Məhkəmə qərarları › İş №2-1(103)-2256/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2256/2024

11.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2256/2024 11.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının X6rşı “qəbul imtahanının açıq suallara iddiaçı tərəfindən verilmiş cavabların tam doğru hesab edilərək maksimum balla qiymətləndirilməsi, yekun balların yenidən hesablanması, daxil olduğu ixtisas üzrə dövlət sifarişi əsasında təhsil alması üçün müvafiq əmrin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2331/2024 nömrəli, 09 fevral 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının X11 və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə X11 təqdim edilmiş apellyasiya ərizəsində mübahisələndirilmiş açıq suallara (28 və 88 nömrəli) verilmiş cavabların yenidən qiymətləndirilməsi, yekun balların yenidən hesablanması və İddiaçı daxil olduğu ixtisas üzrə (Bakı Dövlət Universiteti, Pravovedenie; İİİ qrup, DT; Əyani) dövlət sifarişi əsasında oxumasına dair müvafiq əmrin verilməsi öhdəliyinin cavabdehlərin (səlahiyyətlərinə müvafiq olaraq) üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin iş üzrə cavabdeh qismində iştirakına xitam verilmiş və iş üzrə iddia tələbi “X14 tərəfindən xx.xx.2023-cü il tarixdə İİİ qrup üzrə keçirilmiş qəbul imtahanının “C” variantında rus dili və ədəbiyyatı fənləri üzrə 28 və 88 nömrəli açıq suallara İddiaçı tərəfindən verilmiş cavabların tam doğru hesab edilərək maksimum balla qiymətləndirilməsi, İddiaçı yekun ballarının yenidən hesablanması, daxil olduğu ixtisas üzrə dövlət sifarişi əsasında təhsil alması üçün müvafiq əmrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 160 saylı Klassik Gimnaziyanı bitirmiş, buraxılış imtahanında 258.40 bal, qəbul imtahanında isə 327.20 bal toplamışdır (cəmi 585.60 bal). Qəbul imtahanının nəticələri elan edildikdən sonra abituriyent rus dili və ədəbiyyat fənləri üzrə açıq suallara cavabların qiymətləndirilməsini mübahisələndirmişdir. Belə ki, Rus dili fənnindən 28-ci sual aşağıdakı kimi qoyulmuşdur: “... X4 səkkiz ildir ki, teatra getmirdi. Bəzən özü tamaşalara bilet alırdı, bəzən də biletlər ona hədiyyə edilirdi. Ancaq həmişə, dərhal və ya son anda, bu biletləri təhvil verib sakitləşirdi. Burada isə xilas olmaq mümkün deyildi: onun keçmiş teatrı Moskvaya qastrol səfərinə dəvət edilmişdi. Bu çox böyük hadisə idi. O, bilirdi: orada, teatrda artıq mükafatlar və titullara hazırlanırdılar, yeni kostyumlar tikilmişdi. Hər kəs fövqəladə dəyişikliklər gözləyir ... . Keçmiş dostları onu Moskvada tapdılar və qəti şəkildə dedilər: əgər o, premyeraya gəlməsə, onu əbədi olaraq bağışlamayacaqlar. - Bizdə elə “Vestsaydskaya” var ki, siz burada heç yuxuda da görə bilməzsiniz. “Xilas olmaq mümkün deyil”, - Tatyana Nikolayevna düşündü. Bütün günü o, özündə deyildi. Karyerasının başladığı və bitdiyi teatra getmək, səhnədə nə olursa olsun, məhz bunu yaşamağa getmək, sonra lazımi sözlər söyləmək, tamaşadan sonra birlikdə dedi-qodu etmək və min “niyə”yə cavabını vermək... Tanya bütün bu deyilməyən sözləri əvvəlcədən bilirdi. Lakin iş heç onlarda da deyildi. O, həqiqətən də teatra getmək istəmirdi. Bu heyrətamiz “Vestsaydskaya” baxmaq istəmirdi”. Mətnə aid sualda da məhz qeyd olunmuşdur ki, “kontekstdən çıxış edərək qastrol sözünün mənasını yazın”. Göründüyü kimi, mətn/kontekst aktyorlar/teatr barəsindədir və sualda abituriyentdən kontekstdən çıxış edərək “qastrol” sözünün mənasının verilməsi tələb edilir. İddiaçı həmin suala aşağıdakı kimi cavab vermişdir: “Qastrol - başqa şəhərdə və ya başqa ölkədə çıxış deməkdir”. Həmin suala verilmiş cavab natamam kimi qiymətləndirilmiş və ümumi 9 bal üzərindən 4.5 bal verilmişdir. Apelyasiya şikayətindən sonra abituriyentlə telefon danışığında X8 nümayəndəsi bildirmişdir ki, abituriyent mütləq şəkildə çıxışların məhz aktyorların çıxışları olmasını qeyd etməli idi. Belə ki, “başqa şəhərdə/ölkədə prezident/deputatlar də çıxış edə bilər və bu, qastrol sayılmır”. Cavabın məhz kontekstdən çıxış edərək verilməli olması nəzərə alınarsa, bu yanaşma açıq-aşkar qərəzlidir. Belə ki, mətn prezident və ya deputat barəsində deyil, mətndə məhz aktyorların/teatrın qastrollarından söhbət gedir. Sual avtonom olaraq verilsə idi və ya sualda cavabın kontekstdən çıxış edərək verilməli olması qeyd olunmasa idi, yanaşmanı bəlkə də qəbul etmək olardı. Lakin hazırkı vəziyyətdə bu açıq-aşkar abituriyentin taleyi ilə əsassız şəkildə oynamaqdır. Belə ki, təhsil haqqı ödənişinin kifayət qədər yüksək (illik 4500 manat) olması, hal-hazırda gənc bir istedadın təhsilini davam etməsini çox böyük sual altına salmaqdadır. Ədəbiyyat fənindən 88-ci sual aşağıdakı kimi qoyulmuşdur: “ ... Təqdim olunan mətni diqqətlə oxuyun və orada verilən məlumatlardan istifadə edərək Cavablar vərəqindəki 88-90 tapşırıqlarını yerinə yetirin. ... Bu parçanın alındığı əsərin janrını göstərin (Cavabınızı sübut kimi ən azı 2 faktdan istifadə edərək əsaslandırın)”. Abituriyent həmin suala aşağıdakı kimi cavab vermişdir: «Hekayə.

1. Epik janr (nəsr formasında yazılıb). 2. Kiçik ölçülü». X14 tərəfindən cavablar açıqlandıqdan sonra düzgün cavabın izahı olaraq isə aşağıdakılar göstərilmişdir: “ ... hekayə - kiçik ölçülü, bir süjet xətti olan, qəhrəmanın qısa müddətdə həyatından bəhs edən epik janra aiddir. Şoloxovun “İnsanın taleyi” əsəri janr baxımından hekayədir. Az sayda personaj var və Andrey Sokolovun həyatından bəhs edir”. Göründüyü kimi, sualda iki faktın göstərilməsinin istənildiyinə uyğun olaraq, abituriyent izahda qeyd olunmuş faktları göstərmiş, lakin həmin cavab da natamam və qərəzli şəkildə qiymətləndirilmişdir. Halbuki bu, X8 özünün müəyyən etdiyi kriteriyalara ziddir. Eyni zamanda, qeyd olunmalıdır ki, bir mətn üç sualı əhatə etmiş və abituriyent əsərin adını, müəllifini və baş qəhrəmanını 90-cı suala verilmiş cavabda ətraflı şəkildə göstərmişdir. Üç sualın üçünə də verilmiş cavabları iddia ərizəsinə əlavə edilmiş cavab kartından görmək olar. Apellyasiya ərizəsi X11 yazılı qaydada təqdim edilmiş və abituriyentə ərizəsinin qəbul olunduğu, bağlantı barədə ona məlumat veriləcəyi bildirilmişdir. Buna baxmayaraq, X14 abituriyentə qəfil edilmiş zənglə kifayətlənmiş və abituriyentin yazılı cavabın verilməsi barədə müraciətinə isə ümumiyyətlə münasibət bildirilməmişdir. X14 tərəfindən edilmiş zəng zamanı, verilmiş cavabların doğru olmadığı, hansı əsaslarla qiymətləndirildiyi sübut edilə bilməmiş, bir neçə dəfə səs eşitmə sistemi söndürülərək məsləhətləşmələrin aparıldığı müşahidə edilmişdir. Apellyasiya nəticəsi ilə bağlı yazılı məlumatın verilməsi üçün xx.xx.2023-cü il tarixdə X11 rəsmi elektron məktub ünvanlansa da, heç bir cavab verilməmişdir. Nəticədə, xx.xx.2023cü il tarixdə abituriyentə məlum olmuşdur ki, o, Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə ödənişli əsaslarla daxil olmuşdur. Halbuki, qeyd olunan suallara verilmiş cavablar düzgün və ədalətli qiymətləndirilsə idi, həmin fakültəyə dövlət sifarişi əsasında daxil ola bilərdi. (keçid balı - 588.60). Aydındır ki, etalon cavablar ekspertlər tərəfindən hazırlanmalı, bu etalonlar tapşırığa verilə biləcək tam və qismən düzgün cavabları, qiymətləndirmə meyarlarını ehtiva etməli, markerlər cavabları öz subyektiv fikirləri əsasında yox, onlara verilən meyarlar əsasında qiymətləndirməlidir. Ən azı cavabları qərəzsiz kompyuter yoxlayanda nəticələr daha az şübhə və narazılıq doğurardı. Bakı İnzibati Məhkəməsinin (hakim Aysev Almazova) e-2-1(112)-2331/2024 nömrəli, 09 fevral 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının qanunvericiliyin tələblərinə və ədalət prinsipinə uyğun olmadığını və ləğv edilərək yeni qərar qəbul edilməli olduğu qənaətindədir. Məhkəmə qərar qəbul edərkən gəldiyi qənaətin əsaslandırılmasını tam, açıq və ətraflı izah etməmiş, mübahisələndirilən mövzu ilə bağlı tərəflərindən təqdim edilmiş rəylərə münasibət bildirməmiş, qanunvericiliyin tələblərini düzgün izah etməmişdir. Məhkəmə öz qərarında qeyd etmişdir ki, “inzibati orqanın verdiyi mülahizə onun qiymətləndirmə sərbəstliyi hüdudlarında olmuşdur. Belə ki, qeyd edilən sualların cavablarının tam doğru kimi qiymətləndirilməməsi cavabdeh qurumun qiymətləndirmə sərbəstliyi səlahiyyətlərini aşma hesab edilə bilməz.” Birinci instansiya məhkəməsi tərəfindən sərgilənmiş belə bir mövqe heç bir hüquq və ədalət mühakiməsi prinsipləri ilə bir araya gələ bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan sübutlar düzgün qiymətləndirilməyib. Halbuki, sübutların, rəylərin və açıqlamaların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qərar çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmənin qərarı o zaman əsaslı olar ki, o, məhkəmə iclasında mülki məhkəmə icraatının prinsiplərinə və mülki prosessual qaydalara əməl olunmaqla hərtərəfli və tam araşdırılmış iş üçün önəmli olan hallara əsaslansın. Məhkəmə işə baxarkən və qərar qəbul edərkən iddiaçı tərəfindən verilmiş sübutlara baxmamış və yetərincə qiymət verməmişdir. Sübutların mötəbərliyini qəbul etmədiyi halda, bunu əsaslandırmamışdır. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Məhkəmə nəinki əlavə sübutlar toplamamış, hətta təqdim edilmiş tamamilə əsaslı və mötəbər sübutların heç birini müayinə etməmiş, heç bir sübuta qiymət verilməmişdir. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə qərar qəbul edərkən iddiaçı tərəfindən təqdim edilmiş sübutlara, rəylərə və açıqlamalara qiymət verməmişdir. Cavabdehin nümayəndəsi və cavabdeh tərəfindən proseslərdə iştirak edən ekspert məhkəmə prosesləri zamanı heç bir əsaslı sübutlar, açıqlamalar təqdim etməməklə yanaşı, veriləcək qərarın icra edilə bilməməsi, mümkünsüzlüyü və s. kimi məhkəmənin mövqeyinə təsir edəcək açıqlamalar vermiş, verdiyi bu tip açıqlamalarla əslində iddianın doğruluğu ilə razılaşmış kimi mövqe sərgiləmişlər. Heç bir sübuta əhəmiyyət verməyən birinci instansiya məhkəməsi hüququn aliliyi prinsipini pozmuş, heç bir əsas göstərmədən sadəcə bir cümlə ilə iddianın əsassız sayılmasını qeyd etmişdir. Verilmiş cavabın tam doğru hesab edilməsi üçün cavabdeh tərəfindən açıqlanmış cavab formasının heç bir dərslikdə yer almamasına əhəmiyyət verilməmiş, digər sualla bağlı isə iddiaçının təhsil aldığı dövrdə nəşr edilmiş ədəbiyyata münasibət bildirilməmişdir. Mübahisəli suala verilmiş cavabla bağlı Azərbaycan Respublikası Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti və Rusiya Federasiyasının bir çox universitetləri tərəfindən verilmiş rəylərə hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi qəbul edilmiş qərarda gəldiyi qənaətin əsaslandırılmasını tam, açıq və ətraflı izah etməmiş, mübahisələndirilən mövzu ilə bağlı tərəflərindən təqdim edilmiş rəylərə, arayışlara və sübutlara münasibət bildirməmiş, qanunvericiliyin tələbləri səhv təfsir edilmişdir. Məhkəmə öz qərarında qeyd etmişdir ki, “inzibati orqanın verdiyi mülahizə onun qiymətləndirmə sərbəstliyi hüdudlarında olmuşdur. Belə ki, qeyd edilən sualların cavablarının tam doğru kimi qiymətləndirilməməsi cavabdeh qurumun qiymətləndirmə sərbəstliyi səlahiyyətlərini aşma hesab edilə bilməz”. Birinci instansiya məhkəməsi tərəfindən sərgilənmiş belə bir mövqe heç bir hüquq və ədalət mühakiməsi prinsipləri ilə bir araya gələ bilməz. Belə ki, əgər məhkəmə bu tip işlər üzrə ədalətli və obyektiv qərar qəbul edib cavabdeh qurumun hərəkət və hərəkətsizliyinə hüquqi qiymət vermək iqtidarında deyilsə, bu barədə qərar iddianın mümkünlük məsələsi həll edilərkən verilməlidir, 6 aya yaxın sürən uzun-uzadı araşdırmalardan sonra deyil. Yox, əgər bu tip işlərə baxılması məhkəmənin səlahiyyətinə aiddirsə və məhkəmə işə mahiyyəti üzrə baxıb qərar vermək iqtidarındadırsa, məhkəmə tərəfindən şablon rədd qərarlarının qəbulu vətəndaşlarda ədalət mühakiməsinə inamı sarsıdır. Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etirazda qeyd olunur: İddiaçının qəbul imtahanında açıq suallara iddiaçı tərəfindən verilmiş cavabların tam doğru hesab edilərək maksimum balla qiymətləndirilməsi, yekun balların yenidən hesablanması, daxıl olduğu ixtisas üzrə dövlət sifarişi əsasında təhsil alması üçün müvafiq əmrin verilməsi barədə iddiası Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən iddia təmin edilməmişdir. Dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrinə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinə tələbə qəbulu qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları” ilə müəyyən edilmişdir. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən, ali təhsil müəssisələrinə tələbə qəbulu abituriyentlərin müvafiq tədris ilində biliyin qiymətləndirilməsi üzrə mərkəzləşdirilmiş qaydada həmin Qaydaların 3-cü hissəsində göstərilən iki mərhələdə keçirilən imtahanda (qəbul imtahanında) əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının X14 tərəfindən həyata keçirilir. Hər mərhələdə imtahanın məzmunu, yəni təhsilalanlara təqdim edilən tapşırıqların növü və qiymətləndirilmə qaydası Mərkəz tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir və hər il tədris ilinin başlanılmasından 1 ay müddət keçənədək elan edilir. İmtahan suallarının məzmunu Mərkəz tərəfindən hazırlanmış və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilmiş imtahan fənləri üzrə qəbul proqramlarına uyğun müəyyən edilir. Sözügedən Qaydaların 6.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən müsabiqə və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən Apellyasiya Komissiyası yaradılır. Həmin Qaydaların tələblərini təmin etmək məqsədilə İİİ ixtisas qrupu üzrə 2023cü il 08 iyul tarixində keçirilən qəbul imtahanının nəticələrinə yenidən baxılması ilə bağlı Apellyasiya Komissiyası yaradılmış, komissiyaya müraciət etmək üçün 23 iyul saat 10:00dan 25 iyul saat 17:00-dək https.//apelyasıya.dim.gov.az saytında yerləşdirilən elektron ərizəni doldurmaqla qeydiyyatdan keçmək tələb olunmuşdur. İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Mərkəz tərəfindən 25 iyul 2023-cü il tarixindən etibarən onlayn qaydada (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil edilmişdir. Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlərin imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmaları barədə Mərkəzin rəsmi internet səhifəsində məlumat verilmiş və apellyasiya müzakirəsində şagirdin iştirakının vacibliyi vurğulanmış, o cümlədən abituriyent ilə yanaşı valideynlərindən birinin müzakirədə iştirak edə biləcəyi, bir abituriyentin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla biləcəyi, ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılacağı abituriyentlərin diqqətinə çatdırılmışdır. İddiaçı İİİ ixtisas qrupu üzrə keçirilən qəbul imtahanının nəticələri ilə əlaqədar vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən yaradılmış Apellyasiya Komissiyasına müraciət edərək imtahanda Rus dili fənni üzrə 28 və ədəbiyyat fənni üzrə 88 nömrəli test tapşırıqlarına verdiyi cavabların yenidən qiymətləndirilməsini xahiş etmişdir. İddiaçının mübahisələndirdiyi test tapşırıqları 2023-cü il 26 iyul tarixində abituriyentin müraciətinə uyğun olaraq apellyasiya ərizəsində qeyd edilən telefon nömrəsi ilə əlaqə saxlanılaraq onun iştirakı ilə Apellyasiya Komissiyası tərəfindən araşdırılmışdır. Həmin test tapşırıqlarında və iddiaçının verdiyi cavabların qiymətləndirilməsində ekspertlər tərəfindən hər hansı bir qüsur aşkar edilməmişdir. Bu barədə ona geniş izah verilmiş və nəzərinə çatdırılmışdır ki, imtahanda əldə etdiyi nəticə (topladığı bal) düzgün hesablanmış və biliyi qabaqcadan elan edilən meyarlara uyğun olaraq doğru qiymətləndirilmişdir. Əlavə olaraq abituriyentə yuxarıda adıçəkilən Qaydaların 6.3-cü bəndinə əsasən Apellyasiya Komissiyasının qərarından inzibati qaydada və ya məhkəməyə şikayət vermək hüququ barədə məlumat verilmişdir. Açıq və qapalı tipli test tapşırıqları Mərkəzlə bağlanılan müqavilə əsasında cəlb edilən sahə üzrə ekspertlər tərəfindən hazırlanır və hər bir test tapşırığı müvafiq sahə üzrə ayrı-ayrı ekspertlər tərəfindən ekspertizadan keçirilir. Yalnız elmi-metodikı qüsur aşkar edilməmiş, beləliklə ekspertizadan keçmiş test tapşırıqları Mərkəz tərəfindən təsdiqlənir və müvafiq sahələr üzrə test bankına daxil edilir. İddiaçının mübahisələndirdiyi test tapşırıqları da eyni qaydaya riayət etməklə test bankına daxil edilmişdir. Bu baxımdan ayrı-ayrı ekspertlər tərəfindən hazırlanıb ekspertizadan keçirilmiş test tapşırıqlarında hər hansı elmi-metodiki qüsurun olması halı istisna edilir. Buna görə də iddiaçının Rus dili fənni uzrə 28 və ədəbiyyat fənni üzrə 88 nömrəli test tapşırıqlarının cavablarının düzgün qiymətləndirilməməsinə dair iddiası tamamilə əsassızdır və həqiqətə uyğun deyil. İşin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə mübahisələndirilən imtahan sualları üzrə qiymətləndirilmə meyarları, iddiaçının həmin suallara verdiyi cavablar, o cümlədən həmin suallar üzrə iddiaçı ilə eyni və daha artıq bal toplamış abituriyentlərin yazı işləri əlavə edilməklə müvafiq sahə üzrə mütəxəssislər tərəfindən verilmiş rəy birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Qeyd edilənlərə əsasən iddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından verilmiş apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişlər. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının və mütəxəssislərin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları»nın: 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci və 26.4-cü maddələrinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun fəaliyyət göstərən dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrinə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinə tələbə qəbulu qaydalarını müəyyən edir. 1.2. Ali təhsil müəssisələrinə qəbul olmaq hüququna tam orta, yüksək texniki peşə, orta ixtisas və ya ali təhsili başa vurmaq haqqında müvafiq dövlət nümunəli sənəd almış şəxslər malikdirlər. 1.3. Ali və orta ixtisas təhsil pilləsi, habelə yüksək texniki peşə təhsili səviyyəsi üzrə təhsil müəssisələrinin tələbələri (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak edə bilməzlər. 1.6. Ali təhsil müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci və 26.5- 3-cü maddələrində göstərilən hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. Ali təhsil müəssisələrinə tələbə qəbulu abituriyentlərin müvafiq tədris ilində biliyin qiymətləndirilməsi üzrə mərkəzləşdirilmiş qaydada bu Qaydaların 3-cü hissəsində göstərilən iki mərhələdə keçirilən imtahanda (qəbul imtahanında) əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının X14 (bundan sonra – Mərkəz) tərəfindən həyata keçirilir. 1.8. Ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, həmin ixtisaslar üzrə ali təhsilin dövlət standartları – bakalavr (əsas (baza ali) tibb təhsilinin) hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər, bu ixtisaslara yiyələnmək üçün tələb olunan bilik, bacarıq və vərdişlər nəzərə alınmaqla beş qrupa bölünür (1 nömrəli əlavə). 3.1. Bu Qaydaların 3.4-cü bəndində nəzərdə tutulan abituriyentlər istisna olmaqla, qəbul imtahanlarının birinci mərhələsində abituriyentlər təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, xarici dil və riyaziyyat fənlərindən qəbul imtahanı verirlər. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər. İmtahanda abituriyentlərə Azərbaycan (rus) dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 25 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim edilir. Qəbul imtahanının birinci mərhələsində abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır. İmtahanın davametmə müddəti 3 saatdır. 3.2. Qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər. İmtahanda abituriyentlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Abituriyentlərin toplaya biləcəyi maksimal bal 30 baldır. İmtahanın davametmə müddəti 1 saat 30 dəqiqədir. Bu imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir və “məqbul” alanlar iki (cari və növbəti) tədris ili üçün keçirilən müsabiqələrdə qəbul imtahanlarına (ixtisas seçiminə) buraxılırlar. 3.4. Müvafiq tədris ili üzrə müsabiqədə abituriyentlər tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edirlər və qəbul imtahanının birinci mərhələsini, eləcə də bu Qaydaların 3.2-ci bəndində nəzərdə tutulan Azərbaycan dili (dövlət dili kimi) fənnindən imtahan vermirlər. Azərbaycan dili istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali təhsil müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün buraxılış imtahanı çərçivəsində imtahan verdikləri Azərbaycan dili (dövlət dili kimi) fənnindən Mərkəz tərəfindən müəyyən edilən şərtə uyğun nəticə əldə etməlidirlər. 3.5. Azərbaycan və rus dilləri istisna olmaqla, tədris ingilis, gürcü və digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali təhsil müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün buraxılış imtahanı çərçivəsində ali təhsil pilləsində təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili fənnindən də imtahan verməlidirlər. Tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali təhsil müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün rus dili fənnindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali təhsil müəssisələrinin tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycan dili fənnindən imtahan verməlidirlər. 3.8. Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə həyata keçirilir, 1 il qüvvədə olur və yalnız cari tədris ilində abituriyentə ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququ verir. Qəbul imtahanları hər tədris ilində iki dəfə – yaz və yay sessiyaları şəklində keçirilir. Abituriyent hər sessiyada istədiyi ixtisas qrupu üzrə yalnız bir imtahanda iştirak edə bilər. İ-İV ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər. İxtisas qrupları və altqrupları üzrə imtahan fənləri, onların üstünlük dərəcələri və nisbi əmsalları aşağıdakı kimi müəyyən edilmişdir: 3.8.3. İİİ ixtisas qrupu: 3.8.3.1. dil-tarix (DT) altqrupuna daxil olan ixtisaslar üzrə - qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili (nisbi əmsal:1,5), tarix (nisbi əmsal:1,5) və ədəbiyyat (nisbi əmsal:1); 3.8.3.2. tarix-coğrafiya (TC) altqrupuna daxil olan ixtisaslar üzrə - qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili (nisbi əmsal:1,5), tarix (nisbi əmsal:1,5) və coğrafiya (nisbi əmsal:1). 3.10. Hər mərhələdə imtahanın məzmunu, yəni təhsilalanlara təqdim edilən tapşırıqların növü və qiymətləndirilmə qaydası Mərkəz tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir və hər il tədris ilinin başlanılmasından 1 ay müddət keçənədək elan edilir. İmtahan suallarının məzmunu Mərkəz tərəfindən hazırlanmış və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilmiş imtahan fənləri üzrə qəbul proqramlarına uyğun müəyyən edilir. İmtahanların keçiriləcəyi günlər və imtahanların aparılması texnologiyası Mərkəz tərəfindən müəyyənləşdirilir. 4.1. Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi abituriyentlərin bütün ixtisas qruplarına imtahan nəticələri elan olunduqdan sonra aparılır. 4.2. İxtisas seçiminə imtahan nəticələri Mərkəz tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan abituriyentlər buraxılırlar. 6.1. Təhsilalma formasından asılı olmayaraq, hər hansı bir ixtisasa yerləşdirilmiş abituriyent tələb olunan sənədləri 10 gün müddətində qəbul olduğu təhsil müəssisəsinə təqdim etməklə (bu Qaydaların 2.1-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) qeydiyyatdan keçməlidir. Abituriyentin bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bu abituriyentlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar. 6.2. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən müsabiqə və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən Apelyasiya Komissiyası yaradılır. 6.3. Abituriyent Apelyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə (bu Qaydaların 2.1-1-ci bəndinin tələbləri nəzərə alınmaqla), şəxsən müraciət etməlidir. Apelyasiya Komissiyasının qərarlarından inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər. İşin faktiki hallarından görünür ki, İddiaçı İİİ ixtisas qrupu üzrə keçirilən qəbul imtahanının nəticələri ilə əlaqədar vətəndaşların müraciətlərinə baxılması üçün cavabdeh orqan X14 tərəfindən yaradılmış Apellyasiya Komissiyasına müraciət edərək imtahanda Rus dili fənni üzrə 28 və ədəbiyyat fənni üzrə 88 nömrəli test tapşırıqlarına verdiyi cavabların yenidən qiymətləndirilməsini xahiş etmişdir. İddiaçının mübahisələndirdiyi test tapşırıqları onun iştirakı ilə Apellyasiya Komissiyası tərəfindən araşdırılmış və cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən imtahan sualları üzrə qiymətləndirilmə meyarları, iddiaçının həmin suallara verdiyi cavablar, o cümlədən həmin suallar üzrə iddiaçı ilə eyni və daha artıq bal toplamış abituriyentlərin yazı işləri əlavə edilməklə müvafiq sahə üzrə mütəxəssislər tərəfindən verilmiş rəy məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş rəydə qeyd olunur: - 28 nömrəli yazı işində mətndə tünd qara hərflə verilmiş «Qastrol» sözünün mənasını mətnin kontekstinə uyğun olaraq açmaq lazım idi. Eyni zamanda abituriyentin bu sözün birbaşa mənasını açması və mətnlə əlaqələndirməsi nəzərdə tutulur. Abituriyent «Qastrol» - başqa şəhərdə və ya başqa ölkədə çıxış» yazmışdır. Amma qastrol sadəcə çıxış deyil, müğənninin, artistin, teatr və ya sirk truppasının tamaşa və ya konsert vermək məqsədi ilə başqa şəhər və ya ölkələrə səfəridir. Abituriyent sözün mənasını tam izah vetməmişdir. Belə ki, hər kəs qastrol səfərinə getmir, qastrol səfərinə yalnız sənət nümayəndələri ədəbi-bədii və ya şou proqramlar təqdim etmək üçün gedirlər. «Qastrol» sözünün izahı tam yazılmadığı üçün yazı işi qiymətləndirmə meyarının «B» bəndinə uyğun olaraq 1/2 qiymətləndirilmişdir. - 88 nömrəli yazı işinin şərtinə əsasən abituriyent verilmiş parçanın janrını göstərməli və ən azı iki faktdan istifadə edərək fikrini əsaslandırmalı idi. Abituriyent fikirlərini verilmiş parçanın aid olduğu janrın fərqləndirici xüsusiyyətlərini yazmaqla əsaslandıra bilərdi. Abituriyent fərqləndirici əlamətlər kimi «1. Epos janrı (nəsrlə yazılmış)» - bu cavab yanlışdır, çünki hekayə janrının sübut edəcək arqument deyil və nəzərə alsaq ki, «epos» sözü ilə həm ədəbiyyatın növünü, həm də ədəbiyyatın janrını adlandırmaq olar deyə, cavab ikili məna verir. 2. «Kiçik həcmli» cavabı hekayə janrının xüsusiyyəti oluduğu üçün doğrudur. - Ümumtəhsil müəssisələrinin 6-cı sinifləri üçün “Ədəbiyyat” dərsliyinin 2022-ci il nəşrinin 102-ci səhifəsində hekayənin xarakterik cəhətləri göstərilmişdir: - kiçik həcm; - çox vaxt qəhrəmanın həyatından bir hadisə təsvir olunur; - hadisələr qısa müddətdə baş verir; - az sayda obraz; - qəhrəmanın xarakteri onun hərəkət və hərəkətləri, digər personajlarla münasibətləri vasitəsilə açılır; - müəyyən bir mövzuya əsaslanır; - bir əsas məsələniproblemi həll edir; - rəvayətçi təsvir olunanla oxucu arasında vasitəçidir. Beləliklə, tapşırığın şərtlərinin tələb etdiyi, bu parçanın hekayə olduğunu sübut edən ikinci fakt yoxdur. Qiymətləndirmə meyarının «B» bəndinə uyğun olaraq 2/3 bal toplayıb. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisələndirdiyi test tapşırıqlarında və iddiaçının verdiyi cavabların qiymətləndirilməsində ekspertlər tərəfindən hər hansı bir qüsur aşkar edilməmişdir. Açıq və qapalı tipli test tapşırıqları Mərkəzlə bağlanılan müqavilə əsasında cəlb edilən sahə üzrə ekspertlər tərəfindən hazırlanır və hər bir test tapşırığı müvafiq sahə üzrə ayrı-ayrı ekspertlər tərəfindən ekspertizadan keçirilir. Yalnız elmi-metodikı qüsur aşkar edilməmiş, beləliklə ekspertizadan keçmiş test tapşırıqları Mərkəz tərəfindən təsdiqlənir və müvafiq sahələr üzrə test bankına daxil edilir. İddiaçının mübahisələndirdiyi test tapşırıqları da eyni qaydaya riayət etməklə test bankına daxil edilmişdir. Qeyd olunduğu kimi, mübahisələndirilən imtahan sualları üzrə qiymətləndirilmə meyarları, iddiaçının həmin suallara verdiyi cavablar, o cümlədən həmin suallar üzrə iddiaçı ilə eyni və daha artıq bal toplamış abituriyentlərin yazı işləri məhkəməyə təqdim edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən mütəxəssislər - Azərbaycan Respublikasının X8 mütəxəssisləri X9, X7, X15, Bakı Slavyan Universitetinin Slavyan dilləri və tərcümə kafedrasının dosenti X1 və Bakı Dövlət Universitetinin Rus dili kafedrasının müdiri X13 iddiaçının mübahisələndirdiyi test tapşırıqlarının cavablarının cavabdeh tərəfindən düzgün qiymətləndirildiyini təsdiq etmişlər. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2331/2024 nömrəli, 09 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar