Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2257/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı Hüseyn qızı və üçüncü şəxs X8 iştirakı ilə, İddiaçı Hüseyn qızının cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs: X12) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2-1(112)-4529/2022 nömrəli qərarından üçüncü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayətinə 18-25 oktyabr 2022-ci il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Hüseyn qızı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Hacınski küçəsi, ev 39, 37 mənzilinə istifadə hüquqlarına xitam verilməklə, onun həmin mənzildən pasport qeydiyyatından çıxarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir İddia ərizəsinin məzmunundan görünür ki, üçüncü şəxs iddiaçının oğludur. İddiaçı ilə üçüncü şəxs arasında ailə münaqişələri yaranmış, iddiaçı öz mülkiyyətində olan yaşayış sahəsində artıq üçüncü şəxs ilə birgə yaşamasnın mümkün olmadığını bildirir. İddiaçı hesab edir ki, müvafiq polis orqanı müraciəti əsassız olaraq qəbul etməmiş və oğlunun qeydiyyatdan çıxarılmasını həyata keçirməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə X12 üçüncü şəxs qismində inzibati məhkəmə qismində cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Hüseyn qızının cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs: X12) “üçüncü şəxsin istifadə hüququna xitam verilməsi”nə dair hissədə iddia mümkün sayılmamışdır. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2-1(112)- 4529/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim: O.Həsənov) Həmin qərardan üçüncü şəxs X12 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs apellyasiya şikayətində qeyd etmişdir ki, o, 1995-ci ilin 30 mart tarixdə ünvan 1 ünvanda anadan olmuş və hal-hazıradək həmin ünvanda qeydiyyatdadır və yaşamışdır. 2019-cu ildə nikahı rəsmi qeyd etdirməklə X9 ilə ailə qurmuşdur. 2020-ci il tarixdə Dəniz adlı uşaqları anadan olmuşdur və həmin ünvanda qeydiyyatdadır. Evləndikdən sonra valideynləri ilə münasibətləri yaxşı olsa da sonradan kəskinləşməyə başladı. Onlar sözü gedən ünvanda dinc yaşamağa imkan verilmir. Ona və ailəsinə məxsus bütün əşyaları, avadanlığı həmin evdədir. Dəfələrlə su, işiq xəttinə valideynləri tərəfindən müdaxilə olunduğundan balaca körpə uşaq ilə yoldaşı o, işdə olan zaman çarəsiz qalıblar və bunları nəzərə alaraq 2022-ci ilin mart ayında ailəsi ilə birgə qayınatasının evinə gəlməyə məcbur olmuşdur. Müvəqqəti olaraq Quba rayonu Xucbala kəndində yaşayır. O, hal-hazırda həmin evdə faktiki olaraq yaşamır, lakin yaşayış yerini dəyişməmişdir. Mülki Məcəllənin 228.1-ci maddə hazırki işə tətbiq edilə bilməz. O, həmin mənzilə istifadə hüququnu Mülki Məcəllə qəbul edilməmişdən əvvəl əldə etmişdir. Belə ki, o, 1995-ci ildə məhz həmin mənzildə anadan olmuşdur. Mülkiyyətçinin ailə üzvüdür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin heç bir tələbinə riayət etməmişdir ki, o, həmin ünvandan qeydiyyatdan çıxarılsın. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apelyasiya baxışı zamanı üçüncü şəxs X12 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı İddiaçı Hüseyn qızı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə apellyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı X8 Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Hacınski küçəsi, ev 39, 37 mənzildən pasport qeydiyyatından çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. Məhkəmə ilk olaraq qeyd etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur ki, məhkəmə hesab etmişdir ki, yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə məntiqi nəticə etibarı ilə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə də münasibət bildirilə bilər. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmaması hər nə qədər xüsusi hüquq sahəsinin predmeti kimi mülki icraat qaydasında aydınlaşdırılmalı olmalı olan məsələ kimi görünsə də, qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində publik hüquq münasibətləri çərçivəsində, eləcə də hazırkı iş üzrə olduğu kimi yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə dair işə baxılan zaman şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmadığının müəyyən edilməsini istisna etmir. AR MM-nin 2.5-ci maddəsinə görə əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. Göründüyü kimi qanunvericilikdə nəzərdə tutulmuş hallarda mülki hüquq normalarının inzibati münasibətlərdə tətbiqi mümkün hesab edilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının Vİİİ hissəsinə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin öz səlahiyyətlərinə aid edilən məsələlərə dair Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə qərarları inzibati münasibətlərdə mülki hüquq normalarının tətbiqinə səlahiyyət yaradır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarından göründüyü kimi müəyyən edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda, həmin qərarda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Qərarın məzmunundan da göründüyü kimi inzibati məhkəmə icraatı qaydasında məhkəmə şəxs və ya şəxslərin yaşayış sahəsinə əmlak hüquqları, eləcə də istifadə hüquqlarının olmadığını müəyyən edərsə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini inzibati orqana həvalə etmək səlahiyyətinə malikdir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında işə baxan məhkəmənin şəxsin əmlak hüququna malik olub-olmadığını müəyyən etmək imkanı nəzərdə tutulmuşdur ki, məhkəmə hesab etmişdir ki, müəyyən edilmiş bu səlahiyyətin icrası da müvafiq mülki hüquq normalarının tətbiqini zəruri edir. İşin faktiki hallarından göründüyü kimi iddiaçının yaşayış sahəsinə olan mülkiyyət hüququ rəsmi qeydiyyata alınmışdır. Üçüncü şəxs iddiaçının razılığı ilə, yaşayış yeri üzrə qeydiyyata düşmüşdür. Məhkəmə hesab etmişdir ki, işin göstərilən faktiki halları üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı yaşayış sahəsinə istifadə hüququnun olub-olmamasının qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edir. İddiaçının oğlunun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə iddia tələbinə münasibətdə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir. Həmin qərarda istinad olunan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13-cü Fəslinin (Maddə 75.1 və 80.1) təhlilindən aydın olur ki, valideynlər yetkinlik yaşına çatmayan övladlarını, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludur. Hazırkı halda isə, iddiaçının övladının yetkinlik yaşına çatdığı müəyyən edilmiş, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan şəxs olması isə müəyyən edilməmişdir. Göründüyü kimi üçüncü şəxs valideyni olan iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququ olmayan şəxs hesab edilir və onun hal-hazırda iddiaçının mülkiyyətində olan yaşayış sahəsində qeydiyyatda qalması əsası aradan qalxmışdır. Beləliklə, məhkəmə yuxarıda adıçəkilən mülki hüquq normalarının tələbləri ilə müəyyən etmişdir ki, üçüncü şəxs yaşayış sahəsinə istifadə hüququ olmayan şəxsdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş sorğuya cavab məktubu da həmin şəxsin istifadə hüququna malik olmadıqlarını bir daha təsdiq edir. Belə ki, AR MM-nin 139.1-ci maddəsinin tələblərinə uyğun olaraq həmin yaşayış sahəsi ilə bağlı istifadə hüququ qeydiyyata alınmalıdır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmçinin, məhkəmə araşdırması nəticəsində üçüncü şəxsin faktiki olaraq iddiaçıya məxsus yaşayış sahəsində yaşamaması da nəzərə alınmalıdır. Budan əlavə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarın qeyd edilmişdir ki, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Göründüyü kimi istər, üçüncü şəxslərin yaşayış sahəsinə istifadə hüququnun olmaması baxımından, istərsə də şəxsin yaşayış yerini dəyişməsi, başqa sözlə şəxsin həmin yaşayış sahəsində yaşamaması baxımından aparılan qiymətləndirmə iddia tələbinin təmin edilməsini, üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını qanuni və əsaslı edir. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi qiymətləndirmə ilə razılaşır və hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X8 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Hacınski küçəsi, ev 39, 37 mənzilə dair istifadə hüququnun qeydiyyata alınması ilə bağlı məlumat idarənin arxivində aşkar edilməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2008-ci il qeydiyyat tarixli Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, verilir İddiaçı ondan ötrü ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hacınski küçəsində istifadədə olan 0,08278 ha torpaq sahəsində yerləşən 39 nömrəli, 5 mərtəbəli binada 73.1 kv.m ümumi, 52.0 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 37 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə İddiaçı 1 otaq, X2 1 otaq, X6 2 otaq adlarına daşınmaz əmlakın dövlət reyestrində 654 nömrəli reyestr kitabının 60026 nömrəli vərəqində qeydiyyata alınmışdır. Apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna cavab olaraq iş materiallarına əlavə edilmiş: - AR Sabunçu RİH Sabunçu Rayon MKTB-nin 47 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli 36 nömrəli məktubundan görünür ki, ünvan 2 ünvan, 26.10.2Q02-ci il tarixli 136690 saylı qeydiyyat vəsiqəsinə əsasən Əliyeva Züleyxaya məxsus olub, xx.xx.2006-ci il tarixdə vəfat edib. Əvvəlki sakin Əliyeva Züleyxa mənzili qızı İddiaçı Hüseyn qızının adına keçirilməsi haqqında Mənzil Kommunal İstismar Sahəsində heç bir rəsmi məlumat yoxdur. MKİS-də olan məlumata görə hal-hazırda mənzil xx.xx.2003-cü il 30/28895 saylı qeydiyyat vəsiqəsinə İddiaçı Hüseyn qızına məxsusdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli 05/5544-11 nömrəli məktubundan müəyyən olunur ki, “Elektron notariat” informasiya sistemindən əldə olunan məlumata əsasən Züleyxa Adiyevanın miras əmlaklarına dair vərəsəlik şəhadətnaməsi xx.xx.2008-ci il tarixdə Bakı şəhəri 16 saylı notariat ofisində İddiaçı verilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli **********21 nömrəli məktubundan müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X15 küçəsi, ev 39, 37 saylı mənzil xx.xx.2002-ci il tarixində X11 adına ilkin qeydiyyatdan keçmişdir. Sözügedən mənzil Bakı şəhəri 16 saylı Dövlət Notariat Kontorunun xx.xx.2002-ci il tarixli, 4Ə/4-651 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X3 adına (1 otaq), Bakı şəhəri 16 saylı Dövlət Notariat Kontorunun xx.xx.2002-ci il tarixli 4Ə/5-881 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X7 adına (2 otaq) və Bakı şəhəri 16 saylı Dövlət Notariat Kontorunun xx.xx.2002-ci il tarixli 4Ə/6-958 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən X4 adına (1 otaq) özgəninkiləşdirilmişdir. Daha sonra həmin mənzilin X3 adına olan hissəsi Bakı şəhəri 16 saylı Dövlət Notariat Kontorunun xx.xx.2002ci il tarixli, 4Ə/6-1047 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X2 adına (1 otaq) qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X7 adına olan hissəsi Bakı şəhəri 16 saylı Dövlət Notariat Kontorunun xx.xx.2004-cü il tarixli, 4Ə/1-30 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X6 adına (2 otaq) qeydiyyatdan keçmişdir. Daha sonra isə Bakı şəhəri 16 saylı Dövlət Notariat Kontorunun xx.xx.2022-ci il tarixli 2V/74 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X5 adına (2 otaq) qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X4 adına olan hissə isə Bakı şəhəri 16 saylı Dövlət Notariat Kontorunun xx.xx.2008-ci il tarixli 2V-1/12 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən İddiaçı adına (1 otaq) qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sorğu ilə əlaqədar olaraq müvafiq sənədlərin surətləri məktuba əlavə edilmişdir. Təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Hacınski küçəsi, ev 39, 37 saylı mənzil iddiaçının anasına məxsus olmuş və sonradan vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun mülkiyyətinə keçmişdir. Eyni zamanda müəyyən olunur ki, qeyd olunan mənzilə dair üçüncü şəxs X8 istifadə hüququ olmamışdır və o, hal-hazırda da həmin mənzildə yaşamır. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneçilik yaratmamasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, üçüncü şəxsin mübahisəli mənzilə istifadə hüququnun olmadığı müəyyən edildiyindən, üçüncü şəxsin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmaması qanuna zidd və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli 493 saylı Fərmanının 2.3-cü bəndinə əsasən həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin birinci abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Cavabdeh və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, üçüncü şəxsin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2-1(112)-4529/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2257/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2257/2022
25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver