Məhkəmə qərarları › İş №2-1(103)-226/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-226/2022

26.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-226/2022 26.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X1, üçüncü şəxslər 115 saylı Tam orta məktəbin nümayəndəsi X5 və Bakışəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin (indiki adı: Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyystri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi) 1 saylı Bakı ərazi idarəsinə qarşı (üçüncü şəxslər: Bakı şəhəri üzrə Təhsil İdarəsi, Bakı şəhəri 115 saylı Tam orta məktəb) “texniki pasportun dəyişdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli 2-1(81)-3069/2018 saylı qərarından cavabdeh və üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı MMC cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 183 ünvanda yerləşən 115 saylı tam orta məktəbə verilmiş 26.02.2018-ci il tarixli, 11/6063 inventar nömrəli texniki pasportda əks olunmuş torpaq sahəsinin bir hissəsinin həmin texniki pasportdan çıxarılmaqla, həmin texniki pasportun dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə Bakı şəhər İcra Hakimiyyətinin 09.03.2017-ci il tarixli, 102 nömrəli sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Davudoğlu küçəsində İddiaçı MMC-yə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmiş və şəhərsalma əsaslandırılması tətbiq edilmişdir. Sərəncam verilərkən Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/146 nömrəli, 24.01.2017-ci il tarixli məktubu nəzərə alınmış, sonradan Fövqəladə Hallar Nazirliyinin 23911 nömrəli, 18.07.2017-ci il tarixli rəyi ilə ərazidə yaşayış binasının işçi layihəsi üçün bütün işlərin icrası Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılmışdır. Həmin sərəncam əsasında qanuni əsaslarla yaşayış binasının inşası üçün ayrılmış torpaq sahələrinin cizgisi dəqiq koordinatlar əks olunan ayrıc aktı ilə tərtib olunmuşdur. Bütün bu sənədləşmələr 2017-ci il ərzində baş vermiş, amma qonşuluqda yerləşən 115 saylı tam orta məktəbi qanunsuz olaraq cavabdeh Bakı şəhər Ərazi İdarəsindən qanuni əsaslarla MMC-yə ayrılmış torpaq sahəsinin bir hissəsinin məktəbin ərazisi kimi göstərilməklə, 26 fevral 2018-ci il tarixli texniki pasport əldə etmiş, bundan sonra məktəbin rəhbərliyi yaşayış binasının tikintisinin aparılmasına imkan vermir. Hətta qeyd olunan torpaq sahəsinin məktəbə aid olması ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətinə 30 mart 2018-ci il tarixli məktubla müraciət olunmuşdur. “MMC-yə ayrılmış sözügedən ərazinin koordinatlarının müəyyən olunması məqsədilə tərtib olunmuş ayrıc aktı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq olunarkən həmin ərazinin nəinki 115 saylı orta məktəb, hətta hər hansı bir üçüncü şəxsin istifadəsində olmaması, ümumiyyətlə ərazinin boş olması müəyyən olunmuşdur. Tikintinin aparılması üçün Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Baş Şəhərsalma idarəsi tərəfindən təsdiq olunmuş torpaq sahəsinin ayrılmasına və tikintinin layihələndirilməsinə dair 03 aprel 2017-ci il tarixli 13248 nömrəli inşaat pasportunda da mövcud olan sənədlərdən biri ərazinin kosmik fotoşəklində də torpaq sahəsinin cizgiləri qırmızı xətlə işarə olunarkən 115 saylı tam orta məktəbə məxsus torpaq sahəsinin sərhədləri də əks olunmuşdur. Qeyd olunan ərazidə transformator yerləşir, bu isə mülki hüquqda yüksək təhlükə mənbəyidir. Transformatorun da məktəbin sahəsində yerləşməsi qeyri-mümkündür. Bu da bir daha təsdiq edir ki, həmin ərazi qanunsuz olaraq məktəbin ərazisi kimi qeydə alınmışdır. Odur ki, iddiaçı cavabdehə müraciət edərək qeyd olunan sahənin 115 saylı tam orta məktəbə verilmiş texniki pasportdan çıxarılması xahiş etsə də idarənin 23 may 2018-ci il tarixli ******* 30346 saylı məktubu ilə məktəbin texniki pasportunun registr məlumatlarına əsasən hazırlandığı və onda “l” literlə işarələnmiş su anbarının məktəbin balansında göstərildiyi əsas tutularaq ərizənin icrası əsassız olaraq mümkün hesab edilməmişdir. Cavabdeh iddia ərizəsinə etirazında imtina məktubunda qeyd olunan əsaslarla iddianın rədd edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3069/2018 saylı 19 dekabr 2018ci il tarixli qərarı ilə iddia təmin edilmiş və Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 183 ünvanda yerləşən 115 saylı tam orta məktəbə verilmiş 26.02.2018-ci il tarixli, 11/6063 inventar nömrəli texniki pasportda əks olunmuş torpaq sahəsinin bir hissəsinin həmin texniki pasportdan çıxarılmaqla həmin texniki pasportun dəyişdirilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh və üçüncü şəxslər apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosesual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, məktəbin Texniki Pasport reyestr məlumatlarına əsasən hazırlanıb və texniki pasportda “İ” literlə işarələnmiş su ambarı məktəbin balansında göstərilib. İddiaçının iddia etdiyi ərazidə məktəbə məxsus və balansında olan su anbarı yerləşir. Bundan başqa sənədlər toplusuna Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş 09.03.2017-ci il tarixli, 102 saylı sərəncam əlavə olunmamış və sözügedən torpaq sahəsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin rəyi aşkar edilməyib. Üçüncü şəxslər isə apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, 115 saylı orta məktəb 1966-cı ildən fəaliyyət göstərir. Mübahisəli torpaq sahəsinin həmin vaxtdan məktəbin ərazisidir. Reyestrdən çıxarışa əsasən həmin torpaq sahəsi məktəbin balansındadır. İddiaçı barəsində verilmiş sərəncamın ləğv olunması ilə bağlı müəyyən tədbirlər görülür. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-17/2021 saylı 05.03.2021-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardan cavabdeh və üçüncü şəxslər kassasiya şikayəti vermiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1047/2021 saylı 07.07.2021-ci il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslərin nümayəndələri apellyasiya şikayətlərini müdafiə etdiklərini bildirərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətlərini əsassız hesab etmiş və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyytinnin 09.03.2017-ci il tarixli 102 nömrəli sərəncamı iclasında Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 14.03.2017-ci il tarixli 17/23 saylı ayrıc aktına əsasən "xxxx" MMC-yə ayrılmış 0,1429 ha torpaq sahəsinin Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib olunmuş 26 fevral 2018-ci il tarixli texniki pasportda Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 183 ünvanında yerləşən 115 saylı tam orta məktəbin ərazisi kimi göstərilmiş “l” literlə işarələnmiş sahəsi 42 kv.m olan su anbarı hissəsinin, həmin texniki pasportdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin, 3-cü şəxslərin apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıya ayrılmış torpaq sahəsinin 1201 kv.m yoxsa, 0,1429 ha olması barədə araşdırma aparmamış, registrdən çıxarışın hansı ilkin hüquqi sənədlər əsasında verilməsini 115 saylı orta məktəbin ərazisini əks etdirən mübahisə olunan hissədə olan torpaq sahəsinin həqiqətən iddiaçıya icarəyə verilən torpaq sahəsi olmasını müəyyən etməmiş, mütəxəssis və ekspert rəyinin alınmasının zəruriliyini müzakirə etməmişdir. Ali Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, hazırkı mərhlədə Əmlak Məsəllələri Dövlət Xidmətinə bir daha məhkəmə sorğusu verilərək, 115 saylı tam orta məktəbə dair Dövlət Əmlakının Registirindən çıxarışın verilməsinə əsas olan sənədlərin təsdiq olunmuş surətlərinin təqdim olunması tələb olunmuş, lakin həmin sorğuya cavab olaraq yenə də 115 saylı orta məktəbin 01 yanvar 2017-ci il tarixinə olan daşınmaz əmlakın registrində göstəricilərini əks etdirən qeydiyyat vəsiqəsinin təsdiq olunmuş surəti və məktəbin 26.02.2018-ci il tarixində tərtib olunmuş Texniki pasportu təqdim olunmuşdur. Halbuki, həmin sənədələr bundan işə əvvəl baxılarkən məhkəmələr tərəfindən toplanıb işə əlavə olunaraq tədqiq olunmuşdur. Beləliklə də məhkəmənin səylərinə baxmayaraq təkrar apellyasiya baxışı mərhələsində də 115 saylı tam orta məktəbin əmlakı barədə Dövlət Əmlakının Registr məlumatlarının əsasını təşkil edən ilkin sənədlərin mövcudluğunu müəyyən və əldə etmək mümkünsüz olmuşdur. Bu baxımdan, məhkəmə kollegiyası işdə olan mövcud sübutlar əsasında, mübahisənin həllinə nail olmaq məqsədilə əlavə məhkəmə mühəndis-texniki ekspertizasının keçirilməsini zəruri hesab etmişdir. Belə ki, işin hallarına görə Bakı şəhəri icra hakimiyyəti başçısının 9 mart 2017-ci il tarixli 102 saylı sərəncamına və Bakı şəhəri İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanmış 3 may 2017-ci il tarixli icarə müqaviləsinə əsasən MMCnin icarəsinə verilən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Davudoğlu küçəsində yerləşən torpaq sahəsi 1201 kv.m təşkil edir. Eyni zamanda, yaşayış binasının tikintisi üçün iddiaçının istifadəsinə (icarəsinə) verilən torpaq sahəsi Ayrıc aktında və İnşaat pasportunda 0,1429 ha göstərilmişdir. Bakı şəhəri Binəqədi rayonu Azadlıq promspekti 183 ünvanında yerləşən 115 saylı tam orta məktəbin ümumi torpaq sahəsi cavabdeh tərəfindən 26.02.2018-ci il tarixində tərtib olunmuş Texniki pasporta və Əmlak Məsələləri Dövlət Komitəsinin Registrindən Çıxarışa əsasən 1.02178 kv.m qeyd edilmişdir. Registrdən Çıxarışda həmçinin məktəbin ərazisində yerləşən ayrı-ayrı tikililər (o cümlədən su anbarı) və onların sahəsi təsbit olunmuşdur. İddiaçı tərəfindən iddia olunur ki, istifadəsində olan torpaq sahəsinin bir qismi cavabdehin qanunsuz hərəkətləri nəticəsində 115 saylı tam orta məhktəbin texniki pasportunda məktəbin ərazisi kimi göstərilmiş, bu səbəbdən hesab edir ki, həmin sahə texniki pasportdan çıxarılmalıdır. Cavabdeh isə iddiaçıya ünvanladığı 23.05.2018-ci il tarixli məktubunda və apellyasiya şikayətinin dəlillərində mübahisəndirmişdir ki,məktəbin registr məlumatlarına əsasən hazırlanmış Texniki pasportunda “l” literlə işarələnmiş su ambarı məktəbin balansında göstərilib. İddiaçının iddia etdiyi ərazidə məktəbə məxsus və onun balansında olan su anbarı yerləşir. İşin qeyd olunan mübahisəli məqamlarının aydınlaşdırılması baxımından və Ali Məhkəmənin qeyd olunan qərarından irəli gələn göstərişləri nəzərə alan məhkəmə kollegiyası hesab edərək, iş üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərəkəzinə əlavə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilərək həll edilməsi üçün aşağıdakı suallar qoyulmuşdur: “...1. İş materialları üzrə - Bakı şəhəri İcra Hakimiyyəti başçısının 9 mart 2017-ci il tarixli 102 saylı sərəncamı və Bakı şəhəri İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanmış 3 may 2017-ci il tarixli icarə müqaviləsi əsasında sonuncunun icarəsinə verilən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Davudoğlu küçəsində yerləşən torpaq sahəsinin 1201 kv.m göstərilməsi, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 14.03.2017-ci il tarixli 17/23 saylı Ayrıc aktında və 3 aprel 2017-ci il tarixli 13248 saylı İnşaat pasportuna əsasən "xxxx" MMC-nin icarəsinə verilən torpaq sahəsinin ölçüsünün 0,1429 ha göstərilməsi nə ilə izah olunur, bu artım nədən irəli gəlmişdir?

2. Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 183 ünvanında yerləşən 115 saylı tam orta məktəbin Texniki pasportu Registrdən Çıxarışa (iş vərəqi 117) uyğun tərtib edilmişdirmi ? 3.Əgər uyğun tərtib edilmişdirsə, məktəbin Texniki pasportunda “İ” literlə işarələnmiş su anbarı Registrdən Çıxarışda təsbit edilən su anbarıdırmı və məktəbin istifadəsində olan 1.02178 kv.m torpaq sahəsinin hüduduları çərçivəsində, yoxsa, "xxxx" MMC-nin icarəsinə verilən torpaq sahəsi ərazisində yerləşir?

4. Kim tərəfindən, kimin torpaq sahəsinə müdaxilə olunması və müdaxilə olunan ərazidə tikililərin olub-olmaması müəyyən edilsin...” Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 14.03.2022-ci il tarixində məhkəməyə təqdim olunmuş 10/6467 saylı 28 fevral 2022-ci il tarixli rəydə ekspert tədqiqatının nəticələrində qeyd olunan suallar aşağıdakı kimi cavablandırılmışdır: “...1) Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 14.03.2017-ci il tarixli 17/23 saylı Ayrıc Aktında və 3 aprel 2017-ci il tarixli 13248 saylı İnşaat pasportunda "xxxx" MMC-nin icarəsinə verilən torpaq sahəsinin ölçüsünün 0,1429 ha göstərilməsi, Bakı şəhər İcra Hakimiyyəti başçısının 9 mart 2017-ci il tarixli 102 saylı sərəncamı və Bakı şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanmış 3 may 2017-ci il tarixli icarə müqaviləsində göstərilmiş 0,1201 ha torpaq sahəsinə bitişik yerləşən, xüsusi mülkiyyət hüququ əsasında "xxxx" MMC-nin adına qeydiyyatdan keçmiş 0,0228 ha torpaq sahəsinin olması ilə izah olunur. 2) İş materiallarında olan Registrdən Çıxarışda tikililərin yerləşməsi, konfiqurasiyası koordinatları və s. texniki parametrləri olmadığından (yalnız tikililərin siyahısı əks olunmuşdur) Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 183 ünvanında yerləşən 115 saylı tam orta məktəbin Texniki pasportunun Registrdən Çıxarışa uyğun tərtib olunubolunmaması barədə tədqiqat aparılmadı. 3,4) "xxxx" MMC-nin adına tərtib olunmuş 17/23 saylı Ayrıc Aktının 14.03.2017-ci il tarixdə verilməsini, həmçinin 13248 saylı İnşaat pasportunun 03.04.2017-ci il tarixində verilməsini , 115 saylı tam orta məktəbə dair 11/6063 inventar nömrəli Texniki Pasportun isə 14.03.2018-ci il tarixdə tərtib edildiyini, eyni zamanda mübahisəli torpaq sahəsinin faktiki olaraq məktəbin sərhəddindən kənarda yerləşdiyini nəzərə alaraq, məktəbə verilmiş texniki pasportun "xxxx" MMC-yə ayrılan torpaq sahəsinin üzərinə işlənildiyi, eləcə də Texniki pasportda “l” literlə işarələnmiş sahəsi 42 kv. m olan su anbaının "xxxx" MMC-nin icarəsinə verilən torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilir...” Məhkəmə kollegiyası ekspert tədqiqatının 1, 3 və 4-cü suallar üzrə nəticələrinə inandırıcılıq baxımından sübut əhəmiyyətli məlumatlar kimi qəbul edir. Belə ki, birinci suala münasibətdə iş materiallarından da həqiqətən aydın olur ki, iddiaçının ayrıc aktı və İnşaat pasportu ilə təsbit olunan 0,1429 ha torpaq sahəsi - Bakı şəhər İcra Hakimiyyəti başçısının 9 mart 2017-ci il tarixli 102 saylı sərəncamına və 3 may 2017-ci il tarixində onunla "xxxx" MMC arasında bağlanmış icarə müqaviləsinə əsasən ona ayrılan 0,1201 ha torpaq saəhsi ilə həmin sahəyə bitişik olan MMC-nin öz adına qeydiyyatdan keçən 0,0228 ha torpaq sahələrinin cəmini təşkil edir ki bu da işin mübahisələndirilməyən halıdır. Rəydə ekspertin üçüncü və dördüncü suallara münasəbətdə də gəldiyi nəticələr işin mövcud vəziyyətində həqiliyini ehtiva edir. Belə ki, hazırkı mərhələdə 115 saylı tam orta məktəbin nümayəndəsi ona məhkəmə tərəfindən verilən suallara münasibət bildirərkən (audio-video görüntü) məlum olmuşdur ki, məktəbə 2018-ci ildə texniki pasport tərtib olunarkən, cavabdeh idarənin əməkdaşı tərəfindən İddiaçı MMC-nin nümayəndəsi olmadan, yalnız məktəbin nümayəndəsinin iştirakı ilə və hər hansı ilkin sənəd mövcud olmadan məktəbin ərazisinə baxış keçirilmiş və bu zamanhəmin vaxt boş olan mübahisəli ərazi ilə bağlı məktəbin nümayəndənin dedikləri və göstərdiyi istiqamətlər daxilində cavabdehin əməkdaşı öz qeydlərini aparmışdır. Əslində, işin hazırkı mərəhələsində də qeyd olunan registr vərəqindən başqa bir sənəd-sübut məhkəmə tərəfindən aşkar edilməsi mümkün olmamış, üçüncü şəxs tərəfindən də məktəbin ərizisinin tikildiyi vaxt yerləşdiyi torpaq sahəsini ölçülərinə sübutetmə vasitələri məhkəməyə təqdim olunmamışdır. Qeyd olunanlar nəzərə alınmaqla, konkret halda, 2017-ci ildə iddiaçıya ayrılmış torpaq sahələrinə dair Ayrıc aktı və İnşaat pasport tərtib edildikdən sonra, həmin sənədlərdə olan göstəricilər nəzərə alınmadığı halda, cavabdeh tərəfindən 2018-ci ildə 115 saylı orta məktəbin Texniki pasportunun tərtib edilməsi zamanı səhvlərə yol verilməsi və məktəbin texniki pasportunda "xxxx" MMC-yə ayrılan torpaq sahəsinin üzərinə işlənilməsi və ekspert rəyində qeyd edildiyi kimi, yanlışlıqla məktəbin texniki pasportunda “l” literlə işarələnmiş sahəsi 42 kv. m olan iddiaçıya məxsus su anbarı hissəsinın məktəbin hüdudları daxilində göstərilməsi mümkün olmuşdur. Beləliklə də göstərilənləri nəzərə alıan məhkəmə kollegiyası ekspertin gəldiyi nəticələri sübut əhəmiyətli mötəbər məlumatlar kimi qiymətləndirir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyü-nün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar hesab olunur. 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri...” Həmin Qanunun 13.11-ci maddəsinə əsasən dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar birbirinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Həmin Qanuünun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır...” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.24-ci maddəsinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək cavabdehin vəzifələrinə aid edilmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, İPM-in 34.1-ci maddəsinin tələbi qaydasında, iddiaçı cavabdehdən 115 saylı orta məktəbin texniki pasportunda düzəliş edilməsini və texniki pasportundan iddiaçıya ayrılan torpaq sahəsinin hüdudları daxilində yerləşən “l” literlə işarələnmiş su anbarının yerləşdiyi 42 kv.m torpaq sahəsinin çıxarılmasını tələb etməkdə haqlıdır. Beləliklə də cavabdehin apellyasiya şikayətinin,115 saylı tam orta məktəbin texniki pasportunda “İ” literlə işarələnmiş su ambarının həmin məktəbin balansında göstərildiyini mübahisələndirən dəlilərinin əsassız olduğu sübuta yetirilir. Bu isə onu göstərir ki, cavabdeh qanunla üzərinə düşən öhdəliyini düzgün yerinə yetirməmiş, bununla da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən isə göründüyü kimi, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsi qərarında işdə olan sübutlarla müəyyən edilən hallara uyğun olaraq, iddianın təmin olunması barədə mahiyyəti üzrə düzgün nəticəyə gəlsə də İPM-in 13-cü maddəsinin tələbi qaydasında, iddiaçının iddia tələbinin dəqiqləşdirilməsində ona yardımçı olmamış, məktəbin texniki pasportundan hansı ölçüdə torpaq sahəsinin çıxarılmasına aydınlıq gətirmədən, texniki pasportun dəyişdirilməsini cavabdehə həvalə etmişdir. Ona görə də qeyd edilənləri ümumiləşdirərək məhkəmə kollegiyası cavabdehin və üçüncü şəxslərin apellyasiya şikayətlərinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosesual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə prosessual pozuntulara yol verildiyini mübahisələndirən hissədə qismən razılaşır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayətləri qismən təmin olunmalı, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3069/2018 saylı 19 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilməli, iddia təmin edilməli və Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 183 ünvanında yerləşən 115 saylı tam orta məktəbin adına tərtib edilmiş 26 fevral 2018-ci il tarixli Texniki Pasportdan "xxxx" MMC-yə ayrılmış 0,1429 ha torpaq sahəsinin üzərinə işlənilmiş və məktəbin ərazisi kimi göstərilmiş “l” literlə işarələnmiş sahəsi 42 kv.m olan su anbarı hissəsinin məktəbin texniki pasportundan çıxarılması vəzifəsi cavabdehə həvalə edilməlidir. Şərh olunanlara əsasən və İPM-in 69, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:

Cavabdeh və üçüncü şəxlər tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3069/2018 saylı 19 dekabr 2018ci il tarixli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 183 ünvanında yerləşən 115 saylı tam orta məktəbin adına tərtib edilmiş 26 fevral 2018-ci il tarixli texniki pasportdan "xxxx" MMC-yə ayrılmış 0,1429 ha torpaq sahəsinin üzərinə işlənilmiş və məktəbin ərazisi kimi göstərilən “l” literlə işarələnmiş sahəsi 42 kv.m olan su anbarı hissəsinin həmin məktəbin texniki pasportundan çıxarılması vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (indiki adı Daşınmaz Əmlakınn Dövlət Kadastrı və Reyestri PHŞ ) həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cahangir Yusifov

Hakimlər: Həmid Həmidov

Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar