Məhkəmə qərarları › İş №2-1(103)-226/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-226/2021

09.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-226/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçılar İddiaçı10 İlham qızının, İddiaçı15, İddiaçı18, İddiaçı26, İddiaçı14 nümayəndəsi X6, İddiaçı6 nümayəndəsi X7, İddiaçıların vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxs “xxxx” MTK-nın nümayəndəsi Vəkil2 iştirakları ilə İddiaçı15 və digərlərinin Cavabdehnə qarşı (üçüncü şəxs: “xxxx” MTK) “sərəncam və aktların ləğvi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-109/2020 saylı qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı15, İddiaçı6, İddiaçı14, İddiaçı13, İddiaçı12, İddiaçı11, İddiaçı10, İddiaçı9, X4, İddiaçı7, İddiaçı16, İddiaçı17, X11, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23, İddiaçı24, İddiaçı27, İddiaçı26, İddiaçı25, İddiaçı29, X1, İddiaçı30, İddiaçı31, İddiaçı32 Çovdar qızı və İddiaçı33 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (3-cü şəxs “xxxx” MTK) Bakı şəhəri Cavabdeh başçısının xx xxxxxxx 2017-ci il tarixli 263 nömərli Sərəncamı və əlaqəli aktları Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov 158 ünvanına dair hissədə ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçılar uzun illərdir ki, ünvan 3 ünvanında yerləşən binada tam mülkiyyət hüququ ilə yaşayırlar. Bina kooperativ binasıdır və 5 saylı Mənzil Tikinti Kooperatividir. Yaşadıqları və mülkiyyyətlərində olan mənzillərin yerləşdiyi bina 1973-cü ildə inşa edilmiş və təhvil verilmiş, bünövrəsi olduqca möhkəmdir, bayır divarına üzlük daş çəkilmişdir, lifti vardır. 5 saylı MTK-nın sakinləri son dövrdə yaşadıqları mənzilləri əsaslı təmir etmiş, sanitar, kommunikasiya və istilik sistemlərini öz vəsaiti hesabına yeniləmişdirlər. Bakı şəhəri Cavabdeh başçısının xx xxxxxxx 2017-ci il tarixli 263 nömərli Sərəncamı ilə yaşadıqları Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmişdir. Şirkətin nümayəndələri isə bəzi sakinlərə bildiriblər ki, baş ofisə gəlin, mülkiyyət hüququnuzu təsdiq edən sənədlərinizi təqdim edin və mənzilləri boşaldın. Tələblərini isə Pilot Layihənin icrası ilə əsaslandırırlar. İddiaçılar isə icra hakimiyyəti başçısının sərəncamı ilə onların binasına, yəni ünvan 3 ünvanındakı binaya aid hissədə razılaşmırlar və xx xxxxxxx 2017-ci il tarixli 263 nömərli Sərəncamın aşağıdakı əsaslara görə ləğv edilməli olduğunu diqqətə çatdırırlar: 1) Bakı şəhəri Cavabdeh başçısının xx xxxxxxx 2017-ci il tarixli 263 nömərli Sərəncamında AR Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” xx xxxxxx 2016-cı il tarixli 86 saylı Qərarının rəhbər tutulması göstərilmişdir. Həmin Qərarda konkret olaraq Nəsimi rayonu üzrə nəzərdə tutulmuşdur ki, “Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının sökülsün”. Yaşadıqları bina 1973-cü ildə tikilmiş və istismara qəbul edilmişdir, binanın istismar müddəti (100 illik) belə bitməmişdir, yəni Şamil Əzizbəyov 158 ünvanında yerləşən bina AR Nazirlər Kabinetinin Qərarının təsir dairəsinə düşmür və qəzalı deyil; 2) Bina sakinləri yekdilliklə binanın sökülməsinə etiraz edir və Bakı şəhəri Cavabdeh başçısının xx xxxxxxx 2017-ci il tarixli 263 nömərli X3 158 ünvanına münasibətdə ləğv edilməsini tələb edir; 3) Bakı şəhəri Cavabdeh başçısının xx xxxxxxx 2017-ci il tarixli 263 nömərli Sərəncamında ərazinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi qeyd edilmişdir. Lakin sakinlərə binanın sökülməsi ilə bağlı qanunsuz tələblər “xxxx” MTK tərəfindən edilir. X9 isə “xxxx” MMC haqqında heç bir məlumat yoxdur, yəni belə hüquqi şəxs mövcud deyildir. Məhdud Məsuliyyətli Cəmiyyət və Mənzil Tikinti Kooperativi hüquqi şəxsin müxtəlif təşkilati formasıdır. Yəni biz sakinlərə ümumiyyətlə Pilot Layihənin olubolmaması və onun icrasının hansı hüquqi şəxsə həvalə edilməsi belə məlum deyil. Bu isə həmin sərəncamının hüquqi qüvvəsi məsələsini şübhə altına alır. 4) Maraq üçün bina sakinləri şirkətdən və Cavabdehndən tikintiyə razılıq barədə sərəncamı, AR FHN-nin rəyini və Pilot Layihəni icra edəcək hüquqi şəxs barədə rəsmi sənədləri tələb etsə də bu sənədlər onlara göstərilməmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı31 münasibətdə iddia mümkün sayılmamış, iddiaçılar İddiaçı12, İddiaçı30, İddiaçı19, İddiaçı5, İddiaçı11, İddiaçı9, X4, İddiaçı7, İddiaçı16, İddiaçı20, İddiaçı23, X1, İddiaçı32 Çovdar qızı və İddiaçı33 münasibətdə isə iş üzrə icraata xitam verilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-109/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-109/2020 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Həmçinin qeyd olunmuşdur ki, mübahisəli yaşayış binası Nazirlər Kabinetinin qərarının təsir dairəsinə düşmür. Bina, həmçinin, torpaq sahəsi iddiaçıların xüsusi mülkiyyətindədir. Cavabdeh ilə “xxxx” MTK arasında icarə müqaviləsi imzalanmayıb. Sərəncam və müqavilə eyni tarixlidir. Məhkəmə tərəfindən keçirilmiş ekspert rəyləri əsassızdır. Apellyasiya baxışı zamanı iddiaçıların vəkili apellyasiya şikayətinə uyğun izahat vermişdir Əlavə olaraq bildirmişdir ki, MTK tərəfindən onunan təkliflər real olmamışdır. şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)- 109/2020 saylı qərarının ləğv olunması, iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək bildirmişdir ki, mülkiyyətçilərdən 40-ı ilə müqavilə bağlanaraq mübahisəli binadan köçürülüb. Hal-hazırda 11 mülkiyyətçi ilə razılıq əldə oluna bilmir. Layihə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırıldıqdan sonra sərəncam verilib. Nazirlə Kabinetinin qərarında şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən binalar qeyd olunduğu üçün mübahisəli bina sərəncama aid edilib. İddiaçılar hüquqlarında sui-istifadə edərək digər mülkiyyətçilərin hüquqlarına xələl gətirirlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)- 109/2020 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. “xxxx” MTK-nın nümayəndəsi iş materiallarına uyğun izahat verərək bildirmişdir ki, mülkiyyətçilərin əksəriyyəti ilə razılıq əldə olunub. Tərəflər arasında müqavilələr bağlanıb. İddiaçılar hüquqlarında sui-istifadə edərək əlavə gəlir əldə etmək istəyirlər. Nazirlər Kabinetinin qərarında binalar konkret olaraq göstərilməyib. Qeyd olunan küçələrdə tələblərə cavab verməyən binaların sökülməsi qərara alınıb. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-109/2020 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, məruzəçi hakimi dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş hüquqmüəyyənedici sənədlərdən (çıxarış, qeydiyyat vəsiqəsi) görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı15, İddiaçı6, İddiaçı14, İddiaçı13, İddiaçı12, İddiaçı10, İddiaçı17, X11, İddiaçı19, İddiaçı21, İddiaçı22, İddiaçı24, İddiaçı27, İddiaçı26, İddiaçı25, İddiaçı29, İddiaçı30 hər birinin ünvan 6 ünvanda yerləşən 158 nömrəli binada xüsusi mülkiyyətlərində olan mənzillər var. Bakı şəhəri Cavabdeh başçısının xx xxxxxxx 2017-ci il tarixli 263 nömərli Sərəncamının 1-ci bəndində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx/xx-1531 saylı xx.xx.2017-ci il tarixli tikinti-planlaşdırma eskizini və memarlıqplanlaşdırma bölməsini nəzərə alaraq, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi göstərilmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2-1(81)2309/2019 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: “1.Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov 158 ünvanında yerləşən yaşayış binasının fiziki və mənəvi köhnəlməyə məruz qalması, yükdaşıyan divarlarının qapı və pəncərə ətrafındakı müxtəlif istiqamətli 23 mm ölçülü çatlar, pilləkən qəfəslərinin marşlarında yığma dəmir-beton pillələrin yerindən qopması, aşınması və sınması, eyvanların yükdaşıyan konstruksiyalarının korroziyaya uğraması binanın qəzalı vəziyyətdə olması üçün əsasdırmı? 2.Binanın yükdaşıyan konstruksiyaları qüvvədə olan seysmik normaların tələblərinə cavab verirmi? 3.Vizual baxış nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov 158 ünvanında yerləşən binanın qəzalı vəziyyətdə olması nəticəsinə gəlmək mümkündürmü? 4.Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov 158 ünvanında yerləşən yaşayış binası qəzalıdır ya yox?”. (hakim E.Məmmədov) Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 20910 nömrəli ekspert rəyi ilə 1-ci, 3-cü və 4-cü suallar üzrə Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yerləşən 158 saylı yaşayış binası üzrə vizual baxış zamanı, həmin binanın ayrı-ayrı konstruktiv elementlərinin normal vəziyyətdə olduğu müəyyən edilmiş, yükdaşıyan divarlarda hər hansı çat izləri, metal konstruksiyaların (armatur millərinin, profillərin və s..) korroziyaya uğraması, eyvan tikililərinin qəzalı vəziyyətə düşməsi aşkar edilmədiyi, 2-ci sual üzrə binanın yükdaşıyan konstruksiyalarının qüvvədə olan seysmik normaların tələblərinə cavab verib-verməməsinin müəyyən olunması tikinti ekspertinin səlahiyyətinə aid olmaması, həmin bina üzrə aidiyyatı təşkilatlar tərəfindən müvafiq müayinə-tədqiqat işləri aparılmaqla müəyyən edilə biləcəyi bildirilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2309/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadında qoyulmuş 1-ci, 3-cü və 4-cü suallar üzrə cavab ekspert tərəfindən vizual baxış nəticəsində verilmişdir, vizual baxış nəticəsində isə daşınmaz əmlakın qəzalı vəziyyətdə olmasının müəyyən edilməsinə, texniki normaların tələbləri ilə üst-üstə düşməsinə dair ekspert rəyinin sübut kimi qiymətləndirilməsini məhkəmə məqsədəmüvafiq hesab etməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)2309/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadında qoyulmuş 2-ci “Binanın yükdaşıyan konstruksiyaları qüvvədə olan seysmik normaların tələblərinə cavab verirmi” sualı cavablandırılmamış və bildirilmişdir ki, binanın yükdaşıyan konstruksiyaları qüvvədə olan seysmik normaların tələblərinə cavab verib-verməməsinin müəyyən olunması tikinti ekspertinin səlahiyyətinə aid olmayıb, həmin bina üzrə aidiyyatı təşkilatlar tərəfindən müvafiq müayinə-tədqiqat işləri aparılmaqla müəyyən edilə bilər. Qeyd edilən sualın cavablandırılması, həmçinin Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq yuxarıda göstərilən ünvanda yerləşən binanın yaşayış üçün yararlı olmasının müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mütəxəssisi cəlb edilməklə ekspertizanın keçirilməsinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilməsi məqsədəuyğun hesab edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-109/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: “-Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov 158 ünvanında yerləşən yaşayış binasının ayrı-ayrı konstruktiv elementlərində, o cümlədən, yükdaşıyan divarlarında hər hansı zədələr, qüsurlar (çatlar, aşınmalar) mövcuddurmu, mövcuddursa bunlar binanın dayanıqlığına mənfi təsir göstərirmi? Binanın yükdaşıyan konstruksiyaları qüvvədə olan seysmik normaların tələblərinə cavab verirmi? - Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov 158 ünvanında yerləşən yaşayış binasının istismarı sakinlərin həyatı üçün təhlükəlidirmi?”.Ekspertizanın aparılması Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə tapşırılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/421 nömrəli ekspert rəyinin nəticəsində göstərilmişdir: “1-ci sual üzrə: Baxış keçirilən zaman aşkar edilmiş (rəyin tədqiqat hissəsində göstərilən) qüsurların yaşayış binasının faktiki vəziyyətdə dayanıqlığına mənfi təsir göstərməsi vizual olaraq müəyyən edilməsə də, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən verilmiş mütəxəssis rəyinin nəticəsinə görə ünvan 3 saylı ünvanda yerləşən yaşayış binasında, açıq eyvanların müxtəlif inşaat materialları ilə bağlanması və genişləndirilməsi binanın əlavə (layihə üzrə nəzərdə tutulan normadan artıq) yüklənməsinə səbəb olduğu üçün binanın və onun ayrı-ayrı konstruktiv elementlərinin dayanıqlığı üçün potensial təhlükə yaradır. 2-ci sual üzrə: Rəyin tədqiqat hissəsində göstərilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən verilmiş mütəxəssis rəyinin nəticəsinə görə, ünvan 3 saylı ünvanda yerləşən yaşayış binasının yükdaşıyan konstruksiyaları qüvvədə olan seysmik normaların tələblərinə cavab vermir. 3-cü sual üzrə: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən verilmiş mütəxəssis rəyinin nəticəsi nəzərə alınmaqla, rəyin tədqiqat hissəsində göstərilmiş şərait və Normativ aktların tələblərinə əsasən, ünvan 3 saylı ünvanda yerləşən yaşayış binası, tikinti-quraşdırma işləri aparılan inşaat meydançasının (Şamil Əzizbəyov küçəsi və Azadlıq prospektində) daimi və potensial təhlükəli faktorlarının təsir zonasında yerləşdiyinə görə binanın istismarı sakinlərin həyat və sağlamlıqları üçün təhlükəlidir.” Bakı şəhəri Cavabdeh başçısının xx xxxxxxx 2017-ci il tarixli 263 nömərli Sərəncamı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 86 saylı, xx.xx.2016-cı il tarixli Qərarının icrası olaraq qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti 86 saylı, xx.xx.2016-cı il tarixli Qərarını Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, xx.xx.2016-cı il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir: “Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Cavabdeh, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Nərimanov Rayon icra Hakimiyyəti, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti, Bakı şəhər Pirallahı Rayon İcra Hakimiyyəti və Hakimiyyəti aidiyyəti üzrə 5 il müddətinə aşağıdakıları həyata keçirsinlər: 1.1. mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı, 1127 mənzildən ibarət olan uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş 63 yaşayış binasının, Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, Xətai rayonu üzrə 6956 nəfərin yaşadığı 2016 mənzildən ibarət 99 yaşayış binasının, Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 mənzildən ibarət 219 yaşayış binasının, Nizami rayonu üzrə keçən əsrin 50-60-cı illərində inşa edilmiş, 5395 nəfərin yaşadığı 1779 mənzildən ibarət 131 yaşayış binasının, Yasamal rayonu üzrə 1257 nəfərin yaşadığı 427 mənzildən ibarət 18 yaşayış binasının, Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 535 mənzildən ibarət 41 yaşayış binasının, Pirallahı rayonu üzrə 3131 nəfərin yaşadığı 1174 mənzildən ibarət 297 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyriyaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini...” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2019-cu il tarixli 482 nömrəli Qərarının 3-cü bəndinə əsasən “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 nömrəli Qərarı ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2019-cu il tarixli 482 nömrəli Qərarının 4-cü bəndində qeyd edilmişdir: “Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon İcra Hakimiyyəti, Qaradağ Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti, Cavabdeh, Xətai Rayon İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti, Pirallahı Rayon İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyəti bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə aşağıdakıları həyata keçirsinlər: qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsi” (4.2-ci bənd). Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10, 12.2, 12.4-ci maddələrini, “Fortis-Bayıl” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarını tətbiq etməklə belə qərara gəlmişdir ki, iddiaçılar İddiaçı15, İddiaçı6, İddiaçı14, İddiaçı13, İddiaçı10, İddiaçı17, X11, İddiaçı21, İddiaçı22, İddiaçı24, İddiaçı27, İddiaçı26, İddiaçı25, İddiaçı29 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (3-cü şəxs “xxxx” MTK) Bakı şəhəri Cavabdeh başçısının xx xxxxxxx 2017-ci il tarixli 263 nömərli Sərəncamı Bakı şəhəri Nəsimi rayonu Şamil Əzizbəyov 158 ünvanına dair hissədə ləğv edilməsinə dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/421 nömrəli ekspert rəyində ünvan 3 saylı ünvanda yerləşən yaşayış binasının və onun ayrı-ayrı konstruktiv elementlərinin dayanıqlığı üçün potensial təhlükənin mövcudluğu, binanın yükdaşıyan konstruksiyaları qüvvədə olan seysmik normaların tələblərinə cavab verməməsi, həmçinin həmin binanın istismarı sakinlərin həyat və sağlamlıqları üçün təhlükəli olması göstərilmişdir. Birinci instaniya məhkəməsi hesab etmişdir ki, ünvan 3 saylı ünvanda yerləşən bina vətəndaşların daimi yaşaması üçün yararsız olan daşınmaz əmlak olduğundan, yəni müvafiq texniki norma və qaydalara, habelə qanunvericiliyin digər tələblərinə cavab vermədiyi iş materialları ilə öz təsdiqini tapdığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, xx.xx.2016-cı il tarixli Qərarının təsir dairəsinə düşür. Kollegiya birinci instansiya məhkəməsinin mübahisəli binanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, xx.xx.2016-cı il tarixli Qərarının təsir dairəsinə düşməsi məsələsinə münasibətini əsaslı hesab edir. Apellyasiya şikayətinin binanın, həmçinin, torpaq sahəsinin iddiaçıların xüsusi mülkiyyətində olması dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarına əsasən müəyyən edilir ki, binada olan 54 mülkiyyətçidən hal-hazırda 11-i müqavilə bağlamaqdam imtina edir. Çünki Bakı İnzibati Məhkəməsi 14 nəfəri iddiaçı qismində tanımış, onlarda yalnız 11-i apellyasiya şikayətini imzalamışlar. MTK tərəfindən ağlabatan təkliflər irəli sürülməsinə baxmayaraq onlar razılığın əldə olunmasının tərəfdarı deyillər. Belə ki, “xxxx” MTK tərəfindən hazırkı iş üzrə iddiaçı qismində çıxış edən və “xxxx” MTK ilə müqavilə bağlamayan ünvan 3 saylı ünvanda yerləşən binanın 14 sakininə (mülkiyyətçilərinə) aşağıdakı təkliflər edilmişdir: İddiaçı15 – 138.34 kv.m., İddiaçı6 – 99.67 kv.m., İddiaçı14 – 71.08 kv.m., İddiaçı13 – 138.34 kv.m., İddiaçı10 – 88.17 kv.m., İddiaçı17 – 138.34 kv.m., X8 – 71.08 kv.m., İddiaçı21 (İddiaçı25) – 71.08 kv.m., İddiaçı25 – 138.34 kv.m., İddiaçı22 - 133.44 kv.m., İddiaçı24 – 164.39 kv.m., İddiaçı27 – 71.08 kv.m., İddiaçı26 – 71.08 kv.m., İddiaçı29 – 183.43 kv.m, 71.08 kv.m və 71.08 kv.m. Bununla bağlı məhkəmə “Fortis-Bayıl” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsaslanmışdır. Qərarda qeyd olunmuşdur ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən müəyyən olunmuşdur ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi iddiaçıların hüquqlarından sui-istifadə etməsi qanunvericiliyin tələblərinə ziddir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-109/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar