Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2259/2022 14.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlunun sədrliyi ilə (məruzəçi); Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Hüseynova Arzu İsrafil qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmk və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi) qarşı “əlilliyin bərpa olunması” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4609/2022 saylı, 05 mart 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi) qarşı “əlilliyin bərpa olunması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2018-ci il tarixdə ikinci dərəcəli əlillik təyin edilmiş və əlilliyin müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. İddiaçıda olan xəstəliklər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Stasionar kitabçacan çıxarışla da öz təsdiqini tapmışdır. Lakin cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlillik Əlillik Altsistemində etibarsız hesab edilmişdir. İddiaçı əlilliyin etibarsız hesab edilməsini əsassız hesab etmiş və onun sosial təminat hüququnun pozulmasına səbəb olduğunu bildirmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4609/2022 saylı, 05 mart 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı təyin edilmiş 2-ci dərəcəli əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göründüyü kimi, iddiaçı barəsində qərar 2019-ci il may ayında verilsə də o, 2021-ci ilin aprel ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla da iddia müddətini ötürmüşdür. Bundan sonra aparılmış araşdırmalar nəticəsində iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsinə əsas olmuş göndəriş (F-088) rəsmiləşdirən tibb idarəsi tərəfindən etibarsız hesab edildiyindən həmin göndəriş əsasında təyin olunmuş əlillik təyinatı “Əlillik Altsistemində” etibarsız hesab edilmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1.2-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayıldığından cavabdeh orqanın hərəkətlərində hər hansı bir qanunsuzluq olmamışdır. Tərəflər və üçüncü şəxs məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4609/2022 saylı, 05 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçıya Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin göndərişi əsasında xx.xx.2018-ci il tarixdə “Hərbi xidmət dövrü ilə əlaqədar” (gözdən əlil) səbəbi ilə beş illik müddətə İİ dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin məktubu ilə iddiaçı barəsində tərtib edilmiş göndərişlər əsassız olaraq tərtib edildiyindən iddiaçıya təyin edilmiş əlillik cavabdeh tərəfindən etibarsız sayılmışdır. Əlilliyin etibarsız hesab edilməsini cavabdeh belə əsaslandırmışdır ki, “Tibbi Sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə və hazırda qüvvədə olan Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan müəyyən edilir. İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsinə əsas verən göndərişin, göndərişi rəsmiləşdirən tibb idarəsi tərəfindən əsassız rəsmiləşdirildiyi bildirmiş, buna görə də Əlillik altsistemində aid qiymətləndirmə etibarsız edilmişdir. Birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi barədə qərarında qeyd edilmişdir ki, cavabdeh iddiaçıya təyin edilmiş əlilliyi etibarsız hesab edərkən yalnız tibbi göndərişi vermiş müəssisəsinin (Daxili İşlər Nazirliyi) məktubu ilə kifayətlənmiş, öz tərəfindən isə hər hansı araşdırma aparmamışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1.-ci bəndinə əsasən Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydaların: - 1.2.Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. -2.1.Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.2.Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3.Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4.TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -3.4.Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. -3.5.Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. -3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Məhkəmə kollegiyası qeyd edir ki, sadalanan hüquq normalarının məzmunundan müəyyən edilir ki, əlilliyin qiymətləndirilməsi barədə qərarın düzgünlüyü ilə bağlı hər hansı əsaslı şübhələrin mövcudluğu həmin qərarın birbaşa ləğvinə və ya etibarsızlığına səbəb olmur. Bununla əlaqədar olaraq mövcud şübhəli hallarla bağlı müvafiq araşdırma aparılmalı, şəxs əyani müayinəyə cəlb edilməli, bundan sonra isə qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edilməlidir. Lakin işin yuxarıda göstərilən hallarından müəyyən edilir ki, cavabdeh inzibati orqan inzibati icraat zamanı tam və hərtərəfli araşdırma aparılmamış, yalnız tibbi göndərişi vermiş müəssisəsinin (Daxili İşlər Nazirliyi) məktubu ilə kifayətlənərək, iddiaçının əlilliyini etibarsız hesab etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -19.2.Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 21.1.Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2.Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3.İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4.Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -25.1.Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. -64.2.İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Hazırki işdə əlilliyin dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş əlilliyin qanuniliyinin araşdırılması barədə istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Cavabdeh inzibati orqan hər hansı araşdırma aparmadan yalnız Daxili İşlər Nazirliyinin məlumatına istinad etməklə iddiaçının əlilliyini etibarsız hesab etmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən belə bir icraat aparılmamış, iddiaçıya təyin edilmiş əlillik cavabdeh orqan tərəfindən etibarsız sayılsa da, bunun səbəbləri qanunvericiliyin maddələrinə istinad edilməklə əsaslandırılmamışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəilili olan iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı qeyd edir ki, iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6009/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2018-ci il tarixdən təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi mümkün hesab edilərək, icraata qəbul edilmiş və yekun olaraq müvafiq qərardad ilə iddia geri götürülmüş hesab edilmişdir. Lakin, müvafiq qərardadda da göstərildiyi kimi “İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.” Məhkəmə kollegiyası qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6009/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia geri götürülmüş sayılsa da, iddiaçının yenidən iddia qaldırma hüququ mövcud olmuş və o, xx.xx.2021-ci il tarixdə yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmədiyindən cavabdehin apellyasiya şikayətinin bu dəlili də əsassız hesab edilməlidir. Göründüyü kimi formalaşmış məhkəmə təcrübəsinə əsasən, bu qəbildən olan işlərdə əlilliyin etibarsızlığı inzibati icraatın prinsiplərinin pozulması ilə aparılarsa inzibati orqanın əlilliyin etibarsızlığı ilə bağlı hərəkətləri qanunsuz hesab olunur və əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsinə təminat edir. Məhkəmə xüsusi ilə bir məqamada toxunmaq istəyir ki, vahid məhkəmə təcrübəsi və yuxarıda bəhs edilən qanunvericiliyin müddəalarından irəli çıxdıqda müəyyən olunur ki, bu növ mübahisələrə-əlilliyin dayandırılmasına baxılarkən inzibati orqan tərəfindən inzibati icraatın prinsiplərinin pozulub-pozulmamasına, həmçinin şəxsdə olan xəstəliklərin əlillik təyin olunması üçün nəzərdə tutulan xəstəliklərin əhatə dairəsinə düşməsi ilə əlaqədar əyani müayinəyə cəlb edilib-edilmədiyini qiymət verilməlidir. Başqa sözlə desək, hətta əlilliyin təyin olunmasına əsas olan göndəriş etibarsız hesab olunsa da, vətəndaşın sosial təminat hüququ əsasında onda olan xəstəliklərin əlillik təyin olunması üçün nəzərdə tutulan xəstəliklərin əhatə dairəsinə düşüb-düşmədiyini müəyyən edilməlidir. Hazırki mübahisə üzrə cavabdeh inzibat orqan tərəfindən inzibati icraatın prinsiplərinin pozulması müşahidə olunduğundan,iddiaçının daxili işlər orqanlarında işləyib-işləməsi barədə araşdırmanın aparılmasına zərurət yoxdur. Məhkəmə bilavasitə qeyd edir ki, cavabdeh inzibati orqan öz imtinasında iddiaçı tərəfindən qeydiyyatda olduğu tibbi müəssisə tərəfindən müayinə olunacağı və ona göndəriş rəsmiləndiriləcəyi təqdirdə, əlillik vəziyyətinin qiymətləndirəcəyini iddia etsə də, məhkəmənin qənaətinə görə bu hal iddiaçının sosial təminat hüquqlarının pozulmasına səbəb olur. Çünki, hər nə qədər də iddiaçıya əlilliyin təyin olunmasına əsas olan göndərişin etibarsız hesab edilməsi barədə mövqeyi nümayiş etdirsə də, iddiaçının əlilliyi məhz həmin göndərişdə göstərilən xəstəlik əsasında təyin olunmuşdur. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan iddiaçıdan yeni göndərişin təqdim olunmasını tələb etməməli, əksinə əlilliyin təyin olunmasına əsas olan göndərişdə əks olunan xəstəliklərin olubolmadığını müəyyən etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan və cavabdehin apellyasiya şikayətinin dəlili qərarın ləğvi üçün əsas təşkil etmir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4609/2022 saylı, 05 mart 2022-ci il tarixli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4609/2022 saylı, 05 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2259/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2259/2022
14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver