Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2255/2022 15.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri PHŞ 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair çıxarışın verilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4312/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m üə y y ə n e t d i: İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 26 may 1995-ci il tarixl, 95/110 saylı ayrıc aktına əsasən iddiaçının istifadəsinə ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ərazisində yerləşən 0.90 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılması məhkəmədən xahiş etmişdir. Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ərazisində yerləşən 3 hektara yaxın torpaq sahəsi və onun üzərindəki tikili iddiaçının babası X1 məxsus olmuşdur. SSRİ qurulan zaman həmin torpaq sahəsi geri alınsa da, babasının faktiki istifadəsində qalmışdır. 1962-ci ildə iddiaçının babası vəfat etmiş və yenə də torpaq sahəsi ailənin istifadəsində qalmışdır. 1995-ci ildə iddiaçının anası Sona Mahüseyn qızı Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edərək həmin torpaq sahəsinin geri qaytarılmasını xahiş etmişdir. Anasının müraciətindən sonra həmin əraziyə baxış keçirilmiş və həqiqətən babası Mahüseyn Hüseynova məxsus sahənin (bad olmayan) mövcud olduğu müəyyən edilmişdir. Beləliklə də, göstərilən ərazinin iddiaçının anasına və onun övladlarına ayrılmasına etiraz edilməmiş, bununla bağlı 26 may 1995-ci il tarixdə Bakı ŞH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 95/110 nömrəli ayrıc aktı tərtib edilmişdir. Eyni zamanda bağ sahəsinin yerləşmə sxemi də hazırlanmışdır. İddiaçı atası vəfat etdikdən sonra həmin torpaq sahəsi onun övladlarının istifadəsində qalmışdır. Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 1 may 1995-ci il tarixli məktubla Bağlar Təsərrüfatı İdarəsinin rəisinə müraciət olunaraq, qeyd edilən 0,90 ha torpaq sahəsinin iddiaçının anasına və onun ailəsinə barədə müvafiq sənədləşmənin aparılması xahiş olunmuşdur. Bundan sonra həmin 0,90 ha torpaq sahəsinə dair onların adına müvafiq nömrəli orderlər verilmişdir. Lakin 15 iyun 2018-ci il tarixdə evdə baş vermiş yanğın zamanı həmin sənədlər yanaraq məhv olmuş və bu səbəbdən DƏDRX Bakı şəhər Ərazi İdarəsinə müraciət edilərək orderlərin arxiv nüsxələrinin verilməsi xahiş olunmuşdur. İdarədən isə, qeyd olunan əraziyə aid yalnız anasının adına 0.12 ha torpaq sahəsi üzrə 169v/5 nömrəli orderin mövcud olduğu bildirilmişdir. Bundan sonra, iddiaçı Bakı şəhəri 35 saylı Notariat Kontoruna müraciət edərək anasından qalmış miras əmlakı üzrə vərəsəlik dairəsinin müəyyən edilməsini xahiş etmiş və vərəsələlərin dairəsi müəyyən edilərək həmin (0,90 ha) miras əmlaka dövlət reyestrindən çıxarışın verilməsi Notariat Kontoru tərəfindən DƏDRX Bakı şəhər Ərazi İdarəsindən xahiş olunmuşdur. Lakin müraciət müsbət həllini tapmamış və buna səbəb olan hər hansı bir əsasla bağlı rəsmi cavab verilməmişdir. Təkrar müraciətdən sonra 21 iyun 2019-cu il tarixdə cavab verilmiş və həmin məktubda müraciətin icrasından imtina olunduğu bildirilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-840/2021 saylı iş üzrə 2 iyul 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərar Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-589/2021 saylı iş üzrə 21 oktyabr 2021-ci il tarixli qərarı ilə ləğv edilmiş və iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4312/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, məhkəmə işdə olan sənədlərə zəruri baxış keçirsəydi əsasən düzgün və ədalətli qərar qəbul edilərdi. Məhkəmə mübahisəli torpaqla bağlı hüquqmüəyyənedici sənədlərin olub-olmamasını aydınlaşdırmamışdır. Məhkəmə tərəfindən bağ sahəsinə orderin nüsxələrinin müəyyən edilməsi ilə bağlı hər hansı tədbir görməmişdir. Bundan başqa məhkəmə İPM-in 13-cü maddəsinin tələblərini kobudcasına pozmuşdur. Belə ki, hakim tərəfindən iddia tələbi ilə bağlı tərəfə dəqiqləşmə ilə bağlı köməklik göstərməmiş, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi tələbi ilə əvəzləşdirilməsinə dair təklif etməmiş, bununla da kobud prosessual pozuntuya yol vermişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmiş, nümayəndəsi Nümayəndə2 səhhəti ilə bağlı işə baxılmasının təxirə salınmasını məhkəmədən xahiş etmiş, lakin bununla bağlı sənəd-sübut təqdim etməmiş, məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən buraxılmış prosessual pozuntuları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 62.3cü maddəsinə əsasən iddiaçı tərəfin iştirakı olmadan hazırkı məhkəmə iclasının keçirilmsəini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Abbaslı prosessual məsələ ilə bağlı işin qanuni həllini məhkəmənin səlahiyyətlərinə buraxdığını bildirmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı aşağıdakılara görə ləğv edilməli, iş məhkəmə icraatının davam etdirilməsi məqsədilə həmin məhkəməyə göndərilməlidir. İPM-in 48.1-ci maddəsinin tələbindən grünür ki, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Lakin, birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə tərəfindən işə baxlarkən inzibati prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla, qanunvericilyiə uyğun olan, münasib iddianın qaldırılmasında iddiaçıya yardımçı olmamışdır. Belə ki, İddiaçı, babası X1 məxsus olmuş, 1962-ci il tarixdə babası vəfat etdikdən sonra isə 1995-ci ildə anası Sona Mahüseyn qızının müraciəti əsasında 26 may 1995-ci il tarixdə Bakı ŞH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tərtib edilmiş 95/110 nömrəli ayrıc aktı əsasına və Bağlar Təsərrüfatı İdarəsi tərəfindən anasının və onun ailəsinin istifadəsinə verilmiş 0,90ha torpaq sahəsinə müvafiq orderlər verildiyini iddia edərək, həmin torpaq sahəsinin iddiaçının pdına qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən ona çıxarışın verilməsini tələb etmişdir. Göründüyü kimi, iddiaçı özünü vərəsə kimi təqdim edərək, babasından və anasından qalmış torpaq sahəsinin daşınmaz əmakın dövlət reyestrində onun adına qeydə alınaraq çıxarış verilməsini tələb etmişdir. Məhkəmənin qərarından isə görünür ki, məhkəmə iddiatələbini qanunvericiliyin tələblərinə uyğunlaşdırılması və münasib iddia təlbi ilə əvəz edilməsində iddiaçıya yardım göstərməmişdir. Belə ki, «Daşınmaz əmlkın dövlət reyestri haqqında» Qanunun qeyd olunan 22.2-ci maddəsinin tələbinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Eyni zamanda, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 113 nömrəli 22 dekabr 2009-cu il tarixli əmri ilə təsdiq edilmiş və 30 dekabr 2009-cu il tarixində 3492 nömrə ilə dövlət qeydiyyatına alınmış “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın: - 1.2-ci bəndinə əsasən bu Təlimatda müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra-Xidmət) tərəfindən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış (bundan sonra - arayış) hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. - 7.1-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması barədə arayış verilir. Arayış əmlakın növündən asılı olaraq bu Təlimata əlavə olunmuş 1-36-cı əlavələrə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. - 7.2-ci bəndinə əsasən müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Bu arayış vərəsə tərəfindən qanunvericiliklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən edilmiş sənədlər təqdim olunduqda verilir, həmin sənədlər ərazi idarəsində saxlanılır və vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənəd təqdim olunduqdan sonra müvafiq qaydada əmlakın qeydiyyata alınması aparılaraq sənədlər əsas kimi əlavə olunur. Arayış bu Təlimata əlavə olunmuş 37-ci əlavəyə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Qanunvericilyin qeyd olunan tələblərindən göründüyü kimi, vərəsə ilk öncə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanından arayış alınmalı, bundan sonra həmin arayış əsasında vərəsəlik sənədi (vərəsəlik şəhadətnaməsi) əldə edilərək qeydiyyat orqanına təqdim eməklə, birbaşa qeydiyyat orqanında bağ sahəsinə dair öz adına rəsmiləşdirmək hüququnu əldə edir. Konkret halda isə məhkəmə tərəfindən qanunvericiliyin qeyd olunan tələbləri baxımından, iddiaçının vərəsə olduğu və onun vərəsəsi olduğunu istinad etdiyi mərhum anası Sona Mahıüseyn qızına məxsus olduğunu iddia etdiyi mübahisəli torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin (o cümlədən order, icarə müqaviləsi və s.) mövcud olub-olmadığı aydınlaşdırılmamışdır. Ən azından, iş materiallarında olan (1-ci cild, i.v.172) cavabdeh inzibati orqan iddiaçıya ünvanladığı **********12 saylı xx.xx.2018-ci il tarixli məktubunda - Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində 137 nömrəli BTK nəzdində sahəsi 0,12 ha olan 169 v/5 saylı bağ sahəsinə dair mərhum Sona Mahhüseyn qızının adına tərtib edilmiş orderin İdarənin arxivində mövcud olduğunu bildirsə də, bununla bağlı məhkəmə heç bir araşdırma aparmamışdır. Göründüyü kimi, məhkəmə işi hərtərəfli araşdırmamış, iddiaçıya sübutların toplanmasında və iddia tələbinin ( mübahisəli torpaq sahəsinin mərhum anasına məxsus olması barədə arayışın verilməsi tələbinə) dəqiqləşdirilməsində xidməti vzifəsindən irəli gələn göməkliyi göstərməmişdr. Halbuki, İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Beləliklə də göstərilənləri nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması ilə qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4312/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, qeyd olunan prosessual pozuntuların aradan qaldırılması üçün iş, məhkəmə icraatının davam etdirilməsi və sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. İPM-in 87.1.1-ci maddəsinə əsasən inzibati-iqtisadi məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiya məhkəməsi barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati-iqtisadi məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə və İPM-in 80 və 90-cı maddələrinə əsasən məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4312/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İş materialları məhkəmə icraatının davam etdirilməsi və sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin . Qərardaddan kassasiya şikayəti verilmir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2-1(103)-2255/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2255/2022
15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver