Məhkəmə qərarları › İş №2-1(103)-2257/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2257/2024

12.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2257/2024 12.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Talışınski Fuad Şəmsəddin oğlu və X1 ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2449/2024 saylı xx.xx.2024cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması öhdəliyinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin üzərinə qoyulması və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********911900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Cavabdehin xx.xx.2023-cü il tarixli, **********911900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən İddiaçı kameral vergi yoxlaması ilə 2022-ci il üzrə 9389,27 manat gəlir vergisi hesablanmışdır.Hesablamanın əsası kimi mikrosahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75% həcmində güzəştin verilməsi üçün tələb olunan gəlir və xərclərinin uçotunun aparılmaması olmuşdur. Həmçinin Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən iddiaçının apardığı əməliyyatlar riskli əməliyyat hesab edilmiş və buna görə də bəyannamədə 75% güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir. İddiaçı hesab edir ki, hesablanmış vergi məbləği həddindən artq çoxdur və reallığı əks etdirmir. Belə ki, alınmış malların alış sənədləri təqdım edilməsə də faktiki olaraq həmin malların alınmasına xərc çəkilmişdir. Belə olan hallarda Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır.Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Belə ki, AR Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarına əsasən vergi ödəyicisinin gəlir və xərclərini təsdiq edən sənədlər tam şəkildə olmadıqda şərti rentabellik norması əsasında gəliri müəyyən etmək olar. Vergi Məcəlləsinin müvafıq maddələrinin və Nazirlər Kabinetinin 55 saylı qərarının tələbinə uyğun olaraq iddiaçı tərəfindən şərti rentabellik norması tətbiq edilməklə müəyyən edilən dövriyyəyə uyğun olaraq 2022-ci ilin gəlir vergisi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edilmişdir. Lakin vergi orqanı qeyd olunan bəyannamə üzrə hesablamanı qəbul etməmişdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir…" Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmuasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...Mübahisə predmetini təşkil edən xx.xx.2023-cü il tarixli, **********911900 nömrəli qərar iddiaçının riskli vergi ödəyicisi hesab edilməsindən irəli gələn hesablama ilə bağlıdır.Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir.Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli qərarı ilə təsdiq olunmuş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları" sözügedən məsələni tənzimləyir.İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixil 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"nın 2.1.3-cü yarımbəndinə əsasən riskli vergi ödəyicisi hesab olunmuşdur. Belə ki, sözügedən meyarlar üzrə aparılmış təhlillər zamanı vergi ödəyicisinin ticarət fəaliyyətini həyata keçirməsinə baxmayaraq qeydiyyatda olan anbarının (o cümlədən İcarəyə götürdüyü anbarın) və ya digər təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"nın 2.1.3-cü yarımbəndinə əsasən idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən İcarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-İ) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur Vergi qanunvericiliyində mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəşt gəlir və xərclərinin uçotunu düzgün aparan vergi ödəyiciləri üçün nəzərdə tutulmuşdur və riskli vergi ödəyiciləri həmin güzəştdən istifadə hüququnu itirmiş sayılırlar. Beləliklə, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur Vergi Məcəllləsinin 106.1.20-ci maddəsində nəzərdə tutulan 75 faiz güzəşt hüququ onun barəsində tətbiq oluna bilməz. …" Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2449/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması öhdəliyi Bakı şəhəri X5 üzrə Baş idarəsinin üzərinə qoyulmuş və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********911900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “... Aparılmış təhlillər zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən, sahəsi 12 kvadrat metr təşkil edən obyekt anbar adı altında qeydiyyata alınmışdır. Həmin obyektdə hansı fəaliyyət növü ilə məşğul olunmasının, mal qalığının, işçi sayının, o cümlədən, əmək müqaviləsi olmadan işçilərin işlərə cəlb edilməsi hallarının olub-olmamasının, nağd pul hesablaşmaları qaydalarına düzgün riayət edilməsinin müəyyən edilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə yerində baxış keçirilmiş və baxış zamanı iddiaçıya məxsus anbarın bağlı olduğu, heç bir malın (məhsulun), işçinin olmadığı müəyyən edilmişdir. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş malların elektron qaimə-faktura üzrə dəyərinə diqqət yetirdikdə sözügedən obyektin faktiki sahəsi ilə idxal və ya əldə edilən malların həcmi arasında aşkar uyğunsuzluq mövcud olduğu görünür. Həmçinin, iddiaçının fəaliyyətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarf’nm 2.1.1 və 3.1.1 yarımbəndlərində göstərilən riskli əməliyyatlar da müəyyən edilmişdir. Belə ki, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə iddiaçı tərəfindən cəmi 91,3 min manat dəyərində təqdim edilmiş elektron qaimə-faktura üzrə satışda “Meyvə və tərəvəz" adlı malların qeyd olunduğu müəyyən edilsə də sözügedən mallar elektron qaimə-faktura üzrə iddiaçının alışında və idxalında müəyyən edilməmişdir. Vergi qanunvericiliyi mikrosahibkarlıq subyektləri üçün güzəşt müəyyən edərkən gəiir və xərclərin uçotunun düzgün aparılması şərtini tətbiq etmişdir. Belə ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-VİQD №-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Lakin hazırkı iş üzrə iddiaçının təqdim etdiyi mallara dair alış sənədlərinin mövcud olmaması onun tərəfindən vergi qanunvericiliyi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi anlamına gəlir. Bu halda iddiaçı onun barəsində tətbiq ediləcək məsuliyyət tədbirləri, o cümlədən vergi qanunvericiliyi mikrosahibkarlıq subyektləri üçün güzəşt müəyyən edərkən gəiir və xərclərin uçotunun düzgün aparılması şərtini tətbiq etmişdir. AR Nazirlər Kabinetinin 55 saylı Qərarının imperativliyinə münasibətdə isə bildiririk ki, inzibati orqan tərəfindən bucür hesablama tətbiq edilərkən vergi ödəyicisinin fəaliyyəti hərtərəfli təhlil edilməklə qərar qəbul edilir. Başqa sözlə, əgər məhkəmənin qeyd etdiyi kimi vergi orqanı tərəfindən həmin normanın tətbiq edilməsi məcburi xarakter daşısa idi, vergi ödəyiciləri tərəfindən malların alış-satışına dair düzgün vergi uçotu aparmağa gərək olmazdı. Vergi ödəyiciləri hər bir halda həmin normanın tətbiq ediləcəyini bildikləri üçün artmaqda davam edən vergidənyayınma halları baş verərdi, bu isə birbaşa dövlət büdcəsinə daxilolmaların əhəmiyyətli dərəcədə azalması şəklində özünü göstərmiş olardı. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edilir ki, birinci instansiya öz qərarında maddi hüquq normalarını düzgün tətbiq etməmişdir…" Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini, iddiaçının nümayəndəsi isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. İşə əlavə olunmuş cavabdeh idarənin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2022-ci il tarixli **********848300 nömrəli qərarından görünür ki, iddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış məktubuna əsasən müəyyən olunur ki, iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə müraciəti təmin edilməmişdir. Eyni zamanda, işə əlavə olunmuş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********11900 nömrəli qərarına əsasən 2022-ci il üzrə iddiaçıya cavabdeh tərəfindən 9389,27 manat əlavə gəlir vergisi hesablanmışdır. Konkret halda iddiaçının tələbindən göründüyü kimi, İPM-in 32.1-ci maddəsinə müvapfiq olaraq mübahisələndirmə haqqında iddia vasitəsilə həmin cavabdehin sözügedən Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli, **********11900 nömrəli qərarının ləğv edilməsini tələb etmişdir. Mübahisəlndirilən xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iddiaçıya kameral yoxlamanın nətiəcələrinə görə 2022-ci ilin vergi dövrü üçün 9.389,27 manat məbləğində əlavə gəlir vergisi hesablanmışdır. Həmin qərarda 2022-ci ilin vergi dövrü üçün 9.389,27 manat məbləğində əlavə gəlir vergisinin hesablanmasının əsası kimi göstərilir ki, kassa metodu ilə təqdim edilmiş «Gəlir vergisinin bəyannaməsi»nin 1200.1-ci (malların təqdim edilməsindən gəlir) və 1200.2-ci (işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) sətirlərində göstərilmiş cəmi, 57887,60 manat məbləğində göstərildiyi halda, Dövlət Vergi Xidmətinin məlumat bazasında olan məlumatlara əsasən vergi ödəyicisinin gəlirinin cəmi, 91312,74 manat təşkil etdiyi, bununla da onun vergidən yayındığı müəyyənləşdirilmişdir. İşdən görünür ki, kameral yoxlama nəticəsində aşkar olunmuş uyğunsuzluqla bağlı cavabdeh tərəfindən vergi ödəyicisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, aparılmış araşdırma zamanı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən, riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən də iddiaçı tərəfindən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. Təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir. İddia ərizəsinə və cavabdehin həmin ərizəyə dair etirazına əsasən müəyyən olunur ki, iddiaçı vergi orqanına təqdim etdiyi hesabatında 2022-ci ilin gəlir vergisi birincisi, AR Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına istinadən şərti rentəbellik nəzərə alınmaqla, eyni zamanda, mikrosahibkarlıq subyekti kimi əldə etdiyi gəlirinə 75 faiz güzəşt tətbiq etmək hüququndan istifadə ediməklə, həmin il üçün 1877,85 manat məbləğində gəlir vergisi bəyan edilmişdir. Halbuki, birincisi, şərti rentabelliyin gəlir (mənfət) vergisinin hesablanmasına tətbiq etmək səlahiyyəti vergi ödəiyicinə deyil, vergi orqanına məxsus olan bir səlahiyytdir. Belə ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinin müddəalarında Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini hesablamaq hüququnu nəzərdə tutulumuşdur. Həmin Məcəllənin mübahisələndirilən hesabat (2022) ilində və qərarın qəbul olunduğu vaxt qüvvədə olmuş 67.14-cü maddəsi isə nəzərdə tuturdu ki, bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsi isə nəzərədə tuturdu ki, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Göründüyü kimi, vergi ödəyicisinin qeyd olunan normalardan istifadə etməklə özü-özünə gəlir (mənfəət vergisi hesalamaq hüququna malik olmamışdır. Onun qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinin tələblərindən irəli gələn vəzifəsidir. İkincisi, qeyd olunanlardan göründüyü kimi, iddiaçının 2022-ci ildə vergi qanunvericiliyinin tələblərinin pozulması ilə apardığı əmtəəsiz əməliyyatlara görə əldə etdiyi gəlirə görə cavabdehin xx.xx.2022-ci il tarixli qərarı ilə riskli vergi ödəyicisi hesab edildiyi, həmin qərar hələ qüvvədə olduğu, və o, riskli vergi ödəyicisi siyahısından çıxarımadığı halda, o, mikrosahibkarlıq subyekti kimi 75 faiz güzəşt hüququndan istifadə edə də bilməzdi. Çünki, Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi miqdarında güzəşt tətbiq edilsə də həmin maddənin üçüncü hissəsi nəzərədə tutur ki Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının riskli vergi ödəyiciləri siyasından çıxarılması və onun cavabdeh tərəfindən aparılmış kameral yoxlamanın nəticələrinə görə sonuncunun mübahisələndirilən qərarı ilə 2022-ci il üçün əlavə gəlir vergisi hesablanması vergi qanunvericiliyin tələblərinə uyğun olduğu sübuta yetirilir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinin tələbndən isə göründüyü kimi, inzibati akt o halda qanunsuz sayılır ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilsin o halda. Eyni zamanda, İPM-in 70.1-ci maddəsi nəzərədə tutur ki, məhkəmə tərəfindən inzibati akt (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edilir ki, inzibati aktın qanuna zidd və bunun nəticəsində iddiaçının hüquqlarını pozmuş olsun. Konkret halda isə işin tədqiq olunan hallarından göründüyü kimi, cavabdeh vergi orqanının hərəkətlərinin və qəbul etdiyi qərarın vergi qanunvericiliyinin və inzibati icraat haqqında hüquq normalarına uyğun olduğu öz təsdiqini tapır. Birinci instansiya məhkəməsi tərəfindən isə qeyd olunanlar nəzərə alınmamış, məhkəmənin qərarda gəldiyi nəticə işin hallarına və maddi hüquq normalarının tələblərinə uyğun olmamışdır. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu və maddi hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2449/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və iddianın rədd olunması barədə yeni qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2449/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia rədd edilsin. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar