Məhkəmə qərarları › İş №2-1(103)-2258/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2258/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2258/2023 22.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 52 yaşı tamam olduğu 10 aprel 2018-ci il tarixindən əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1013/2023 saylı, 02 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiа qaldıraraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının iddiaçıya 52 yaşı tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxx 1966-cı il tarixdə doğulmuşdur. Hərbi biletinə, diplomuna və əmək kitabçasına əsasən 27 noyabr 1984-cü il tarixdən 27 noyabr 1986-cı il tarixinədək (2 il) Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 06 yanvar 1987-ci il tarixdən 28 avqust 1987-ci il tarixinədək (7 ay 22 gün) “X3” fabrikində elektrik montyoru vəzifəsində işləmiş, 01 sentyabr 1987-ci il tarixdən 06 iyul 1992-ci il tarixinədək (4 il 10 ay 5 gün) Azərbaycan Dövlət Neft Akademiyasında təhsil almış, 08 avqust 1991-ci il tarixdən 29 iyul 1992-ci il tarixinədək (11 ay 21 gün) “Azərbalıqsənaye” İB-nin “Bakı Liman Soyuducu” İdarəsində elektrik montyoru, 01 avqust 1992-ci il tarixdən 12 aprel 1994-cü il tarixinədək (1 il 8 ay 11 gün) (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 1 saylı siyahı üzrə kod:1100000a-19861), “Xəzərdənizneftqazsənaye” İB-nin “Neft Daşları” NQÇİ-də elektrik montyoru, 12 aprel 1994-cü il tarixdən 27 yanvar 1997-ci il tarixinədək (2 il 9 ay 15 gün) Xəzərdənizneftqazsənaye” İB-nin “Neft Daşları” NQÇİ-də növbə rəisi, 09 fevral 1997-ci il tarixindən 01 aprel 2007-ci il tarixinədək (10 il 1 ay 23 gün) “BP Eksploreyşn (Kaspian Sİ) LTD şirkətinin “Çiraq” platformasında əməliyyatlar üzrə mühəndis (indiki neft, qaz hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingər) (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 1 saylı siyahı üzrə kod:1100000a-18559), 01 aprel 2007-ci il tarixdən 12 dekabr 2008-ci il tarixinədək həmin platformada texniki xidmət üzrə nəzarətçi, 12 dekabr 2008-ci il tarixdən 28 iyun 2010-cu il tarixinədək həmin platformada Texniki İnkişaf şöbəsinə əməliyyatlar üzrə nəzarətçi, 18 may 2013-cü il tarixinədək həmin platformada texniki xidmət üzrə qrup rəhbəri, 10 may 2013-cü il tarixdən 04 may 2015-ci il tarixinədək "xxxx" MMC-də Mexanika, energetika və avtomatika şöbəsinin rəis müavini və rəisi, 05 may 2015-ci il tarixdən 03 iyun 2015-ci il tarixinədək EYÇ A Kompani İnk şirkətində elektrik işləri üzrə təlimatçı vəzifələrində işləmiş, 09 iyun 2015-ci il tarixdən bu günə kimi “X5” (CDC) LTD şirkətinin “İstiqlal” qurğusunda Baş mühəndis vəzifəsində işləyir. Göründüyü kimi iddiaçının 01 yanvar 2006-cı il tarixinə ümumi iş stajı, həqiqi hərbi xidmət illəri də daxil olmaqla 22 il 10 ay 5 gün təşkil etmiş və həmin staj illərinin 10 il 10 ay 12 gün müddətini güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli siyahıya daxil olan işlərdə çalışmışdır. Bununla da, 52 yaşı tamam olduğu 10 aprel 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pesniyası almaq hüququ yaranmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1013/2023 nömrəli, 02 fevral 2023-cü il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, iddiaçının xx.xx.1992-xx.xx.1994-cü il və xx.xx.1994- xx.xx.1997-ci il tarixlərdə “Neft Daşları” NQÇİ istilik elektrik stansiyasında işlədiyi istilik məntəqəsi, turbin və elektrik sexlərinin elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru və növbə rəisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nda nəzərdə tutulmamışdır. İddiaçı 01 yanvar 2006-cı il tarixədək yuxarıda qeyd olunan 1 №-li siyahı üzrə güzəştli iş stajı 10 ildən az (6 il (xx.xx.2000- xx.xx.2005-ci il tarixləri arasındakı dövr) təşkil etdiyindən ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza, apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə istinad edərək ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Belə olan halda iddia tələbinin qanuni əsasını qeyd edilən Qanunun 9.8-ci maddəsi təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 83-cü maddəsinin 2-ci bəndinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. - 87-ci maddəsinin 1-ci bəndinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmin maddənin 2-ci bəndinə əsasən işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Hazırki iş üzrə iddiaçıya məxsus əmək kitabçasında aparılmış qeydlərdən görünür ki, həmin qeydlər qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə tam uyğundur (İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın günü, ayı və ili barədə qeydlər göstərilmiş, həmin qeydlər müvafiq əmrlərlə rəsmiləşdirilərək, müəssisənin rəhbəri tərəfindən imzalanmaqla, müəssisənin möhürü ilə təsdiqlənmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” (bundan sonra 1 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 1 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün aşağıdakı elementlər birlikdə mövcud olmalıdır: 1) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 10 il, ümumi iş stajı minimum 20 il olmalı; 3) 10 il xüsusi və 20 il ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalıdır. İddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması və ümumi iş stajı işin mübahisələndirilməyən hallarındandır. Belə ki, iş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1966-cı il təvəllüdlüdür. ZE ******* nömrəli hərbi biletinin surətinə əsasən iddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. ÇV 855666 nömrəli diplomunun surətinə əsasən iddiaçı 01 sentyabr 1987-ci il tarixdən 06 iyul 1992-ci il tarixinədək (4 il 10 ay S gün) Azərbaycan Dövlət Neft Akademiyasında təhsil almışdır. İddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı aşağıdakı vəzifələrdə çalışmışdır: - xx.xx.1987-xx.xx.1987-ci illərdə “X3” fabrikində elektrik montyoru vəzifəsində işləmişdir (07 ay 22 gün); - xx.xx.1987-xx.xx.1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında təhsil almışdır (04 il 10 ay 05 gün); - xx.xx.1991-xx.xx.1992-ci illərdə “Azərbalıqsənaye” İB-nin “Bakı Liman Soyuducu” İdarəsində elektrik montyoru vəzifəsində işləmişdir (11 ay 21 gün); - xx.xx.1992-xx.xx.1994-cü illərdə “Xəzərdənizneftqazsənaye” İB-nin “Neft Daşları” NQÇİ-də elektrik montyoru vəzifəsində işləmişdir (01 il 08 ay 11 gün), (“Azneft” İstehsalat Birliyi "Neft daşları” Neft və qazçıxarma idarəsinin xx.xx.2022-ci il tarixli arayışına əsasən); - xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixinədək “Xəzərdənizneftqazsənaye” İBnin “Neft Daşları” NQÇİ-də növbə rəisi vəzifəsində işləmişdir (02 il 09 ay 15 gün), (“Azneft” İstehsalat Birliyi "Neft daşları” Neft və qazçıxarma idarəsinin xx.xx.2022-ci il tarixli arayışına əsasən); - xx.xx.1997-xx.xx.2000-ci illərdə şirkətin ofisində əməliyyatlar üzrə mühəndis vəzifəsində çalışmışdır (02 il 10 ay 01 gün); - xx.xx.2000-xx.xx.2005-ci illərdə “Çıraq” Platformasında (qazma və neft çıxarma platforması) əməliyyatlar üzrə mühəndis (indiki neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingər) vəzifəsində çalışmışdır (05 il 10 ay 23 gün); - xx.xx.2005-xx.xx.2008-ci illərdə “Çıraq” Platformasında texniki xidmət üzrə nəzarətçi (indiki Neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) vəzifəsində çalışmışdır (03 il 24 gün); - xx.xx.2008-xx.xx.2010-cu illərdə “Sənqəçal” Terminalında əməliyyatlar bölümünün intizam üzrə məsləhətçisi (indiki Neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) vəzifəsində çalışmışdır (01 il 06 ay 11 gün); - xx.xx.2012-xx.xx.2013-cü illərdə “X8" Platformasında texniki xidmət üzrə qrup rəhbəri (indiki Neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) vəzifəsində çalışmışdır (11 ay 08 gün); - xx.xx.2013-xx.xx.2013-cü illərdə ofisdə bütövlüyün idarə olunması üzrə koordinator vəzifəsində çalışmışdır (01 ay 17 gün). İstinad olunan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı olmuşdur. İşin mübahisəli halı tələb olunan güzəştli iş stajının mövcud olmaması ilə bağlıdır. Cavabdeh inzibati orqan iddiaçının xx.xx.2000-xx.xx.2005-ci illərdəki güzəştli iş stajını mübahisələndirməmişdir. Belə ki, “BP Exploration Limited Company”nin 08 dekabr 2021-ci il tarixli arayışına əsasən iddiaçı 10 fevral 1997-ci il ildən 29 iyun 2010-cu il tarixinədək və 13 mart 2012-ci ildən 08 may 2013-cü il tarixinədək BP Eksploreyşn (Kaspian Si) Ltd. şirkətində işləyib və şirkətdə onun son vəzifəsi Sahə mühəndisliyi şöbəsi, Bütövlüyün idarə olunması üzrə koordinator olmuşdur. O, xx.xx.1997-xx.xx.2000-ci illərdə şirkətin ofisində əməliyyatlar üzrə mühəndis, xx.xx.2000-xx.xx.2005-ci “Çıraq” Platformasında (qazma və neft çıxarma platforması) əməliyyatlar üzrə mühəndis (indiki neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi- çilingər), xx.xx.2005-xx.xx.2008-ci illərdə “Çıraq” Platformasında texniki xidmət üzrə nəzarətçi (indiki Neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini), xx.xx.2008-xx.xx.2010cu illərdə “Sənqəçal” Terminalında əməliyyatlar bölümünün intizam üzrə məsləhətçisi (indiki Neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini), xx.xx.2012-xx.xx.2013-cü illərdə “X8" Platformasında texniki xidmət üzrə qrup rəhbəri (indiki Neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini), xx.xx.2013-xx.xx.2013-cü illərdə ofisdə bütövlüyün idarə olunması üzrə koordinator vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.5.1 (a) və (b) bəndində - (yarımbəndində) və (və ya) - vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. Cavabdeh inzibati orqan imtinada, etirazında və apellyasiya şikayətində iddiaçının xx.xx.1992-xx.xx.1994-cü illərdə və xx.xx.1994-xx.xx.1997-ci illərdə “Neft Daşları” NQÇİ istilik elektrik stansiyasında iddiaçının elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru və növbə rəisi peşəsində işlədiyi dövrləri güzəştli iş stajına daxil etməyərək mübahisələndirir. Qeyd edilən dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. İş materiallarında olan SOCAR “Azneft” İstehsalat Birliyi "Neft daşları” Neft və qazçıxarma idarəsinin xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən iddiaçı "Neft Daşları" NQÇİ İstilik elektrik stansiyasında xx.xx.1992-xx.xx.1994-cü illərdə istilik məntəqəsi, turbin və elektrik sexlərinin elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsində (əmr 134-k xx.xx.1992), xx.xx.1994-xx.xx.1997-ci illərdə növbə rəisi vəzifəsində (əmr 83-k xx.xx.1994) işləmişdir. İstilik elektrik stansiyasının növbə rəisi İddiaçı 27 yanvar 1997-ci il tarixindən AR ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən başqa işə keçməsi ilə əlaqədar işdən azad edilmişdir (xx.xx.1997-ci il 92-k №-li əmrinə əsasən). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarındakı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 24-cü bölməsi, “a”, “b" bəndinə əsasən üzrə güzəştli şərtlərlə iş stajı aşağıda göstəriləndir: xx.xx.1992 -xx.xx.1994 - İstilik məntəqəsi, turbin və elektrik sexlərinin elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru iş staji 01 il 08 ay 11 gün təşkil edir xx.xx.1994 - xx.xx.1997-ci illərdə - növbə rəisi üzrə iş staji 02 il 09 ay 15 gün təşkil edir. Cəmi iş stajı - 04 il 05 ay 26 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na və həmin qərar qəbul edilənə qədər qüvvədə olmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahısı olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı (kod ********) bölməsindəki 11000000—19861 kodlu yarımbölməyə əsasən 1 nömrəli Siyahıda sadalanan istehsalatlarda məşğul olan elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları vəzifəsi, 1100000a—18559 kodlu yarımbölməyə əsasən neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər vəzifəsi, 1100000b—24125 kodlu yarımbölməyə əsasən neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifəsi güzəştli şərtlərlə pensiya hüququ verən vəzifədir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək kitabçasında göstərilən, cavabdehin güzəştli iş stajına daxil etmədiyi “Neft Daşları” NQÇİ istilik elektrik stansiyasında xx.xx.1992-xx.xx.1994-cü illərdə və xx.xx.1994xx.xx.1997-ci illərdə iddiaçının elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru və növbə rəisi peşəsində işləməsi barədə məlumatları mötəbər hesab edir, belə ki, cavabdeh bu məlumatları təkzib edən və ya qanunvericiliyə əsasən güzəştli iş stajına daxil edilə bilməməsinə dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, belə sübutların mövcud olması barədə məhkəməyə məlumat verməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi haqlı olaraq belə bir nəticəyə gəlmişdir ki, iddiaçının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qüvvəyə mindiyi günə xx.xx.2006-cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 1 nömrəli siyahısında nəzərdə tutulan peşələrdə güzəştli iş stajı xx.xx.1992-xx.xx.1994-cü illərdə, xx.xx.1994-xx.xx.1997-ci illərdə və xx.xx.2000-xx.xx.2005-ci illərdə “Neft daşları” NQÇİ və BP Eksploreyşn (Kaspian Si) Ltd. şirkətində işlədiyi müddət daxil olmaqla 10 ildən çox və ümumi iş stajı isə 20 ildən çox olduğu üçün onun 52 yaşı tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. Odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» Qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1013/2023 saylı, 02 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1013/2023 saylı, 02 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar