Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2256/2022 19.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 18 fevral 2022-ci il tarixli, 2-1(112)-2051/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 16-19 avqust 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlillik təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdə ona ikinci qrup əlillik təyin edilmişdir. Təyin edilmiş əlillik müddətinin xx.xx.2022-ci il tarixinədək olmasına baxmayaraq, məlum olmayan səbəblərdən əsassız olaraq bir müddət əvvəl əlilliyinin ləğv edildiyi iddiaçıya məlum olmuşdur. İddiaçı hazırda “kəllə beyin travmasının davamlı qalıq əlamətləri”, eləcə də “şəkərli diabet tip İİ” xəstəliyindən əziyyət çəkir. Əlilliyin qiymətləndirilməsi qaydasının 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Qeyd olunanlara əsasən, iddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisinə müraciət edilərək, xəstəliyini təsdiq edən müvafiq sənədləri də təqdim etməklə, əlilliyinin müəyyən olunmasına dair müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Lakin əsassız olaraq cavabdeh təşkilat tərəfindən müraciətinə hər hansı bir cavab verilməmişdir. Sonradan iddiaçı iddianın dəyişdirilməsinə (dəqiqləşdirilməsi) dair ərizə ilə məhkəməyə müraciət edərək, əlilliyinin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmiş, iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 18 fevral 2022-ci il tarixli, 2-1(112)-2051/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim: S.Salahova) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı əlillik vəziyyəti Bakı 2 saylı Dəmiryol poliklinikasının xx.xx.2017-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Səbəbi: Ümumi xəstəlik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90- T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, Keçirilmiş QKBT-nın gecikmiş ağırlaşması. Dəqiqləşdirilməmiş meningit, posttravmatik araxnoidit. Xoşxassəli kəllədaxili hipertenziya ; Meyar: 2.2 ikinci dərəcə əlillik => 2.2.11. epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9);” əsası ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bildirilir ki, şəffaflığın təmin edilməsi məqsədi ilə 2017-2020-ci il illər ərzində əlillik təyinatı aparılmış şəxslər üçün rəsmiləşdirilmiş göndərişlərdə qeyd olunmuş stasionar və ambulator müalicə müddətinə dair məlumatlar ƏƏMSN-nin "Əlillik" siyasəti şöbəsi tərəfindən araşdırılmışdır. Həmin şəxslərə dair məlumatlar Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) "Sığorta edənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərin emalı" və "Sığorta" altsistemlərində olan məlumatlarla qarşılaşdırılmışdır. Nəticədə müəyyən olunmuşdur ki, həmin şəxslərə dair rəsmiləşdirilmiş göndərişlərdə stasionar və ambulator müalicə müddətlərinə dair məlumatlarla, Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödəniş aparılmış xəstəlik vərəqələri arasında uyğunsuzluqlar mövcuddur. Bununla yanaşı, stasionar və ambulator müalicə tarixlərində həmin şəxslərə əmək haqqı ödənilmişdir ki, bu da vətəndaşa rəsmiləşdirilmiş göndərişdə qeyd olunan məlumatların saxtalaşdırılması və əlillik təyinatı üçün əsas götürülmüş stasionar müalicə faktının təhrif edilməsidir. Göstərilənləri nəzərə alaraq 77 nəfərə aparılmış əlillik təyinatları o cümlədən, iddiaçının əlilliyi etibarsız hesab edilmişdir. Nəzərə çatdırılır ki, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsinə əsas verən göndərişin və təyinat aparılarkən təqdim etdiyi digər sənədlərin uyğunsuzluğu əlillik təyinatının da əsassız olmasını sübut edir. Buna görə də əsaslı olaraq əlillik altsistemində iddiaçıya aid qiymətləndirmə etibarsız edilmişdir. İddiaçı ikinci dərəcə əlilliyinin etibarsız hesab edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə uyğun olaraq həyata keçirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından müəyyən olunur ki, Bakı 2 saylı Dəmiryol Poliklinikasının 4384003AABN9 nömrəli göndərişi əsasında iddiaçının əlilliyi xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş, Kəllədaxili travmaların nəticələri, Keçirilmiş QKBT-nın gecikmiş ağırlaşması, Dəqiqləşdirilməmiş meningit, posttravmatik araxnoidit, Xoşxassəli kəllədaxili hipertenziya diaqnozu ilə iddiaçıya ikinci dərəcə əlillik təyin edilmiş, müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli, **********1 saylı məktubunda bildirilmişdir ki, “iddiaçının əlillik vəziyyəti Bakı 2 saylı Dəmiryol Poliklinikasının 4384003AABN9 nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının araşdırılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində iddiaçıya dair 4384003AABN9 nömrəli göndərişdə qeyd olunan stasionar müalicə tarixində MEİS-in “Əmək müqaviləsi” və “Sığorta” altsistemlərində olan məlumatlara əsasən əmək haqqı ödənilmiş və əlillik təyinatı zamanı əsas götürülmüş müalicə müddətlərinə dair məlumatlar təsdiqini tapmamışdır. Qeyd olunanlar əsas götürülməklə 4384003AABN9 nömrəli göndəriş əsasında aparılmış əlillik təyinatı Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin əlillik altsistemində etibarsız hesab edilmişdir.“ İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, “2017-2020-ci illər ərzində əlillik təyinatı aparılmış şəxslər üçün rəsmiləşdirilmiş göndərişlərdə qeyd olunmuş stasionar və ambulator müalicə müddətinə dair məlumatlara baxılmış, həmin şəxslərə dair məlumatlar Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Sığorta edənlər tərəfindən göndərilmiş haqq hesab cədvəllərin emalı’’ və “Sığorta’’ altsistemlərində olan məlumatlarla qarşılaşdırılmışdır. Həmin şəxslərə dair rəsmiləşdirilmiş göndərişlərdə stasionar və ambulator müalicə müddətlərinə dair məlumatlarla, Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən aparılmış xəstəlik vərəqələri arasında uyğunsuzluqların mövcud olması müəyyən edilmişdir. Bundan savayı stasionar və ambulator müalicə tarixlərində həmin şəxslərə əmək haqqı ödənilmişdir ki, bu da vətəndaşa rəsmiləşdirilmiş göndərişdə qeyd olunan məlumatların saxtalaşdırılması və əlillik təyinatı üçün əsas götürülmüş stasionar müalicə faktının təhrif edilməsidir. Göstərilənləri nəzərə alaraq siyahıda adları qeyd olunmuş 77 nəfərə aparılmış əlillik təyinatı Əlillik altsistemində etibarsız hesab edilmişdir. Bununla əlaqədar olaraq həmin şəxslərin pensiya, müavinət və ya təqaüd ödənişinin dayandırılması və artıq ödənilmiş vəsaitin bərpası istiqamətində Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müvafiq tapşırıq verilməsi xahiş edilmişdir.” Həmin məktuba əlavə edilmiş Siyahıda iddiaçının adı 30-cu sırada qeyd edilmişdir. İşdən görünür ki, iddiaçı əlilliyinin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Bu o deməkdir ki, istənilən halda, şəxs üçün əlverişsiz olan hər bir inzibati hərəkət üçün qanuni əsas mövcud olmalı, inzibati orqanın müdaxilə edə bilmək səlahiyyəti qanundan irəli gəlməli, müdaxilə “qanuna uyğun” olmalıdır. Cavabdehin hərəkətinin qanuna uyğun olmasının yoxlanılması ilə bağlı məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. -4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Qaydanın əlavəsində Agentliyin Tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəbləri göstərilməklə qəbul edilməsi zəruri olan qərarın forması da müəyyən edilmişdir. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Lakin hazırkı işin hallarından müəyyən olunur ki, cavabdeh iddiaçının əlillik təyinatını onun əmək müqaviləsinin olması və əlillik təyinatı zamanı əsas götürülmüş müalicə müddətlərinə dair məlumatın təsdiqini tapmaması əsası ilə mübahisələndirmiş və iddiaçıya təyin edilmiş əlilliyi etibarsız hesab etmişdir, hansı ki, istinad olunan qanunvericilikdə əlilliyin etibarsız hesab edilməsi anlayışı mövcud deyildir. Qanunla şəxsin hüququna belə bir müdaxilə nəzərdə tutulmadığından məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçının əlilliyini etibarsız hesab etməkdən ibarət hərəkətinin qanuni əsası olmamışdır. Həmçinin cavabdeh bu zaman iddiaçını əyani müayinəyə cəlb etməmiş, onun barəsində qəbul edilmiş inzibati aktın nəticəsini şübhə altına almaqla onun nəticələrini ləğv edərkən, iddiaçının dinlənilmə hüququnu təmin etməmiş, ayrıca akt formasında qərar qəbul etməmişdir. Bununla cavabdeh eyni zamanda inzibati icraat haqqında qanunvericiliyin tələblərini də pozmuşdur. Çünki inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə və bununla bağlı ayrıca inzibati akt qəbul etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “İnzibati icraat haqqında” Qanun Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 25. İnzibati icraat materialları ilə tanış olmaq hüququ 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Maddə 47. Sübutların qiymətləndirilməsi 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 47.2. Maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. Maddə 57. İnzibati aktın forması 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 57.2. Yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. 57.3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda inzibati akt şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilə bilər. 57.4. Bu Qanunun 57.3-cü maddəsinə əsasən şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilmiş inzibati akt aşağıdakı hallarda elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır: 57.4.1. inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda (əlverişsiz inzibati aktın qəbul edildiyi hallarda); 57.4.2. inzibati orqan inzibati aktı yazılı formada qəbul edəcəyini vəd etdikdə; 57.4.3. qanunla birbaşa nəzərdə tutulduqda. 57.5. Qanunla nəzərdə tutulmuş hallarda inzibati akt işıq, səs siqnalları və işarələri, təsvirlər formasında və yaxud digər formalarda qəbul edilə bilər. Maddə 58. İnzibati akta dair ümumi tələblər 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İddiaçının xəstəliyi ilə bağlı təqdim edilmiş sənədlərdə uyğunsuzluq olması ilə bağlı cavabdehin istinad etdiyi dəlillərə hüquqi qiymət vermədən məhkəmə kollegiyası qeyd edir ki, Bakı 2 saylı Dəmiryol Poliklinikasının 4384003AABN9 nömrəli göndərişi əsasında iddiaçının əlilliyi xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş, iddiaçıya ikinci dərəcə əlillik təyin edilmiş, müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. 17 yanvar 2020-ci ilədək qüvvədə olmuş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında” Əsasnamənin 4.26-cı bəndinə əsasən, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. 5.1-ci bəndinə görə əlillik müddətlə müəyyən edildiyi hallarda, şəxs növbəti əlilliyin qiymətləndirilməsi təyin edilən aydan sonrakı ayın 1dək əlil hesab olunur. İddiaçının əlilliyinin xx.xx.2017-ci il tarixdə 5 il müddətinə müəyyən edilməsi barədə cavabdehin qəbul etdiyi inzibati akt qüvvədə olmuşdur. Cavabdeh xx.xx.2017-ci il tarixli inzibati aktın hüquqi qüvvəsinin olmaması və ya etibarsız sayılması ilə bağlı məhkəməyə dəlil təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən xx.xx.2017-ci il tarixli inzibati akt xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur. Qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Cavabdeh “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələb etdiyi qaydada xx.xx.2017-ci il tarixli inzibati aktın qanunsuz sayılması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun yuxarıda bəhs edilən normalarında inzibati icraatın başlanılması üçün əsaslar, inzibati icraatın aparılması qaydası, maraqlı şəxslərin icraata cəlb olunması və qəbul edilən inzibati aktın məzmunu təsvir edilmişdir. Cavabdeh xx.xx.2017-ci il tarixli inzibati aktın qanunsuz sayılması barədə “İnzibati icraat haqqında” Qanunun yuxarıda bəhs edilən normalarına uyğun icraat aparmamaqla həmin aktın qanunsuz sayılmasına dair inzibati akt qəbul etmədiyindən xx.xx.2017-ci il tarixli akt ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtarana və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin xx.xx.2017-ci il tarixli inzibati aktı hüquqi qüvvəsini saxladığından və hüquqi cəhətdən etibarlı sayıldığından birinci instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 18 fevral 2022-ci il tarixli, 2-1(112)-2051/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2256/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2256/2022
19.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver