafiq olaraq mübahisələndirilən mənzilin yaşayış sahəsinə hüquq qazanmışdır və buna görə də iddia rədd edilməlidir. Mənzil 16.59 kv.m sahəli, bütün kommunal şəraiti olan bir otaqdan ibarətdir ki, cavabdeh ondan istifadə hüququna malikdir.” Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1268/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə X6 cavabdeh İddiaçı qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddiası təmin olunaraq cavabdeh İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllə, ev 10, mənzil 3 ünvanında yerləşən mənzilindən istifadə hüququnun itirilmiş hesab olunması qət edilmişdir. Məhkəmə iddianı təmin edərkən: 1. Suraxanı rayon Məhkəməsinin xx.xx.2013-cu il tarixli qətnaməsi ilə X6 iddiasının təmin edilərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllədə yerləşən 10 nömrəli evin 3 nömrəli mənzilinə istifadə hüququnun tanınmaqla onunla kirayə müqaviləsinin bağlanmasının qət edilməsinə; 2. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 22 nömrəli sərəncamı ilə 3 nömrəli mənzilə kirayə müqaviləsinin X6 adına dəyişdirilməklə onun həmin mənzilin kirayəçisi hesab edilməsinə istinad etmişdir. Cavabdeh İddiaçı bu qətnamədən apellyasiya şikayəti versə də, müddət ötürüldüyündən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmış, bu qərardad Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə, sonuncu qərardad isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Lakin daha sonra Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X7 qarşı mənzilə köçürülmə tələbi təmin olunaraq İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllədə yerləşən 10 nömrəli evin 3 nömrəli mənzilinə köçürülməsi qət edilmişdir. Bu qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə, həmin qətnamə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərarda Ali Məhkəmə Ordjonikidze rayonu Xalq məhkəməsinin xx.xx.1988-ci il tarixli, 2-79/1988 saylı qətnaməsi ilə İddiaçı mübahisəli mənzilə istifadə hüququnun olması faktını və onun həmin mənzildən çıxarılmasının mümkünsüzlüyünün artıq müəyyən edildiyinə, İddiaçı yaşayış sahəsindən istifadə hüququnun itirilməsinə dair Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1268/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsində istinad olunan Suraxanı rayon Məhkəməsinin xx.xx.2013-cu il tarixli qətnaməsinin və Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 22 nömrəli sərəncamının sonradan ləğv olunduğuna istinad etmiş, Vəfa Qədirovanın mübahisəli mənzilə istifadə hüququnun olmadığını, İddiaçı isə mübahisəli mənzilə istifadə hüququnun olmasını təsbit etmişdir. Həmçinin Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X5 İddiaçı mübahisəli mənzilə yaşamaq-istifadə və qeydiyyat hüququnun itirilməsi barədə iddiası təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnamə ilə həmin məhkəmə qərarı qüvvədə saxlanılmışdır. Məhkəmə qərarında qüvvədə olan məhkəmə qətnamələrinə əsasən iddiaçının belə bir iddia ilə çıxış etmək üçün subyektiv hüququnun olmaması qənaətinə gəlmişdir. Beləliklə, sadalananlara əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə hazırkı İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllədə yerləşən 10 nömrəli evin 3 nömrəli mənzilinə istifadə hüququnun olması tam təsbit olunmuşdur və bu, artıq işin mübahisəsiz halını təşkil edir. Məhkəmə üçüncü şəxslər X6, X5, X1 mübahisəli mənzilə dair hüquqlarının olması ilə bağlı aşağıdakıları qeyd etmişdir: Suraxanı rayon Məhkəməsinin xx.xx.2013-cu il tarixli qətnaməsi ilə X6 iddiası təmin edilərək onun Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllədə yerləşən 10 nömrəli evin 3 nömrəli mənzilinə istifadə hüququnun tanınması faktının müəyyən edilməsi və onunla kirayə müqaviləsinin bağlanması qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə ləğv edilmiş və iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə V.Qədirovanın kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Həmin qərarda Ali Məhkəmə qeyd etmişdir ki, V.Qədirovanın mübahisəli mənzilə istifadə hüququnun yaranması əsasları müəyyən olunmur. Eyni zamanda 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(082)155/2017 saylı, 25 yanvar 2017-ci il tarixli qərarı ilə İddiaçı iddiası təmin edilmiş, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllə, ev 10 ünvanında yerləşən 3 saylı mənzilə kirayə müqaviləsinin Vəfa Qədirovanın adına dəyişdirilməsi və onun həmin mənzilin kirayəçisi hesab edilməsi barədə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 22 nömrəli sərəncamı ləğv edilmişdir. Həmçinin Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2(010)- 1317/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər X7, X2 və X8 qarşı mənzildən çıxarılması tələbinə dair iddiası təmin olunaraq Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllə, ev 10, mənzil 3 ünvanından cavabdehlər X9, X4 və X10 çıxarılması qət edilmişdir. Bu qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-3781/2020 saylı qətnaməsi ilə, həmin qətnamə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-436/2021 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarla Ali Məhkəmə müəyyən etmişdir ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllədə yerləşən 10 nömrəli evin 3 nömrəli mənzilə istifadə hüququnun olması Azərbaycan SSR Orcanikidze Rayon Məhkəməsinin 19 dekabr 1988-ci il tarixli, 2-79/1988 saylı qətnaməsi ilə tanınmışdır. Cavabdehlərin isə həmin mənzilə hər hansı bir hüquqları yoxdur. Göründüyü kimi hazırda üçüncü şəxs qismində çıxış edən X6, X1 və X5 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllədə yerləşən 10 nömrəli evin 3 nömrəli mənzilinə heç bir hüquqularının olmaması və buna görə də onların həmin mənzildən çıxarılması qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsbit olunmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, mübahisəli mənzilə iddiaçının istifadə hüququ qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edildiyindən onun həmin mənzilə hər hansı hüququ olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur. Məhkəmə onu da qeyd etmişdir ki, işdə olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə X1 iddiası təmin edilərək onun Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 4048/49 məhəllədə yerləşən 10 saylı evin 3 saylı mənzilinə qeydiyyata alınması vəzifəsi Suraxanı rayon Polis İdarəsinin üzərinə qoyulsa da, məhkəmənin həmin qərarında istinad etdiyi Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 22 nömrəli sərəncamı ləğv edilmiş, bununla da Vəfa Qədirovanın həmin mənzilə hüququ olmadığından onun İ.Əfəndiyevin həmin mənzilə qeydiyyata alnmasına verdiyi razılıq ərizəsi mahiyyətini itirmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı X1 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 4048/49 məhəllə, ev 10, mənzil 3 ünvanından qeydiyyatdan çıxarılması barədə tələbi təmini üçün mane hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi qiymətləndirmə ilə razılaşır və hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. İşdən görünür ki, İddiaçı Bakı şəhəri Suraxanı rayonu Polis İdarəsinə ərizə ilə müraciət edərək mülkiyyətindəki mənzildən orada qeydiyyatda olan X6, X1 və X5 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdeh 096-28274B-1218 nömrəli, xx.xx.2018-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, X9, həyat yoldaşı X4 və oğlu X5 Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 4048/49 məhəllə, ev 10, mənzil 3 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması (“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən) Suraxanı rayon Qeydiyyat və X3 səlahiyyətlərinə aid olmadığı üçün aidiyyəti üzrə rayon məhkəməsinə və ya 2 saylı Bakı İnzibati-İqtisad məhkəməsinə müraciət olunması məqsədəmüvafiqdir. Halbuki, məhkəmə iclasında tədqiq olunan çoxsaylı məhkəmə qərarlarına əsasən müəyyən olunmuşdur ki, hazırkı iş üzrə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin beşinci abzasında nəzərə tutulmuş hal - məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-436/2021 saylı qərarı) əsasında üçüncü şəxslərin yaşayış sahəsindən çıxarılması halı mövcuddur. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Həmin Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarında əksini tapmış hüquqi mövqeyinə görə “... şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Göründüyü kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən şəxsi yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün yaşayış sahəsindən çıxarılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmalı və bundan sonra şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə müvafiq icra hakimiyyəti orqanına (rayon polis şöbəsinə) müraciət olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxslərin iddiaçının istifadəsində olan mənzildən çıxarılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan, onların qeydiyyatdan çıxarılması barədə iddiaçının müraciətindən imtina etməsinə dair cavabdehin hərəkəti “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə qanuna uyğun olmamışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, üçüncü şəxslərin mübahisəli mənzilə istifadə hüququnun olmadığı müəyyən edildiyindən, üçüncü şəxslərin iddiaçının istifadəsində olan mənzildən qeydiyyatdan çıxarılmaması qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli 493 saylı Fərmanının 2.3-cü bəndinə əsasən həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin birinci abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, üçüncü şəxsin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X1 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2-1(112)-52/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar