Məhkəmə qərarları › İş №2-1(103)-2258/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2258/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2258/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlundan (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Hüseynova Arzu İsrafil qızının katibliyi, İddiaçının qanuni nümayəndəsi İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və vəsiqənin verilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3677/2022 saylı, 04 mart 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçının qanuni nümayəndəsi X2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 avqust 2004-cü il təvəllüdlü İddiaçı “məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası məcburi köçkün statusuna malikdir və onun qeydiyyat ünvanı işğaldan azad olunmuş Laçın rayonudur. Həmçinin, iddiaçının özü də Laçın rayonunda qeydiyyatdadır. İddiaçı hesab edir ki, ona məcburi köçkün statusunun verilməsindən imtina qanunsuz və əsassızdır. İmtinaya əsasən “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə görə valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. İddiaçı ailə üzvləri (atası, qardaşı) ilə birlikdə vahid aylıq müavinət alırlar. Hesab edir ki, müvafiq yemək xərcini alan şəxs məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alındığından və onun məhz məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat verilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının atası Qanuni nümayəndə Qqamboy oğlu məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olaraq, ünvan 2i ünvanında yaşayış yeri üzrə qeydiyyatda olsa da, İddiaçı anası X6 isə ünvan 3i ünvanına yaşayış yeri üzrə qeydiyyatdadır. Həmçinin, X6 məcburi köçkün statusuna və onu təsdiq edən vəsiqəyə malik deyildir. Göründüyü kimi ana X6 məcburi köçkün statusuna malik olmadığından və qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından iddiaçıya məcburi köçkün statusunun və vəsiqəsinin verilməsindən imtina edilmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3677/2022 saylı, 04 mart 2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3677/2022 saylı, 04 mart 2022-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3677/2022 saylı, 04 mart 2022-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməklə 08 avqust 2004-cü il təvəllüdlü İddiaçı “məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin rədd edərkən qeyd etmişdir ki, işin faktiki hallarından, o cümlədən şəxsiyyət vəsiqəsi məlumatlarından göründüyü kimi iddiaçının anası X1 rayonu, Mirzəxan Qaraqoyunlu ərazi D, Hacıbəyli küçəsi ünvanda yerləşən yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olmuşdur ki, qeyd olunan hal iddiaçıya məcburi köçkün statusunun verilməsini istisna edir. Belə ki, Qaydaların 4.1.6-cı yarımbəndin tələbindən də göründüyü kimi hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini olmuş olması zəruri şərt kimi müəyyən edilmişdir ki, iddiaçının valideyni olan anası Bərdə rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan və şəxsiyyət vəsiqəsinə malik olan şəxsdir. Bu zaman iddiaçının qanuni nümayəndəsi qismində tanınan atası - Qanuni nümayəndə “məcburi köçkün” statuna malik olması və işğaldan azad olunmuş rayonda (Laçın rayonu) qeydiyyata olması iddiaçının xeyrinə dəyişməyən haldır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və aşağıda göstərilən hüquq normalarina istinad edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qanunun 14-cü maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: -əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; -bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə. Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qaydalara əsasən “Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi (bundan sonra Komitə) qəbul edir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu Qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin (bundan sonra qaçqınlar və məcburi köçkünlər) yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin 2.4-cu bəndinə əsasən Komitə qaçqınların və məcburi köçkünlərin miqrasiyasının tənzimlənməsində iştirak etmək vəzifəsini həyata keçirir. Həmin Əsasnaməsinin 3.6-cı bəndinə əsasən məskunlaşma yerləri üzrə qaçqınların və məcburi köçkünlərin uçotunun aparılmasını, onlar haqqında vahid informasiya bazasının yaradılmasını təşkil edir. Həmin Əsasnaməsinin 3.10-cu bəndinə əsasən qaçqınların və məcburi köçkünlərin miqrasiyasının səbəblərini təhlil edir, onun tənzimlənməsi üzrə təkliflər hazırlayır və səlahiyyətləri daxilində müvafiq tədbirlər görür. Həmin Əsasnaməsinin 3.11-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə qaçqınların və məcburi köçkünlərin miqrasiyası ilə bağlı işlərin həyata keçirilməsini təmin edir. Həmin Əsasnaməsinin 3.22-ci bəndinə əsasən qaçqınların və məcburi köçkünlərin şəhər və rayonlarda müvəqqəti yerləşdirilməsini və məskunlaşmasını planlı surətdə təmin etmək üçün onların mənzil-məişət problemləri üzrə layihələrə müvafiq dövlət orqanları ilə birlikdə baxılmasını təşkil edir. Hazırkı işin hallarından görünür ki, iddiaçı və onun qanuni nümayəndəsi həmin yarımbəndin hazırkı vəziyyətdə tətbiq edilməsi ilə razılaşmır, məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərci ilə bağlı aylıq müavinətin aldığını əsas götürülməklə iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə, qeyd olunan yarımbəndin tələbinə uyğun olaraq iddiaçının anasının qeydiyyat ünvanının işğaldan azad olunmuş rayon (şəhər) olmamasını əsas müəyyən edərək iddiaçıya məcburi köçkün statusunun verilməsindən imtina edir. Bununla bağlı qeyd edilməlidir ki, sözügedən Qaydaların 4.1.6-ci bəndində əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlarla məhdudlaşdırılmışdır. Başqa sözlə, ataları məcburi köçkün olan uşaqların “məcburi köçkün” statusuna malik olma hüququ olsa da, anaları məcburi köçkün olan uşaqların bu hüquqları məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ-V bəndlərinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İ hissəsinə əsasən qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: 1) Konstitusiya; 2) referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) fərmanlar; 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 8.0.2-ci maddəsinə əsasən normayaratma fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsində göstərilən prinsiplərlə yanaşı, aşağı dövlət orqanlarının aktlarının yuxarı dövlət orqanlarının aktlarına uyğunluğu prinsipi əsasında həyata keçirilir. Həmin Qanunun 64.1.5-ci maddəsinə əsasən normativ hüquqi aktda dövlət orqanının (vəzifəli şəxsin) səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar olan tipik sui-istifadə amillərinə hüquqların həcminin əsassız dəyişdirilməsi aiddir. Həmin Qanunun 64.6-cı maddəsinə əsasən normativ hüquqi aktda lazım olduğundan yüksək və artıq tələblərin irəli sürülməsinə, fiziki və hüquqi şəxslər tərəfindən təqdim edilən sənədlərin, yaxud başlanmış inzibati prosedur çərçivəsində ona imtina üçün əsasların açıq (natamam) siyahısının mövcudluğuna, hüququn həyata keçirilməsinə imtina üçün subyektiv qiymətləndirici ifadələrdən istifadə olunmasına yol verilmir. Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı bəndinə əsasən sakini olduğu rayonun işğalından sonra “məcburi köçkün” statusu olan şəxslər tərəfindən himayə və qəyyumluğa götürülmüş “məcburi köçkün” statusuna malik olmayan şəxslərə “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Məhkəmə kollegiyası sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının qanuni nümayındəsi - atası Laçın rayonundan məcburi köçkün olduğundan onun malik olduğu “məcburi köçkün” statusunun uşaqlarına şamil olunmaması iddiaçının konstitusion hüquqlarının pozulmasına səbəb olur ki, bu da iddiaçının məcburi köçkünlərə verilən imtiyazlardan əsassız olaraq məhrum edilməsinə səbəb olur. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrıseçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 3677/2022 saylı, 04 mart 2022-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94, və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3677/2022 saylı, 04 mart 2022ci il tarixli qərarı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı “məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar