Məhkəmə qərarları › İş №2-1(103)-2258/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2258/2024

06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2258/2024 06.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1046/2024 saylı, 29 yanvar 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 1467b saylı bağ sahəsinin İddiaçı adına dövlət reyestrində ilkin qeydiyyatdan keçirilməsinin təmin edilməsi və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən Nardaran bağlar sahəsindən 99 saylı order əsasında 205 nömrəli ВТК nəzdində 0,12 ha torpaq sahəsi olan 1467 b bağ sahəsi ona ayrılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən verilmiş 11 yanvar 2023-cü il tarixli, 3-52/2-T-87- 112/2023 saylı arxiv arayışından və Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 2022 nömrəli sərəncamından görünür ki, həqiqətən ona Sabunçu rayonu, Nardaran qəsəbəsində 0,12 ha bağ sahəsi ayrılmışdır. Həmin bağ sahəsi ona ayrıldıqdan bu günədək fasiləsiz olaraq istifadəsindədir. Torpaq sahəsi tərəfindən hasara alınmış və bu günədək də torpaq sahəsinə qulluq edilməsi davam edilir. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 441467b saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almması ilə bağlı xx.xx.2023-cü il tarixdə cavabdehə rəsmi qaydada müraciət etmişdir. Rəsmi müraciətinə cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə imtina verilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, guya həmin torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritədə “1467b” nömrəsi öz əksini tapmamış və ümumi ərazidə hasarlama işləri sxematik xəritəyə uyğun aparılmadığından torpaq sahəsinin yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə İdarənin mütəxəssisləri tərəfindən əraziyə texniki baxış keçirilən zaman torpaq sahəsinin qonşu sahə ilə eyni hasar daxilində yerləşdiyi məlum olmuşdur. Həmçinin sənəd üzrə torpaq sahəsinin ölçüsü 0,12 ha göstərilsə də, faktiki 0,10 ha təşkil edir. Cavabdehin bu mövqeyi tamamilə əsassız və qanunsuzdur. Əgər göstərilən bağ sahəsi sxematik xəritəyə uyğun gəlməsəydi, 1993-cü ildən bu günədək bağ sahəsinin kənar şəxslərin bağ sahələri ilə kəsişməsi aşkar edilər və nəticədə ona qarşı mübahisə açıla bilərdi. Göründüyü kimi, belə bir fakt mövcud deyil. İmtinada qeyd edilən başqa bir əsas ondan ibarətdir ki, torpaq sahəsi başqa torpaq sahəsi ilə ümumi hasara alınmışdır. Doğrudur. Bu bağ sahəsi ilə qonşuluqda yerləşən bağ sahəsi də onun mülkiyyətində olduğu üçün bağ sahələri ümumi olaraq hasara alınmışdır. Yanaşı yerləşən bağ sahələri faktiki olaraq birləşdirilmişdir. İmtinada göstərilən başqa bir əsas isə bağ sahəsinin ölçüsünün faktiki olaraq 0,10 ha olmasıdır. Bu fakt da doğrudur. Belə ki, bağ sahəsini digər bağ sahəmlə birləşdirdiyi üçün bağ evinə getmək üçün ayrılmış yol tərəfindən dəyişdirilərək hazırkı bağ sahəsindən salınmış və bu hesabla torpaq sahəsinin ölçüsü 0,2 ha azalaraq 0,10 ha qalmışdır. Bütün bu dəyişikliklər cavabdehin ölçü aparan mütəxəssislərinə deyilmiş və faktiki olaraq göstərilmişdir. Cavabdehin imtinası subyektiv mülahizələrə əsaslanaraq yazıldığı üçün əsassızdır. Göründüyü kimi, cavabdeh qanunla üzərinə qoyulmuş vəzifənin icrasından imtina etmişdir. Bununla əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmaqla məhkəmədə iddia qaldırmalı olmuşdur. İstifadəsində olan bağ sahəsinin cizgi planından da aydın görünür ki, həmin bağ sahəsi sxematik xəritəyə tam uyğundur. Başqa şəxslərin istifadəsində olan torpaqlarla toqquşmur. Həmin bağ sahəsinin qonşuluğunda yerləşən bağ sahələri ilə heç bir üst-üstə düşmə faktı mövcud deyil. İşin mübahisəsiz halları ondan ibarətdir ki, göstərilən torpaq sahəsi istinad olunan müvafiq order əsasında ona ayrılmışdır. Orderin həqiqiliyi dövlət orqanının vermiş olduğu arxiv arayışı ilə təsdiq olunur. Göstərilən torpaq sahəsi naturada mövcuddur. Cavabdehin imtinasının heç bir hüquqi əsası yoxdur və iddia tələbi məhkəmə tərəfindən təmin edilməlidir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 2022 nömrəli qərarına əsasən Bakı Şəhər İcra Hakimiyyəti X1 və İstismarı Birliyi tərəfindən iddiaçıya ayrılmış Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən 0,10 ha, 1467 B saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı müvafiq tələblə bağlı xx.xx.2023-cü il tarixli, ********** nömrəli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, bağların bölgüsünə dair sxematik xəritədə “1476b” nömrəsi öz əksini tapmamış və ümumi ərazidə hasarlanma işləri sxematik xəritəyə uyğun aparılmadığından, torpaq sahəsinin yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, İdarənin mütəxəssisləri tərəfindən əraziyə texniki baxış keçirilən zaman torpaq sahəsinin qonşu sahə ilə eyni hasar daxilində yerləşdiyi məlum olmuşdur. Həmçinin sənəd üzrə torpaq sahəsinin ölçüsü 0,12 ha göstərilsə də, faktiki 0,10 ha təşkil edir. Qeyd olunan səbəblərdən ərizənin icrası İdarə tərəfindən mümkün olmamış, bununla bağlı iddiaçıya **********35 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1046/2024 saylı, 29 yanvar 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və Bakı şəhəri, Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən, sahəsi 0,12 ha olan 1467 B saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylıBakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1046/2024 saylı, 29 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Cavabdeh tərəfindən iddiaçının etibarnamə üzrə nümayəndəsi M.M.Tağıyevə ünvanlanmış **********35 3-21-3-30/2-4135/2023 saylı xx.xx.2023-cü il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə bildirilmişdir ki, bağların bölgüsünə dair sxematik xəritədə “1467b” nömrəsi öz əksini tapmamış və ümumi ərazidə hasarlanma işləri sxematik xəritəyə uyğun aparılmadığından torpaq sahəsinin yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfinfən əraziyə texniki baxış keçirilən zaman torpaq sahəsinin qonşu sahə ilə eyni hasar daxilində yerləşdiyi məlum olmuşdur. Həmçinin sənəd üzrə torpaq sahəsinin ölçüsü 0,12 ha göstərilsə də, faktiki 0,10 ha təşkil edir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. -Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********62 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 2022 nömrəli sərəncamın İdarənin arxivində saxlanılan nüsxəsində İddiaçı adı göstərilmişdir (Nardaran ВТК 205). İddiaçı adına Nardaran qəsəbəsində 1467b saylı bağ sahəsinin ayrılmasına sənəd (həmçinin sorğuya əlavə edilmiş 99 nömrəli order) İdarənin arxivində aşkar edilməmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 16 12.1993-cü il tarixli 2022 nömrəli sərəncamı ilə 205 nömrəli ВТК nəzdində Nardaran qəsəbəsində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 1467b saylı bağ sahəsinin qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən təqdim edilmiş 3-52/2-T-87-112/2023 saylı xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 2022 nömrəli sərəncamından çıxarışa əsasən Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin 02 iyun 1988-ci il 195 nömrəli qətnaməsinə əsasən İddiaçı bağ-tikinti kooperativlərinin tərkibində bağ sahəsi ayrılmışdır (Nardaran ВТК № 205). -Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-48-2F/2- 03551/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin arxiv fondu üzrə 1993-cü ilə dair arxiv sənədləri, o cümlədən xx.xx.1993- cü il tarixli 2022 saylı qərarı Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin Arxivinə müraciət etmək tövsiyə edilmişdir. Vətəndaşlara bağ sahələrinə dair verilmiş orderlər Dövlət Arxivinin Bakı Filialında saxlanılmır. -Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Bakı İstehsalat İdarəsi Bağlar Təsərrüfatı İdarəsi Nardaran bağlar sahəsindəki 205 nömrəli kooperativ tərəfindən təqdim edilmiş 99 nömrəli orderdən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 16 dekabr 1993-cü il tarixli 2022 nömrəli qərarına əsasən İddiaçı Nardaran bağlar sahəsində 205 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1467 b nömrəli bağ sahəsi ayrılmışdır. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1998/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ərizəsi təmin edilərək Bağlar Təsərrüfatı İdarəsi tərəfindən Sabunçu rayonunun Nardaran qəsəbəsində 205 nömrəli X2 nəzdində 0,12 ha olan 1467-B nömrəli bağ sahəsinə dair İddiaçı adına orderin verilməsi faktı təsdiq edilmişdir. Qətanmə qanuni qüvvəsini almışdır. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********41 saylı xx.xx.2012-ci il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhər keçmiş X3 İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 nömrəli Azərbaycan SSR Nazirlər Kabinetinin 02 iyul 1988-ci il 195 nömrəli qətnaməsi ilə vətəndaşın istifadəsinə verilmiş bağ sahələrinin Bakı Şəhər İcra Hakimiyyətinin 16 dekabr 1993- t cü il tarixli 2022 nömrəli sərəncamına əsasən İddiaçı adına (2.99. İddiaçı o. Nardaran BTK-205) Nardaran qəsəbəsində bağ sahəsi ayrılmışdır. Lakin order haqqında məlumat İdarənin arxivində aşkar olunmamışdır. -Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktından görünür ki, Nardaran bağ massivində yerləşən 1467b saylı bağa dair torpaq sahəsinin sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0,12 ha, faktiki olaraq 0,10 ha-dır. Tikili yoxdur. Bağ sahəsi qonşu bağla ümumi hasar daxilində yerləşir. Faktiki olaraq bağ sahəsinin sərhədləri 3 tərəfdən qonşu hasarlar ilə ayrılmışdır, keçid yolu olan tərəfdən isə sərhədi şərtidir. Qonşu bağa dair sənəd təqdim olunmayıb. Bağ sahəsinin nömrəsi sxematik xəritədə əks olunmadığından, bağın yerləşməsinin düzgünlüyünü araşdırmaq mümkün olmamışdır. Bağ sahələrinə 5 metrlik keçid yolu qoyulmuşdur. - Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********35 3-21-3- 30/2- 25535/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, İdarənin arxivində surəti sorğuya əlavə edilmiş 99 nömrəli orderin arxiv nüsxəsi aşkar edilməmişdir. Bundan əlavə, xx.xx.1993-cü il tarixli 2022 saylı sərəncamın arxiv nüsxəsində iddiaçının adı göstərilmişdir. Müraciətdə qeyd olunanlara əsasən bağ nömrəsi sxematik xəritədə qeyd olunmamışdır. Sahənin qeydiyyatı barədə vahid elektron kadastr bazasında məlumat aşkar olunmamışdır. Həmçinin elektron bazaya əsasən digər fiziki şəxsin müraciəti aşkar edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsindan: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir: Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Hazırkı işin hallarından müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 2022 nömrəli sərəncamı Sərəncamı ilə İddiaçı fəaliyyətdə olan 205 nömrəli bağ-tikinti kooperativinin tərkibində bağ sahəsi ayrılması qərara alınmış və Bakı şəhər İcra Hakimiyyəti Aparatının X1 və İstismarı Birliyinin 99 saylı orderi ilə həmin sərəncam (Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 2022 nömrəli Sərəncamı) əsasında Bakı şəhəri, Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi olan 1467 B saylı bağ sahəsi İddiaçı ayrılmışdır. İddiaçının istifadəsinə verilmiş torpaq sahəsinə dair sərəncam qüvvədədir, torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir və torpaqla bağlı hər hansı mübahisə mövcud deyil. Həmçinin qeyd edilməlidir ki, hüquqmüəyyənedici sənədlə 1467 B saylı bağın sahəsinin ölçüsü 0,12 ha olaraq qeyd olunsa da, faktiki ölçüsü 0,10 ha təşkil edir. İddiaçının hazırki tələbi isə faktiki istifadəsində olan faktiki 0,10 ha torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasıdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, göstərilən dəlillər iddiaçının hüquqlarının qeydiyyatından və çıxarışın tərtib edilməsindən imtina üçün əsas ola bilməz. Odur ki, inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla İddiaçı Bakı şəhəri, Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi olan 1467 B saylı bağ sahəsinə dair hüquqlarının qeydiyyatı təmin edilməklə həmin bağ sahəsinə dair çıxarış verilməlidir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələblərinə əsasən daşınmaz əmlak üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Bu baxımdan mənzilə dair iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1046/2024 saylı, 29 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1046/2024 saylı, 29 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar